Turan sevdalısı - Böyük Türk mütəfəkkiri Ziya Göyalp



Aydın Mədətoğlu Qasımlı

Düşmənin ölkəsi viran olacaq
Türkiyə böyüyüb Turan olacaq!

( Ziya Göyalp )

Başda Ənvər Paşa və Mustafa Kemal Atatürk olmaqla, II Məşrutiyyət, İstiqlal savaşı və Cümhuriyyət dövru Türkiyəsi, həmçinin bütün Türk dünyasının ideoloji, siyasi, sosyal, və mədəni həyatında mühüm rol oynayan Türk aydınlarının bir çoxunun düşüncələrinə istiqamət verən ən böyük fikir adamlarından biri olan məşhur sosyoloq və ideoloq Ziya Göyalp (1876-1924) 23 mart 1876-cı ildə Türkiyənin Diyarbakır şəhərində anadan olmuşdur.

Ziya Göyalp ilk təhsilini “Mərcimək örtməsi” adlı bir iptidai məktəbdə almış, sonra hərbi Rüştiyyədə daha sonra isə Mülki İdarə Məktəbində oxumuşdur. Atası bir müddət Diyarbakır Evrak Müdiri, Nüfus Müdiri, Vilayət İdarə Məclisi üzvü və “Diyarbakır” adlı qəzetin baş yazarı aydın fikirli Mehmet Tevfik Efendi ona böyük vətənsever şair və mütəfəkkir Namiq Kamalı sevdirmiş əsərlərini ona oxutdurmuşdur. Əmisi Hasib Əfəndidən ərəbcə, farsca və İslam fəlsəfəsini, doktor Yorgidən də təbii elimləri və fəlsəfəni öyrənən Ziya Göyalp gəncliyində bir inanc böhranı keçirmiş, hətta intihara baş vuraraq qafasına güllə sıxmış, lakin təsadüf nəticəsində sağ qalmışdır. Güllə başında qaldığından ölümlə çarpışdığı anlarda daha sonralar inkişaf etdirəcəyi bəzi həqiqətləri kəşf etmək şərəfinə nail olmuşdur. Bu həqiqət kəşfi fərd və cəmiyyət həyatında Məfkurənin rolu idi. Ziya Göyalpa görə: “Fərdlər və Millətlər böhranlı anlarda kəşf etdikləri ideallar vasitəsi ilə qurtulurlar” (Ziya Göyalp, Türkçülüyün əsasları, İstanbul 1972, səh-II)

Ziya Göyalp bu fikri yazanda hələ “Türkçülüyün əsasları”nda irəli sürdüyü fikirlərə yiyələnmişdir. Özünün tədbiri ilə hələ bir “Ümid Fəlsəfəsi” arayışında idi.

1895-ci ildə qardaşı Nihat bəy tərəfindən İstanbula gətirilən Ziya Göyalp Baytarlıq məktəbinə daxil olmuş burada o dövürdə rejim əleyhinə çalışanlarla əlaqə yaratdığından və çap etdirdiyi “Bahar” məcmüəsini gizli şəkildə yaydığından 1898-ci ildə həps edilərək 10 ay Taşkışla, 3 ay da Zəptiyyə həpsxanalarında saxlandıqdan sonra Diyarbakıra göndərilmişdir. Öz doğma yerində göz həpsində tutulan Göyalp burada ölən əmisinin qızı Vəcihə Xanımla evlənmişdir. Diyarbakırda Ticarət Odası fəxri katibliyi Vilayət idarə məclisi Zabit katibliyi kimi vəzifələrdə çalışmış “Diyarbakır” qəzetində yazılar çap etdirmişdir. 1908-ci ilə qədər Diyarbakırda qalan Ziya Göyalp II məşirtiyyət elan edilincə “İttihat və Tərəqqi” Cəmiyyətinin Diyarbakır şöbəsini yaradır, “Diyarbakır” qəzeti və özünün nəşr etdirdiyi “Peyman” qəzetində fikirlərini nəşr etdirir. Bu dövrdə Ziya Göyalp hələ “Türkçü” deyil, “Osmanlıçı” və “İslamçı” idi.

