Cənubi Qafqazda iki xəttin toqquşması: hərb və sülh qarşı-qarşıya


Kamal Adıgözəlov

Dünyanın müxtəlif regionlarında hərbi toqquşmaların kəskinləşməsi fonunda Cənubi Qafqazda geosiyasi proseslərin taleyi daha da aktuallaşıb. Burada risk və qeyri-müəyyənlik yaradan məqamların gücləndiyi qənaəti vardır. Bu xəttin əsas qüvvəsi ABŞ başda olmaqla Qərb dövlətləridir. Onlar Ermənistandan istifadə edərək, regionu militarlaşdırmağa çalışırlar. Həmin xəttə qarşı Azərbaycan, Türkiyə və Rusiya dayanır. İran da son zamanlar nisbətən konstruktiv mövqeyə doğru meyl edir. Bütövlükdə geosiyasi mənzərə qarışıqdır. Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı da müxtəlif fikirlər səslənir.

Siyasətin adi "piarçısı"

Bir neçə müddətdir ki, ekspertlər Cənubi Qafqazın geosiyasi dinamikasına yeni məqamları "peyvənd" etməyə çalışanların siyasi-diplomatik niyyətlərini təhlil edir, ABŞ və Avropanın bir sıra böyük dövlətlərinin fəaliyyətinin arxasında dayanan faktorların geosiyasi mənasını aydınlaşdırmağa cəhd edirlər. Məsələ onunla bağlıdır ki, həmin cəhdlərin regional sabitliyi, təhlükəsizliyi və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını pozmağa xidmət etdiyi getdikcə daha aydın görünür. Sözdə isə Qərb və erməni diplomatları başqa görüntü yaratmaqdadırlar. Onlar regional sabitlikdən və hətta "tezliklə sülh müqaviləsi imzalamaq" imkanlarından danışırlar.

Sözlə əməldə bir-birinə uyğun olmayan bu gedişatın geosiyasi anlamı isə zaman gözləmir. Çünki region həqiqətən də addım-addım təhlükəli vəziyyətə yaxınlaşır. Bu baxımdan ekspertlər daha çox Azərbaycanın addımlarına diqqət yetirirlər. Rəsmi Bakı təmkini və praqmatik addımları ilə situasiyanı nəzarətdən çıxmağa və təhlükəli trekə daxil olmağa imkan vermir. Bunun üçün Azərbaycan rəhbərliyi çoxistiqamətli siyasət yeridir. Azərbaycan Prezidenti, bir tərəfdən, ABŞ və Fransanın təxribatçı gedişlərini zamanında üzə çıxarır, onları ifşa edir, digər tərəfdən isə, regional geosiyasi sabitliyi təmin etmək üçün "3+3" formatı çərçivəsində siyasi-diplomatik fəallığını artırır.

Rusiya və Türkiyə tərəfindən Azərbaycan rəhbərliyinin bu fəaliyyəti yüksək qiymətləndirilir. Bu barədə R.T.Ərdoğan və V.Putin bir neçə dəfə fikir bildiriblər. M.Zaxarova son fikirlərinin birində Cənubi Qafqazda Azərbaycan rəhbərinin fəaliyyətini nəzərdə tutaraq deyib ki, "...biz qonşulardan kimin milli yönlü siyasət yeritdiyini bilirik".

M.Zaxarova bu mövqe ilə müqayisədə qarşı tərəfin fəaliyyətini "siyasi piarçılıq" adlandırıb. Etiraf edək ki, maraqlı müqayisədir. Çünki, bu, faktiki olaraq, N.Paşinyanın baş nazir, Ermənistanın isə dövlət kimi indiki mərhələdə siyasi kimliklərini aydınlaşdırmağa yardım edir. Və M.Zaxarova əsassız danışmır. Rusiya XİN-in əlində Qərb və Ermənistan diplomatlarının görüşündə aparılan müzakirələrin məzmunu vardır.

Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə?

