Türküstan qəzetinin Geney Azərbaycana ayırdığı səhifənin ilk sayısı.
Səhifənin koordinatoru: Əli Çağla
SAYFAYKU ŞEİRİ ÜZƏRİNƏ QISA NOT – (Məqalə)
Yazar: Zaman Paşazadə
Zaman-zaman bütün incəsənət çeşidlərinin böyük hissəsinin mövzu və məzmunu olmuş bilim, zaman iqtizası ilə yeni formalar ilə gündəmə gəlir. Elmi-fantastik janrında yaranmış kino, roman, rəssamlıq və başqa əsərləri hər zaman insanların maraq dairəsində olmuşdur. Ədəbiyyat üzrə bu janr daha çox nəsr və romanda həyata keçib və yaranmışdır, şeirə gələndə isə keçmiş klassik şairlər daha çox astronomiya və riyaziyyat elmlərinin tutumundan şeirdə yararlanmışlar, bu gün isə ara-sıra bəzi şairlərin şeirində elmi mövzulara rast gəlirik.
İlk baxışda şeir ilə elm arasında bir qopuq və uçurum var, şeir duyğu, xəyal və düşüncələr üzrə vurğusu olduğu zaman, elm kobud və quru qanunlar üzərində qurulmuş bir sistemdir. Amma ortada çəkici və maraqlı bir ortaqlıq var: Elmi-fantastik dedikdə; fantaziya ortaq bir nöqtədir. Fantaziya və təxəyyül şeirin ən önəmli yaranış müəlliflərindəndir. Ayrıca modern ədəbiyyatın ən önəmli növlərindən olaraq elmi-fantastik janrı, çağdaş insanın düşüncə və yaşam tərzinə təsir edən qaçınılmaz faktlardan biridir.
Dünyada şeir üzrə Sayfayku (Scifaiku) adı ilə tanınan Hayku qəlibində olan şeir növü, ilk olaraq “Tom Brink” adlı bir şairin vasitəçiliyi ilə 1995-ci ildə manifesti hazırlanıb yayıldı.
Bu şeir növü Yaponiya Haykusu ilə elmi-fantastik şeirin birləşməsi nəticəsində həyata keçdi.
“Sayfayku” quruluşunu Hayku şeirindən və xəyal ölçülərini isə elm və fantaziyadan qazanır. Demək olar bu sayaq şeir, minimalistliyi Haykudan alsa da minimalizmin modern strukturları ilə tam uyğundur. “Brink”in manifestində “minimalizm, anda yaşamaq (bir anın yaranış və qeydə alınması) və humanist baxış” Sayfayku şeirinin üç təməl elementidir. Bütövlüklə bu şeirdə Illüziya sənətinin özəl yeri olaraq təmsil və metaforadan yararlanmışdır və əksər hallarda illüziya qaynağı, elmi-fantastik yaradıcılıq növləri, özəlliklə sinemadandır. Sayfayku real dünyadan fərqli bir dünyanı bənzədərkən ön görücü ədəbiyyatın (Speculative Fiction) bir budağı olaraq, mifik, apokalipsis, qorxu, hayku və elmi-fantastik janr və mövzuların sintezi olaraq bunlardan olduqca geniş şəkildə yararlanır və bu mövzuların içində: Yadplanetlilər başqa gəzəyənlərdə yaşam və uyğunluq ehtimalı, dünyanın başlanış və qurtarışı, bəşərin öz düzəltdiyi maşınlar və robotların bəşərə qələbəsi, zaman yolçuluğu, ulduzlar və nüvə döyüşü və başqa bilim və fantaziya eləcə də dünyanın gələcəyi və fobiləri ilə bağlı mövzular maraq dairəsindədir. Bu sayaq şeir, elmi terminlərdən istifadə etdiyinə görə poetiklik qazanmaq üçün (baxmayaraq yeni forma və fəzaların yaranmasına alverişlidir) şairin daha artıq əmək, zövq və istedadını tələb edir.
Hayku ilə Sayfayku arasında əsas fərq bundadır ki, Hayku şeirinin ən önəmli məzmunu təbiət və fəsillərdir, ancaq Sayfayku şeirində ən önəmli məzmun fantaziya, elm, qorxu və apokalipsis və ondan ötəsində olan məzmunlardır və Haykudakı mücərrəd ifadə və bəyanın yerinə konkret bir ifadədən yararlanır...
