Azərbaycan MDB-yə "yeni nəfəs" verir: İlham Əliyev Avrasiyanı dəyişir


Kamal Adıgözəlov

Ekspertlər çoxdandır Müstəqil Dövlətlər Birliyinin (MDB) belə canlı sammitinin olmadığını qeyd edirlər. Onlar oktyabrın 8-də Moskvada keçirilmiş MDB dövlət başçılarının müzakirələrini nəzərdə tuturlar. Hətta Rusiya mətbuatı Nikol Paşinyanın düşdüyü gülünc vəziyyəti çevik şəkildə yaymaqla tədbirə emosional münasibəti xeyli gücləndirdi. Konkret olaraq müzakirələrdə isə Azərbaycan Prezidenti İlham Əliyevin dolğun tezisləri gündəm oldu. Siyasilər və media ilk olaraq İlham Əliyevin fikirlərindən bəhs etdilər və indi də etməkdədirlər. Azərbaycanın dövlət başçısı, faktiki olaraq, MDB-yə yeni nəfəs verdi, onun realpolitik müstəvisində nəticəverici fəaliyyət göstərə bilməsinin yeni fəlsəfəsini ortaya qoydu. Bu kontekstdə MDB-nin son Moskva sammitinin bir sıra məqamları üzərində geniş dayanmağa ehtiyac duyduq.

Regional təşkilatların fərqli formatları

XXI əsrdə regional və beynəlxalq miqyaslı təşkilatların fərqli formatları mövcuddur. Bir sıra təşkilatlarda əlaqələrin səviyyəsi və dərinliyi strateji müttəfiqliyə qədər gedə bilir. Digərlərində konkret hüquqi və siyasi çərçivədən kənara çıxmaq olmur. Bir başqasında isə yalnız hansısa konkret sfera üzrə, məsələn, iqtisadi və ticari-nəqliyyat istiqamətləri üzrə təşkilatlanma nəzərdə tutulur.

Bütün bunların fonunda keçən əsrin 90-cı illərinin əvvəllərində yaranmış Müstəqil Dövlətlər Birliyinin formatı daha çox seçilir. Öncə belə bir fikir vardı ki, MDB Rusiyanın təzyiqi və hətta hədələri ilə keçmiş sovet respublikalarının formal olaraq bir araya gəlməsi formatıdır ki, sonu "sivil ayrılmalar" olacaqdır. Burada həqiqət payı çoxdur. Məsələn, MDB-yə daxil olan ölkələr arasında münasibətlər normal deyildi və onun bir qismi hələ də qalmaqdadır. Burada başlıca olaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyət vurğulanırdı.

XXI əsrdə isə həmin problemə Rusiya-Gürcüstan və Rusiya-Ukrayna münaqişələri əlavə olundu. Bununla da MDB daha çox ziddiyyətli və fraqmentləşmiş formaya düşdü.

Bunlardan başqa, MDB-yə üzv olan dövlətlərin təşkilat daxilində fəaliyyət səviyyələri də fərqlidir. Məsələn, Azərbaycan bəyan edib ki, MDB çətiri altında yeni təşkilatların yaradılmasını qəbul etmir. MDB-də "maraqlı dövlətlər formatında" iştirak edir. MDB-nin və onun icra orqanlarının beynəlxalq hüquqi subyektliliyini tanımır və s.

Azərbaycandan fərqli olaraq, Belarus və Qazaxıstan daha sıx əməkdaşlıq formatına üstünlük verirlər. Rusiya ilə Belarus ittifaq dövləti yaradıblar, Qazaxıstan isə Rusiya və Belarusla geniş əməkdaşlıq layihələrinə malikdir. Bütün bunlar Azərbaycanın MDB-yə münasibətində heç bir dəyişiklik etməyib, çünki rəsmi Bakı inamla müstəqil siyasət yeritməkdə davam edir.

