Kamal Adıgözəlov
Azərbaycanın BRICS-in Kazan sammitində iştirakı bir neçə aspektdə əhəmiyyətli idi. Multilateralizm prinsipini əsas tutaraq çoxtərəfli diplomatiya yürüdən, regional və beynəlxalq təşkilatlarda iştirakla bağlı uğurlu təcrübəsi olan Bakının Kazanda hansı yeni təkliflərlə çıxış edəcəyi maraq doğururdu. Bundan başqa, müşahidəçilərin BRICS-Azərbaycan əlaqələrinə münasibəti əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycanın hansı prinsiplər üzrə BRICS formatında fəaliyyət göstərəcəyi vacib məsələdir. Hazırda əsas məqsədlərdən biri BRICS-in tərkibini genişləndirməklə beynəlxalq nüfuzunu artırmaqdır. 30-a yaxın ölkə quruma üzv olmaq istəyini bildirib ki, onlardan biri də Azərbaycandır.
Sammitə olan maraq: yeni geosiyasi güc formalaşır?
Kazanda XVI BRICS sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar iclasının keçirilməsini artıq ekspertlər tarixi adlandırırlar. Bunu həm tədbirin tərkibi, həm müzakirə olunan məsələlərin əhatə dairəsi, həm də türk şəhəri olan Kazanda keçirilməsi baxımından qiymətləndirirlər. Doğrudan da, dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən BRICS-in beynəlxalq əhəmiyyəti danılmaz olan bir tədbirinin Tatarıstanın paytaxtında keçirilməsinin rəmzi mənası ilə yanaşı, geosiyasi mesajları da yox deyildir. Sammitin adında "təbliğat" (Outreach) kəlməsinin olması bu baxımdan təsadüfi sayıla bilməz.
Məsələ ondan ibarətdir ki, BRICS çoxdandır qlobal güc statusuna can atır. Əslində, onu yaradan dövlətlərin potensialı bu iddiaya əsas verir. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası birlikdə kifayət qədər təsir imkanlarına malikdirlər. Ancaq hələlik bu nəzəri iddianın gerçək siyasətdə konkret təzahürləri gözə dəymir. Çünki BRICS hələ də, məsələn, Qərblə aktual qlobal problemləri təşkilat olaraq müzakirə edə bilmir.
Eyni zamanda, burada bir geosiyasi paradoks müşahidə edilir. Çünki BRICS-in üzvləri olan Çin və Rusiya ilə Qərb qlobal güc statusunda ciddi mübarizə aparır. Xüsusən Hindistan və Braziliyanın perspektivlərindən bəhs edirlər. Lakin onların birləşdiyi təşkilatı real geosiyasi güc kimi qəbul etmirlər. Bu təzadın, təbii ki, səbəbləri mövcuddur. Lakin reallıq ondan ibarətdir ki, BRICS-in həqiqi mənada praktiki həlledici təsiri olan təşkilata çevrilməsi prosesi gedir və burada yeni üzvlərin qəbulu ciddi əhəmiyyət kəsb edir.
Bununla yanaşı, Kazan sammiti göstərdi ki, BRICS yeni nüfuzlu üzvləri qəbul etməyə hazır deyildir. Baxmayaraq ki, İran kimi güc artıq onun üzvüdür, Türkiyənin üzvlüyü məsələsi daha kritik məqamlarla əlaqələndirilir. Belə anlaşılır ki, BRICS hələlik "fikirləşməlidir". Görünür, oradakı bəzi qüvvələr təşkilata ciddi rəqabət gətirə biləcək dövlətlərin üzv olmasında ehtiyatlı davranmağa çalışırlar.
Bunların fonunda regional və qlobal miqyaslarda fəallığı və təşəbbüskarlığı ilə seçilən müstəqil dövlətlərin də BRICS-ə üzvlüyü məsələsi arxa plana atılmır. O cümlədən Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın orada təmsilçiliyində təşkilat çox maraqlıdır. Buna görədir ki, vacib tədbirdə Azərbaycanın təmsilçiliyi də kifayət qədər maraq doğururdu. Çoxları Prezident İlham Əliyevin tezislərinin məzmununa önəm verirdi. Azərbaycan Prezidenti qısa və mənalı üç tezisi ilə sammitə damğasını vurdu.
Həmin tezislər Azərbaycanın regional miqyası aşaraq qlobal masştabda siyasət yeritməyə hazırlığını çox yaxşı ifadə edir. Tezislər, faktiki olaraq, bu aspektdə rəsmi Bakının strateji fəaliyyətinin başlıca məzmununu dolğun əks etdirirlər.
Beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipi
Prezident İlham Əliyev çıxışına aşağıdakı tezislə başlayıb: "Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır". Bu tezis Azərbaycanın yeni tarixi mərhələdə xarici siyasətinin prioritetlərindən birini ifadə edir və onu "multilaterallıq" adlandırmaq olar.