1909-cu ildə “İttihad və Tərəqqi” Cəmiyyətinin Səlanik Qurultayında Diyarbakırdan təmsilçi kimi qatılan Göyalp burada dövrün ən böyük sosioloqlarından sayılan Emil Durkheimin əsərlərindən yararlanaraq Türkiyənin sosial və siyasi məsələlərini incələyir, aradığı ideyanı özündən əvvəlki Türkçülərin irəli sürdüyü “Turançılıq”da bulur. Ali Canib və Ömər Seyfəddinin nəşr etdirdikləri “Gənc Qələmlər” dərgisində yazılar çap etdirən Ziya Göyalp xüsusilə “Turan” şeri ilə bu jurnala öz sosial fikirləri və “Turançılıq” ideyası ilə yep-yeni bir ruh gətirmişdi.

Bu dövrdə Türk gəncliyi qurtarıcı bir məfkurə arayırdı ki, Ziya Göyalpın “Turan” şeri, bu şerin şərh və təsviri bu məfkurənin ilk qığılcımı oldu. “Turan” şeri Ziya Göyalpın fikri inkişafında bir dönüş nöqtəsi idi.

1912-ci ildə Erqani Sancağından millət vəkili seçilən Ziya Goyalp İstanbula gələrək, burada həm “İttihad və Tərəqqi” Partiyasında siyasi fəaliyyətini davam etdirmiş və həm də sosiologiyanı çox gözəl tədqiq etdiyi üçün Darülfünunda (Universitetdə) Sosyologiya bölməsi yaratmış, orada bu fəndən dərs demişdi. “İttihad və Tərəqqi” Partiyasının Mərkəzi təşkilatının üzvü olan Ziya Göyalp o dövrdə yapılan bir çox sosyal reformaların müəllifi və həyata keçiricisi kimi fəaliyyət göstərmişdi.

Tədqiqatçılar göstərirlər ki: “Bu illərdə Göyalpın ən həyəcanlı oxucularından biri, daha sonra Türkitədə ən böyük sosyal reformları yapacaq olan Mustafa Kamal (Atatürk)dır” (Prof. Dr. Mehmet Kaplan, Ziya Gökalpın hayatı ve eserleri hakkında bir kaç söz, Bax: Ziya Gökalp, Türkçülüyün esasları, İstanbul 1972, səh.4)

Ziya Göyalp 1918-1922-ci illərdə Türk tarix və mədəniyyətini yeni bir görüşlə incələyərək elmi Milliyyətçiliyin əsaslarını işləyib hazırlamış, elmi ilə yanaşı dünyagörüşünü və ideyasını anladan şeirlər yazmış, yeni fikirləri ilə bu illərdə vücuda gələn Türk Milli Ədəbiyyat axınının təşəkkülündə mühüm rol oynamış, Türk ədəbiyyatına xalq dilinin, Türk tarix, əfsanə və xalq ədəbiyyatının qapılarını açmış, onları küll halında milli və sosyal mübarizələrin bir sözcüsü halına gətirmişdi.

1919-cu ildə İstanbulu işğal edən İngilislər “İttifad və Tərəqqi” Partiyasının öndə gələn nümayəndələrini, o cümlədən Ziya Göyalpı həbs edərək Əhməd bəy Ağaoğlu və digərləri ilə bərabər Malta adasına sürgün etmişdilər. Osmanlı İmperatorluğunun parçalanması, ərazilərinin düşmənlər tərəfindən bölüşdürülməsi və Mustafa Kamal Paşanin başlatdığı İstiqlal Savaşı iki ilə qədər sürgündə olan Ziya Göyalpı da digər Türk aydınları kimi daha realist düşünməyə sövq etdirmiş və o, 1921-ci ildə sürgündən qayıtdıqdan sonra Diyarbakıra gələrək “Kiçik Məcmuə” adlı dərgi nəşr etdirməyə başlamışdı.

