Mahir Qəribov
Tarix üzrə fəlsəfə doktoru
Sülh müasir dövrdə dünyada asayişi təmin etmək, fərqli mədəniyyətlərə açıq olmaq, empatiya yaratmaq, birgə yaşayış mədəniyyətini inkişaf etdirmək baxımından zamanın tələbidir. XX əsrin ortalarında həyata keçirilən Kıbrıs barış hərəkatı da Kipr adasında yaşayan Türk və Yunan toplumları arasında illərdən bəri davam edən gərginliyin aradan qaldırılması və sülhün bərqərar olması üçün atılan zəruru bir addım idi.
Tarixə nəzər salsaq Kipr Adası özünün strateji mövqeyi səbəbiylə əsrlər boyunca bir çox mədəniyyətə ev sahipliyi edib. Ada 1571-ci ildə, II Səlim dövründə Osmanlı İmparatorluğu tərəfındən fəth edilib və Osmanlılar öz inzibati və hüquq sistemlərini burada da həyata keçiriblər. Ada 16-cı əsrdə Osmanlı İmperiyasının mühüm vilayətinə çevrilib. Kipr adası kənd təsərrüfatı, dəniz ticarəti və strateji hərbi baza kimi istifadə olunurdu. Osmanlı hakimiyyəti altında Kipr həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətli dəyişikliklər yaşadı. Osmanlılar ada əhalisi ilə qarşılıqlı əlaqədə olmuş, İslam mədəniyyətini və adət-ənənələrini yaymışlar. Osmanlı administrasiyası adada yaşayan yunan pravoslav əhalisinin dini azadlıqlarına hörmətlə yanaşırdı və bu, yerli əhali ilə yaxşı münasibət qurmağa kömək edirdi. Osmanlı dövrü Kipr tarixi üçün əhəmiyyətli bir dövr oldu və bu proses adanın demoqrafik və mədəni strukturuna dərindən təsir etdi. 19-cu əsrin sonlarına doğru Osmanlı İmperiyasının zəifləməsi adada vəziyyətin mürəkkəbləşməsinə səbəb oldu. Xarici müdaxilələr səbəbiylə Kipr adası daxili qarışıqlıq və üsyanlarla sarsıldı. 1878-ci ildə Kipr Böyük Britaniyaya icarəyə verildi və faktiki olaraq Britaniya hakimiyyəti altına keçdi. Bu vəziyyət Osmanlı İmperatorluğunun adadakı hökmranlığına son qoydu. 20-ci əsrdə Kipr müstəqillik hərəkatları və etnik qarşıdurmalarla yenidən gündəmə gəldi.
Kipr adasında yaşanan gərginlik “Kıbrıs məsələsi”, 1959-cu ildə Sürix və London müqavilələri ilə müvəqqəti olaraq öz həllini tapmışdı. 1960-cı ildə adada qurulan Kipr Respublikasında, cəmiyyət qurumlarında 70% yunanlar və 30% türklər təmsil haqqına sahib idi. Lakin rumlar bir sıra problemlər çıxarmaqda və konstitusiyanı tam olaraq icra etməməkdə qərarlı idilər. Kipr Respublikasının Prezidenti III Makarios, 30 noyabr 1963-cü ildə 13 maddədən ibarət konstitusiya dəyişikliyi təklifini təqdim etdi.Təkliflər arasında, Kiprin türk əslli olan vitse-prezidentinin veto hüququnun və türk bələdiyyələrinin ləğvi kimi yerli türklərin mənafeyinə zidd olan maddələr də yer almışdı. ABŞ Prezidenti Kennedi, Makariosa bu dəyişiklik təklifini rədd etməyi məsləhət görmüş və Türkiyənin bu dəyişiklikləri qəbul etməyəcəyini bildirmişdi. Həqiqətən də 1962-ci ilin noyabrında Türkiyəyə səfər edən Makarios, türk rəsmilərinə təkliflərini təqdim etsə də, Ankara tərəfindən birmənalı şəkildə rədd edildi. Kipri Yunanıstanın bir parçası halına gətirmək (Enozis) və orada yaşayan türklərin yox edilməsi düşüncəsi Yunanıstanın və Kiprdə yaşayan rumların əsas ideallarından idi. Kiprdə rumlar bu ideyalarını gerçəkləşdirmək üçün 1963-cü ilin dekabr ayında türklərə qarşı qətliam həyata keçirdilər ki, bu da “Qanlı Milad” adı ilə tarixə düşdü. Qanlı milad hadisələri nəticəsində 103 türk kəndi məhv edildi, yüzlərlə türk öldürüldü, 7500 nəfər yaralandı və 25000 nəfər isə qaçqın düşdü.
