"Azərbaycan Dəmir Yolları"nın maşinisti 29 155 manatlıq yanacaq satıb - CƏZA


Salyan Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və mənimsəmədə təqsirləndirilən Zamiq Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Turkustan.az-ın əldə etdiyi məlumata görə, hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib

İttihama görə, Zamiq Babayev "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyib. O, ezam olunduğu Ucar-Hacıqabul-Ucar və Ucar-Yevlax-Ucar istiqamətləri üzrə 2022-ci ilin iyun ayından 2023-cü ilin fevral ayınadək olan dövrdə lokomotivlərin hərəkətinin təmin edilməsi üçün QSC tərəfindən ayrılmış yanacaq və yağın, yəni həmin cəmiyyətə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talayıb. Zamiq bu məqsədi ilə lokomotivlərdə hərəkət marşrutunun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmasına baxmayaraq, marşrut vərəqələrinə həqiqətə uyğun olmayan marşrutlar qeyd edilməsi ilə müvafiq həqiqətə uyğun olmayan marşrutlar üzrə nəzərdə tutulmuş yanacaq və yağın təminat məntəqəsindən götürülərək, Ucar, Yevlax və Hacıqabul rayonu ərazisində müxtəlif şəxslərə satıb.

O, bu yolla 29 155,87 manat pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talayıb.

İstintaq dövründə Zamiq Babayevin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. /Pravda.az/


MANŞET XƏBƏRLƏRİ