Anadoluda İstiqlal Savaşının qələbə ilə nəticələnməsi, Ankarada Mustafa Kamal Paşanın öndərliyində bir dövlətin qurulması, Ziya Göyalpa böyük ümidlər vermişdi. Yeni nəsli müasir dövrə hazırlamağa başlayan Mustafa Kamal Atatürk bir “Təlif və Tərcümə heyəti” yaradaraq fikirlərinə dərin hörmət bəslədiyi Ziya Göyalpı da bu heyətə daxil etmişdi. Ziya Göyalp bu dövrdə həyatının ən dolğun dövrünə daxil olmuşdu, 1923-cü ildə Diyarbakırdan Türkiyə Millət Məclisinə millət vəkili seçilən Ziya Göyalp özlədiyi Milli Dövlətin – Türkiyə Cümhuriyyətinin ideologiyasının təməl prinsiplərini hazırlamağa başlamış, fəqət 1924-cü ildə xəstələnərək 48 yaşında ikən 25 oktyabrda gözlərini bu dünyaya əbədi olaraq yummuşdu.

Ziya Göyalpın ölümü bütün Türk dünyasında böyük üzüntü yaratmış, o dövr Türkiyə qəzet və dərgilərində onun dəyərini anladan xeyli yazı dərc edilmişdi. Bu yazılarda göstərilirdi ki: “Heç bir zaman, heç bir vəziyyətdə Ziya Göyalpın ruhuna çarəsizlik kimi zəifliklər girməmişdir. Ən müşkül və ən qaranlıq zamanlarda o, daima ətrafına iman və ümid saçmışdır” (Ağaoğlu Əhməd bəy).

“Ziya Bəyin bir şüa olan ağlı söndüyü gündən bəri vətəndəki elmdə qaranlıq vardır” (Yahya Kamal Bayatlı)

“Ziya Göyalp kimi bir adam bir vətənin üstündən torpağı çox qarışdıran bir sapand kimi keçər. Qədim köklər, qədim toxumlar bu sapandın keçdiyi yerdən ta dərinlərə, ölüm təbəqələri içinə qarışmışdır. Bu sapandın keçdiyi yerler yeni bir bahar, yeni bir məhsul verecekdir”. (Həmdullah Sübhü Tanrıövər).

“Ziya Göyalp sosiologiya elminin qurucusu olan Durkheimdən sonra ən böyük sosyoloqdur. Göyalp Tənzimat hərəkatından bəri ən böyük şüur həmləmizdir” (İsmayıl Hakkı Baltaçıoğlu).

“Ziya Göyalp... çox sahəli universal müfəkkirlər zümrəsinə mənsubdur”(Ziyaəddin Fəxri Fındıkoğlu). Və s.

Özündən əvvəlki Əli Suavi Əfəndi (1839-1878), “Yalavaç” (Peyğəmbər) adlandırdığı Əlibəy Hüseyinzadə (1864-1942), Yusuf Akçuroğlu (1879-1935) və s. kimi Türkçülərin fikir və mülahizələrini II Məşrufiyyət dövründə sistemləşdirən Ziya Göyalp “Türkçülük” ideologiyasının elmi əsaslarını işləyib hazırlamış, onu proqram şəklinə salmışdı.

Ziya Göyalp tərəfindən sistemləşdirilən “Türkçülük” ideologiyası Türk aydınları və gənc zabitləri arasında sürətlə yayılmış, Balkan hərbi nəticəsində Türk dövlət yetkililəri artıq “Osmanlıçılıq”dan imtina etmiş, “Türklüyə” dayanan “Milli Türk Dövləti” nin yaranması fikri üstünlük qazanmağa başlamışdı. Bu dövrdə artıq “Türkçülük” bir məfkurə halına gəlmiş və Türk dövlətini idarə edənlərdə Türkiyədən kənarda olan Türk-Müsəlman qardaşlarına qarşı yaxınlıq hissləri artmış, Ziya Göyalp anlatmağa çalışdığı “Turan” ölkəsi anlayışı zehinlərdə yer tutmağa başlamışdı. Ziya Göyalpı təqib edən bir sıra yazıçı və şairlər də “Türkçülük” və “Turançılıq” ruhunda əsərlər yazmağa başlamışdılar.

Bəlli bir ideyaya susamış olan və çəkdiyi böyük müsibətlərdən sonra Türk Millətinin mütləq canlanacağına, güclənəcəyinə və tarixə yenidən öz sözlərini deyə biləcəklərinə inanan Türk milli ziyalıları və Türk ordu mənsublarının böyük bir hissəsi “Türkçülük ” idyasını mənimsəmişdilər.

