Sülh müqaviləsi – regional təhlükəsizliyin ilkin şərti


Kamal Adıgözəlov

Cənubi Qafqazda kənar qüvvələrin fəallaşması fonunda meydana gələn risklər siyasiləri və ekspertləri ciddi düşündürür. Xüsusən rəsmi İrəvanın Qərbin təhriki ilə atdığı səbatsız addımlar xeyli dərəcədə risklər və təhdidlərə təkan verir. Bu tendensiyanın fonunda Azərbaycanın siyasi-diplomatik mövqeyinin əhəmiyyəti daha da artır. Azərbaycan Prezidenti İlham Əliyev həmin reallığı bir daha yığcam və adekvat məzmunda oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbuletmə mərasimində vurğulayıb. Dövlət başçısının ifadə etdiyi fikirlər həm reallığı, həm də vəziyyətin ciddiliyini yaxşı əks etdirir. Bu kontekstdə Cənubi Qafqazın təhlükəsizliyinin təmini ilə bağlı bir sıra aktual məqamların üzərində geniş dayanmağa ehtiyac görürük.

Cənubi Qafqazın geosiyasi nəbzi

2024-cü ildə qlobal güclər üçün Cənubi Qafqazda geosiyasi mənzərənin aktuallığının daha da artdığını hər kəs qəbul edir. Lakin bu prosesin mümkün nəticələri ilə bağlı fikir ayrılıqları mövcuddur. Çünki regionda cərəyan edən geosiyasi və geoiqtisadi proseslərə təsir göstərən aktorlar öz ənənəvi maraqlarından vaz keçmək niyyətində deyillər. Bunun fonunda isə yerli dövlətlərin təhlükəsizliyi ilə kənar böyük güclərin həmin təhlükəsizliyi necə görmələri arasında ziddiyyət getdikcə dərinləşir.

No description available.

Bu prosesin fonunda regionun üç böyük gücü – Rusiya, Türkiyə və İranın Cənubi Qafqazın geosiyasi təhlükəsizliyində iştirakı məsələsi də yeni səviyyədə əhəmiyyət kəsb etməkdədir. Problemin bu aspekti xüsusi məzmun alır və onun ümidverici əlamətləri artıq özünü göstərir. Xüsusilə rəsmi Tehranın region dövlətləri ilə münasibətlərinə müəyyən düzəlişlər etməyə başlaması təqdir edilir. Bu baxımdan İranın "3+3" regional məşvərət platforması çərçivəsində İstanbulda keçirilən görüşdə iştirakı və orada bütövlükdə müsbət təəssürat yaratması diqqətdən yayınmır.

Lakin Cənubi Qafqazın geosiyasi dinamikasında xüsusi yeri və rolu olan Azərbaycanın bu istiqamətdəki fəaliyyəti və ölkə rəhbərliyi tərəfindən ifadə edilən siyasi prinsiplər həlledici olaraq qalmaqdadır. Bu gerçəkliyi təsdiq edən faktlar son zamanlar daha da artıb. Onlardan biri Prezident İlham Əliyevin Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən bəyan etdiyi bir sıra aktual, düşündürücü və reallığa tam uyğun tezislərdir.

Rəsmi Bakı fəal və təmkinlidir

ABŞ başda olmaqla kollektiv Qərbin regionda geosiyasi vəziyyəti gərginləşdirməkdə olduğunu təhlil edən ekspertlər təhlükəli və pessimist ssenarilərin mümkünlüyünü istisna etmirlər. Onların başlıca arqumentlərindən biri Qərbin fəaliyyətinin bütövlükdə regionu xaosa sürükləməsi ilə bağlıdır. Hazırda bu istiqamətdə Vaşinqton və Brüssel müxtəlif istiqamətlərdə fəaliyyətlərini yeni səviyyəyə yüksəldiblər. KİV-in yaydığı məlumatlarda göstərilir ki, Ermənistan NATO-nun hərbi kontingentini öz ərazisində yerləşdirməyi planlaşdırır. Avropa İttifaqının (Aİ) "mülki missiyası" da guya daha fəal mövqe tutmaqdadır. Onlar "binokl diplomatiyası"nı davam etdirirlər.

Bunların fonunda N.Paşinyanın MDB və KTMT haqqında "fikirlərini" eşidirik. Son olaraq Ermənistanın Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan qərbli ağalarına deyib ki, Rusiya 2025-ci ildə Ermənistan-İran sərhədindən qüvvələrini çəkəcək. Erməni rəsmi nümayəndələri bunu İrəvanın diplomatik uğuru kimi qələmə verməyə çalışırlar. Lakin ekspertlər bunun əksini iddia edirlər. Onlar yazırlar ki, bu, Qərbin istəyidir, çünki Yaxın Şərqdəki toqquşmanın İrana sıçraması üçün Ermənistan ərazisindən istifadə olunması ehtimalı ilə əlaqəlidir. Rusiya hərbçiləri İran sərhədindən çəkildikdən sonra hərbi kontingentin Zvartnosa və oradan da İrana yaxın ərazilərə çatdırılması üçün heç bir əngəl qalmır. Əlbəttə, bunu rəsmi Bakı ciddi olaraq nəzərə alır.

Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbuletmə mərasimində Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində bu barədə fikirlərini ifadə edib. Azərbaycan Prezidenti vurğulayıb ki, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan olub və həqiqətən orada mühüm irəliləyişə nail olunub. "Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu, çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi".