Sayfaykunu gələcək şeiri kimi də dəyərləndirirlər, bu fikirə iki yöndən baxmaq olar; birincisi, gələcək insan, olduqca zaman məsələsi və psixi məşğələsinin izdihamlı olduğuna görə təbii olaraq minimalizmə üz gətirməlidir. İkinci isə gələcəyin necə olduğu marağında olmaq kimi insanı özəlliyə görə, eləcə də ön görücü ədəbiyyat çərçivəsində, bu şeir növünü gələcək şeiri adlandırmaqda yanılmırlar. Əlbəttə təbiidir ki, bu şeir də zaman prosesi ilə öz zatına və istəyinə dayanaraq böyük dəyişikliyə məruz qalaraq irəliləyəcəkdir. Beləliklə gələcək insanının seçdiyi şeir və ədəbiyyat çeşidi, Sayfayku sayaq bir ədəbiyyat olması ehtimalı çoxdur.
Sayfayku şeirindən örnəklər aşağıdakılardır.
Ceyms Palmer:
I.
Kvant axımı
Başqa bir dünyaya aparır məni
Bir daha səninlə birgə
Yaşayacağımız bir yerə.
II.
Oksigen cihazının çatışmazlığı
Həyat yoldaşımı məndən uzaqladıb
Daha çox ağac əkəcəyəm.
Tom Brink:
I.
Tərk edilmiş bir göy
Dələnin pəncərəsində,
Ansızın
Bir kəpənək.
II.
Nə baş verəcək
Zamanın son ruhları
Hazır zamana yol tapsalar.
Məhəmmədrza Musəvi:
“Mən ölməmişəm,
Unudulmuşam”
Sönmüş bir ulduzun iniltisi,
Qaranlıq bir günəş
Sisteminin ucqarında.
Allen Kinzberg:
Damın üstündə ay
Bağçada soxulcanlar...
Bu evi kiralayıram.
************
ÇİKAQODA BAKI – (Şeir)
Məhəmmədrza Ləvayi
Bakı başlanğıcdır dedim
Şəhidlər Xiyabanını başmaqlarıma bağlayıb yola düşdüm
Arxamca bayraq iqtidar əsirdi, iftixar əsirdi dünyaya
Kürəyimdən Nizami metrosu qızarırdı yayın cızlamasında
Gözlərimdə Xəzər
Atlantik qaynayırdı şəhərə.
Ayrıldım Azərbaycandan bir axşam üstü
Arxamda qalan Bakı həsrətlə baxırdı
Önümdə qaçan Bakıya
Çikaqoyadək Bakı damla-damla
Gözlərimdən
Uçaqla keçdiyim ölkələrə
Axıb tökülürdü!
Sonra bir Qarabağlı gözəl
Vəkilim oldu Çikaqoda
Hələ illər sonra gözləri istiqlal!
Hələ bax,
Qürbətdən izlədiyim mənzərələr bam-başqa
Təbriz oğlanlarının çantasında Qız Qalası eşinir
Xəzər
Ərdəbil gözəllərinin köynəyindən calanır ana dilinə
Araz bir gənc şairin ağaran ilk telidir
Tez-tez ona baxıb darıxır.
Mən də Araz kimi
Birinin ahıyam
Belə uzun-uzun çəkilib düşdüm dünya çöllərinə.
Hələ bax,
Çikaqo universitetində ağlım Təbrizə qaşınır
Xatirələrim evimdən qopub sizə daşınır
Siz Bakını öpməzsiniz mənə
Barı çağırın gəlib Bakını öpüm sizə!
Çikaqo universitetində
Xəzər sahilidir sekuriti qadının üzü
Uzanıb yatıram o sahilin əmniyyətində!
Kiməm? Kimlərdənəm? Kimlərinəm?
Köynəyimdə Bakı dalğalanır cümhuriyyətə
Torpağa Təbriz calanır.
Xatirələrim, o taylı-bu taylı bir qoca həsrət
Alnımda Azərbaycan qırış-qırış
Bax;
Bakıda boğazım Təbriz küçəsidir!