I Dünya Müharibəsi Başlayınca Ziya Göyalp yazdığı “Qızıl Alma” dastanında:

Düşmənin ölkəsi viran olacaq

Türkiyə böyüyüb Turan olacaq!

Vətən, nə Türkiyədir Türklərə, nə Türküstan

Vətən, böyük və müəbbət (əbədi) bir ölkədir-Turan!

-kimi siyasi-ideoloji ideya irəli sürmüşdü.

XX əsrin ikinci on illiyindən başlayaraq “Türkçülük” “Turançılığı” doğurmuş, bütün dünyadakı Türk qövmlərini içinə alan böyük bir siyasi cərəyan halına gəlmişdi ki, bu işdə çar Rusiyasındakı Türk aydınları ilə yanaşı Ziya Göyalpın da böyük xidmətləri olmuşdur. Onun sayəsində “Türkçülük” və “Turançılığın” nə olduğu Türk aydinları və zabitlərinə tanıdılmışdı.Trablüs Qərbdə İtalyanlarla savaşın başlanması “Türkçülük ” ideyasını daha da gücləndirmişdi. Gənc zabitlər, xüsusilə yeni yetişdirilməkdə olan ehtiyat zabitlər ordusu məhz “Türkçülük” və “Turançılıq” məfkurəsini mənimsəyərək gərəkərsə bu ideya uğrunda canlarını belə fəda etməkdən çəkinməyəcəklərdi və tarix göstərir ki, çəkinməmişlər də!

Türkiyə, Azərbaycan (Quzeyli və Güneyli- A.M ) və Şimali Qafqazın istiqlalı uğrunda mübarizədə onlarla gənc Türk zabiti şəhit olmuşdu. Ruhları şad olsun.

Ziya Göyalpın “İttihad və Tərəqqi” Partiyasının Mərkəzi İdarə heyətinə üzv qəbul edilməsindən sonra “Türkçülük” Türkiyə hökümətinin rəsmi ideologiyasına çevrilmişdi. Hətta dövlətin hərbi Naziri Ənvər Paşa və Xarici İşlər Naziri Tələt Paşa “Turançılığ”ı dövlətin xarici siyasətinin əsas amili kimi qəbul etmiş və bu yöndə konkret addımlar da atmış, “ Qafqaz Türk İslam Ordusu” yaradaraq Azərbaycan və Şimali Qafqaza göndərmiş, bu ordunun sayəsində Azərbaycanda erməni daşnaklarının Azərbaycan Türklərinə qarşı törətdiyi soyqırımlara son verilmiş, Quzey Azərbaycan və Şimali Qafqaz öz müstəqilliyini əldə etmişdi.

Ziya Göyalp öz fikir və mülahizələrini Proqram şəklinə salaraq sonradan onu “Türkçülüyün əsasları ” adı ilə nəşr etdirmişdir. Bu əsər Ziya Göyalpın qələmindən çıxan ən dəyərli əsərdir. İki hissədən ibarət olan bu əsərin birinci hissəsi “Türkçülüyün mahiyyəti”, ikinci hissəsi isə “Türkçülüyün Proqramı ”adlanır. Əsər bütünlükdə 1968-ci ildə Robert Deveruex tərəfindən ingilis dilinə tərcümə edilmişdir.

Böyük ideoloq və sosyoloq olan Ziya Göyalp özünün məşhur “Türkçülüyün əsasları” əsərinin birinci hissəsində “Türkçülüyün tarixi və mədəniyyəti”, “Türkçülük və Turançılıq”, “Milli kültür (hars) və mədəniyyət (Təhzib)”, “Xalqa doğru”, “Qərbə doğru”, “Tarixi maddəçilik və içtimai məfkurəçilik”, “Milli vicdanı quvvətləndirmək”, “Milli təzanüdü (solidarizmi) qüvvətləndirmək”, “hars və təhzib” kimi məsələləri şərh etmişdir. Müəllif bu hissədə özünəqədərki Türkçülərin xidmətlərindən, irqi, qövmü, coğrafi Türkçülərin, Osmanlıçıların İslam Birliyi tərəfdarlarının fərdiyyətçilərin millət haqqındakı fikir və mülahizələrindən, Türkçülük və Turançılığın mahiyyətindən milli kültürlə (hars) mədəniyyətin (Təhzib) oxşar və fərqli cəhətlərindən, Türkçülüyün əsas saydığı “Xalqa doğru” və “Qərbə doğru” prinsiplərindən geniş bəhs edərək belə bir nəticəyə gəlmişdi ki: “Millət, nə irqi, nə qövmi, nə coğrafi, nə siyasi və nə də iradi bir zümrə deyildir. Millət, dilcə, dincə, əxlaqca və gözəllik duyğusu baxımından müştərək olan, yəni eyni tərbiyəni almış fərdlərdən ibarət olan bir topluluqdur (Ziya Gökalp, Türkçülüyün esasları, İstanbul 1972, səh.22)”.

