Salyanda ərini doğrayan qadın tanınmış həkimin qızıdır: "15 ildir ki..." - Şok təfərrüatlar


Salyan rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən il dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Turkustan.az xəbər verir ki, hadisə ilə bağlı Teleqraf.com-a danışan Yenikənd kəndinin icra nümayəndəsi Məsabə Abasov bildirib ki, Mətanət Hüseynova və Röyal Hüseynov Yenikənd sakinləridir:

"İllər əvvəl onlar bir-birinə qoşulub qaçıblar. Yeniyetmə yaşında 2 oğlan, 1 qız övladları var. Bu ailə uzun illərdir ki, müxtəlif fermalarda çobanlıq edir. Bu səbəbə onlar Yenikənddə xeyli vaxtdır yaşamırdılar.

Bələdiyyə sədrinin sözlərinə görə, R.Hüseynov həyat yoldaşını tez-tez döyüb təhqir edirmiş: "Yazıq gəlin neyləsin? Əri hər gün ona işgəncə verirdi. Yəqin canını qurtarmaq üçün hadisəni törədib".

İddialara görə, Röyal Hüseynov içki və narkotik istifadəçisi olub. Ona görə də ailədə tez-tez münaqişə baş verirmiş. Həyat yoldaşını incidirmiş. 15-20 gün bundan əvvəl kənddə məlumat yayılıb ki, Röyal evdən silah və pul götürüb, quş ovlamağa gedib və geri qayıtmayıb. Bundan sonra axtarışlar başlayıb.

Qətli törədən Mətanət Hüseynova Neftçala rayon xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır".

Neftçala rayon xəstəxanasının cərrahı Fədail Salmanov bildirib ki, hadisə ilə bağlı heç bir məlumatı yoxdur: "Mən onları 15 ildir ki, görmürəm. Onların harada yaşadıqlarını belə bilmirəm. Qızımın arxasınca getmək fikrim yoxdur. Mənim işim-gücüm var. Qanun var, qayda var. Dövlətin qurumları hər şeyi aydınlaşdıracaq. Kimin nə günahı varsa, qərar verəcək. Mən heç nəvələrimi də görməmişəm. Heç bu gündən sonra da görmək niyyətim yoxdur. Səbəbi barədə heç nə deməyəcəm. Çünki səbəb yoxdur".

Qeyd edək ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.

Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