Kamal Adıgözəlov
II məqalə
Ekspertlər Mario Draqinin Avropa İttifaqının qlobal rəqabət qabiliyyətinin perspektivləri barədə tezislərini müxtəlif aspektlərdən təhlil etməkdədirlər. Avropalı siyasilər və ekspertlər mövqelərini ifadə edirlər və ona uyğun proqnozlar verirlər. Onların müqayisəsi göstərir ki, Aİ-nin gələcək taleyi əksər siyasi və ekspert dairələrini ciddi maraqlandırır. Onlar M.Draqinin bir qədər ehtiyatlı və xəbərdaredici təkliflərini real hesab edirlər. Bu əsasda Aİ-nin gələcəyi ilə bağlı hansı proqnozları vermək olar?
"Super Mario": "dərhal aktiv fəaliyyətə"!
Mario Draqini Brüsselin hakimiyyət dəhlizlərində çox sevirlər. Onun Avropa İttifaqının rəhbərliyində həqiqi mənada böyük hörməti vardır. Biz birinci məqalədə vurğulamışdıq ki, bu ilin sentyabrında təşkilat üçün strateji əhəmiyyəti olan bir məruzənin hazırlanması M.Draqiyə – "Super Mario"ya təsadüfən həvalə edilməmişdi. Onun sifarişini Ursula fon der Lyayen özü vermişdi. Məsələ ondan ibarətdir ki, Brüssel hesab edir ki, Aİ öz tarixində ən çətin vəziyyətlə üzləşib. Onun gələcək taleyi qeyri-müəyyəndir. Çünki dünyanın aparıcı güclərindən olan ABŞ və Çindən inkişaf perspektivinə görə dəfələrlə geridə qalır. Bunu aradan qaldırmaq üçün Aİ yeni ciddi və əsaslı strateji fəaliyyət planı hazırlamalıdır. Bunun üçün isə M.Draqidən layiqli namizəd yoxdur.
"Super Mario" ümidləri doğruldub – o, 400 səhifəlik məruzə hazırlayıb. Məruzədə yekun nəticə kimi göstərilir ki, Aİ rəqəmsallıq, "yaşıl iqtisadiyyat" və sərmayə qoyuluşunda inqilabi dəyişikliklər etməlidir. Sözdə bunu demək və ya nəzəri qənaət kimi ifadə etmək çətin deyildir. Əsas məsələ bu tezisi reallaşdırmağın optimal mexanizmlərini tapmaqdır. Həmin mexanizm qismində M.Draqi aşağıdakı prinsipləri görür: 1) borcu bir yerdə almaq; 2) özünün sənaye strategiyasını hazırlamaq; 3) təşkilatda qərar qəbulu prosedurunu sadələşdirmək; 4) innovasiyaları stimullaşdırmaq.
M.Draqinin məruzəsinin əsas motivi təşkilatın vaxt itirmədən özünü xilas etmək üçün fəaliyyətə keçməsindən ibarətdir. M.Draqi hesab edir ki, XXI əsr başlayandan Aİ digər supergüclərdən inkişaf tempinə görə çox geridə qalır.
M.Draqi göstərir ki, əgər Aİ təxirəsalınmaz tədbirlər görməsə, üç vacib dəyərini təhlükə altına atacaq. Bunlar rifah halı, ətraf mühit (ekologiya) və azadlıqdır. Bu risklərin qaynağı isə Aİ-nin rəqəmsallıqda, "yaşıl iqtisadiyyat"da və sərmayə qoyuluşunda ABŞ və Çindən xeyli geridə qalmasıdır. O yazır ki, Avropa artıq böhran nöqtəsinə qədəm qoyub. Bundan sonra daha təhlükəli və riskli bir mərhələ gəlir. Hətta o dərəcədə riskli ki, bütövlükdə təşkilatın taleyi təhdid altına düşə, Aİ xəritədən silinə bilər.
Maraqlıdır ki, Brüsseldə əksəriyyət M.Draqinin bu ümumi proqnozu ilə razılaşır. Bir qədər əvvəl E.Makron da təxminən eyni fikri söyləmişdi. O, Aİ-nin "ölə biləcəyi" kimi metaforik ifadə işlətmişdi. Lakin M.Draqi insanların hissləri ilə oynamır. O, faktlar əsasında məntiqi nəticələr çıxarır, səbəblər göstərir və təkliflər irəli sürür. Onlardan biri də borc məsələsidir.