Osmanlı İmperatorluğunun ən ağır dövrlərində “Müasirləşmək, Osmanlıçılıq və İslam Birliyi” kimi xeyir əvəzinə zərər gətirən üç məşhur ideya arasında ən kəskin mübarizə gedirdi. Tənzimatçılar Osmanlı mədəniyyətini Qərb mədəniyyəti ilə uyğunlaşdırmağa çalışır. Osmanlıçılar xristian və müsəlman xalqlarından ibarət bir “Osmanlı milləti” yaratmağa səy göstərir., İslam Birliyi tərəfdarları da Osmanlı İmperatorluğuna daxil olan bütün müsəlmanlardan bir “İslam milləti” yaratmaq ideyasını irəli sürürdülər. Bu mübahisələrə ilk öncə çox həssas yanaşan Ziya Göyalp hər şeydən öncə bu çatışmaların bir uzlaşmaya dönməsinə səy göstərmiş və özünün məşhur “Üç akım” adlı məqaləsini yazmışdı. Bu yazıda Ziya Göyalp irəli sürdüyü fikir və mülahizələri daha da konkretləşdirərək “Türkçülüyün əsasları” əsərində göstərmişdi ki: “Tənzimatçılar Osmanlı mədəniyyətini Qərb mədəniyyəti ilə uzlaşdırmağa çalışmışdılar. Halbuki iki zidd mədəniyyət yan-yana yaşaya bilməzlər. Sistemləri bir-birindən ayrı olduğu üçün ikisi də bir-birini pozmağa səbəb olar. Məsələn, Qərbin musiqi texnikası ilə Şərqin musiqi texnikası bir-biri ilə uzlaşa bilməz. Qərbin təcrübi məntiqi ilə Şərqin sxolostik məntiqi bir-biri ilə barışa bilməz. Bir millət ya Şərqli olar, ya da Qərbli. İki dinli bir fərd olmadığı kimi, iki mədəniyyətli bir millət də ola bilməz. Tənzimatçılar bu nöqtəni bilmədikləri üçün etdikləri yenilik hərəkatında müvəffəqiyyət qazana bilmədilər... Tənzimatçılar istehsalı modernləşdirmədən öncə... geyim-keçim, yemə-içmə, bina və bəzəmə sistemlərini dəyişdirdikləri üçün milli sənətlərimiz tamamilə çökdü... Yeni tərzdə Avropa sənayesinin çəyirdəyi belə vücuda gələ bilmədi. Buna səbəb kafi dərəcədə elmi incələmə yapmadan, əsaslı bir məfkurə və konkret bir proqram vücuda gətirmədən işə başlamaq və hər işdə yarımçıq olmaq idi... Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə uzlaşdırmağa çalışmaq orta çağı son çağlarda yaşatmaq demək idi... Gerçəkdən məmləkətimizdə istər mədəniyyət, istər tərbiyə baxımından bir-birinə bənzəməyən üç təbəqə vardır: Xalq, mədrəsəlilər, məktəblilər... Millətimizin bir qismi ilk çağlarda, bir qismi orta çağda, bir qismi də son çağda yaşamaqdadır. Bir millətin belə üç üzlü bir həyat yaşaması normal ola bilərmi!” (Ziya Gökalp, Türkçülüyün esasları, İstanbul 1972, səh.45, 65, 67, 68).

