Azərbaycan xalqının ictimai-fəlsəfi fikrində maarifpərvər qadınlar


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

IV Yazı

XIX əsr tanınmış Azərbaycan Türk şair-ədiblərimizdən biri də təxminən 1841/1842-ci ildə Şuşada anadan olmuş Fatma xanım Kəminədir (1841/1842-1898). Fatma xanım kiçik yaşlarından etibarən şeirə maraq göstərmişdir. Şairənin atası Mirzə Bəybaba Əliyarzadə şair olub “Fəna” təxəllüsü ilə şeirlər yazmışdır. Fatma xanım Kəminə atası kimi, hətta ondan da çox qiymətli şeirləri ilə yalnız Qarabağda deyil, Azərbaycanın hər yerində tanınmışdır. Kərimi yazırdı: “Atası “Fəna” təxəllüsü ilə əsrin məşhur şairlərindən biri idi və Fatma uşaqlıq çağlarından poeziya ve şeirləşmə mühitində böyümüş, istedad və qabiliyyətini artıraraq, atasının şair dostlarının diqqətini özünə cəlb etmişdir. Fatmanın kifayət qədər təhsili olmuşdur. Belə ki, o, Qarabağda təhsilin mövcud mərhələlərini bitirdikdən sonra təhsilini davam etdirmək üçün Türkiyəyə getmiş və dövrün elm və ədəbiyyatını mükəmməl şəkildə kəsb etdikdən sonra yenidən öz ana diyarına qayıtmışdır” (Kərimi Məhəmməd Rza. Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar. Bakı,”Zərdabi” nəşriyyatı, 2014; 87).

Fatma xanım doğma Azərbaycan türkcəsi ilə yanaşı, fars dilini də mükəmməl öyrənmiş, hər iki dildə yüzlərlə şeirlər qələmə almışdır. Dərin savadına, dünyagörüşünə görə “Mirzə Fatma xanım” adlanan şairə onunla bir dövrdə yaşayan bir çox şairlərin, aşıqların şeirlərinə nəzirələr də yazmışdır. Amma dövrümüzə onun əsasən klassik şəkildə yazılmış şeirləri gəlib çatmışdır. Tanınmış Azərbaycan Türk mütəfəkkiri Firudin bəy Köçərli “Azərbaycan türklərinin ədəbiyyatı” əsərində Fatma xanım Kəminəni “nadireyi zəmanə” saymış, onun ölümünü ağır itki kimi dəyərləndirmişdir. Köçərli yazırdı: “Mirzə Bəybaba Fənanın övladı xilqətdən sahibi-fəhmü kiyasət və əhli-zövqü fərasət olduğu cəhətə, Fatma xanım dəxi əyyami-tüfuliyyətdən öz fitri kamali-zehnü fərasətilə çoxlarını heyrətə gətirərdi və müasirləri içində özünə artıq şöhrət və hörmət kəsb etmişdi. Mirzə Fatma xanım türk və fars dillərində yaxşı savad əxz edib, hər iki dildə gözəl şeirlər yazırdı” (Köçərli Firidun bəy. Azərbaycan türklərinin ədəbiyyatı. İki cilddə, 2-ci cild. Bakı, Avrasiya-Press, 2005; 169).

