Əli Çağla
Yazar/Təbriz
Hər şeydən öncə, Təbrizdə yaşayan insanların, xüsusilə gənclərin psixi durumunu nəzərə alıb onlarla uzun müddət danışıqlarımız, diskussiyalarımız oldu. Nəticəsində isə onların 90 faizinin depressiyada olduqları ilə qarşılaşdım. Onların bu depressiyadan bir qurtuluş yolu axtardıqlarına cəhd göstərdiklərini gördüm, ancaq ipin ucunu tapıb, yaşadıqları bu pis və absurd pozisiyadan çıxa bilmirdilər, bilmirlər, korrupsiyalar davam edərsə bilməyəcəkdirlər!
Oxuduğum kitablara, kütlə arasında qazandığım təcrübələrə əsaslanaraq iddia ilə humanitar elmlərin hər bir budağının kütləyə buraxa biləcəyi çeşidli təsirlərindən yaza bilərəm. Ancaq bu elmlərdən Güney Azərbaycan ədəbiyyatını illər boyu araşdırıb təxəssüs qazandığım üçün ədəbiyyatı seçirəm.
Əsas mövzuya qayıdım. Tarix boyu ədəbiyyata dünyanın hər yerində böyük dəyər verilibdir, bu dəyərləri isə burjuaziya səviyyəsindən tutmuş proletar səviyyəsinə qədər, insanlar öz instinktlərində olan duyğulara, düşüncə səviyyələrinə bağlı olaraq yaxşı və yaxud pis olaraq dəyərləndiribdirlər. Ancaq saraylar, xüsusilə İran saraylarında yaşayan şahlar, ədəbiyyata daha çox dəyər verib şairi öz nəzdlərinə dəvət edibdirlər və onu şaha, saraya, hökümətə mədhiyyələr yazmağı ilə sarayda yaşamaq təqaüdü ilə təltif edibdirlər. Örnək üçün İranın Qəznəviyyə sülaləsində Fərruxi Sistani, Əbülqasim Firdovsi, Ünsüri Bələxi adlı şairlər Mahmud Qəznəviyə mədhiyyələr yazıbdırlar. Fərruxi Sistaninin mədhiyyələrinin birində Mahmud Qəznəvini yer kürəsinin imperatoru, bəzəyi, fəxri kimi təmsil edib illüziyalar yaradır. Bu təmsillərin arxasında da Mahmud Qəznəvi öz diktator işlərini sahmana salırdı; Məlik Ayazın saçlarını dizinin üstündə sığallayırdı, qılıncını qınından çıxardb-çıxartmaz qanlar tökürdü, sonra əlləri qanlı-qanlı ölənlərin yasında meyit namazı qılırdı. Diktatorluqlara yazılan mədhiyyələr bütün ədəbi mühitdə, çoxlu ölkələrdə baş vermiş şahlar tərəfindən planlaşdırılmış prosesdir. Həmişə şahlar, ən güclü qələmə malik olan ədəbiyyatçını öz kölgələrinin altında saxlamağa çalışıbdırlar, niyə ki, klassik şeirlərin vəzninin axıcı, ürəyə yatan, xoşagələn olduğu üçün xalqın etirazlarının önünü epik, yeri gəlmiş olursa da lirik şeirlərlə alsınlar deyə şairlərin – mədhiyyəçilərin şeirlərini qızıllarla mükafatlandırıbdırlar. Buna baxmayaraq hökümətin qarşısında öz düşüncəsini qələmə alan şairlərin sayısı da az olmayıbdır. İmadəddin Nəsimi “ənəlhəq” deyib dərisi soyulur, həmin kəlmələri bir başqa formasiyada da Mikayıl Müşfiq öz düşüncəsində tərənnüm edir, repressiyada öldürülür. Həmin tərənnümlər Məhəmmədhüseyin Şəhriyarın “Heydər babaya salam”ının yazılmasına səbəb olur. O səbəblər isə, daha sonralar Təbrizli Rza Bərahənini şeirlərinə öz təsirini buraxır və İran ədəbiyyatını lərzəyə gətirən “Dəf” adlı məşhur şeiri yazılır. Amma azadlıq üçün savaşan şairlər; şahların, xanların, başda oturanların düşüncəsinə müxalifət göstərən güclü qələm adamlarının sayısı, optimizm düşünməsək, az olubdur. Təəssülə!
Saray şairlərinin mövzusuna yazının sonunda ikinci mövzuya yekun vurub konkretləşdirəcəyəm.