“Osmanlıçılıq ideyasını daha kəskin tənqid edən Ziya Göyalp tarixdə “Osmanlı” adında bir millətin olmadığını və ola da bilməyəcəyini göstərərək yazırdı ki: “Tənzimatçılar millətə:” Sən yalnız Osmanlısan. Sakın, başqa millətlərə baxaraq sən də milli bir ad istəmə! Milli bir ad istədiyin anda Osmanlı İmperatorluğunun yıxılmasına səbəb olarsan!” demişdilər. Zavallı Türk: “Vətənimi itirərəm qorxusu ilə” Vallahi, Türk deyiləm, Osmanlılıqdan başqa heç bir zümrəyə mənsub deyiləm” deməyə məcbur edilmişdi” (Ziya Gökalp, Türkçülüyün esasları, səh.49). Bu bəlanı 80 ildir ki, Azərbaycan Türkləri də yaşamaqdadır.

Ziya Göyalp tarixi prosesləri dərindən izləyərək göstərirdi ki: “Fəqət bu Osmanlıçılar heç düşünə bilmədilər ki, hər nə yapsalar da bu yabançı millətlər Osmanlı topluluğundan ayrılmağa çalışacaqlar. Çünki artıq yüzlərcə millətdən ibarət olan süni topluluqların davamına imkan qalmamışdır. Bundan sonra hər millət ayrı bir dövlət olacaq, müstəqil, səmimi, təbii bir cəmiyyət həyatı yaşayacaqdır. Şübhəsiz Avropanın Qərbində beş yüz ildən bəri başlayan bu ictimai inkişaf hərəkatı mütləq Şərqində də başlayacaqdı. I Dünya savaşında Rusiya, Avstriya və Osmanlı İmperatorluğunun yıxılması da göstərdi ki, bu ictimai qiyamət çox yaxın imiş. Əcaba Türklər bu ictimai məhşər meydanına özlərini də Türk adlı bir millət olduqlarını, Osmanlı İmperatorluğu içində özlərinin də xüsusi bir vətənləri və milli haqları bulunduğunu bilməyərək, anlamayaraq çıxmış olsaydılar, şaşqınlıqdan nə yapacaqlardı”... Demək ki, yalnız tək bir kəlmə, müqəddəs və mübarək “Türk” kəlməsidir ki, bu qarışıqlığın içində doğru yolu görməmizə səbəb oldu” (Ziya Gökalp, Türkçülüyün esasları, səh.49).

Beləliklə, Tənzimatçıların “Osmanlı milləti” tuzağına uzun müddət məruz qalan yalnız Türklər olmuşdu.

“İslam Birliyi” məsələsinə gəlincə Ziya Göyalp özündən əvvəlki istər mühafizəkar, istərsə də liberal islamçılardan fərqli olaraq “İslam həm din, həm də millətdir” kimi İslamın təməl prinsiplərindən biri saydıqları “din və millət birdir” görüşlərinin əksinə olaraq göstərirdi ki, “İslam Birliyi” tərəfdarlarına görə Millət, bütün müsəlmanların məcmuu deməkdir. Halbuki eyni dində olan insanların bütününə “Millət” deyil, “Ümmət” adı verilir. Ona görə də müsəlmanların bütünü “Millət” deyil, “Ümmət”dir. (Seçmələr bizimdir-A.M. Bax: Ziya Gökalp, Türkçülüyün esasları, səh-20).

Ziya Gökalp göstərirdi ki, “İslam Birliyi” məfkurəsi bir zamanlar müsəlman xalqların istiqlala qovuşmalarını, ölkələrinin müstəmləkəçilikdən qurtulmasını təmin edən bir ideya sayılırdı. Halbuki praktik təcrübələr göstərirdi ki, “İslam Birliyi” bir tərəfdən teokratik və klerikalizin kimi geri qalmış cərəyanları doğurduğundan digər tərəfdən də İslam dünyasında milliyət məfkurələrinin və milli vicdanların oyanmasına qarşı olduğundan müsəlman qövmlərin irəliləməsinə əngəl olduğu kimi, istiqlallarına da maneçilik törədir. Çünki İslam dünyasında milli vicdanın inkişafını dayandırmaq müsəlman millətlərin istiqlallarına əngəl olmaq deməkdir... Hər şeydən öncə istər məmləkətimizdə, istərsə də digər İslam ölkələrində daima milli şüuru oyandırmağa və gücləndirməyə çalışmalı. Çünki bütün tərəqqilərin qaynağı da yalnız odur (Seçmələr bizimdir – A.M. Bax: Ziya Gökalp, Türkçülüyün esasları, səh.87,88).