Fatma Kəminənin həyat və yaradıcılığı haqqında XIX əsrdə qələmə alınmış təzkirələrdə də xeyli dərəcədə məlumatlar vardır. Məsələn, Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” əsərində Fatma Kəminə ilə bağlı bildirmişdir ki, Qarabağın Şuşa əhalisindən olub, üç-dörd yüz arasında şeir yazmışdır. M.M.Nəvvab Mirzə Fatma Kəminənin şeirlərinin olduğunu, ancaq divan yazmadığını qeyd etsə də, M.Kərimi isə onun divanının da olduğunu bildirmişdir. Kərimi yazırdı: “Onun (Fatma Kəminənin) ana dilində yazılmış divanında şeirin bütün incəlikləri öz əksini tapmışdır. Bu divan pak insani arzu və hisslər, yüksək fəlsəfi fikirlər, eləcə də ülvi analıq duyğuları ilə doludur. Bu istedadlı şairənin əsərlərində Azərbay­canın zəngin mədəniyyəti tərənnüm edilir, xalq dastanlarından, zərbül-məsəl və hikmətli sözlərdən, canlı danışıq dilindən, eləcə də müqəddəs kitabımız Qurandan ən yaxşı şəkildə bəhrələnərək fikirlərini gözəl və rəvan bir formada oxuculara çatdırır” (Kərimi Məhəmməd Rza. Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar. Bakı,”Zərdabi” nəşriyyatı, 2014; 87).Qeyd edək ki, Məhəmməd ağa Müctəhidzadə də “Riyazül aşiqin” kitabında onun böyük divanı olduğunu və bu divanı şəxsən gördüyünü yazıb. Ancaq həmin divan bu gün əldə yoxdur (Müctəhidzadə Məhəmmədağa. Riyazül-aşiqin. Bakı, "Azərbaycan" nəşriyyatı, 1995; 15).

Kəminə Şuşada Mir Mövsün Nəvvabın yaratdığı “Məclisi-fəramuşan”da yaxından iştirak etməklə yanaşı, Natəvanın başçılıq etdiyi “Məclisi-üns” ədəbi məclisin üzvləri ilə də yaxın münasibətlər qurmuş, şeirlərini onlarla bölüşmüşdür. 1872-ci ildə “Məclisi-üns” Natəvanın sarayına köçdükdən sonra Şuşada Mir Möhsün Nəvvabın təşəbbüsü ilə“Məclisi-fəramuşan” (“Unudul­muşlar məclisi”) təşkil edilmişdi. Məclisin məşğələləri qışda Mir Möhsün Nəvvabın mənzilində, yayda isə Cıdır düzündəki “Ağzıyastı kaha” deyilən yerdə keçirilmişdir. Onun üzvləri “Məclisi-üns”ün unutduğu şairlər - Həsənəliağa xan Qaradağski (Qaradaği), Abdulla bəy Asi, Sədi Sani Qarabaği (Cinli), Fatma xanım Kəminə və başqaları olmuşlar (Nəvvab Mir Möhsün. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006; 4-7).

Kəminənin də şeirlərində ictimai-fəlsəfi məzmun az deyildir. Türk və fars dillərində yazıb yaradan Kəminədə bir az şiə təəssübkeşliyi olsa da, ümumilikdə onun şeirlərində sufiyanə məzmun daha çoxdur. Hər halda Kəminənin şeirlərində bir tərəfdən Həzrət Əliyə, Həzrət Hüseynə olan sevgi, digər tərəfdən ilahi sevgi öz əksini tapmışdır. Şairə bu şeirində ilahi sevgi yolunda həm Həzrət Əlidən, həm də Həllac Mənsurdan kömək “diləyir” ki, bütün bunlar Əhli-beyt sevgisi ilə məhdudlaşmayaraq Tanrı-İnsan vəhdətinin bütünlüyü kimi fəlsəfi məsələni də ehtiva etmişdir. Görünür, bu məqamda çıxış edərək M.Kərimi yazır ki, Kəminə zəmanəsinin böyük irfan əhli olmuşdur: “Onun aşiqanə nəğmələri qadın nalələrinə çevrilmiş, irfani fəryadları isə hər bir sufiyə zövq vermişdir” (Kərimi Məhəmməd Rza. Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar. Bakı,”Zərdabi” nəşriyyatı, 2014; 87).Doğudur ki, o, eşq məktəbindən təhsil aldığını və eşqin də ağıldan yarandığını iddia etmişdir. Kəminə yazırdı:

Kuhü səhrayə düşüb Məcnun kimi qıldım şitab,

Aradım şaxü budağı tapmadım bir sayə mən.

Arifü saliklərin pəşminə dəlqin verməzəm,

Dəhrdə Tanrı bilir yüz ətləsü dibayə mən.

