Sözün qanadlarında ucalan şair


SAKİT İLKİN - 65

Dünyaya gəlib hələ səs eşitməyən, çevrəmizi görməyən anlarımızda nəvaziş hiss etdik. İstəklə, ilahi bir məhəbbətlə əhatə olunduq, ən ülvi hisslərin içərisində günlər yaşadıq. Eləki qulağımız səsi qavradı, gözümüz ətrafımızı gördü onda da analarımızdan layla eşitdik, bayatı, oxşamalar, ninnilər dinlədik. Sonralar sirli ana səsinin möcüzəsində sehrli nağıllar aldı bizi qoynuna. Belcə böyüdük, sözün inci saflığı cərgə-cərgə, sətir-sətir ruhumuza qanımıza hopdu. Kim bundan nə qədər götürdü, nə qədər yarıdı, barındı bunu gələcək göstərdi.

Bu gün Sakit İlkin kimi tanıdığımız söz adamı, ruh adamı, duyğuları könlümüzü fəth edən şair də dünyaya gəlişində bunlarla qarşılaşıb. Bu səmimi və məhəbbət dolu əhatədə olub. Layla da dinləyib, bayatı da eşidib, sirli-sehrli nağıllar dünyasından da keçib. Addım-addım, pillə-pillə böyüyüb. Südündən qanına hopan müqəddəs olanları özünün qaynarlığında, içini dolaşan sözlərində bir az da ucaldıb. İçinə hopan sözlərin qanadlarını görüb. Qanadlı sözlərlə daha ucalara çatmaq istəyib. Çatıb da...

Bu mənim duyğulu könlümdən keçənlərdi. Bu gün oxuduğum, hər misrasını könlümə yazdığım Sakit İlkinin dünənindən bu gününə gələn yolun xəyalən təsviridi. Yardımlıda dünyaya göz açıb. O Yardımlıda ki, hər qarış torpağı min bərəkət hikmətlidi. Bu torpaqda ta bineyi qədimdən qeyrət cücərib, abır-həya qol-budaq atıb, nəsilbənəsil davam edib. Saflıq olub bu yurdda, din-iman hər şeydən üstün tutulub. Anaların dilindən qopan söz ballanıb gəlib çaatıb körpələrinin qulağına. Ataların hər addımı onlara yol olub, ədəb, ərkan məktəbinə çevrilib, qeyrət, cəsarət, mərdilik nümunəsi kimi həmişə ucada durub.

Belə bir diyarda doğulub, böyüyüb Sakit İlkin. Yardımlıda işlədiyim illərdə elə sıx münasibətimiz olmasa da onu mən misraları ilə sevdim. Dilinin şirinliyi, ağlının gücü ilə könlümə yazdım. Gözümdə də, könlümdə də belə ucaldı, istedadı İlahidən gələn şair qardaşım. O yazdığı kimi görünən, göründüyü kimi yazan şairdi. Özü nə qədər sadədirsə, yazdıqları da o qədər sadə, səmimi və içdən gəlmədir. Özündə də, yaradıcılığında da boğazdanyuxarı deyilən sözü, yazılan şeiri yoxdu.

Çox ağıl kütləşir,yaddaş kirlənir,

Bir beyin düşünür,yüz baş girlənir…

Yoluna,izinə daş diyirlədib,

Adamı qoymurlar adam olmağa..!

Gözü-könlü toxdu Sakit İlkinin. Bir qələmi, bir sevdalı ürəyi, bir də saf ruhu var. Ən əsası sığındığı sal qayaları, uca dağları, ruhunu tər-təmiz saxlayan sıx meşələri var. Bütün varı-dövləti budu. Amma yox, özünün dediyi kimi başqa olanlarını da var, onları da dilə gətirir yaradıcılığında.

Bu dùnyada hər şeyim var…

Atam-anam.qardaş-bacım.

Dərdim-sərim, ağrım-acım,

Bu dùnyada nəyim yox ki?

Oğlum-qızım, nəvələrim,

Pulum-param.arabam var,

Bu dùnyada nəyim yox ki.?

ömùr adlı xarabam var.

Ev-eşiyim.it-pisiyim,

Bir işim var,bir də maaşım…

Içimde bir ocaq yanır…çölùm buzdu.

Nəsə çatmır.nəsə yoxdu…

Indi bildim bu dùnyada nəyim yoxdu..

Hər şeyim var….

*SƏNİM*yoxdu.

Şerdəki hikmət də elə “sənim” yoxdu hökmüdü. Dediyim kimi bir qələmi, bir sevdalı ürəyi, bir də saf ruhu var şairin. Bunların varlığı hesabına da o, bu hikməti yarada bilib.

Heç kimin xəbəri olmaya sənnən,

Yığıb dərdlərini, yığıb gedəsən.

Çırpıb bu dünyanın qapılarını,

Ayrı bir dünyaya çıxıb gedəsən.

Skit İlkin yaradıcılığı bir dəryadı. Sakit İlkin yaradıcılığı eşqin halallığı, dilin şirinliyi, həyatın özüdür. Sakit İlkin yaradıcılığı insan olmaq, insanlığı dərk etmək, ən ali dəyərlərə sədaqətdir, onu qorumaqdır. Sakit İlkin yaradıcılığı Vətəndir, qanını bu torpağa halal edən şəhidlikdir, qazilikdir və bütöv Azərbaycandır.

65 yaşı oldu Sakit İlkinin. Ha dünyanı dolandı, gəzdi yenə 65-ə döndü. Özünə döndü. Yardımlının araba ( avtomobil ) seriyası olan yaşına qaçdı. Mübarək olsun yubiley yaşın qardaş. Yaz, yarat, sözün, poeziyanın sehrində saxla bizi. Sevdiyimiz qədər sevək səni, güvənək sənə. Hər misranı bayraq kimi könül qalamızın zirvəsində saxlayaq.

Qalib Rəhimli.


MANŞET XƏBƏRLƏRİ