Ziya Göyalpa görə: “Bütün müsəlmanların uzaq bir gələcəkdə siyasi bir birlik qurmaları bəlkə də mümkündür. Fəqət hər halda bu məqsədin uzun bir müddət mümkünsüz olacağına şübhə yoxdur. Elə isə bu uzun zaman içərisində İslam xalqları milli bağımsızlıqlarını qorumaqdan məhrummu qalsınlar!” (Bax: Ziya Gökalp, Türkleşmek, İslamlaşmak, Çağdaşlaşmak ve Doğru yol, İstanbul 1976, səh.92).

Müasirləşmək və İslamlaşmağı “Türkçülük” ideyasının əsas sütunları hesab edən Ziya Göyalp hər iki prinsipə Milliyətçilik baxımından yanaşmış və göstərmişdi ki, İslam aləminin son ümidi olan Osmanlı dövlətini yüz ildən bəri parçalayan mənəvi bir “mikrob” var. Bu “mikrob” indiyə qədər Osmanlılığın düşməni idi və İslamlığa böyük zərər verdi. Fəqət bu gün artıq bu “mikrob” İslamların lehinə dönərək yapdığı zərərləri ödəməyə çalışır. Bu “mikrob” Milliyətçilik düşüncəsidir... Bu düçüncə xəstəlik mikrobu deyil, ictimai bir maya idi. Bu yüzilliyin (XX əsr nəzərdə tutulur – A.M) millətlər əsri olduğunu duymadıq. Bu ictimai gücü bir az da İslamlığın, Osmanlılığın çıxarları üçün işlətməyi düşünə bilmədik. Nə isə, olan oldu. Milliyətçilik düşüncəsi İslamlığın əleyhinə nə yapmaq mümkündürsə, yapdı. Artıq bu silahı (Milliyətçilik nəzərdə tutulur-A.M.) işlətməyin sırası İslam aləminə gəldi... Çünki Milliyətçilik düşüncəsi əsarətdə olan bir xalqın müstəmləkəçilikdən qurtulması üçün işlədilən bir silahdır. Artıq İslam hökumətlərinin idarəçiliyi altında müsəlman olmayan millətlər qalmadı. Halbuki bu gün (XX əsrin əvvəlləri nəzərdə tutulur-A.M.) müsəlman xalqların çoxu müstəmləkə və dustaq vəziyyətindədir. İslam millətləri arasında isə hökmranlıq və müstəmləkəçilik bağları olmadığı üçün Milliyətçilik düşüncəsi İslamlar arasında anlaşılmazlıq çıxara bilməz. Əksinə, Milliyətçilik düşüncəsi güc qazandıqca İslamlaşmaq düşüncəsi də var olan mədəniyyət birliyini hökmləndirəcək və sağlamlaşdıracaqdır (Seçmələr bizimdir-A.M. Bax: Ziya Gökalp Türkleşmek, İslamlaşmak, Çağdaşlaşmaq ve Doğru yol, səh.89, 90, 92,93).

Ziya Göyalpa görə “Türk Milliyətçiliyi”nin adı “Türkçülük”dür. Mənalı həyatını “Türkçülük” və “Türk Millətçiliyi” məfkurəsinin həyata keçməsinə həsr edən Ziya Göyalpa görə: Türkçülük Türk Millətini yüksəltmək deməkdir. Türkçülüyün qayəsi bir Türk milli mədəniyyəti (Ziya Göyalp bunu “hars” adlandırır-A.M.) yaratmaqdır. Bu milli mədəniyyət təbii ki, Şərq, Qərb, Şimal və Cənub Türkləri üçün müştərək olacaqdır. O halda Qərb Türklərini (Türkiyə Türkləri nəzərdə tutulur-A.M.) Fransız mədəniyyətinə, Şimal Türklərinin Rus mədəniyyətinə bağlı qalanları ortadan qalxacaq. Türklərin yalnız bir mədəniyyəti olmalı və bu da özlərinin yaratdığı milli mədəniyyət olmalıdır (Ziya Gokalp, Türkçülüyün esasları, səh.16; Sadık Kemal Tural, II Meşrutiyet döneminde Türk edebiyatı, Türk dünyası, III cilt, Ankara 1992, səh.490).