Fikirlərini inkişaf etdirərək Azərbaycanın dövlət başçısı qeyd edib ki, Ermənistan hökumətinin "bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın" qəribə təklifi tamamilə reallıqdan kənardır. "Madrid prosesi prinsipləri"ndə göstərilir ki, "bütün məsələlər razılaşdırılmadan heç nə razılaşdırıla bilməz". İlham Əliyev həmin kontekstdə fikrini ümumiləşdirərək konkret qənaətini ifadə edib. Prezident deyib: "...bir çox hallarda Ermənistan tərəfi bu təklifləri irəli sürməklə guya sülh istəyində olduqlarını nümayiş etdirirlər. Lakin onlar əvvəlcədən bilirlər ki, bu təkliflər qəbul oluna bilməz. Bütün bunlara baxmayaraq, proses davam edir...".

Rəsmi Bakının mövqeyi tamamilə aydındır. Prezident İlham Əliyev həm Ermənistanın qeyri-konstruktiv mövqeyini Avropaya çatdırır, həm də Azərbaycan rəhbərliyinin sülh gündəmindən imtina etmədiyini, nəzərdə tutduğu siyasəti qətiyyətlə davam etdirmək əzmində olduğunu bəyan edir. Aİ-yə gəldikdə isə, Brüssel əvvəllər olduğu kimi, Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır. Belə ki, "Avropa İttifaqı torpaqlarımızın işğalı dövründə bu məsələdə heç vaxt fəal olmamışdır. Bizim bununla bağlı o dövrdə Avropa İttifaqına və Avropa institutlarına xeyli sayda müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyəti yoxdur". Hazırda isə, nədənsə, "Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsuslar olsun ki, Brüsseldə, Avropa İttifaqının mənzil-qərargahında bəziləri tərəfkeşlik edirlər".

Belə bir münasibət yalnız etimadsızlıq yaradır və həmin səbəbdən "Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin" və Ermənistana görə Azərbaycan-Aİ münasibətləri zərər görməsin.

Azərbaycan rəhbərinin bu cür qətiyyətli və konkret mövqe nümayiş etdirməsinin regional kontekstli səbəbi vardır. Həmin səbəb Ermənistan rəhbərliyinin son zamanlar bir məsələni daha çox qabartması ilə bağlıdır.

Paşinyanın yeni hoqqabazlığı: "Sülh kəsişməsi"

Bir sıra erməni siyasətçiləri "Sülh kəsişməsi" təklifini "yeni oyuncaq" adlandırırlar. Məsələn, sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyasının sədr müavini Armen Aşotyan iddia edir ki, "Sülh kəsişməsi" cəfəngiyatları indiki vəziyyətdə Ermənistanın maraqlarına xidmət etmir. "Onu markalamaq və yeni qablaşdırmada təqdim etmək cəhdləri şokolad əvəzinə zibil satmaq cəhdlərini xatırladır... Nikolun təklifləri Ermənistana sülh gətirmək məqsədini güdmür, nəhayət, bizi regional "cır-cındır" vəziyyətinə salır".

Bunu N.Paşinyanın uydurması olan "Sülh kəsişməsi" ideyası göstərir. Əsas səbəbi odur ki, bir çox ölkələrin nəqliyyat infrastrukturunu yeniləşdirməyi nəzərdə tutan bu bədnam "kəsişmə" ideyasının arxasında Ermənistanın özünün belə səmərəli infrastrukturunun olmaması faktı gizlədilir. Yəni, Ermənistan özü buna hazır deyildir.

Bundan başqa, həmin ideyanın müəllifi N.Paşinyan deyil, Qərbdir. Qərbə isə real olaraq "sülhün kəsişməsi" lazım deyildir. Burada ABŞ və Aİ-nin məqsədi Ermənistandan istifadə edərək regiona nüfuz etməkdən ibarətdir.

No description available.

Bunlardan başqa, Ermənistanın nəzərdə tutduğu böyük güclərdən heç birinin həmin layihəyə ehtiyacı yoxdur. Hətta Hindistan belə hazırda mövcud olan infrastrukturu qoyub, erməni hoqqasına getməyəcək.

Belə bir qənaət formalaşır ki, Ermənistanın daxilində bir sıra qüvvələr hakimiyyətin avantürist və qərbpərəst mövqedə olmasına görə, rəsmi İrəvana etibar etmirlər. Üstəlik, onlar əmindirlər ki, bu cür addımlar regionda riskləri artırır.

Deməli, Azərbaycan rəhbərliyinin tutduğu mövqe həm də bütövlükdə regionu risklərdən sığortalayır. Bu reallığı hər kəs nəzərə almalıdır.Beləliklə, bir tərəfdən, Cənubi Qafqazda geosiyasi gərginliyi kənar təsirlərlə artırmağa çalışırlar, digər tərəfdən isə, Azərbaycan bu kimi cəhdlərin qarşısını almaqda davam edir. İndi bu iki düşərgənin gərgin mübarizəsi şəraitində regional geosiyasətin mənzərəsi dəyişir. Bu, hazırkı dönəmdə Cənubi Qafqazda yaranmış təhlükəsizlik boşluğunun konstruktivlik müstəvisində "doldurulması" zərurətini ortaya qoyur. Bunun üçün Azərbaycanın təklifləri əsasında sülh müqaviləsinin imzalanması ilkin şərtdir!


MANŞET XƏBƏRLƏRİ