Bakı beynəlxalq miqyasda münasibətlərin formalaşmasına qarşılıqlı fayda verən və bir çox aspekti olan dinamik proses kimi baxır. BRICS-ə də eyni mövqedən yanaşmanın öncədən vurğulanması bir sıra əhəmiyyətli məqamlardan xəbər verir. Onların sırasında Prezidentin artıq Azərbaycanın bu istiqamətdə uğurlu təcrübəsinin olduğunu vurğulaması xüsusi yer tutur. Bunun geosiyasi və siyasi mahiyyətini dərk etmək çox vacibdir.
Azərbaycan Prezidenti həmin tezis kontekstində vurğulayıb ki, Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinə əməl etməsi praktiki olaraq "2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə … əyani şəkildə nümayiş etdirilib". Bu o deməkdir ki, Azərbaycan populist vədlər vermir – konkret təcrübəsini dünya ilə, o cümlədən BRICS-lə bölüşə və bu təşkilat daxilində də həmin siyasi xətti uğurla apara bilər. Bunun əyani sübutu: "Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib".
Deməli, Azərbaycan böyük bir təşkilatda fəal rol oynamağa və hətta ona rəhbərlik etməyə qadir müstəqil dövlətdir. Eyni uğuru Bakı BRICS-də də təkrarlaya bilər və hətta onu kreativləşdirər (daha yaradıcı edər). Bu prosesin ilk faktı da artıq mövcuddur. Çünki "Hərəkata (Qoşulmama Hərəkatı nəzərdə tutulur – müəllif) uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir".
Bu məqamın BRICS kontekstində geosiyasi və siyasi əhəmiyyəti daha çoxdur. Məsələ ondan ibarətdir ki, Azərbaycan Qoşulmama Hərəkatı ilə yanaşı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi bir platformada da sədrlik edə bilirsə, bu, bütövlükdə Qlobal Cənub miqyasında Bakının ciddi aktor olması anlamına gəlir.
Bununla İlham Əliyev bir tezisdə üç fundamental müddəa çərçivəsində yüksək məntiqi müstəvidə BRICS-i təqdim edib. Və bu ümumi yanaşmadan Azərbaycan Prezidenti daha konkret məqamlara keçid edib.
Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir
Prezident İlham Əliyev fikirlərini inkişaf etdirərək Azərbaycanın coğrafi faktordan geosiyasi və geoiqtisadi aspektlərdə uğurla yararlandığını ifadə edib. Bunun əsasında Azərbaycan "müasir infrastruktur yaradır" ki, artıq "Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib". Fakt kimi ""Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin bizim ərazimizdən keçməsi"ni göstərmək olar. İndi "Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq".
Bu tezis birinci tezislə üçüncü tezis arasında məntiqi ilə yanaşı, praktiki-feili bağlantı qurur. Belə ki, Azərbaycanın dövlət başçısı siyasi-diplomatik müstəvidə nəticəverici xətt seçməklə yanaşı, real və müxtəlif xarakterli layihələri də Azərbaycanın həyata keçirməyə qadir olduğunu bəyan edir.
Məsələnin dünya miqyaslı tədbirlərin təşkilinə də aidiyyəti olduğunu və onun Azərbaycanın xarici siyasətinin prioritetləri ilə sıx bağlılığı məhz üçüncü tezisdə ifadə edilib.
Qlobal təhlükəsizlik, beynəlxalq hüquq, bir-birinin işlərinə qarışmama və qarşılıqlı hörmət
İlk öncə, Prezident ən böyük iqlim konfransı olan COP29-u Bakının uğurla keçirməyə hazır olmasını bəyan edir. Bu o deməkdir ki, Azərbaycan "artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir". Və Bakı bundan sonra da "istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək".
Bununla Prezident İlham Əliyev həm Azərbaycan qarşısında COP29-la bağlı absurd tələblər qoymağa cəhd edənlərin incə diplomatik cavabını verir, həm də Bakının konkret hansı prinsiplərlə multilateral münasibətlər qurduğunun fəlsəfəsini açır. Azərbaycan müstəqil dövlət olaraq bütün dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipləri çərçivəsində fəaliyyət göstərir və bundan zərrə qədər də kənara çıxmaq niyyətində deyildir.
Beləliklə, Kazan sammiti BRICS-Azərbaycan münasibətlərinin sağlam təməlinin qoyulduğu toplantı kimi qəbul edilməlidir. Əsas məqam bundan ibarətdir. Şübhə etmirik ki, tərəflər bu sağlam təməl üzərində bütün Avrasiya üçün faydalı olacaq əməkdaşlıq "binasını ucaldacaqlar"!