Yevlaxda toy məclisində əvvəllər aralarında yaranmış mübahisəyə görə qətl törədən 20 yaşlı Tahir Abdullayevin cinayət işinin təfərrüatı məlum olub.
İşdə diqqət çəkən məqamlardan biri Tahirin qaçan zaman bilmədən polis əməkdaşının maşınına əyləşməsi olub. Tahir hadisəni sürücüyə danışıb. Sürücü də polis əməkdaşı olduğu üçün onu birbaşa polis şöbəsinə aparıb.
Turkustan.az xəbər verir ki, Tahir əmisi oğlunun “Aytən” şadlıq sarayında keçirilən toy məclisində 24 yaşlı Elmir Abışovu bıçaqla qətlə yetirib.
Buna səbəb Tahirin əvvəldən Elmirlə aralarında olan ədavət olub.
Belə ki, Tahir Abdullayev qətlə yetirdiyi Elmirin bacısı ilə münasibətinin olduğunu düşünüb. Buna görə daha əvvəl də onlar arasında mübahisə olub. Hətta Tahir bıçaqla Elmirin qol nahiyəsinə zərbə də endirib. Amma onun barəsində açılmış cinayət işinə sonradan xitam verilib.
Tahir bu hadisədən sonra Elmiri əmisi oğlunun toyunda görüb. Elmirin toyda əylənməsini həzm edə bilməyib. Elə orada onu qətlə yetirməyi qətiləşdirib. Məclisdə bir müddət Elmiri izləyən Tahir musiqiçilərin yanında əyləşib və Elmirin zala tərəf gəlməsini gözləyib. Elmir qohumları ilə söhbətləşdikdən sonra onlardan ayrılaraq zala tərəf hərəkət edib. Bu zaman yerindən qalxan Tahir bıçaqla Elmirə bir zərbə endirib. Əlavə zərbə endirmək istəsə də, ətrafda olanlar ona mane ola bilib.
Hadisədən sonra Tahir şadlıq sarayından qaçıb. Elmiri isə xəstəxanaya çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Restorandan qaçan Tahir yol kənarından maşınlara əl edərək Yevlaxın mərkəzinə getmək istəyib. İlk saxlayan maşına əyləşən Tahir yolda sürücü ilə söhbət edib. Sürücü Tahirdən əlinin niyə qan olduğunu soruşub. Tahir toyda adam bıçaqladığını deyib. Sürücü polis əməkdaşı olduğunu deyib və onu Yevlax Rayon Polis Şöbəsinə apararaq təhvil verib.
Tahir ifadəsində Elmiri öldürmək niyyətinin olmadığını deyib. Bildirib ki, onu bıçaqla qorxutmaq istəyib, amma Elmir başını yana əydiyi üçün bıçaq ona dəyib. Şadlıq sarayındakı kameralara baxış zamanı hadisənin necə baş verməsi müəyyənləşdirilib. Tahirin xuliqanalıq niyyəti ilə Elmirə hücum edərək onu bıçaqladığı görüntülənib.
Suallara cavab verən Tahir cibində bıçaq gəzdirməsini belə izah edib. Bildirib ki, şəhərdə aralarında ədavət olan şəxslər olduğu üçün cibində bıçaq gəzdirirmiş. Dediyinə görə, bıçağı mağazadan 3 manata alıb. Toya gələndə də ədavəti olan şəxslərlə üzləşəcəyindən ehtiyat etdiyi üçün üzərində bıçaq götürüb.
Mərhumun anası məhkəmədə dindirilən zaman oğlunun qatilinə ağır cəza verilməsini istəyib. Onu da əlavə edib ki, oğlunun Tahirin bacısı ilə münasibətinin olması barədə söz-söhbəti eşidib. Amma əminlikdə bildirib ki, bu deyilənlər yalan olub.
Mərhumun xanımı da məhkəmə istintaqında dindirilib. O bildirib ki, həmin toy məclisində azyaşlı uşaqları ilə birlikdə o da iştirak edib. Onun sözlərinə görə, Elmir spirtli içki qəbul edib toyda qohumları ilə rəqs edirmiş. Sonra zaldan çıxıb. Bir neçə dəqiqə sonra girişdə dava-dalaş düşdüyünü eşidib. Oraya yaxınlaşanda ərinin qan içində olduğunu görüb.
İstintaqla müəyyən edilib ki, Tahir Abdullayev hadisəni törədən zaman narkotik vasitənin təsiri altında olub. O, məhkəmədəki ifadəsində bunu etiraf edib. Bildirib ki, marixuana istifadəçisi olub.
Tahir törətdiyi əməllərə görə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinib. Ona qarşı xuliqanlıq, qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddələrilə ittiham irəli sürülüb.
Məhkəmə qeyd edilən maddələrlə Tahir Abdullayevi təqsirli bilərək onu 18 il müddətinə azadlıqdan məhrum edib./Musavat.com