AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
I Yazı
XIX əsrdə yazıb yaratmış Azərbaycan Türk qadın şair-ədiblərindən Heyran xanım, Ağabəyim ağa Ağabacı, Xurşidbanu Natəvan, Mirzə Fatma Kəminə, Şahnigar Rəncur, Aşıq Pəri, Ziba xanım Ləli, Gövhər ağa, Mahtab xanım, Zöhrə xanım, Fatma Şirvani, Mah xanım, Qönçəbəyim və başqaları kifayət qədər qabaqcıl görüşlü, mütərəqqi düşüncəli olub yalnız Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da kifayət qədər tanınmışlar. Onların maarifçi, ruhi-mənəvi şeirlərində Azərbaycan Türk qadının arzu-istəkləri ilə yanaşı, insan həyatına və dünyaya ictimai-fəlsəfi baxışları da əks olunmuşdur. Məsələn, Ağabəyim ağa Ağabacı Qarabağ xanı İbrahimxəlil xanın qızı, X.Natəvanın isə bibisi olub 1780-ci ildə Şuşada anadan olmuşdur. 1801-ci ildə Qacarlar dövlətinin hökmdarı Fətəli şah Qacarla ailə həyatı quran Ağabacı ömrünün sonua qədər (1832) Tehranda yaşamışdır. Onun az sayda günümüzə qədər çatan şeirləri daha çox hicran-vüsal nisgili ilə bağlıdır (Həsənova Məlahət, Cəlilli Şərif. Azərbaycanın milli dövlətçilik tarixində görkəmli qadınlar. İstanbul, İMAKOFSET, 2008; 123-124).
Naxçıvanda anadan olmuş qadın ədib-şairlərimizdən biri olan Qönçəbəyim (1827-?) bəzi bilgilərə görə Naxçıvanın sonuncu xanı Ehsan xanın, digər məlumatlara görə isə Paşa bəy Kəngərlinin qızıdır. Ehsan xanın qızı Sonabəyimin Qafqaz canişininə yazdığı məktublar da Qönçəbəyimin atasının Paşa bəy Kəngərli olmasının təsdiq edir: “Sonabəyimin digər məktublarında da Ehsan xanının iki qızının olduğu təkrar-təkrar yazılıb. Bu məktublar bir daha təsdiqləyir ki, şairə Qonçabəyim xanım Kəngərli Ehsan xanın qızı deyil. Şairə Qonçabəyim xanım Bilici qolundan olan Paşa bəy Kəngərlinin dost-doğmaca qızıdır” (Quliyev Musa-Rəhimoğlu. Şair Qonçabəyim Kəngərli: yeni arxiv sənədlərinin işığında. 525-ci qəzet.25.04.2023).“Qönçeyi-ülfət” ədəbi məclisinin iştirakçılarından olan Qönçəbəyimin “Şahzadə İbrahim” dastanında Bəyimin dilindən deyilən şeirlərin müəllifi olduğu ehtimal edilir. “Gürcü şairi Nikoloz Barataşvili Naxçıvanda mahal rəisi işlədiyi vaxtlar “Qönçeyi-ülfət”in şeir yığıncaqlarının tez-tez qonağı olmuş, burada Qönçəbəyimin poeziyasına valeh olmuşdur. O, naxçıvanlı şairə “Qonçabəyimin nəğməsi” adlı şeir həsr etmiş, şairin şeirlərindən birini isə gürcü əlifbası ilə köçürərək tərcümə olunmaq üçün Tiflisə göndərmişdir” (Paşayeva Qənirə. Tarixə adını yazan Azərbaycan qadınları. I cild. Bakı, “CBS” 2023;104).Qönçəbəyim yazırdı:
Aşıq bilər məşuqunun halını,
Qismət olsa, ələ alaq əlini,
Gözləməkdən bimürvətin yolunu,
Gözümdə qalmadı qarə, de gəlsin.
(Qonçabəyim. Şeirlər // Azərbaycan qadın şairləri antologiyası. Bakı, “Avrasiya Press”, 2005;58).
Qarabağda Maralyan kəndində anadan olmuş Aşıq Pəri (d.1810/1811-?) müasirləri arasında dərin hörmət qazanmışdır. Onun Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq və başqaları ilə deyişmələri ədəbiyyat aləminə məlumdur (Aşıq Pəri. Qoşmalar // XIX əsr Azərbaycan şeri antologiyası, Bakı, "Şərq-Qərb", 2005; 139).Əsil adı qaynaqlarda Hökumə, bəzən də Zeynəb kimi yazılan Rüstəmə isə Zəncan üsyanında mühüm rol oynamışdır. O, Zəncan babilərinin başçısı Molla Məhəmməd Əlinin yaxın silahdaşlarından olub (Paşayeva Qənirə. Tarixə adını yazan Azərbaycan qadınları. I cild. Bakı, “CBS” 2023;109-113).“Tənbəki hərəkatı”nda Zeynəb paşa adıyla məşhurlaşan Azərbaycan Türk qadının da xüsusi rolu və əməyi olmuşdur. Tarixi faktlara əsasən Zeynəb Paşanın adı “Tənbəki hərəkatı” hadisələrindən sonra gündəmə gəlmişdi.