1967-ci ilin aprelin 21-də Yunanıstanda hərbi çevriliş oldu və Yunanıstanda olduqca sərt bir rejim hakimiyyətə gəldi. Yunanıstanı idarə edən hərbi xunta, Makariosun apardığı siyasət və enozis yolunda irəliləmənin olmamasından narazı idi. 15 iyul 1974-cü ildə hərbi xunta Kipr Milli Qvardiya Birliyinə, Kipr prezidentini istefaya göndərməyi və adanın yunan zabitləri tərəfindən idarə edilməsini əmr etdi. Həmin gün Lefkoşada yerləşən Prezident Sarayı Kipr Milli Qvardiya Birliyi tərəfindən ələ keçirildi. Makarios istefaya getməyə məcbur edildi. EOKA liderlərindən Nikos Sampson yeni hökumətin başçısı elan olundu. Kiprdə dövlət çevrilişi xəbəri 1974-cü il iyulun 15-də səhər saatlarında Türkiyənin Lefkoşadakı səfirliyindən Türkiyə Xarici İşlər Nazirliyinə göndərilən şifrəli mesajla öyrənildi. Kiprdəki vəziyyətin Türkiyənin hərbi müdaxiləsini tələb edəcək qədər ciddi olduğunu qiymətləndirən rəsmi Ankara, Türkiyəyə Qarantiya Müqaviləsi ilə verilən müdaxilə hüququndan istifadə etmək zərurəti yarandı.
Yunanıstanda xunta administrasiyasının çevrilişi ilə Makariosun devrilməsi Türkiyənin müdaxiləsinə səbəb oldu. Türkiyənin siyasi elitası Bülənt Ecevit, Necmettin Erbakan Kiprə müdaxiləni dəstəklədi. Türkiyə Respublikası höküməti əvvəl digər qarant dövlət İngiltərənin səlahiyyətliləri və ABŞ nümayəndələri ilə görüşlər keçirdi. İngiltərə və ABŞ, hər iki dövlət rəsmiləri məsələyə Türkiyə kimi yanaşmadı, adaya hərbi müdaxiləyə qarşı çıxdılar. Lakin Bülənt Ecevit hökuməti Kipr məsələsində qətiyyətli davranaraq, siyasi və diplomatik fəaliyyətlə yanaşı hərbi hazırlıq işlərini də gördü. Artıq Baş Qərargah, 1964-cü ildən hazırlanan planlar üzərində işləməyə başlamış və ordu birlikləri hazır vəziyyətinə gətirilmişdi.
20 iyul 1974-cü ildə Türkiyə Baş naziri Bülent Ecevitin həyata keçirdiyi plana uyğun olaraq, istifadə etdiyi "Aişe tatile çıksın" şifrəsi ilə Kiprdə hava əməliyyatını başlatdı. Aişə dövrün Türkiyənin Xarici İşlər naziri Turan Güneşin qızının adı idi. Türk ordusunun Kipr adasına doğru hərəkata başladığını Baş nazir Bülent Ecevit dünya ictimaiyyətinə: “Bu hərəkatın insanlığa və sülhə böyük xidmətlər göstərəcəyinə inanırıq. Ümid edirəm ki, əsgərlərimizə atəş açılmaz və qanlı bir qarşıdurmaya yol verilməz. Biz əslində müharibə üçün deyil, sülh üçün, təkcə türklərə deyil, yunanlara da barış gətirmək üçün adaya gedirik.” şəklində duyurdu.
Türk birlikləri 22 iyulda Girneni azad etdilər. Ancaq BMT Təhlükəsizlik Şurasının 353 saylı atəşkəs qərarı səbəbiylə adada Türk ordusu irəliləyişini dayandırdı. Bu müddət ərzində Girne-Lefkoşa xətti birləşdirildi. Xarici təzyiqlərin artması nəticəsində Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurasının 353 saylı qərarına hörmətlə yanaşaraq 22 iyul saat 17:00-dan etibarən atəşkəsə qərar verdi.
