Füzulidə od ulusal mifoloji obrazı


İşıqlı Atalı

Füzuli bənzərsiz eşq şairidir, gerçəkdən aşiqliyin örnəyidir. Onun yaradıcılığında mahiyyətcə insanın eşq adlı ülvi hissi öyülür, aşiqlik ən böyük insani aqibət kimi təqdim olunur. Füzuli şair olduğu dərəcədə habelə alimdir, filosofdur - dünyagörmüş müdrikdir. Yaradıcı insan olaraq universallığı ona fikrini bənzərsiz biçimdə ifadə etməyə imkan verir. Ayrıca olaraq qəzəllərində məna-biçim birliyi aşiq – insanın (Füzulinin) iç dünyasının sirli-sehrli ənginliklərindən agah olmaq üçün yetkin soraqlar verir. Füzulinin şair ustalığı sözün zəngin ifadə çalarlarını tapmasında, fərqli məqamlarda işlədə bilməsindədir. İlahi mənaçılıq axtarışları ifadə ustalığı ilə birləşir – ustadlıq görünür, bilinir.

Mifoloji obrazların çoxçalarlı ifadəsi sarıdan Nəsimi ilə Füzuli arasında paralellik aparılması iki böyük söz ustadının dünyanı, həyatı, insanı müşahidələrinin sonucu olaraq özünüifadələri hürufilik və sufilik ölçüsündə müqayisə edilir, zamanın (əsasən dinin) hökmünün aşılmasının ifadəsi kimi yetkin yaradıcılıq örnəklərinin ortaya qoyulduğu vurğulanır: Nəsimidə özünəyetmə (Həqiqətini tapma) mütləq qırımlı, güzəştsiz, qorxusuz, açıq özünüifadə biçimində göründüyü halda, Füzulidə sufiyanədir - aşiqin özünüifadəsi həm də Zamanı nəzərə almaqla özünü göstərir.

Füzuli “ikiliyinin” mayasında sufiliyin ölçüsünün durduğunu, habelə dinin qadağasının hökmlü bilindiyini demək olar. Bununla belə, Füzulinin sevilməsinin, Şərqin ilahi şairi olaraq bilinməsinin özülündə Eşqin qiymətini verməsinin, özünəməxsus obrazlaşdırmasının – “Eşqi din ölçüsünə yüksəltməsi” (İnam Ata – Asif Ata) olayının olduğu anlaşılır.

Füzulidəki zəngin mifoloji obrazlar fikrin genişliyinin, müşahidə imkanlarının zənginliyinin ifadəsi demək olur.

Ədəbiyyatımızda Dədə Qorqudluq olayının (dastan örnəyində), Nizamiliyin, Füzuliliyin, Nəsimiliyin və b. kimi örnəklərin əbədilik imkanı yaradıcılığın ulusal ölçünü təsdiq etməsi ilə şərtlənir. Ulusal olan mahiyyətcə bəşəridir, deməli, zamanı aşandır. Minillərdir ədəbiyyat insanın həyata, dünyaya, təbiətə, özünə münasibətini ifadə edir. Burada təbii ki, yalnız “əks etdirir” anlayışını demək, mahiyyətcə ədəbiyyatın rolunu kiçiltmək olardı. Ona görə ki, ədəbiyyat təkcə əks etdirmir. Əslində əks etdirmək onun ilkin görəvidir. Əsil ədəbiyyat zamanüstü hadisə olub, həmişə gerçəkliyi ötür, bu səbəbdən də ifadə edir. Ədəbi əsərin yaşarılığı həm də yaradıcının ruhunun nə dərəcədə güclü olması ilə bağlıdır. Zəif özünüifadənin məhsulu zamanı ötə bilmədiyindən gerçəkliyə bağlı qalır, sabaha yol ala bilmir. Ədəbi əsərin sabahlı olması yaradıcının şəxsi məziyyətləri ilə sıx şəkildə bağlıdır. Yəni əsərin əbədi olması həm də yaradıcının ləyaqətli ömür yaradıcılığı ilə bağlıdır.