Azərbaycan KİV-lərinin məlumatına görə, bu il sentyabrın 30-da NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin nümayəndələri ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan arasında görüş keçirilib. Əlbəttə, rəsmi İrəvan görüşdə müzakirə edilən məsələləri inkar etməyə çalışır. Lakin həmin görüşdə Ermənistan rəhbərliyinin Qərb müttəfiqləri ilə aprelin 5-də baş tutan Ermənistan-Aİ-ABŞ formatında üçtərəfli görüşündə əldə olunan razılıqların genişləndirilməsi imkanları müzakirə edilib. "Strateji irəliləyiş" kimi təsəvvür edilən həmin müzakirələr daha çox Ermənistan rəhbərliyinin "siyasi piarçılığı"ndan xəbər verir.

Buna baxmayaraq, Brüsseldə Cənubi Qafqazın geosiyasi taleyi aspektində riskli məqamlar müzakirə edilib. Yəni, Ermənistan rəhbərliyi "siyasi piarçılıq"la, faktiki olaraq, regionu yeni münaqişə və risklər müstəvisinə sürükləməklə məşğuldur. Brüsseldə, əslində, "NATO-nun yeni cənub cinahı"nın yaradılması müzakirə edilib. İrəvan özü üçün sərfəli olan təkliflər irəli sürüb və əvəzində, NATO-nun regionda üstün mövqeyə çıxarılması üçün platsdarm rolunu oynamağa hazır olduğunu bəyan edib.

Yəni, Ermənistanda hesab edirlər ki, Qərbə daha baha qiymətə satıla və bunun üçün Rusiya və İran kimi ənənəvi havadarlarına da arxa çevirə bilərlər. Bu məqsədlə Ermənistan hətta Azərbaycana qarşı revanşist müharibə aparılması imkanını nəzərdən keçirir. Bununla rəsmi İrəvan hesab edir ki, erməni cəmiyyəti İkinci Qarabağ müharibəsində aldığı ciddi məğlub psixoloji sindromundan xilas olar və eyni zamanda, Azərbaycan Prezidentinin öz ölkəsində və dünyada nüfuzu azalar. Əlbəttə, bu proses həm də Azərbaycan Ordusunun imicinə zərbə vurar.

Doğrudan da, əsl "piarçılıq"dır. Özü də perspektivi olmayan, hətta ABŞ-ın belə gücü çatmayacaq cəfəng "piarçılıq"! Həmin yol olsa-olsa bütövlükdə regionu qarışıqlığa sürükləyə bilər və bu odda Ermənistan elə yanar ki, külündən heç 29 min kvadratkilometrlik "erməni ərazisi" düzəldə bilməzlər! ABŞ bunu çox yaxşı bilir və ona baxmayaraq, həmin avantüraya gedə bilər. Çünki onun məqsədi Cənubi Qafqazda xaos yaratmaqdır ki, müəyyən müddətdən sonra özünün geosiyasi məqsədinə xidmət edən bir situasiya yaratsın. Lakin burada iki gerçək məqamı unutmaq olmaz.

"Dünənin" diplomatik xətti

ABŞ-ın dövlət katibi Antoni Blinken "Foreign Affairs" jurnalında ABŞ-ın xarici siyasətini xarakterizə etdiyi böyük məqalə dərc etdirib. Müəllif hesab edir ki, Amerika Co Baydenin rəhbərliyi ilə "daha güclü geosiyasi mövqeyə" çıxıb.

Məqalədə A.Blinken fikirlərini ümumiləşdirərək belə qeyd edir ki, Bayden administrasiyasının strategiyası ABŞ-a daha güclü geosiyasi mövqe tutmağa imkan verib. Ekspertlər bu "daha güclü mövqe"nin nədən ibarət olduğunu aydınlaşdıra bilmirlər. Çünki faktlar deyilənlərin əksini ifadə edir. Məsələn, Bayden administrasiyası Rusiya-Ukrayna münaqişəsini daha da alovlandırıb, həmin rəhbərlik Yaxın Şərqi bir-birinə daha geniş və dərin səviyyələrdə qatmaqdadır. Qeyd edilən regionda böyük müharibə anı yetişməkdədir və bütün dünya bundan narahatdır. Hətta BMT-nin Baş katibini "arzuolunmaz şəxs" kimi adlandıranlar da tapılır. Bunların Vaşinqtonun geosiyasi mövqeyini necə gücləndirdiyini bilmirik.