Ukrayna və Gürcüstanın MDB-dən uzaqlaşmaları təşkilatın tamamilə dağılması ehtimalını da yüksəltmişdi. Xüsusilə Rusiyanın hər iki ölkənin ərazisinin bir hissəsini zəbt etməsi bu təşkilatın mövcudluğunun geosiyasi və siyasi anlamını heçə endirirdi. Ukrayna və Gürcüstanla münaqişələr hələ də davam etdiyindən ekspertlər MDB daxilində "barıt çəlləyi"nin qaldığını bildirirlər. Lakin bir hadisə MDB məkanında vəziyyəti dəyişdi və meydana yeni məqamlar çıxdı. Bu, Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi qələbəsi nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı idi.

Azərbaycan "postsovetizmi" aşdı

Sözün həqiqi siyasi-diplomatik və geosiyasi-hərbi mənada Azərbaycan cəmi 44 gün ərzində "postsovet məkanı" anlayışını dəyişdirdi. Daha doğrusu, faktiki olaraq, keçən əsrin 90-cı illərindən "postsovet məkanı" termininin aldığı məzmunu yeniləşdirərək onu həmin "klassik" anlamının hüdudlarından çıxardı. Bu, bütövlükdə Avrasiya məkanında olduqca əhəmiyyətli geosiyasi-hərbi transformasiya idi. Onun bir sıra detalları üzərində dayanmağa çalışaq.

Hər şeydən öncə, Azərbaycan Avrasiyada mövcud olan MDB təşkilatının iki üzvü arasındakı münaqişəni tarixi ədalət və beynəlxalq hüquq çərçivəsində həll etdi. Bununla göstərdi ki, ümumiyyətlə, MDB daxilində bu kimi münaqişələri təşkilata üzv ölkələr özləri həll edə bilərlər. Bu, dolayısı ilə MDB-nin heç də tam perspektivsiz təşkilat olmadığını göstərdi.

Digər məqam onunla bağlıdır ki, Azərbaycan Cənubi Qafqazda qalib dövlət kimi regional geosiyasi mənzərəni destruktivizmdən konstruktivizmə transfer edərək, bu prosesi bütövlükdə MDB məkanında reallaşdırmağın mümkünlüyünü göstərdi. Rəsmi Bakı həmin tezisi Vətən müharibəsindən sonra atdığı siyasi-diplomatik addımlarla sübut etdi.

Onun əlamətlərindən biri kimi, MDB-yə daxil olan bütün dövlətlərin başçılarının Azərbaycana səfərlər etməsi, onun Qələbəsinə haqq qazandırmaları, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək zərurətini vurğulamaları və konkret əməkdaşlıq sənədləri imzalamalarını göstərmək olar. Bütün bu sənədlər həm də MDB daxilində əməkdaşlığı gücləndirməyə və qarşılıqlı etimadı yüksəltməyə xidmət edir.

Nəhayət, Azərbaycan MDB-yə bir-birinin daxili işlərinə qarışmamaq, suverenliyə qarşılıqlı hörmət etmək və müstəqil siyasət yeritməyə mane olmamaq kimi əhəmiyyətli prinsiplərin təntənəsini gətirdi. İndi Rusiya Prezidenti V.Putin məhz həmin prinsipləri qlobal miqyasda dövlətlərarası münasibətlərin formalaşmasının təməl şərtləri kimi təqdim edir.

Azərbaycanın "postsovetizmi" aşması özlüyündə realpolitik münasibətlər çərçivəsində MDB-nin təkmilləşməsi məsələsinin mümkünlüyünü üzə çıxardı. Və bununla kifayətlənməyən rəsmi Bakı MDB-nin son Moskva sammitində konkret siyasi-diplomatik addımları ilə həmin istiqamətdə irəliləyişin mümkünlüyünü nümayiş elədi.