Türkiyə Silahlı Qüvvələrinin bu hücumu nəticəsində Yunanıstandakı hərbi-siyasi rejim və Kiprdəki Nikos Sampson hökuməti istefa verdi. BMT-nin 353 saylı qərarının 5-ci maddəsinə görə Türkiyə, Yunanıstan və İngiltərə Kiprdə konstitusiyanın yenidən hazırlanması məqsədilə dərhal danışıqlara başlaması lazım idi. Buna görə də Birinci Cenevrə Konfransı 25 iyul 1974-cü ildə toplandı. 6 gün davam edən danışıqlar 30 iyulda imzalanan Cenevrə müqaviləsi ilə başa çatdı. Üç ölkənin xarici işlər naziri Kiprdə iki avtonom idarənin mövcud olduğunu qəbul etmiş və gələcək görüşlər üçün razılaşdılar. Protokolda II Cenevrə Konfransının 8 avqust 1974-cü ildə keçirilməsi planlaşdırıldı. İkinci konfransa qədər rum və yunan əsgərlərin türk bölgələrindən çəkilməsi lazım idi, lakin bu baş tutmadı.. Hətta onlar türklər yaşayan ərazilərə hücumlarını davam etdirib bir çox türkü əsir almış, xüsusilə Muratağa, Atlılar, Sandallar kimi yerlərdə türk əhalini mühasirəyə almışdılar.
8-12 avqust 1974-cü ildə toplanan İkinci Cenevrə Konfransında türk tərəfi coğrafi əsasa bağlı federativ dövlətin yaradılmasını təklif etdi, lakin bunu yunan-rum tərəfi qəbul etmədi. Bunun üzərinə türk rəsmiləri rumlara daha çox vaxt qazandırmamaq, türklər yaşayan kəndlərin təhlükəsizliyini təmin etmək, birinci hərəkatdan sonra qazanılan üstünlüyü itirməmək üçün, 14 avqustda ikinci hərəkata başlamağa qərar verdilər. Hərəkat nəticəsində Karpaz yarımadasının şərqindən qərbdəki Yaşılırmağa qədər uzanan və bugün Şimali Kipr Türk Respublikasının sərhədlərini meydana gətirən xəttin şimalı Türk Silahlı Qüvvələrinin nəzarəti altına keçdir. Kipr Sülh Hərəkatında Türkiyə Silahlı Qüvvələrindən ümumilikdə 500-ə yaxın şəhid verdi. 13 fevral 1975-ci ildə adadaki Kipr Türk Muxtar İdarə-çiliyinin varisi olaraq Kipr Türk Federativ Dövləti təsis olundu. 1976 və 1981-ci illərdə keçirilən seçkilərdə Rauf Denktaş Şimali Kipr Türk Respublikasının Prezidenti seçildi.
"Kıbrıs Barış Hərəkatı"ndan sonra adanın cənubunda yaşayan Türk əhalisi sağ qalmaq üçün şimal bölgəsinə köçmək məcburiyyətində qaldı. Adanın taleyi haqqında beynəlxalq müzakirələr, sülh danışıqları başlandı. Sülh naminə atılan bu addımlar, hər iki toplum arasında etnik münasibətlərdə, adada sülhün təmin olunmasında olduqca əhəmiyyətli bir yer tutdu. 20 iyul – 14 avqust 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı sülh hərəkatı, ABŞ-Türkiyə münasibətlərindəki gərginliyi də artırdı. ABŞ Türkiyəyə silah və ehtiyat hissələrinin satışı ilə əlaqədar embarqo tətbiq etməyə başladı.
1974-cü ili Kipr Sülh Hərakatından sonra Yunanıstan hökuməti, NATO-nun Türkiyənin adaya müdaxiləsinin qarşısını almadığını iddia edərək NATO-nu tərk etdi. Kipr böhranı şübhəsiz ki, Türkiyə-Yunanıstan münasibətlərinə dərindən təsir etdi. Üstəlik, Aralıq dənizinə nəzarətə həssas olan ABŞ başda olmaqla Qərb dövlətləri Egey-Aralıq dənizində mövcudluğuna və əməkdaşlığına ehtiyac duyduqları iki müttəfiqini yenidən NATO çətiri altında bir araya gətirmək üçün səylərini gücləndirdilər. Onlar Yunanıstana NATO-ya qayıtmağı, Türkiyəyə isə mənfi mövqe tutmamağı tövsiyyə etdilər. Çətin vəziyyətdə olan və dənizdə komanda-nəzarət səlahiyyətlərini itirən Yunanıstan 1976-cı ildə iki ildən sonra NATO-nun hərbi qanadına qayıtmaq istədiyini açıqlasa da, rəsmi Ankara buna veto qoydu. Hətta NATO-nun Avropadakı baş komandanı Aleksandr Heyq, sonra isə general Rocers həm Bülent Ecevit hökuməti ilə, həm də Süleyman Dəmirəl hökuməti ilə bu məsələni müsbət həll etməyə cəhdlər etdilər.