Ekspertlər bütün bu deyilənləri, əslində, Bayden administrasiyasının 2020-ci ildə bəyan etdiyi "Demokratiya uğrunda" təşəbbüsünü "xarici siyasətin dirçəlişi" kimi təqdim etməsi fonunda ilğım olaraq görürlər. Çünki həmin təşəbbüsün məqsədində "Çini iqnor etmək" kimi avantürist bir müddəa vardır. Bir ölkəni zəiflətmək və təcrid etmək nə zamandan müasir anlamda geosiyasi uğur sayılır? Reallıqda isə Vaşinqton "dünənin" diplomatik anlamlarını gələcəyin perspektivli faktoru kimi təqdim etməyə çalışır.

Həmin kontekstdə bir zamanlar əsl dost adlandırdığı Gürcüstana qarşı Qərbin aqressiv mövqe tutması və Ermənistanı əsas hərbi bazaya çevirməyə çalışması diqqətdən yayınmır. Son müzakirədə A.Qriqoryan da Ermənistanın NATO-nun regionda hərbi cəbbəxanasına çevrilməyə etiraz etmədiyini bəyan edib. Yəni, söhbət, faktiki olaraq, Cənubi Qafqazda müstəqil dövlətçiliyə qarşı qəsdlərdən gedir və bu oyunda Ermənistan əsas oyuncaqdır! Buna görə də müasir ABŞ-ın xarici siyasətini "amerikan xarici siyasətinin ana ideyasının iflası" adlandırmaq daha doğrudur! Vaşinqtonun son dövrlərdə Cənubi Qafqazdakı fəaliyyəti bunu təsdiq edir.

Ermənistan riskli yolda

Belə anlaşılır ki, ABŞ Cənubi Qafqazda "geosiyasi mövqeyini daha da gücləndirmək" üçün xaos yaratmağı qarşısına məqsəd qoyub. Bax, bu, təhlükəli gerçəklikdir. Və onun prizmasından rəsmi İrəvanın sülh müqaviləsi ilə manipulyasiyası və spekulyativ davranışlarına nəzər sala bilərik.

No description available.

Məsələ ondan ibarətdir ki, Qərbin təhriki ilə rəsmi İrəvan, bir tərəfdən, sülhpərvər dövlət kimi görünməyə çalışır, digər tərəfdən isə, özünə sərf edən və absurd xarakterli addımlar atır. Müxtəlif tədbirlərdə mifik "sülh kəsişməsi" layihəsindən bəhs edir və onun fonunda Azərbaycanın təkliflərinə alternativlər (öz anlamında) irəli sürür. Rəsmi Bakının hüquqa və ədalətə əsaslanan təkliflərini qəbul etmək əvəzinə, müxtəlif diplomatik hoqqalardan çıxır. Əlbəttə, İrəvanın məqsədi aydındır – havadarlarını tovlaması ilə regionu qarışdırıb, sonra özlərinə sərf edən vəziyyət formalaşdırmaq, bununla da İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı konstruktiv geosiyasi dinamikanı dəyişmək!

Həmin səbəbdən İrəvan gah yeni təkliflərdən daşınır, gah da COP29-a qədər Azərbaycanla sülh müqaviləsi imzalamaqdan dəm vurur. Bu zaman bir sıra prinsipial məsələlərə sonra baxılmasından danışır. Bütün bunlara Azərbaycan rəhbərliyinin cavabı aydın və dəqiqdir: müstəqilliyə xələl gətirə biləcək heç bir addım atılmayacaq! Ermənistan konstitusiyasından bəhanəsiz olaraq mürtəce müddəaları çıxaracaq və sülh müqaviləsi bundan sonra imzalana bilər!


MANŞET XƏBƏRLƏRİ