MDB-nin yeniləşmə fəlsəfəsi

Ekspertlər bunu düşündürücü proses hesab edirlər. Moskvada Azərbaycan Prezidentinin çıxışı zamanı ifadə etdiyi yığcam tezislərin məzmununa görə həmin fikri irəli sürürlər. Burada təşkilatın yeniləşməsinin fəlsəfəsi dedikdə, bütövlükdə dövlətlər arasında münasibətlərin prinsiplərinin dəyişməsi məntiqini nəzərdə tuturlar. Əlamətdar haldır ki, ekspertlər bunu məhz Azərbaycanın həyata keçirdiyini vurğulayırlar. Yəni, indiyə qədər ənənəvi olaraq Rusiya və ya Belarus, bir sıra hallarda Qazaxıstan bu cür təşəbbüslərlə çıxış edirdilərsə, indi fəallıq impulsu Azərbaycandan qaynaqlanır. Bunun da müstəqil dövlətçilik baxımından çox maraqlı siyasi və geosiyasi özəllikləri vardır.

Azərbaycan Prezidenti Laçın şəhərinin gələn il MDB-nin mədəniyyət paytaxtı elan edilməsini yüksək qiymətləndirib, bu hadisəni Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi istiqamətində göstərdiyi fəaliyyətin nəticəsi kimi təqdim edib. Bu mənada MDB Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin, ümumiyyətlə, təşkilatın xeyrinə olduğunu vurğulayır. Laçın 30 il Ermənistanın işğalı altında qalıb, lakin MDB təşkilat kimi onun azad edilməsində fəallıq göstərməyib. Hazırda Azərbaycan bu məsələdə MDB-yə yardım edir. Ancaq Azərbaycan müstəqil siyasətini zərrə qədər də məhdudlaşdırmadan bunu edir. Deməli, Azərbaycan, əslində, MDB-yə üzv dövlətlərin hər birinin müstəqil siyasət yeridə bilməsi üçün siyasi, diplomatik və geosiyasi baza formalaşdırıb.

Digər tərəfdən, Azərbaycan Prezidenti İkinci Dünya müharibəsində ölkəmizin qələbəyə verdiyi töhfələri konkret faktlarla bir daha xatırladıb. Bu o deməkdir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəlməsi təsadüfi deyildir – tarixən azərbaycanlılar azadlıqsevər olub və hər bir tarixi dönəmdə bunu təmin etməyi bacarıblar! Bir vaxtlar azərbaycanlıları tacir kimi təqdim etməyə çalışanlar üçün İlham Əliyevin İkinci Dünya müharibəsində Taqanroq diviziyasının Berlinə ilk daxil olanlar sırasında olduğunu xatırlatması lap yerinə düşür.

İlham Əliyev həmin kontekstdə ifadə edib: "416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar".

Azərbaycan xalqı İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə böyük hörmətlə yanaşır və bu prosesdə aktiv iştirak edəcəkdir.

Bununla Azərbaycan Prezidenti MDB-nin mövcud olması və real fəaliyyət göstərməsi üçün ona yeni impuls verir – ədalətli olmaq, hər bir üzv dövlətin hüquqlarını və haqlarını gözləmək, beynəlxalq hüquq normaları çərçivəsində qərarlar qəbul etmək!

Bunlar Azərbaycan Prezidentinin MDB-nin müasir tələblər çərçivəsində mövcud ola bilməsi üçün verdiyi tarixi töhfələrdir. İlham Əliyev, faktiki olaraq, perspektivi olmayan bir təşkilatı formallıq statusundan çıxararaq real əməkdaşlıq sahəsinə çevirməyin yolunu göstərib. Bu isə hər bir üzv dövlətə faydalıdır. Çünki söhbət təhlükəsizlik kontekstində bütövlükdə Avrasiyadakı sabitlikdən və əməkdaşlıqdan gedir. Həm də bir-biri ilə həmsərhəd olan, əsrlərdir ki, qonşu olan ölkələrin başqa yolu vardırmı?!


MANŞET XƏBƏRLƏRİ