"Borcu birgə alaq"!
İlk baxışdan qəribə gələn bu qısa cümlədə Aİ-nin böyük rəqəmlərdə ifadə olunan borcunun varlığına işarə mövcuddur. Hesablamalara görə, Aİ üçün ildə təqribən 800 milyard ABŞ dolları civarında sərmayə qoyuluşu gərəkdir. Bunun üçün "ümumi maliyyələşmə" mexanizminə keçid edilməlidir. Nə qədər ki, təşkilatın üzvləri ayrı-ayrılıqda borc alır və ya sərmayə qoyurlar, müsbət nəticə əldə etmək çox çətin olacaqdır. Hətta mümkün olmayacaqdır. Buna görə də Aİ birgə maliyyələşmə mexanizminə keçməklə təşkilat miqyasında sərmayə qoyuluşunu tənzimləyə bilər.
Əlbəttə, məntiqli təklifdir. Lakin əsas məsələ birgə maliyyələşmənin konkret nəticəverici formulunu tapmaqdan ibarətdir. Bir sıra avropalı mütəxəssislər bunun real olduğuna əmin deyillər. Çünki mövcud idarəetmə institutları yetərli səmərəli işlək mexanizmə malik deyillər. Onların iş üsulu və bürokratik fəaliyyət yönü yeniləşməlidir. Yəni, Aİ-nin fəaliyyətinin yeniləşməsi üçün hazırda mövcud olan institutlar kifayət etmir. Onların iş mexanizmləri yeniliyə uyğunlaşmalıdır. Bu proses isə hələ getmir.
Rəqəmsal, "yaşıl" inkişaf və müdafiə potensialı
M.Draqi gələcək nəsil üçün fondun (NGEU) yaradılmasını məqsədəuyğun hesab edir. Bu, birgə sərmayə layihələrinin maliyyələşməsinə xidmət edəcəkdir. Bunun əsasında təşkilatın rəqabətqabiliyyətliliyi və təhlükəsizliyin təmini yüksələcəkdir. Hər iki məqam müasir dövlətlər və təşkilatlar üçün strateji əhəmiyyət kəsb edir.
Rəqabət qabiliyyətinin yüksəldilməsinə indi müşahidə edilən intensiv və əhatəli rəqabət dövründə çox böyük ehtiyac var. Onsuz heç bir təşkilat dünyada aparıcı güclərdən birinə çevrilə bilməz. Lakin rəqabət qabiliyyətinin yüksəlməsi avtomatik olaraq yeni texnologiyaların, o cümlədən rəqəmsallığın əsaslı inkişafını tələb edir.
Rəqəmsallıq isə yüksək informasiya-kommunikasiya texnologiyaları ilə süni intellektin inkişafını zəruri hala gətirir. Bu iki istiqamətdə ABŞ və ya Çin səviyyəsində rəqabətdə davamlı olmaq üçün külli miqdarda və kəsintisiz maliyyə tələb edilir. Məsələ yenə də sərmayə qoyuluşuna gəlib çıxır. Hazırda Aİ sərmayə qoyuluşu mexanizmində Amerika və Çindən geridə qalır.
Bu kontekstdə Aİ-nin müdafiə qabiliyyətinin yüksəldilməsi və təhlükəsizliyin etibarlı təmini məsələsi daha aktual görünür. Çünki hazırda baş verən geosiyasi proseslər göstərir ki, Avropa ciddi təhlükəsizlik problemləri ilə üzləşə bilər. Onlar həm ABŞ-Aİ münasibətlərindən, həm də Şərqi Avropada (Ukrayna-Rusiya) və Yaxın Şərqdə (İsrail-Fələstin münaqişəsi) baş verən ciddi hərbi toqquşmalardan qaynaqlanır.
