Bolşeviklərin Azərbaycandakı qurbanları


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

II Yazı

Mart soyqırımının səbəbləri - Evelina Münaqişəsi

Lənkərandan Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini dəfn üçün Bakıya gətirən “Evelina” gəmisinin bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi ilə 1918-ci ilin martında Bakıda ictimai siyasi vəziyyəti son dərəcə gərginləşdirdi. Şəhərdə Azərbaycan türklərinin hərbi qüvvələrinin az və zəif olduğunu yaxşı bilən Bakı sovdepinin (Sovetinin) rəhbərliyi, Stepan Şaumyan başda olmaqla, müsəlmanlara –türklərə “dərs vermək” üçün milli qırğına və soyqırıma hazırlaşırdı.Bu məqsədlə zavod və mədənlərdə rus və erməni fəhlələri müxtəlif bəhanələrlə “Qızıl ordu” sıralarına qəbul edilirdilər.Bakıda rus Milli Şurasının əsgər yığmaq fəaliyyətlərini erməni Milli Şurası təkrar edərək cəbhədən qayıdan erməni əsgərlərini Bakıda saxlamaq üçün martın əvvəllərində “erməni əsgərlərinə” müraciət etdi. Erməni milyonçusu Aleksandr İvanoviç Mantaşevin zavodları isə rus və ermənilərin silah-sursat cəbbəxanası rolunu oynamağa başladı. Qacar Dövlətindən və Orta Asiyadan Sovet hökumətinin adına göndərilən silahlar da bolşeviklərin əlinə keçdi.1918-ci il martın 17-də qırğın törətmək üçün bəhanə yaratmaq məqsədi ilə “Müsavat” partiyasının üzvlərindən və Azərbaycan türklərindən ibarət əsgərləriə bolşeviklər intizamlı yaxşı təlim görmüş əsgərlər olduğu üçün onlara yunkerlər deyirdilər. Milli Ordumuzun ilk hərbi gəmisi olan “Evelina” gəmisi Şaumyanın əmri ilə atəşə tutuldu.Elə həmin gün B.Avakyan “Astoriya” mehmanxanasında Hərbi İnqilab Komitəsi adından rus və erməni əsgərlərə silah payladı.Martın 24-də şəxsi heyəti Azərbaycan türklərindən ibarət olan ilk hərbi gəmimiz “Evelina” hərb gəmisinin tərksilah edilməsi milli qırğına başlamaq üçün bolşeviklərə bəhanə oldu.Belə ki, Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda yaradılan Milli Ordumuzda hərbi xidmət edən və təsadüfən əlindəki silahdan açılan atəş nəticəsində həlak olmuş oğlu Məhəmmədin dəfnində iştirak etmək üçün Bakıya gəlmiş müsəlman alayının zabitləri dəfn mərasimindən sonra “Evelina” gəmisi ilə Lənkərana qışlalarına qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər Rus Milli Şurası, Xəzər matrosları ilə birləşdilər. Bolşeviklər belə bir şayə yaydılar ki,guya “Evelina” ilə ilə birlikdə Muğandakı rus-molokan kəndlərini “məhv etmək” haqqında tapşırıq almışlar.Rus əhalisini qorumaq üçün dərhal hərəkətə keçmək lazımdır.Bu təxribat öz “bəhrəsini” verdi,Bakıdakı bütün Bakı Kommunasının siyasi və hərbi qüvvələri “Evelina” gəmisinin tərksilah edilməsinə tərəfdar oldu.Martın 30-da təcili olaraq Bakı şəhər mədən-zavod rayonlarının inqilabi müdafiə komitəsi yaradıldı.Bu inqilabi müdafiə komitəsi hərbi əməliyyatlara rəhbərlik etməli idi. İnqilabi Müdafiə Komitəsinə hərbi rəhbərliyə Stepan Şaumyan, Prokofi Caparidze, Qriqori Korqanov, Solntsev Fyodr Fyodroviç, Qriqori Korqanov, İvan Malıqin, Aram Kostandyan və Nəriman Nərimanov daxil idi.Bakı mart soyqırımı üçün cavabdeh və məsuliyyət daşıyan şəxslər hərbi rəhbərlikdə təmsil olunan əməliyyatlara rəhbərlik edən bu şəxslər idi.