Bulmamışkən əsl ürfanın məzaqın dəhrdə,

Uğradım nahaq yerə bir şixi-bipərvayə mən.

Kuyi-eşqə girməyə könlüm dəxi etməz həvəs,

Rahi-püraşubdürür, düşdüm əcəb qovqayə mən.

Hal­buki burada Kəminənin əsas istəyi Tanrıya olan sevginin təmən­na­sız­lığı, ülviliyidir. Bu anlamda Tanrıya yalvarış simvolik mahiy­yətlidir, şairənin eşqində alilik özünün xəyali məni ilə uzlaşır:

Rəhi-eşq içrə mənzurum mənim ol tacidarımdır,

Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.

Əgərçi guşeyi-qəmdə şikəstə xatirəm, lakin

Səri-kuyində dövr edən xəyali-biqərarımdır.

Kəməndi-eşqinə bağlı gedib könlüm, inanmazsan,

Yoluna göz dikən ahid dü çeşmi-əşkbarımdır...

Kəminə bivəfa görsə səni, vallahı incinməz,

Səni məndən iraq edən bu bəxti-kəcmədarımdır.

Kəminə fələkdən şikayət etməklə yanaşı, dünyanın həyat fəlsəfəsini də yaxşı anlamaqdadır. Şairə öz içindəki sevgi iztirablarını bəyan edərkən, onu nə dərəcədə ifadə etdiyinə sanki özü də tam əmin deyil. Ancaq o, şeirin dili ilə öz varlığı ilə Əbədi Varlıq – Yaradan arasındakı bütünlüyü əks etdirmək niyyətindədir. Kəminə yazırdı:

Gövri-rəqib, sərzənişi-əhli-ruzigar

Qoymaz qılam bu dərdi-dili yarə aşikar.

İşrət sərayi-könlümü, ey yari-dündxu,

Hərdəm cəfavü qəhr ilə gəl etmə tarmar.

Hicrində dürri-əşk, vüsalında nəqdi-can,

Bilməm, hüzuru qeybətdə eylərəm nisar.

Gülşəndə gör nə şur ilə bülbül fəğan edir,

Guya ki, şax üzrə gülə həmdəm oldu xar.

Dil intizari-vəsldə pamali-fikir olub,

Tən atəşi-fəraqda çün muyi-biqərar.

Gər feyzi-cami-eşqi-həqiqətdə məstsən,

Əhsənət xoş məqamdəsən, olma hüşyar.

Dövran ki, saqiyi-qamə olmuş həvalə, gör,

Bu dövrdə Kəminə kimi kimdi kamgar.

Fatma Kəminənin yaradıcılığında müəyyən qədər ilahi aşiqə qovuşmamaqdan dolayı pessimizm öz əksini tapsa da, ancaq bütövlükdə həyata bağlılıq daha güclüdür. Hər halda onun şeirlərində təmsi olunduğu cəmiyyətdəki haqsızlıqlara, ədalətsizliklərə qarşı mübarizə aparmaq ruhu da var idi. Bu baxımdan Kəminə cəmiyyətdə heç də hər şeyi həyatın axarına buraxıb “alın yazısı”na boyun əyib yaşamağın doğru olmadığını da görə bilmişdir. Ona görə də, Kəminənin zəmanəsinin nadir qadın şair-ədiblərindən biri kimi tanınması təsadüfi olmamışdır. O, yazırdı:

Yarəb, cəfaya salan şad olmaya,

Səyyadi-zülmə seyd olub, azad olmaya.

Qəhri-xuda düçarı ola ta ki, ömrü var,

Ol qeyddən xülasə imdad olmaya.

Huri misal salim ola əhli-ruzigar,

Bəlkə cahanda zülmilə bidat olmaya.

Hər kimsə gər xərab qıla bir könül evin,

Dünyavü axirət evi abad olmaya.

Bülbül təəşşüqün gülə bilməzdi bağdan,

Bağ içrə gər nəva ilə fəryad olmaya.