Ədəbiyyatın əks etdirmədən ötə olan ifadəçiliyi – dünyanın ağılda, yaradıcı düşüncədə mahiyyətcə yenidən yaradılmasıdır. Dünyanın, həyatın, insanın mənası, mahiyyəti gerçəkliküstü olaydır. Ədəbiyyat bu anlamı özünəməxsus şəkildə - bədii təsvir və ifadə vasitələri ilə çatdırır. Şübhəsiz, yaradıcının mövzuya baxışı gərəkli rol oynayır. Nəsimiliyə, Füzuliliyə qayıdış şübhəsiz, onları hərfi hərfinə təkrar etmək kimi anlaşılmamalıdır. Yaradıcılıq bənzərsizlik olayıdır, başqasını təkrarlamamaqdır. Poeziyada yeni deyim tərzi, ifadə imkanlarının çoxçalarlığı, əruzla hecanın birliyi (əruzdakı əzəmətlə hecadakı zərifliyi birləşdirmək), nəsrdə məna ölçüsündə yığcamlıq, mövzu ilə biçimin bənzərsiz uyumunu, ifadəsini tapmaq...

***

Türk mifoloji düşüncəsində Od obrazlaşır, yazılı ədəbiyyatda ayrı-ayrı janrlar üçün yaşarı, bənzərtsiz ideya qaynağı olur. Od Füzulidə mifoloji obraz kimi nəinki nəzərdən keçirilə bilər, fikrimizcə, elə bu cür anlaşılsa, daha məntiqə uyğun olar. Odun obrazlaşması – mifoloji mahiyyətli olması ilə bağlıdır: ağılda, düşüncədə gerçəklik ölçüsü aşılır, ayrı-ayrı hadisələrin mayasında Odun – Odlanmanın (İşığın – İşıqlanmanın) təsiri aydınca duyulur. Füzulinin Aşiq obrazı gerçəkliyin bütün məqamlarında sınanır, əzablara tuş gəldikcə yenə də istəyir ki, dərdi artsın. Dərddə özünün həqiqətinə yetən Aşiq içdən təmizlənir. Odun burada Azərbaycan-Türk Ruhundan gələn içi təmizləyici xüsusiyyəti Füzuli ölçüsündə mənalandırılır. Bu ölçünün kökü Zərdüşt, Babək, Dədə Qorqud, Nəimi-Nəsimi ruhundan gəlir. Od obrazının doğmalığı Füzuli qəzəllərində üzvi biçimdə ifadəsini tapır. Od obrazı Aşiqi niyə bu qədər cəzb edə bilir? Əksinə, niyə dindəki Cəhənnəm odu insanları, burada konkret Aşiqi cəlb etmir? Niyə Aşiq gerçəklikdəki yaşamda da az-çox anlaşılan, “duyulan” Cəhənnəmin od əzabından qorxmur, üşənmir?

Ulusal düşüncədə mifoloji obrazlaşan Od qorxudan, cəzalandıran vasitə deyil, əslində ruhsallıq (həqiqət) imkanıdır. Füzuli fitrətən Od obrazının verdiyi imkandan bəhrələnə bilir, Eşq dünyasını yaradır, bu imkana yetdiyindən içi işıqlanır, iradəsini gerçəkliyə qarşı qoya bilir, pis sarsıntını (həyəcanı) ötür, ruhunun aydınladıcı – kutsal (müqəddəs) həyəcanına yetir… Od obrazı Füzuli qəzəllərində hətta başqa mifoloji obrazlardan da ötədir, öndədir. Ona görə ki, Füzulini içdən yeniləyən, Eşqində ardıcıllaşdıran yenilməz ruhsal gücüdür. Bu gücün qaynağı ulusallıqdan (millilikdən) gəlir. Bu imkanı aşkarlayan Füzuli ona yetdiyi dərəcədə güclüdür.