Güney Azərbaycanda çox sayıda şairlər vardır, şairlər! Kiminin əlinə qələm keçirsə improvizatorluğa başlayr, şeir yazdığını iddia edir. Buna baxmayaraq ədəbiyyat təkcə şeir yazmaq deyil, humanitar elmlərin budaqları kimi, ədəbiyyatın da özünəməxsus budaqları vardır və şeir o budaqlardan biridir. Təbrizdə şeir yazan soydaşlarmızın çoxundan “Niyə şeir yazırsan?” sualını soruşduğumda təkəbbürlə “Şeir yazanda dincəlirəm”, “Şeir yazıram ki, kitablarımı çap eləyim. Məndən sonrakı uşaqlarım mənim şair olduğumu bilsinlər” kimi milyonlarla içi boş cavabla qarşılaşıram. Amma o şeir yazanlar, şeiri təkcə öz nəvələrinə görə yazmırlar, onlar yeri gəlmişkən ədəbi dərnəkləri yiyələnibdirlər, ədəbi mətbuatlardan düşmürlər, yeri gəlmişkən küçədə, marketdə, kafedə də özlərini tanıtdırmaq üçün kağızı çıxardırlar, şeirə oxşar sözləri dalbadala düzürlər, həzyan deyirlər, onlar şeirin nə olduğunu bilmədən özlərini şair kimi reklam edirlər. Əlbəttə ki, onların sözlərini diqqətlə dinləyən müxatiblərin instinktində sözlər öz təsirini buraxır. Ancaq bu təsir; mənfi təsirdən başqa heç nə ola bilməz!
Şeir hərəkətdir, şair isə cəmiyyəti oyatmaq, tərpətmək üçün şeir yazmalıdır. Bu günki insanlar ədəbiyyat ilə deyil, ədəbiyyatçı ilə fikirdaş olmaq, əsərlə əlaqə saxlamaq istəyərək yenilik axtarır. Bü günki insanlar qəzəlin axıcı vəzni ilə sərxoş ola bilmirlər. Üstdə qeyd etdiyim kimi, Güney Azərbaycanda şeir yazan çoxdur, təəssüflə şair yoxdur. Buna baxmayaraq Güney Azərbaycanda nasirlər də barmaq sayısı qədərdir. Di gəl, bu şairlərin 80 faizi isə Füzulinin yazdığı qəzəllərin bəhrindən çıxa bilmirlər. Mən bu yazıda Füzulinin şeirlərini dəyərsizləndirmək istəmirəm, sadəcə müasir dövrün insanlarını Füzulinin şeirləri xoşbəxt etməyəcəkdir. Klassik dövrün bütün ədəbiyyatçılarının müasir dövrdə təkcə heykəli, divarlardan aslanılacaq fotoşəkilləri, adına vurulacaq küçələr tarixə də, əndişəyə də kifayət qədərdir!Çünki uzun illər keçsədə, qəzəldə olan düşüncələr ruhi işgəncələrdən tutmuş siyasi diktatorluqlara qədər insanı xilas edə bilməyibdir.
Güney kitablar çıxır; hamısı Azərbaycan dilinin qrammatikasını gözləmədən, qəzəlsayağı şeirlərdir, şaqqa-şaq çap olunur. Azərbaycandilli televiziyalarda mahnılar oxunur; heç biri Füzulinin qəzəllərindən və yaxud Füzuli sayağı yazılan qəzəllərdən qurtarmaq istəmirlər. Ay sənətkarlar, Füzuli və klassik dövrdəki şairlər olmasaydı siz sənətkar ola bilməyəcəkdiniz?! Füzuli adına məclislər qurulur, Füzuli adına ədəbi müsabiqələr olur. Amma bu günün insanları Füzulinin lirik qəzəlləri ilə sadəcə ömür boyu ağlaya bilərlər. Şeir hərəkətdirsə, o hərəkət hansısa əndişənin kölgəsində həyata keçirilməlidir. Füzulinin başdan-ayağa əsərlərini oxuyuruq, ağlaşmaqdan, nalədən, fəryad qoparmaqdan, mərsiyyədən başqa heç nə yoxdur. Füzulini qınamıram, onun dövründə şeir yazmaq prosesi bu əndişələri tələb edirdi, bəlkə də! Ancaq indi Füzuli sayağı yazılan şeirlər ilə fəxrlənmək, hətta Füzulidən fetiş düzəltmək zamanı deyil. İndi yeni şair, yazar, rejissor vb... incəsənət adamları müasir insanların düşüncəsində yenilik yarada bilmirlərsə incəsənət də, sənətkar da, onlara maraqlanan kütlənin mədəniyyəti də, dili də məhv olmağa məhkumdur.