Bu çərxi kəcmədardə dirinə rəsmdir,

Bir yar ki, yardır, onu bərbad olmaya.

Əhli-xuda, Kəminə,cəfa görsə, səbr edə,

Yarəb, görüm ki, gümrəhi irşad olmaya.

Kəminənin bu şeirində açıq-aşkar zülmə, ədalətsizliyə və haqsızlığa etiraz var. Bu dünyada zorla bidət etməyi doğru görməyən şair-ədibimiz doğru deyirdi ki, zülmlə qurulan, zorla ələ gətirilən bir könül evinin açarı yoxdur. Vilayət Quliyev yazır: “Fatma xanım Kəminənin qəzəllərində məhəbbət və gözəllik tərənnüm olunur, şəxsiyyəti yüksəldən, ucaldan hiss və duyğular - dostluq, insanpərvərlik, sədaqət, e’tibar, ədalət və insaf vəsf edilir. Az-çox tə’min olunmuş bir həyatla yaşasa da, zəmanənin çətinliklərini, adamların bir parça çörək üçün bə’zən öz vicdanları ilə alver etdiyini görən şairənin əsərlərində bu yaramaz, ikiüzlü zəmanədən şikayət motivlərinə də sıx-sıx təsadüf olunur. Fatma xanım dəqiq şəkildə təsəvvürünə gətirə bilməsə də, yaşadığı aləmdən tamamilə fərqlənən yeni, ədalətli bir dünya həsrətində idi. Elə bir dünya ki, orada “Nə toxmi- hicr əkilsin, nə də səmər versin, Dirəxti-vəsl, ilahi, həmişə bar versin”. Yaşadığı mühit, şahidi olduğu kodorli hadisələr, ruhi tənhalıq anları bə’zən şairəni dünyadan küskünlüyə gətirib çıxarır, onun ümumən nikbinlik üstündə köklənmiş poeziyasında şikayət motivləri nəzərə çarpırdı” (Quliyev Vilayət. Tarixdə iz qoyan şəxsiyyətlər. Bakı, “Ozan”, 2000; 101).

19-cu əsr Azərbaycanın qadın-şair ədibi Mirzə Fatma xanım Kəminə yalnız ədəbiyyat baxımından deyil, ictimai-fəlsəfi anlamda da özlərini ifadə etməyi bacarmışdır. Ola bilsin ki, onun yaradıcılığında ictimai-fəlsəfi məzmun çox da özünü büruzə verməmişdir. Ancaq onun şeirlərindəki mənaların mahiyyətini yalnız zahirlə, təzahürlə qiymətləndirmək də doğru olmazdı. Hər halda öz dövrünün radikal dini-məzhəbçi mühitində Fatma Kəminənin öz düşüncələrini büruzə verməsi bir yenilik idi. Bizcə, bu anlamda Fatma Kəminənin də müdrikcəsinə düşüncələri yetərli qədərdir. Hətta, Kəminə bəzi şeirlərində daha cəsarətli şəkildə öz fikirlərini ortaya qoymuşdur. Məsələn, Kəminə şeirlərində haqq, ədalət axtararkən üzləşdiyi çətinlikləri vurğulamaqla yanaşı, tutduğu bu yoldan dönməyəcəyini də ifadə etmişdir. Ümumiyyətlə, Fatma Kəminə də öz dövrünün kifayət qədər tanınmış qadın şair-ədiblərimizdən biridir. Onun yaradıcılığında müəyyən qədər dini-mistik motivlər olsa da, əsasən yenilikçiliyə meyilli olmuşdur. Fatma xanım Kəminə öz dövrünün tanınmış nadir qadın şair-ədiblərindən biri kimi, düşüncələri və baxışlarına görə çox fərqlənmişdir. Hər halda onun şeirlərində klassik ədəbiyyatla yanaşı, fəlsəfi məsələlərə bağlılıq da hiss olunur


MANŞET XƏBƏRLƏRİ