ABŞ və Ermənistan-Azərbaycan sülh prosesi: Baydenin məktubundakı şərtlər


Kamal Adıgözəlov

Ekspertlər Cənubi Qafqazda sabitliyin təmini üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının yeni mərhələsi haqqında yazırlar. Rusiya və ABŞ-ın region uğrunda geosiyasi mübarizəsinin dinamikası fonunda bu məsələ kifayət qədər aktual görünür. Hər iki tərəf öz addımlarını atır. Bunun fonunda ABŞ Prezidenti Cozef Baydenin həm öz köməkçisini regiona göndərməsi, həm də Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinə məktub ünvanlaması maraq doğurur. İlham Əliyevə ünvanlanmış məktubda ifadə edilən fikirlərin prizmasından bütövlükdə sülh müqaviləsinin imzalanması məsələsinə nəzər saldıqda meydana bir sıra düşündürücü suallar çıxır.

Cənubi Qafqazda iki qlobal güc: yeni səviyyədə geosiyasi mübarizə

Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması, sözün həqiqi mənasında, Cənubi Qafqazın ən aktual geosiyasi məsələsinə çevrilib. Hazırda onunla, demək olar ki, dünyanın qlobal gücləri bu və ya digər dərəcədə maraqlanır və uyğun addımlar atırlar. Daha çox fəallıq göstərən isə iki böyük gücdür – ABŞ başda olmaqla kollektiv Qərb və Rusiya. Onların regiona təsir üsulları indi ekspertlər tərəfindən müzakirə olunur. Hiss olunur ki, Qərb və Rusiya Cənubi Qafqazda təsir dairəsini genişləndirmək və əsas gücə çevrilmək istiqamətində yeni səviyyədə güzəştsiz siyasi-diplomatik savaşa başlayıblar.

Rusiyanın sülh prosesi ilə bağlı fəaliyyətinin strategiyasında əsas məqam kimi Moskvanın aparıcılığı ilə razılaşmaların əldə olunması özünü göstərir. Rusiya dövlət başçısı müxtəlif tədbirlərdə Azərbaycan və Ermənistan rəhbərliyini bir araya gətirmək xəttinə ciddi üstünlük verir. Çalışılır ki, həmin görüşlər zamanı hansısa müəyyən irəliləyiş əldə olunsun. Bu xəttin son nümunəsi Kazanda BRICS sammiti əsnasında Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın öz aralarında müzakirələr aparmasını ekspertlər xüsusi vurğulayırlar. Kazandakı müzakirələrdən sonra sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində irəliləyişin olması müsbət hadisə kimi qəbul edilir. Gözlənilir ki, bu kimi təşəbbüslər Moskva tərəfindən davam etdiriləcəkdir.

No description available.

Burada Kremlin Zəngəzur dəhlizi məsələsinə də ciddi diqqət yetirdiyi aydın görünür. Rusiya tərəfi FTX sərhəd xidməti orqanlarının bu dəhlizə nəzarətini əsas şərt sayır. Eyni zamanda, Zəngəzur dəhlizi layihəsinin reallaşmasında israr edir. Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını əsas tutaraq, Moskvanın bu addımlarını dəstəkləyir. Türkiyə də Azərbaycanla eyni mövqedədir. Gözləmək olar ki, Zəngəzur məsələsində həlledici rolu Rusiya-İran münasibətləri oynayacaq. Yəni, çox şey Moskvanın Tehranla hansı şərtlər daxilində razılığa gələcəyindən asılı olacaqdır.

Bütün bunlar ekspertlərdə belə bir qənaət yaradır ki, Rusiya Cənubi Qafqazda geosiyasi üstünlüyünü qoruyub saxlamağa çalışır və bu zaman Azərbaycan-Ermənistan sülh müqaviləsinə əhəmiyyət verir. Moskva Azərbaycanın regionda artan rolunu qəbul edir, eyni zamanda, Ermənistanı özündən uzaqlaşdırmamağa çalışır. Kreml regionda Azərbaycan və Ermənistana münasibətdə müəyyən geosiyasi balansı saxlamağa çalışır. Bu kursun nə dərəcədə uğurlu olacağını isə, heç şübhəsiz, zaman göstərəcək.