Şairlərin Füzuli sayağı əsərlərinin çapından sonra da kuliminasiya yaranır, şairlər də müasir insanlar kimi depressiyaya düşürlər, onların kitablarının oxunulması üçün hər yerdə şikayətlənib “Hanı o kitabsevərlər?” deyib ah çəkirlər. Ruhi xəstəliklər virus kimi hər yerə yayılmağa, insanları küt beyinləşdirməyə başlayır.
Bir binanın tikilmədən öncə düzəlməyində savadlı və ziyalı memarlar bir araya gəlir, təkrarsız oturumlardan sonra o binanın necə tikilməsi haqda, nə qədər tikinti materialları işlənəcəyi dəqiqləşir və o bina tikilir, o binada insanlar yaşayır. Ancaq bu binanın tikilişində çalışan memarlar savadsızlar, memarlqdan başı çıxmayanlar olsa, binanın çökülməyi qəti bir məsələdir. Mən həmişə bir camiəni bina kimi təşbih edirəm və o binanın memarlarını humanitar elmlərinin savadlı və ziyalıları adlandırıram. Bu elm adamlarının təkcə biri savadsız olarsa (təəssüflə heç biri savadlı deyil) materialların necə işləndiyini bilməyəcək və düzəltdikləri camiə - bina zaman axımı ilə çökəcəkdir. Təbii ki, amatör ədəbiyyatçılardan deyil, mən burda professional olduğunu iddia edən ədəbiyyatçılardan danışıram.
Hansı camiənin ədəbiyyatçısı öz dilində yazan kassik qələm adamının əsərləri ilə qarrahlanırsa, onun müasir dövrdə yaza biləcəyi modern əsər qədər gücü yoxdur. O yazsa da, o ədəbiyyatçı kimi tanınsa da köhnəlmiş bazadan əllərini üzə bilmədiyi yazdığı sətirlərdə üzə çıxacaqdır. Təkrarlayıram! Klassik şairin heykəlini düzəltsinlər, adına küçələr vursunlar, bu tariximizin hafizəsini dirçəltmək üçün gözəldir, amma incəsənət laboratoriyasında sənətkar öz əsərinin mahiyyəti ilə, mühtəviyyatı ilə əsər yaratmalıdır!
Birinci mövzu ilə yazını yekunlaşdırıram. Həmin şahlar, yenə də vardırlar. Başqa ad ilə, başqa sülalə ilə başqa bir biçimdə, həmin ədəbiyyatçını saraya çəkmək prosesinin üzərində çalışırlar və bu prosesdə də demək olar uğurludurlar. İndi isə hansısa aşıqlar sazı götürüb şəhərin mərkəzində qurulan festivallarda iştirak etməyinə, onun qışqırıb sınıq-salxaq şeir oxumağına icazə verilir, hansısa Füzuli sayağı lirik şeir yazanın sinəsinə orden aslanır, ev alır, kitabı çıxır. Amma yeni düşüncəyə malik olanları isə dustaqda, zəncirlərin siluetində yaşadırlar, camiə oyanmasın deyə!
Müasir dövrdə modern, hətta postmodern əsərlərdə xalqın yaşadığı mühiti düşünə bilən bir sənətkar, yenilik yarada bilərsə, o zaman hər şey gözəl olmağa yönələcəkdir. Necə ki, Anqola ölkəsinin şairi və birinci prezidenti olan Aqostinyo Netto işgəncələrə məruz qalsa da, azadlıq sevdasından vaz keçmədi. Öz şeirlərindəki yeniliklərlə azadlığa çatan bir camiəni sübuta yetirdi.
İncəsənət ziyalıları kimi tanınmış adamlar, xüsusilə ədəbiyyatçı, yaşadığı dövrü ilə birgə update ola bilmirlərsə, yenilənməyi bacarmırlarsa o camiənin insanları psixologiya həkimlərinə müraciət etməyə məcbur qalacaqdırlar. O camiədə heç zaman dünya ədəbiyyatı ilə müqayisə edə biləcək həddə romanlar yazılmayacaq, fərqli mahnı səsi eşidilməyəcək, müxatibdə yeni əndişələr yarada bilən şeirlər çap olunmayacaq, kitablar satılmayacaq, dil asimilassiya olacaq, başqa xalqların mədəniyyəti xalqın doğma mədəniyyətini öhdələnərk həmin tarixdəki ədəbiyyatçıları, həmin xiyabandakı heykəlləri, həmin küçə adlarını məhv edəcəkdirlər...