Ekspertizanın “dəli” dediyi Əhmədin məhkəmədə nə işi var? - Vəkildən açıqlama


Ailə üzvlərini qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəmə prosesi cəmiyyətdə müzakirələrə səbəb olub. Bir müddət əvvəl ekspertiza rəyinə əsasən, onun qətlləri törədən zaman anlaqsız vəziyyətdə olmasına dair məlumatlar yayılmışdı. Bəzi insanlar isə onun psixi xəstəliyi olduğu halda məhkəmə prosesində iştirak etməsinə irad bildirib.

Bəs bu məsələ qanunla necə tənzimlənir?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verib və bəzi nüanslara aydınlıq gətirib:

“Cinayət işi materialları və ekspertiza rəyi ilə tanış olmadığım üçün bütün faktlara dəqiq şərh verə bilmirəm. Nəyisə ehtimal edib, proqnoz vermək üçün bir çox məsələləri aydınlaşdırmaq lazımdır. Məsələn, mənə məlum deyil ki, ekspertiza rəyində onun anlaqsız olması necə göstərilib. Qətllərin arasında müəyyən vaxt olduğu üçün hansı saatlarda onun anlaqsız olub-olmaması barədə məndə məlumat yoxdur. Bütün faktlar ekspertiza rəyində qeyd olunub və məhkəmə də bunları araşdıracaq. Əhməd qətllərin törədilməsində anlaqsız olubsa, əlbəttə o, cəzadan azad olunacaq. Ancaq bu o demək deyil ki, azadlığa çıxacaq. Əhməd Əhmədov məhkəmə qərarı ilə müalicəyə göndəriləcək. Neçə müddətə göndərilməsi və sağalması haqqında məlumat isə hələ yoxdur”.

Ə.Mustafayev bildirib ki, istənilən halda ittiham olunan şəxs məhkəmə prosesində iştirak etməlidir:

“Əgər Əhmədin törətdiyi əməllərin hər hansı birində anlaqlı halda olduğu müəyyən edilərsə, o zaman ona cəza da təyin olunacaq. Belə olan təqdirdə cəzanın bir hissəsi məhkəmə qərarı ilə müalicə hissəsində keçirilə bilər. Ancaq Əhmədə cəza təyin ediləcəksə, bu ömürlük müddətində olacaq. İstənilən halda, hətta anlaqsız vəziyyətə olubsa belə, bütün qətllərdə məhkəmə qərarı olmalıdır. Yəni, məhkəmə prosesindən sonra yekun qərar verilməlidir”.


MANŞET XƏBƏRLƏRİ