Ancaq nəzərə almaq lazımdır ki, hazırda Cənubi Qafqazda ümumi geosiyasi mənzərə kifayət qədər mürəkkəbdir. Məhz həmin mürəkkəblik müstəvisində ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə əlaqədar yeritdiyi siyasət diqqət çəkir. Xüsusilə son zamanlar Vaşinqtonun müəyyən addımlar atması və sətiraltı tələblər qoyması politoloqların, ekspertlərin marağına səbəb olub.

Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul etməsi maraq doğurur. Həm də ona görə ki, Maykl Karpenter, Cozef Baydenin xahişi ilə İlham Əliyevə ABŞ Prezidentinin məktubunu çatdırıb. Həmin məktubun məzmunu rəsmi Vaşinqtonun Cənubi Qafqaz iddiaları və o cümlədən sülh müqaviləsi ilə əlaqəli mövqeyinin dəqiqləşməsi baxımından əhəmiyyətli hesab olunur.

Amerikanın Cənubi Qafqaz kartı

Məktubda qısa formada Vaşinqtonun sülh müqaviləsi ilə bağlı təsəvvürləri və şərtləri ifadə olunub. Cozef Bayden öncə "iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində" Azərbaycan və Ermənistanın "davamlı tərəqqi" əldə etdiyini vurğulayır və bundan Vaşinqtonun məmnun olduğunu ifadə edir. Lakin bu "davamlı tərəqqi"nin nəyin və kimlərin hesabına davam etdiyini açıqlamır. Görünür, C.Bayden Amerikanın bu məsələdə tam bitərəf mövqedə olduğunu çatdırmağa çalışır. Guya onu kimin aparıcılığı deyil, müsbət nəticə maraqlandırır. Bunu aşağıdakı cümlədən də anlamaq mümkündür. C.Bayden məktubunda yazır: "Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır".

No description available.

Bundan sonra sülh müqaviləsinin "bütün regionu transformasiya edəcəyi" ilə bağlı inam ifadə edilir. Bu o deməkdir ki, Amerika Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi kontekstində baxır. Xüsusilə sülh müqaviləsinin "Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət" göstərəcəyinə xüsusi önəm verir.

Lakin bunun üçün, faktiki olaraq, üç şərt irəli sürür. Birincisi, Bakı COP29-un Azərbaycanda keçirilməsinin geosiyasi əhəmiyyətini qiymətləndirməlidir. İkincisi, "hər iki tərəfdən kreativlik və güzəşt tələb olunur". Üçüncüsü, Azərbaycan "regiona dair yeni kursun seçilməsi üçün" bu fürsətdən yararlanmalıdır.

C.Baydenin məntiqinə görə, COP29 ona görə Azərbaycan üçün geosiyasi əhəmiyyət daşıyır ki, rəsmi Bakının "qlobal ictimaiyyətə sülhə sadiqliyini" nümayiş etdirməsi üçün "misilsiz imkan" yaranıb. Məhz bu səbəbdən Azərbaycan vəziyyətə yaradıcı (kreativ) yanaşaraq güzəştə getməlidir.

Digər tərəfdən, vurğulanan məqamların yekunu olaraq C.Bayden iddia edir ki, Azərbaycan regionun firavanlığı naminə "yeni kurs seçməlidir" və onun da əsas göstəricisi sülh sazişinin bu il imzalanması olmalıdır.