XIX əsrin ortalarından başlayaraq İslam-Şərq mədəniyyətinin əsas təməl prinsiplərində radikal, köklü dəyişikliklər etmək istəyənlər arasında Azərbaycan Türk ədib-ziyalı qadınlarından biri də Tahirə (Zərintac) Qürrətül-Eyn (1817-1852) olmuşdur. İslam-Şərq mədəniyyətində, İslam fəlsəfəsində əsaslı şəkildə islahatların aparılmasını irəli sürən, şeyxiliyin dini-islahatçı radikal davamı kimi meydana çıxan Babilik hərəkatının tanınmış siması Qürrətul-Eyn Azərbaycanın Qəzvin şəhərində milliyyətcə türk Molla Məhəmməd Saleh Baraqaninin ailəsində dünyaya gəlmişdir. Tahirə Qürrətul-Eyn uşaqlıqdan doğma Türk dili (Azərbaycan) ilə yanaşı, ərəb və fars dillərini də öyrənmiş, eyni zamanda dini və dünyəvi elmlərlə də tanış olmuşdur. Nitqdə, şeir və nəsrdə az bir zamanda tanınan Qürrətul-Eyn həmin dövrdə üsulilər və şeyxilər arasında gedən mübarizəni dərindən izləmiş, onlardan könüllü olaraq şeyxiliyi qəbul etmişdir. K.Əliyeva yazır: “O, özbaşına iki məşhur alimin - Şeyx Əhməd Əhsainin və Seyid Kazım Rəştinin kitablarını mütaliə edərək öyrənir. Şeyx Əhsaninin təlimləri ənənəvi, ortodoks İslam anlayışlarının əleyhinə idi. Zərrintac onun təlimlərini Quranın daxili prinsipləri ilə müqayisə edir və görür ki, onların arasında ziddiyyət yoxdur. Şeyxin inanclarından biri qiyamət haqqında idi. O öyrədirdi ki, qiyamət günü bədən dirilib qalxmayacaq, əksinə, çürüyəcək, ruh isə Allahın hüzurunda sakin olacaq. Bu, Zərrintacın ailəsi başda olmaqla, o dövrün islam nəzəriyyəçilərinin fikirləri ilə daban-dabana ziddiyyət təşkil edirdi” (Əliyeva Kəmalə. Tahirə Qürrətül-Eyn – 200. “Türküstan” qəzeti, №56 (519), 13-19 mart 2018-ci il; 15).
Doğrudan da, Tahirənin ailəsi şeyxiliyin əleyhdarı olub mühafizəkar şiə imamiliyinə sadiq idilər. Onun atası Molla Saleh qızının şeyxiliyə meyil etməsinə qarşı olmuşdur.Artıq həmin dövrdə şeyxilərlə şiə imamiliyi bir-birindən xeyli dərəcədə uzaqlaşmışdır. Məsələn, Babiliyin ilkin əsaslarını irəli sürmüş şeyxilər, o cümlədən Əhsai və Rəşti öz müridləri ilə Kərbəla şəhərində İmam Hüseynin qəbrini ziyarət edərkən daim ayaq tərəfdə durub, nurlanmış qəbrin digər tərəflərinə qədəm basmaz və müqəddəs məqama ehtiramlarının bu şəkildə büruzə verərdilər: “Amma qalan camaat ziyarət vaxtı qəbrin ətrafına fırlanar, hətta mübarək məzarın baş tərəfinə də keçib ziyarət duası oxuyardılar. Şeyxilər bu əqidədə idilər ki, Tanrı dərgahına yaxın olanlar həmişə diridirlər və iman əhlinə ölüm yoxdur. Onlar İmam - əleyhissalamı daim canlı bilirdilər və buna görə də deyirdilər ki, iman əhlinə yol göstərən canlı imamın hüzurunda ehtiramı gözləməmək insana yaraşmaz. Bu səbəbdən də ziyarət vaxtı imamın başı üstə duran şiələrə “balasəri” (baş tərəfdə dayananlar) adını vermişdilər” (Zərəndi Nəbil. Dan yerinin şəfəqləri. Bakı, 2001; 62).
Beləliklə, dini-mistik şiə məktəblərindən şeyxiliyin qızğın müdafiəçisinə çevrilən Qürrətül-Eyn şeyxiliyin Şeyx Əhməd Əhsaidən sonrakı varisi Seyid Kazım Rəştinin etimadını qazanmış, bir çoxlarına görə, bu ləqəb də Tahirəyə onun tərəfindən verilmişdir. K.Əliyeva yazır: “Kazım Rəşti Əhsai ilə birgə şeyxilik məktəbinin banisi idi. Şeyxilik şiə islamından törəmiş və XIX əsrin ortalarında yaranmış bir teoloji məktəb idi ki, Babiliyin nəzəri əsaslarını təşkil edirdi. Zərrintac Şeyxi ehkamları barədə yazdığı analitik traktatı öz ustadı hesab etdiyi Rəştiyə göndərir. Gənc alimin – qadının istedadından təsirlənən, dövrünün işıqlı alimi Seyid Kazım Rəşti cavabında onu “Qürrətül-Eyn” adlandırır” (Əliyeva Kəmalə. Tahirə Qürrətül-Eyn – 200. Bakı, “Türküstan” qəzeti, №56 (519), 13-19 mart 2018-ci il; 15).
