Mühafizəçi Ağadadaş Ağayevə bunu deyib, o isə baltaya əl atıb – YENİ DETALLAR


Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.

Turkustan.az APA-ya istinadən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.

Xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.

Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.

Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.

Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Qeyd edək ki, A. Ağayev uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkir.

xxx

Daxili İşlər Nazirliyi Ağdadaş Ağayevlə yaşanan insidentlə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

***

saat 11:00

Xalq artisti Ağadadaş Ağayevlə bağlı yeni məlumatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, müğənninin tanışı ilə küçədə mübahisəsi düşüb.

Mübahisə zəminində Ağadadaş Ağayev əlindəki baltanı tanışına atıb. Nəticədə qarşı tərəf xəsarət alıb.

A.Ağayevin saxlanıldığı bildirilsə də hələlik bu rəsmi təsdiqini tapmayıb.

Hadisə ilə bağlı rəsmi məlumat yayılacaq.

xxx

Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Hadisə Binəqədi rayonu ərazisində baş verib.

Turkustan.az xəbər verir ki, bu barədə məlumatı news24.az saytı yayıb.

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Məsələ ilə bağlı A.Ağayevin özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a müğənni ilə bağlı insident yaşandığını təsdiqləyiblər.


MANŞET XƏBƏRLƏRİ