Cinayət Məcəlləsininin 93-cü maddəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları göstərilmişdir. Maddə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə tətbiq edilir.
Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Səməd Vəkilov 5 ailə üzvünü xüsusi amansızlıqla qətlə yetirən Əhməd Əhmədov barəsində çıxarılan məcburi müalicə haqda məhkəmə qərarını şərh edərkən deyib.
O bildirib ki, Əhməd Əhmədovun barəsində verilmiş tibbi ekspert rəyinə əsasən, o, cinayəti törədən zaman anlaqsız olub və hakim də tibbi xarakterli məcburi tədbir tətbiq etməklə qanunauyğun davranıb:
“Çünki cinayət qanunvericiliyinin məqəsədi təqsirkar şəxslərin cəza çəkdikdən sonra cəmiyyət üçün - digər şəxslər üçün təhlükə mənbəyi olmamasıdır. Psixi pozuntusu olan şəxsin müalicə almadan cəmiyyət üçün təhlükəsiz olması mümkün deyil. Əhməd Əhmədov barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi onun cəzadan azad edilməsi anlamına gəlmir, bu sadəcə onun azadlıqdan məhrumetmə deyil, cəzanın digər növü ilə cəzalandırılması mənasında anlaşılmalıdır”.
Vəkil həmçinin onu da bildirib ki, Əhməd Əhmədov qətlləri anlaqsız vəziyyətdə törətdiyi üçün o, sağalandan sonra cinayət məsuliyyətinə cəlb edilməyəcək:
“Ancaq onun sağalmasını həkim qrupu təsdiqləməli və məhkəmə yeni hökm çıxarmalıdır. Sizcə, onun nə vaxtsa xəstəlikdən tamamilə sağaldığı və cəmiyyət üçün təhlükəsiz olduğu ilə bağlı hansı həkim və ya həkim qrupu üzərinə məsuliyyət götürə bilər? Onun nə vaxtsa sağaldığına heç bir həkim zəmanət verməyəcək və hakimi də buna inandırmaq mümkün deyil”.