15 noyabr 1983-cü ildə Kipr Türk Federasiya Dövlət Şurası, öz müqəddəratını təyin etmə hüququndan istifadə edərək yekdilliklə qəbul edilmiş bir qərarla Şimali Kipr Türk Respublikasının müstəqilliyini (Kuzey Kıbrıs Türk Cümhuriyetini) elan etdi.
Müasir dövrdə Azərbaycan Respublikası Şimali Kirp Türk Respublikasına öz dəstəyini açıq şəkildə nümayiş etdirir. 2009-cu ildən Naxçıvanda yaradılan Türk Dövlətləri təşkilatı və təşkilatın yüksəlişi Türk millətinin yenidən dirçəlişinin simvoludur. 2022-ci ilin noyabr ayında Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə ŞKTC təşkilata müşahidəçi üzv statusunda qəbul olundu. Azərbaycanla Şimali Kirp Türk Respublikası arasında əlaqələrin inkişafı istiqamətində daha bir nümunəvi addım atıldı. Azərbaycan Milli Məclisində ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradıldı.
2023-cü ildə Azərbaycan Televiziyasında, Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 40-cı ildönümünə həsr olunmuş "Sülh adası" adlı iki hissəli sənədli film Mədəniyyət kanalında yayımlandı. Film Şimali Kipr Türk Respublikasının tarixi, mədəniyyəti və müstəqillik mübarizəsini əks etdirirdi. Çəkiliş üçün Şimali Kipr Türk Respublikasının Bakıdakı təmsilçisi, Ufuk xanım Turganerin dəstəyini xüsusilə qeyd etməliyik. Bu sənədli film, Kiprdə yaşayan Türk cəmiyyətinin irsini və mədəniyyətini geniş auditoriyaya tanıtmaq məqsədini daşıyırdı. Sənədli film ölkələrimiz arasında milli, mədəni və siyasi əlaqələrin inkişafı üçün bir töhfə idi.
2024-cü il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Təbbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak etdilər.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Cənab Ersin Tatar Şuşadakı tarixi Zirvə görüşünə dəvətə görə Cənab Prezident İlham Əliyevə öz minnətdarlığını bildirərək: “Türk dünyasının mənəvi paytaxtı Şuşada, azad olunmuş bu gözəl torpaqlarda Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi ilə bu Zirvə görüşündə aranızda olmaqdan duyduğum böyük məmnuniyyəti bildirmək istəyirəm. Əvvəlcə, bu günə qədər Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi böyük dəstəyə və bizi Şuşa Zirvəsinə dəvət etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə çox təşəkkür edirəm. Qarabağda 30 il davam edən işğal Can Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonra başa çatmışdır. Bu tarixi Zəfərdən böyük qürur və sevinc duyuruq. Qarabağ, o cümlədən Şuşa 44 günlük Vətən müharibəsində və sonra yaşanan hadisələr baxımından Türk dünyasında birlik və bərabərliyin rəmzinə çevrilib” dedi. Daha sonra “Ən böyük gücümüz Türk dünyasının birlik, bərabərlik və həmrəyliyidir”, söyləyən Cənab Ersin Tatar, bir araya gələndə, həmrəy olanda nələr edə biləcəyimizi göstərmişik deyərək”Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyasının ayrılmaz hissəsi olaraq bu gün qədim Şuşada təmsil olunması son dərəcə önəmli və tarixi hadisə” kimi qeymətləndirdi. Hazırda Azərbaycan Respublikası Şimali Kipr Türk Respublikasına öz qardaşlıq köməyini göstərir və Şimali Kipr Türk Respublikasının təcriddən çıxmasına, dünyaya inteqrasiyasına dəstəyini əsirgəmir.
Türk Dövlətləri Təşkilatı üzv ölkələrin əməkdaşlığını gücləndirmək üçün müxtəlif sahələrdə birgə layihələr və tədbirlər həyata keçirməklə türk dünyasının səsini beynəlxalq platformalarda eşitdirmək məqsədini daşıyır. Türk dünyasında birliyin daha möhkəmlənməsi üçün son illərdə Türk Dövlətləri Təşkilatında olduqca əhəmiyyətli addımlar atılmış və bu kontekstdə beynəlxalq məsələlərdə ortaq mövqe və strateji əməkdaşlığı inkişaf etdirmək səyləri gücləndirilmişdir. Bu yerdə Bilgə Xaqanın məşhur sözləri qan yaddaşımızı və ruhumuzu təzələyir. “Ey Türk Milləti! Titrə və özünə dön. Sən özünə dönənda böyük olursan!”