Şəmi-şami-firqətəm, sübhi-vüsali neylərəm?

Bulmuşam yanmaqda bir hal, özgə hali neylərəm?

Yanmağı aqibət seçən Füzuli usanmır, bezmir, ardıcıllığında qalır.

Ey Füzuli, qıl kəmali-fəzl kəsbin, yoxsa mən

Kamili-eşqəm, dəxi özgə kəmali neylərəm?

Həqiqətini Eşq dünyasında tapan Aşiq Füzuli dinin ölçüsünə sığmır, onu dünyasızlıq sayır.

Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma,
Namaz əhlinə uyma, onlar ilə durma, oturma!

… Müəzzin naləsin alma qulağə, düşmə təşvişə,

Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma!

Cəmaət izdihami məscidə salmış küdurətlər,

Küdurət üzrə, lütf et, bir küdurət sən həm arturma!

Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim,

Xah mömin, xah kafər tut, budur dinim mənim.

Görməyincə hüsnünü imanə gəlməz aşiqin,

Yüz peyğəmbər cəm olub, göstərsələr min möcüzat.

…Füzuli, bəhrə verməz taəti-naqis, nədir cəhdin,
Kərəm qıl, zərqi taət surətində həddən aşurma!

*** *** ***

İNAM ATA (ASİF ATA)

NIKBINLIK (FÜZULI ÜSTƏ)

1. Kədərdən qəhərlənməyə nə var, kədərdən bəhrələnmək gərək!
Füzuli kədərlənir, həm də kədərlə qaynayıb-qarışır, kədərə qovuşur, kədərləşir. Həm: Mənim tək heç kim zarü pərişan olmasın, yarəb! deyir, həm də “zarü pərişanlıq məkanı” haqqında:

Mübarək mülkdür ol mülk, viran olmasın, yarəb! – deyir.
Həm kədər dəhşətini “heç bir müsəlmana” qıymır, həm də dəhşətlinin peşiman olmasını istəmir:

Görüb əndişeyi-qətlimdə ol mahi budur virdim
Ki, bu əndişədən ol mah peşiman olmasın, yarəb!

Füzuli kədərli olduğu dərəcədə nikbindir. Kədər üstə nikbindir, nikbincəsinə kədərlidir, bu – yüksək, müdrik nikbinlikdir, bəsitlərin əli çatmayan, ünü yetməyən, ağılasığmaz, idraki nikbinlikdir. Ona yetmək üçün yol getməlisən!

2. Əzabdan qovrulmağa nə var, əzabdan yoğrulmaq gərək!

Füzuli əzabın bütün çalarlarını, çeşidlərini, pillələrini görür, bilir, – görsədir, bildirir, ancaq əzabdan ürkmür, qorxmur, qaçmır – əzablaşır, əzabla mövcudlaşır.

Bulmuşam yanmaqda bir hal, özgə halı neylərəm! – deyir.

Canı odlara yanır Füzulinin, ahı göylərə qalxır Füzulinin, fəqət yanmağından, odlanmağından dönmür Füzuli, yandıqca yanır, odlandıqca yaşayır.

Həm: Yenə ol mah mənim aldı qərarım bu gücə,
Çıxacaqdır fələyə naleyi-zarım bu gecə!
– deyə fəryad qoparır, həm də:
Şəmi-şami-firqətəm, sübhi-visalı neylərəm! – deyir.
Həm Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım – deyə nalə çəkir, həm də qanlı, qadalı, əzablı, işgəncəli sevdadan usanmır ki, usanmır!

Həm

Neyi-bəzmi-qəməm, ey ah, nə bulsan yelə ver
Oda yanmış quru cismimdə həvadan qeyrideyir,

Həm də

Bəzmi-eşq içrə, Füzuli, necə ah eyləməyim,
Nə təməttə bulunur neydə sədadan qeyri,söyləyir.