Əlbəttə, açıq görünür ki, Amerika Prezidenti müəyyən siyasi və məntiqi manipulyasiyalarla Azərbaycana təzyiq etməyə cəhd göstərir. O bilir ki, rəsmi Bakı müstəqil siyasət yeridir və bu, davam edəcək. Bu faktı Vaşinqton qəbul etməsə idi, məktubun məzmunu başqa cür olardı. Ancaq ABŞ-ın və bütövlükdə Qərbin əsas geosiyasi qayğısı regionda hegemon olmaq və həmin kontekstdə də Rusiya və Türkiyəni arxa plana atmaqdır. Bu səbəbdən "yeni kurs", "sülh sazişi bu il imzalanmalıdır" kimi şərtlər irəli sürülür.

Aydın görünür ki, Vaşinqton regionda yerləşən dövlətlərin maraqlarını deyil, özünün xüsusi geosiyasi ambisiyalarını əsas götürür. COP29-un da bu məqsədə xidmət etməsi şərtinin, gizli də olsa, qoyulması böyük təəssüf doğurur. Çünki COP Azərbaycanın deyil, BMT-nin tədbiridir. Belə çıxır ki, hər fürsətdə Qərb BMT-dən öz marağı üçün istifadə etməyə çalışır. Bunun fonunda digər üç tələb də absurd və anlaşılmaz təsir bağışlayır.

Birincisi, Azərbaycan nəyi güzəştə getməlidir? Və bu "güzəştə getmək", konkret olaraq, nə deməkdir? Bakı müstəqil mövqeyinimi güzəştə getməlidir? Yaxud delimitasiya və demarkasiyada ermənilərin xeyrinə nədənsə imtinamı etməlidir? Bəlkə, C.Bayden ermənilərin Qarabağa qaytarılmasını nəzərdə tutur? Hər nə isə, Azərbaycan birtərəfli qaydada heç bir addım atmaq fikrində deyil. Rəsmi Bakı bu barədə dəfələrlə fikir bildirib.

No description available.

İkincisi, hiss olunur ki, Vaşinqton Rusiyanın regionda fəallaşmasından narahat olmağa başlayıb. Buna görə də "yeni kurs" adı altında Moskvadan uzaqlaşıb, Qərbin mövqeyinə uyğun hərəkət etməyi tələb edir. Bundan başqa, belə çıxır ki, Azərbaycan indiyə qədər konstruktiv kurs seçməyibmiş, indi ABŞ-ın diktəsi ilə yeni, yəni, konstruktiv kurs seçməlidir.

Üçüncüsü, COP-dan istifadə edib, bu il sülh müqaviləsi imzalamaq tələbi Bakının milli maraqlardan geri çəkilərək, kənar qüvvələrin nəfinə Ermənistanla müqavilə imzalaması anlamına gəlir. Bunun fonunda Zəngəzur dəhlizi də ABŞ ssenarisi üzrə işləməlidir. Çünki tələm-tələsik sülh müqaviləsi imzalanırsa, bu, bir neçə prinsipial məsələnin həll olunmaması şəraitində razılaşma anlamına gəlir. Aydındır ki, Ermənistan bu il müddətində konstitusiyada dəyişiklik etməyəcək. N.Paşinyanın bir daha Ermənistanın konstitusiya məhkəməsinə istinad etməsi heç nəyi dəyişmir. Əsas olan ölkənin konstitusiyasının Azərbaycanın israr etdiyi maddəsidir və o dəyişməlidir. Rəsmi Bakı həmin dəyişiklik olmadan hər hansı sülh müqaviləsi imzalamayacaq. Deməli, Vaşinqton yenə də yanlış yoldadır.

Bütün bunlar onu göstərir ki, prinsipcə Qərb öz ampluasında qalmaqdadır. Yenə də müxtəlif manipulyativ siyasi-diplomatik üsullarla Azərbaycanın müstəqilliyi hesabına ermənilərin xeyrinə nələrisə etməyə çalışır. Ancaq qalib dövlət olan Azərbaycan müstəqil siyasətindən zərrə qədər də geri çəkilməyəcək və Bakının irəli sürdüyü 5 prinsipin yerinə yetirilməsi dəyişməz şərtdir. Real sülhə aparan yol yalnız bundan ibarətdir!


MANŞET XƏBƏRLƏRİ