Mənim çiynimə hər gün Azərbaycan qonar
Kərəm, Billie Aylişin yanaqlarında yanar
Hollywood Məşədi İbadın dansında sındırın qızlar rəngi
Mən sarayı dünyanın körpülərinə düyünlədikcə
Arpaçayı özgürlüyə axar!
Kiməm? Kimlərdənəm? Kimlərinəm?!
Sultan Məhəmmədin miniatürlərindən
Çıxıb qaçan ceyranların qorxusuyam bəzən,
Bəzən də Şəhriyarın qəlyanında közərən elin
Ümidi.
Sümüklərimdə gizildəyir Təbriz məktəbi!
Saçlarımda ağarır qürbət
Qürbət qəzetlərindən
Qaldırılan köşə yazımdır vətən.
Söyləyin masaya bir az da məzə gəlsin
Adresim Çikaqo “DownTown”ından çıxıb sizə gəlsin.
Adresim çox açıq, çox rahat
Bax,
Məni Azərbaycan şeirindən öncə
Şeirin Azərbaycanında arayın bu saat!
Kiməm Bakıda bu saat Çikaqonu addımlayaraq?
Dünyanın bütün fırtınalarını
Bakıda əsən o böyük bayrağa gömürəm.
Milenium Parkda Xəzər uçur, Xırdalan yağır
Bu sarışın gözəllərin qaşları çatma-çatma
Qarabağ olur, Qaradağ olur!
Bakı axşam saat altıda, Çikaqoda qapımı çalıb
Mənə qonaq olur!
Onunla anlaşdığım bir çox qonu var
Ən önəmlisi
Bu həsrəti bitirəcəyəm.
Darıxmayın
Bakıya gəlsəm, Bakını da gətirəcəyəm!..
Kiməm Bakıda bu saat
Çikaqonu addımlayaraq
Təbrizi mələyərək?!
Bilməyin gərək,
Bilməyim gərək...
***********************
Yalçın Türkay – (Şeir)
Bu “Sən”.
Neşəsindən birisən ki, görəsən?!
Heç vaxt üzə, çıxartmadığınız o sizin!
Gözlərin həmən-həmən
Gözlərinizdirlər – sələr də əgər,
Boylanılan sabahlara...
Səsin,
Hansısa –
Sizinkinin – dirlər ki,
O sizin??
********************
BİLQAMISIN MONOLOQU – (Şeir)
Məhəmməd Çalğın
Mənəm, mən
Bilqamıs.
Hardadır hasarlanmış Uruk şəhərim?
Hardadır əziz dostum Enkidu?
Hardadır Utnapiştim?
Çox da bu göylərdə yazılan vədələrə aldanma
Tanrıların ciblərindən,
Ölümdən başqa heç nə tapa bilmədim.
Şeir sülaləsinin birinci sultanı idim yer kürəsində
Bu qədər sədr ağaclarının başlarını mənə kim kəsdirtdirdi?
Dənizin dibində ölümsüzlük çiçəyini yadıma kim saldı?
Məni o gəmiyə kim mindirdi?
O ilan hardan çıxdı?
Yersiz yerə ayaqlarımla dağların başına döydüm,
Yersiz yerə səsimi dənizə atdım.
Bu həyat bir film imiş
Hamımız ölümə məhkum olunmuş oyunçular bu filmdə.
Hey!
Dədə Qorqud
Sənin ağ çadırda nə işin var?
Nə işin var boz çadırda?
O qədər qara çadıra zilləndin
Sonsuzlara çəkdin, anana çəkmədin
Yer kürəsində əkdiyin insan adlı saatlı bombalarından əl çək.
Ölümdən qorxan Dəli Dümrülünü yolla çərşənbə yaylağında qoyun otarsın.
Daş düşsün o igidin başına
Bir ovuc qanından qorxa.
Mənəm, mən
Bilqamıs.
Şeir sülaləsinin lap qədim sultanı.
Ölümsüzlüyü özündə daşıyan bir şeir,
Heç bir kitabda gizlənə bilməz.
Ölümsüzlüyü özündə daşıyan bir nütfə,
Heç bir ananın bətnində gizlənə bilməz.
Ölümsüzlüyü ovuclarımda gizlətmişəm
Yavaş ol!
Barmaqlarımı sındırdın.
Səs salma!
Tanrılar yatıbdırlar.
Tanrılar yuxudan oyanandan sonra
Ölümsüzlüyü oğurlayarlar...