İztirabda qovrulduqca iztirabı doğruldur. “Ney üçün səda nədirsə, ömür üçün iztirab odur” deyir.
Əzablı olduğu dərəcədə nikbindir Füzuli, əzab üstə nikbindir Füzuli, nikbincəsinə əzablıdır Füzuli, bu – yüksək, müdrik nikbinlikdir, bəsitlərin əli çatmayan, ünü yetməyən, ağılasığmaz, idraki nikbinlikdir. Ona yetmək üçün yol getməlisən!

3. Bəlaya dözməyə nə var, bəlada böyümək gərək!
Bəla tapılır, tanınır, sarsıdır, həm də bəsləyir, böyüdür, yüksəldir.
Bəla həm sarsıdır, həm çağırır. Bu səbəbdən də “Eşqdən canımda pünhan bir mərəz var, ey həkim!” – deyir,

həm də

“Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl,
Kim olam bu dərdə artıqraq giriftar, ey həkim!” – deyir.

Bəlaya düşən daha çox (artıqraq) düşmək istəyir, çünki bəlanın səbəbini, qədr-qiymətini yaxşı bilir.
Bəla sevdası, bəla səadəti vəsf olunur, bəlada səadət tapılır, bəlaya səhhət tapılmır.

Var bir dərdim ki, çox dərmandan artıqdır mana,
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim!

Bəlaya düşən bəladan kənarda səhhət aramır:

Rənc çəkmə, sihhət ümidin Füzulidən götür
Kim, qəbuli sihhət etməz böylə bimar, ey həkim! – deyir.

Bəlalı olduğu üçün nikbindir Füzuli, bəlalı olduğu dərəcədə nikbindir Füzuli, bəla üstə nikbindir Füzuli, nikbincəsinə bəlalıdır Füzuli. Bu – yüksək, müdrik nikbinlikdir, bəsitlərin əli çatmayan, ünü yetməyən, ağılasığmaz idraki nikbinlikdir. Ona yetmək üçün yol getməlisən!

4. Dərddən dağlanmağa nə var, dərddən idraklanmaq gərək!
Füzuli misilsiz, heyrətamiz dərəcədə dərdlidir:

Olsaydı məndəki qəm Fərhadi mübtəladə,
Bir ah ilə verərdi min Bisutuni badə.

Füzulinin dərdhallığı mütləqdir, ömüraparandır, can alandır, adamı yerdən-göydən ayırandır:

Eylə bədhaləm ki, idrak etməzəm ki, dünya nədir
Mən kiməm, saqi olan kimdir, meyi-səbha nədir.

Ancaq Füzuli həm də misilsiz, heyrətamiz “dərdpərəstdir” (çünki dərddən idrak alandır), kamilliyə çatandır.

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili əhli-kəmal eylər məni! – deyəndir.

Dərddən lal olandır, “surətə” çevriləndir, bağrı deşiləndir, ancaq həm də dərddən güc alandır, dərdsizin nəsihətini rədd edəndir.

Ey Füzuli, eşq mə’nin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma ki, bir dünyadı var! – söyləyəndir.

Dərd məskənində yaşayır Füzuli və bu məskəndən qeyri-məskən tanımır.

Edəməm tərki-Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim! – deyir.

Dərdli olduğu dərəcədə nikbindir Füzuli, dərd üstə nikbindir Füzuli, dərdli nikbindir Füzuli. Bu – yüksək, müdrik nikbinlikdir, bəsitlərin əli çatmayan, ünü yetməyən, ağılasığmaz, idraki nikbinlikdir. Ona yetmək üçün yol getməlisən!

5. Kədərdə bilinir nikbinlik!

Əzabda bilinir nikbinlik!

Bəlada bilinir nikbinlik!

Dərddə bilinir nikbinlik!

12-ci il (1991)


MANŞET XƏBƏRLƏRİ