Əslində, son hədəf İrandır…


Sədrəddin Soltan

HƏMAS-İsrail, “Hizbullah”-İsrail savaşının təsiri region ölkələrini də əhatə edə bilər.

Bu qarşıdurmanın tüstüsünün Körfəzdəki ərəb ölkələri iqtisadi şurasına daxil olan dövlətləri əhatə etməsi, Türkiyə sərhədlərinədək uzanması da mümkün sayılır.

İranın hücumuna İsrailin səssiz qalması Tehranı narahat edir. İslam Respublikası rəhbərliyi, hökuməti sanki tikan üstündə oturub. Müxtəlif informasiya mənbələri İsrailin İranı vuracağına dair xəbərlər yayırlar. Hətta, İslam Respublikası ölkənin hava məkanında uçuşu qadağan belə etmiş, bununla da İsrailin hücumuna hazırlıq gördüyünü nümayiş etdirmişdi.

Ölkənin müxtəlif səviyyəli hərbi və hökumət rəsmiləri İsrail hücum edəcəyi təqdirdə İranın cavabının daha sərt olacağını gizlətməyib.

Bu günlərdə ABŞ Prezidenti Cozef Baydenlə İsrail hökumətinin başçısı Benyamin Netanyahu arasında telefon danışığının da əsas mövzusunun İranın vurulması ilə bağlı olduğu iddia edilir.

Bəhs etdiyimiz söhbətdən öncə yəhudi dövlətinin müdafiə naziri Yoava Qallant İrana zərbənin “ölümcül, dəqiq və gözlənilməz” olacağını bildirmişdi.

Bu günlərdə Baydenlə Netanyahu arasında avqustdan sonra birinci telefon danışığı olub. Söhbətin detalları və əldə edilən razılığa dair məlumatlar yayılmayıb. Bildirilib ki, ABŞ İranın ballistik raket hücumuna İsraili hələ cavab addımı atmamağa çağırıb.

Oktyabrın 4-də Cozef Bayden bildirmişdi ki, İsrailin yerinə olsaydı, İranın neft yataqlarını hədəfə almaq üçün alternativ yolları nəzərdən keçirərdi. O, İsrailin İrana verəcəyi cavabın formasına hələ qərar vermədiyinə inandığını vurğulamışdı. Bundan başqa, Bayden ötən həftə İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsini dəstəkləməyəcəyini də qeyd etmişdi.

Ancaq İsrail hökumətinin atacağı addım hələ də məlum deyil. ABŞ və onun başqa müttəfiqləri yəhudi dövlətinin rəhbərliyini Qəzza zolağı və Livanda atəşkəs haqqında razılığı qəbul etməyə çağırmışdı.

İsrail hökuməti isə atəşkəslə bağlı razılıqları rədd edərək, israillilərin təhlükəsizliyi təmin olunanadək əməliyyatları davam etdirəcəklərini bildirib.

Deməli, İranın narahatlığı səbəbsiz deyil. Bu o deməkdir ki, Fələstində, o cümlədən Qəzza zolağında, Livanda, Suriya və İraqda, habelə Yəməndə İsrailin və vətəndaşlarının təhlükəsizliyini təhdid edənlər zərərsizləşdirilənədək əməliyyat dayanmayacaq. Bu, həm də İranın İsrail ətrafında yaratdığı həlqə, şəbəkə sıradan çıxanadək prosesin davam edəcəyi anlamına gəlir. Yaranacaq belə bir şərait İranın İsrail ətrafından, habelə ABŞ-nin hərbi bazası üçün təhlükə yaradan ölkələrdən çıxması deməkdir.

Başqa sözlə, bu əməliyyat İranın Yaxın Şərqdən içərilərinə doğru sıxışdırılması ilə nəticələnə bilər. Yəhudi dövləti İranı regionda özü üçün təhlükə mənbəyi sayır. HƏMAS, husilər və “Hizbullah”ın Tehranın yardımı və dəstəyi olmadan İsrailə təhlükə yaratması mümkün deyil.

İranın bölgədən sıxışdırılması SSRİ-dən qalma mövqelərini gücləndirmək və bərpa etmək üçün Rusiyaya və Yaxın Şərqdə yeni mövqelər ələ keçirmək istəyən Çinə də zərbə olar.