Qeyd edək ki, mürşidini görmək üçün Kərbəlaya gedən Qürrətül-Eyn bu şəhərə çatmamış Seyid Kazım Rəşti ölmüşdür (1843). “Həzrət Tahirə orada (Kərbəlada) qalıb gözləməyə başladı ki, görsün Seyid Kazımın Zühur Çağının yaxınlaşmasından bəhs etdiyi vəd olunmuş şəxsin sədası haradan ucalacaq” (Zərəndi Nəbil. Dan yerinin şəfəqləri. Bakı, 2001; 62).Rəştinin ölümündən az sonra (1844-cü il) şeyxilərin bir qismi Hacı Kərim xanın (kərimxanilik) ətrafında birləşdiyi halda, Babi-imamın ortaya çıxdığına əmin olan şeyxilərin çoxu Seyid Əli Məhəmməd Şirazinin özünü bab elan etməsiylə ona (babiliyə) qoşuldular. Qürrətül-Eyn də Baba iman gətirərək Rəşt, Kərbəla və Bağdadda Babiliyi təbliğ etmişdi.
Əbdülbəha Abbas Əfəndi öz xatirələrində Tahirənin Babiliyi qəbul etməsi haqqında yazır ki, o, Kərbəlada olarkən hamı kimi Babın zühur etməsini gözləyirmiş: “Bir gecə səhərə yaxın o başını yastığa qoydu, dünyadan bixəbər oldu və və yuxu gördü; yuxuda gənc bir Seyyid, qara əbada, yaşıl türbanda göydən ona nazil oldu. O (Seyid) havada asılmışdı, ayələr oxuyur qnutda dualar edirdi. Birdən o (Tahirə), həmin ayələrdən birini əzbərlədi, ayılanda onu öz dəftərində yazdı. Həzrət Bab özünü elan edən və onun birinci kitabı olan “Əhsənül-Qisas” yayılandan sonra, bir gün Tahirə onun bir bölməsini oxuyanda yuxuda yazdığı həmin ayəyə rast gəldi. Dərhal şükranlıq edərək, o diz çökdü və səcdəyə getdi, inandı ki, Həzrət Babın müjdəsi həqiqətdir” (Tahirə tarixdə. Şərq və Qərb tədqiqatçıları Qürrətül-Eyn haqqında. Bakı, “Elm və təhsil”, 2016; 12).
Babiliklə bağlı burada incə bir məqam var ki, ata və ana tərəfdən peyğəmbər nəslindın sayılan, Şirazda anadan olan Seyid Əli Məhəmməd Şirazinin (1819-1850) əsil məqsədinin Qacarlar hakimiyyətinin devirilməsi, yoxsa imamiyyə-şiəliyə qarşı olması ilə bağlı müxtəlif mülahizələr vardır. İstənilən halda Qürrətül-Eyn Kərbəlada açıq şəkildə babiliyi təbliğ etməyə başlamış, hətta Seyid Məhəmmədin “Əhsənül-Qisas” kitabını ərəbcədən fars dilinə çevirmiş, özü də bir sıra qəsidə və şeirlər yazmışdır. Bəhaliyin fəal təmsilçilərindən biri olan N.Zərəndi də yazır ki, həzrət Babın inayət göstərərək, onunla görüşmədən ilk möminlər sırasına daxil etməsi həzrəti Tahirənin məhəbbət, sədaqət və şücaətini artırmış və o, hədsiz fədakarlıqla ilahi təlimi yaymağa başlamışdı: “O, ərinin və qohumlarının xoşagəlməz işlərini tənqid edirdi. Həzrət Tahirənin fəaliyyəti insanların əxlaq və davranışında güclü dəyişiklik əmələ gətirdi, düşüncələrdə bir inqilab baş verdi. O, daim şövq və məhəbbətini artırır, feyz mənbəyindən tükənməz nemətlər əxz edirdi. Həzrəti Tahirə başdan-ayağa şücaət və qeyrət mücəssəməsi idi, hər an fəaliyyətini gücləndirirdi. O, Allah əmrinin əzəmətini yaxşı anlayırdı və inanırdı ki, bu çağırış bütün dünyaya yayılacaq, bütün insanlar onun kölgəsinə pənah gətirəcəklər” (Əliyeva Kəmalə. Tahirə Qürrətül-Eyn–200. “Türküstan” qəzeti, №56 (519), 13-19 mart 2018-ci il; 15)