Ziya Göyalp “Türkçülük” və “Turançılıq” məfkurəsini açıqlayarkən göstərmişdi ki, Türkçülükdəki yaxın məfkurəmiz “Oğuz Birliyi” olmalıdır... Oğuz Türkləri bu gün dörd ölkəyə Xarəzm, İran, Azərbaycan və Türkiyəyə yayılmış olmaqla bərabər hamısı bir-biri ilə yaxın qohumdurlar... Bu dörd ölkənin bütününə “Oğuz Eli” (Oğuzustan) adını verə bilərik. Türkçülüyün yaxın hədəfi bu böyük ölkədə yalnız tək bir kültürün hakim olmasıdır.

... Türkçülüyün uzaq məfkurəsi isə Turandır... “Turan” kəlməsi “Turlar”, yəni “Türklər” demək olduğu üçün sadəcə Türkləri içinə alan bir birliyin adıdır. O halda “Turan” kəlməsini bütün Türk boylarını ehtiva edən “Böyük Türküqstan”a aid etməmiz lazım gəlir. Türkçülərin uzaq məfkurəsi “Turan” adı altında birləşən Oğuzları, Tatarları, Qırğızları (Ziya Göyalp Başqurdları Tatar, Qazaxları isə Qırğız hesab edir-A.M.), Özbəkləri, Yakutları dildə, ədəbiyyatda, kültürdə birləşdirməkdir... Türkçülər üçün yüz milyon Türkün (Bu gün dünya Türklərinin ümumi sayı 300 milyondan artıqdır-A.M.) bir millət halında birləşməsi ən güclü bir vəcd qaynağıdır. “Turan” məfkurəsi olmasaydı, “Türkçülük” bu qədər sürətlə yayılmayacaqdı. Bununla bərabər, kim bilir, bəlkə də gələcəkdə “Turan” məfkurəsinin gerçəkləşməsi də mümkün olacaqdır.

... “Turan” məfkurəsi keçmişdə bir xəyal deyil, bir gerçək idi. Eradan 210 il öncə Hun hökmdarı Mətə Hunlar adı altında bütün Türkləri birləşdirdiyi zaman “Turan” məfkurəsi bir gerçək halına gəlmişdi. Hunlardan sonra Avarlar, Avarlardan sonra Göy Türklər, Göy Türklərdən sonra Oğuzlar (Səlcuqlar nəzərdə tutulur-A.M.), bunlardan sonra Qırğız-Qazaxlar, daha sonra Kür Xan, Çingiz Xan və sonuncu olmaq üzrə Teymur “Turan” məfkurəsini gerçəkləşdirmədilərmi”! (Seçmələr bizimdir - A.M. Bax: Ziya Gökalp, Türkçülüyün esasları, səh.25,26,27,28).

“Məfkurə gələcəyin yaradıcısıdır” – deyən Ziya Göyalp sanki bugünü görürdü. Ziya Göyalpın adını çəkdiyi Türk boylarının böyük bir qismi öz müstəqilliklərini əldə edərək dövlətlərini qurmuş, digərləri isə öz istiqlal mübarizələrini davam etdirirlər.

Ey Türk Dünyası! Sən kökündən uzun müddət uzaqlaşıb Çin dənizinə, Vyana qapılarına, Afrika qitəsinə qədər vardığın üçün “zamanın bağ qayçısı” həddən artıq uzanan budaqlarını kəsdi. Kəsdi ki, sən qocalmayıb öz kökün üzərində yenidən qol-budaq atıb böyüyəsən, Özünə dönəsən! Sən özünə qayıdanda böyük olursan. Ziya Göyalpın dediyi kimi: “Türklərin mədəniyyət əsrinə girmələri üçün yalnız keçmişlərinə dönüb baxmaları kifayərdir”.

“Böyük Türk! Sənin böyüklüyünün hüdudu yoxdur” (Atatürk)

Ruhun şad olsun!


MANŞET XƏBƏRLƏRİ