Belə bir şəraitdə isə ABŞ və müttəfiqlərinin regional maraqlarına da təhdidlər aradan qalxar. Odur ki, HƏMAS və “Hizbullah”ın İsraillə müharibəsi məsələnin yalnız görünən tərəfidir.

Bu hadisə hətta Rusiya-Ukrayna müharibəsinədək bütün dünyanı əhatə edir. Ehtimal etmək olar ki, dünyanın yeni düzəninin bir düyünü Ukraynadakı münaqişə sayılırsa, o biri və daha aktivi İsrail ətrafındadır.

İran müharibə başlayandan rahatsız olduğunu gizlətmir. Oktyabrın 1-dən sonra bu özünü daha da qabarıq şəkildə göstərməyə başlayıb. Xüsusən “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsindən sonra bu əndişə daha da artıb.

İslam Respublikasının xarici işlər naziri Abbas Ərakçinin oktyabrın 9-da Səudiyyə Ərəbistanına səfəri onun vəziyyətinə aydınlıq gətirib.

Nazir Ər-Riyadda keçirdiyi rəsmi görüşlərdə krallığın neft obyektlərinin təhlükəsizliyinə təminat verməyəcəkləri barədə xəbərdarlıq edib. Məlumata görə, Tehran elçisi ABŞ-nin yardımı ilə İsrailin İrana hücum edəcəyi halda Körfəzdəki ölkələri müharibə ilə hədələyib. Görüşdə Abbas Ərakçı qeyd edib ki, Körfəz ölkələri öz hava məkanını İsrailə açsa, onda İran bunu özünə qarşı müharibə aktı kimi qiymətləndirəcək.

Belə nəticəyə gəlmək olar ki, iranlı nazirin Səudiyyə Ərəbistanına daha çox aşağıdakı məqsədlər üçün səfər etdiyini düşünmək olar:

- müharibənin dayanması üçün ABŞ-yə, dolayısı ilə İsrailə öz nüfuzu gücündə təsir göstərilsin;

- qarşı tərəflərlə danışıqlar aparmaq üçün krallıq vasitəçilik etsin;

- müharibənin regionun başqa ölkələrinə də keçəcəyinə dair xəbərdarlıq etsin;

- regional təhlükə üçün İran ətrafında koalisiya yaradılsın.

Nazirin səfəri onu da göstərir ki, artıq Tehran proksi qüvvələrindən daha çox özünün gələcəyindən narahatdır. Çünki Benyamin Netanyahu İran vətəndaşlarına müraciətdə iranlılarla israillilər arasında münasibətin “bu hakimiyyətdən sonra” daha yaxşı olacağından bəhs edib.

Bu hadisələr onu göstərir ki, həm ABŞ, həm də İran region dövlətlərindən ibarət koalisiya yaratmaq istəyir. Ağ ev buna keçmiş Prezident Donald Trampın təşəbbüsü ilə bir dəfə cəhd edib. Ancaq bu təşəbbüs uğursuzluqla nəticələnib. Son zamanlar İran buna çalışır. Ölkənin ali rəhbəri ayətullah seyid Əli Xamənei, Prezident Məsud Pezeşkianın “müsəlman dövləti birliyi”nə dair çağırışlarını örnək göstərmək olar. Elə krallıqda səslənən “İran və Səudiyyə Ərəbistanın regionun təhlükəsizliyini təmin edə bilər” fikir koalisiya yaradılması təşəbbüsünün açıq üzüdür.

Odur ki, Yaxın Şərqin təhlükəsizliyinin təhdid mənbəyi həm də xaricdədir. Bölgədə müharibə deyil, qarşıdurma genişlənə bilər. Lap İsrail İranı vursa, Ştatların regiondakı müttəfiqlərinin baza və obyektlərinə zərbə endirsə, bunun sonrakı mərhələsi Tehranın ziyanına ola bilər. Çünki regiondan kənar gücə bu hadisələr elə ciddi təsir göstərməyəcək. Ancaq ehtimal etmək olar ki, İran ərazisində vəziyyət hakimiyyətin düzəldə bilməyəcəyi şəkildə ağır olacaq. Bu isə bir müddət sonra Yaxın Şərqdə yeni siyasi şəraitin yaranması üçün əsas verə bilər.

Odur ki, mövcud qarşıdurmadan daha çox bölgədə gərginlik və böhran yaradan dövlət, maraq, qüvvə ziyan görəcək.


MANŞET XƏBƏRLƏRİ