Üç istiqamətdən gözlənilən risklər qısa müddətdə Aİ-nin təhlükəsizlik sistemini çökdürə bilər. Son zamanlar bu barədə avropalı ekspertlər tez-tez danışırlar. Məsələn, Yaxın Şərqdən qaçqın axını miqrasiya vəziyyətini xeyli mürəkkəbləşdirə bilər. Hələlik Türkiyə onun qarşısını alır. Lakin Ankara ilə münasibətlərdə də müəyyən problemlər vardır. Onların fonunda Aİ-nin miqrasiya məsələsindən etibarlı qorunduğunu demək çətindir.
Digər tərəfdən, Vaşinqton və Təl-Əviv Brüsselə İsrail dövlətini dəstəkləməsi üçün təzyiqlər edir. Xüsusilə İsrail ordusu BMT sülhməramlılarını qətlə yetirəndən sonra, Fransanın boykot çağırışları aranı xeyli qarışdırıb. Fransa İsrailə silah satışını dayandırmağı tələb edir. Paralel olaraq Avropanın özünün ordusunun yaradılması zərurətini yenidən ortaya atır. Və ekspertlər bu gedişatın reallıqda Aİ-nin təhlükəsizliyi üçün risklərin artmasına reaksiya olduğunu ifadə edirlər.
"Çin – fundamental problem"
M.Draqi Çini məruzəsində bir neçə dəfə vurğulayır. Lakin onu mənfi mənada qiymətləndirir. Onu deyək ki, son bir neçə ildə Avropa Çini gah tərəfdaş, gah iqtisadi rəqib, gah da "sistem rəqib" kimi qiymətləndirirdi. İndi isə "təhlükə mənbəyi" və ya "fundamental problem" kimi ifadələr işlədilir. Çin enerji, yüksək texnologiyalar və avtomobil istehsalında Avropanın ciddi rəqibidir. M.Draqi bunu aydın vurğulayır. Çətinliyin mənbəyi haradadır?
Məruzədə göstərilir ki, Avropada ideya və iddia kifayət qədərdir. İnnovativ təkliflər və layihələr də lazımi qədərdir. Ancaq bütün bunların reallaşması və kommersiya məzmunu alması üçün mexanizmin ciddi çətinlikləri mövcuddur.
Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra da M.Draqinin qənaətləri ilə razılaşır. O, Eyndhoven Universitetinin tələbələri qarşısında çıxışı zamanı ifadə edib ki, "Çin bizə elə fundamental çağırış edir ki, bunun problemə çevrilmədiyini inkar etmək sadəlövhlükdür". Bütün bu deyilənlərdə M.Draqinin məruzəsində ifadə etdiyi bir tezisə diqqət yetirilir. M.Draqi yazır ki, Aİ "ticarət siyasətində praqmatik, ehtiyatlı və konkret olmalıdır".
Bürokratik əngəllər
Əlbəttə, Aİ ilə bağlı M.Draqinin və başqa məmurların vurğuladıqları problemlər çox əhəmiyyətli və aktualdır. Ancaq onların həllinin qarşısında dayanan əsas maneə təşkilatın bürokratik əngəllərinin aradan qaldırılmamasıdır. Dəfələrlə vurğulanıb ki, Brüssel bu istiqamətdə addım atmır. Və ya ata bilmir. O cümlədən çevik qərar qəbul etmə mexanizmi hazırlanmayıb. Ona görə də məruzədə vurğulanan həqiqətlər nəzəri qeydlər səviyyəsində qala bilər.Doğrudur, məruzə cəmi bir ay bundan əvvəl hazırlanıb. Lakin qısa müddətdə Aİ-nin real olaraq islahatlara başlaya biləcəyi inandırıcı görünmür. Ona görə də M.Draqinin "Avropa lazım olan yerdə öz hərəkətlərini koordinasiya edə bilmir" tezisi reallığı daha doğru əks etdirir. Bu, Aİ-nin genişlənməsi və qlobal miqyasda siyasi mühitin mürəkkəbləşməsi fonunda çox aktual görünür. Avropa İttifaqının uzun müddətə qəbul etdiyi qərarları ABŞ və Çin dəfələrlə qısa müddətdə qəbul edir. Aİ əhəmiyyəti olmayan bir çox qanunlar qəbul edir, Amerika isə ondan bir neçə dəfə az qanunla daha səmərəli layihələr həyata keçirir. Yəni, Brüsselin üzərində düşünməli olacağı problemlər çoxdur!