Yeni yaradılan İnqilabi Müdafiə Komitənin təşəbbüsü ilə “Evelina”nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki yeni yaradılan Milli Ordu əsgər və zabitləri tərksilah olundu. Müsəlman əhalisi məscidlərə toplaşaraq, silahların qaytarılmasını tələb etdi. Vəziyyətin çox ciddi xarakter aldığını görən Azərbaycan milli təşkilatlarının nümayəndələri bolşeviklərin inqilabi müdafiə komitəsinə gələrək, alınmış silahları “Hümmət” müsəlman bolşevik təşkilatı vasitəsilə qaytarmağa cəhd göstərdilər. Lakin bolşevik-daşnak koalisiyası əvvəlcədən başladıqları sövdələşmə əsasında türk-müsəlman əhaliyə qarşı hücuma başladı. Martın 30-da İnqilabi Müdafiə Komitəsinin əmri ilə axşam saat beşdə Bakıda ilk atəşlər açıldı.Bu Bakıda türk-müsəlman əhaliyə qarşı Mart soyqırımının (1918) başlanğıcı oldu.Şəhidlərin miqdarı 20 minə qədər təxmin edilməkdədir. Azərbaycanın istiqlalı yolunda ilk qurbanlar burada verildi. General-mayor Xəlil bəy Talışxanovun (Talışinski) yaratdığı və təşkil etdiyi 1-ci müsəlman atıcı alayının hissələri Bakıda mart qırğınları zamanı rus-erməni qüvvələrinə qarşı inadlı müqavimət göstərmiş və müqavimət sayəsində dinc əhalinin bir qisminin Abşeron kəndlərinə çəkilməsini təmin etmək mümkün olmuşdur. General Xəlil bəyin Bakıdan çıxarılması mümkün olsa da,sonrakı taleyi barəsində məlumat yoxdur.

Bolşeviklərin zülmü altında

Bolşeviklər hakimiyyəti sivilizasiyanın bütün naliyyətlərini məhv etməyə başladı. Hər yerdə daha tez-tez belə şüarlar eşidilirdi: yeraltı və yerüstü sərvətlər, şəxsi əmlak, torpaq sahələri,bağlar və sairə ümumləşdirilsin.

Bakı banklarında olan bütün pullar bu dövriyyədə olan vəsait sovet Rusiyasının əmlakı elan edildi.Bütün şəxsi əmlakın-yaşayış evlərinin, atların iri buynuzlu heyvanların, maşınların müsadirəsi ilə kifayətlənməyən bolşeviklər daha uzağa getdilər-onlar əslində adamları müsadirə etməyə başladılar-əhalinin bir hissəsini zorla ordu sırasına çəkdilər, qalanları isə sovet Rusiyasının xeyrinə işləməyə məcbur etdilər. Kommunist prinsipləri özünün bütün amansızlığı və ən şiddətli cəza tədbirləri ilə yerli əhaliyə tətbiq edildi. Bu prinsiplərə uyğunlaşmaq müsəlmanlar üçün xüsusilə çətin və ağrılı proses idi, çünki Şəriətin qanunlarına müvafiq olaraq onlar başqalarının hüquqlarına hörmət etməli,başqalarının əmlakına toxunmamalı idilər. Onları yaramaz bolşevik prinsiplərinə əməl etməyə, dəhşətli əzab-əziyyətə qatlaşıb dilənçiliyə və ehtiyaca tablaşmağa məcbur edirdilər.

Orta təbəqə və ziyalılar bu fəlakətə qatlaşanlar sırasında tək deyildilər. Mənafeləri guya bolşeviklər tərəfindən müdafiə olunan fəhlə sinfi də eyni dərəcədə əzab-əziyyət çəkirdi. Lakin buna baxmayaraq ərzaq bölüşdürülməsi məsələsi meydana çıxanda bolşevikləri “özlərininki” ilə Azərbaycan türkü fəhlələr arasında ayrıseçkilik qoyurdular. İkincilər bir qayda olaraq ya “burjaziyanın”əlaltıları, ya da əksinqilabçılar kimi damğalanırdılar.

Bakı Kommunasının xalqımıza qarşı törətdiyi bütün bu vəhşiliklərin ildönümləri Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən həm 1919-cu, həm də 1920-ci il martın 31-də Milli Matəm günü kimi qeyd olunub. Sovet dövründə bütün cidd-cəhdlərinə baxmayaraq, xalqımızın yaddaşında əbədi iz buraxmış 1918-ci il mart hadisələrini heç cür unutdura bilməmişlər.

Şamaxı soyqırımı

Stepan Şaumyanın tapşırığı ilə Şamaxıda böyük mülk var-dövlət sahibi Stepan Lalayev gizlincə Şamaxı, eləcə də, Mədrəsə, Kərkənc, Saqiyan, Zarxı, Meysəri kəndlərində yaşayan ermənilərə, həmçinin rus kəndlərinə -Ximilli, Qızmeydan, Çuxuryurda silah-sursat paylayıb, onları başdan-ayağa silahlandırdı.

Əkbər bəy Xasməmmədovun məruzəsi

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü Ələkbər bəy Xasməmmədov 1918-ci il martın 28-də Zaqafqaziya Seyminin sədrinə göndərdiyi teleqramda yazırdı: “Martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaxşı silahlanmış, top və pulemyota malik olan əsgər dəstəsi Şamaxı qəzası istiqamətinə yola salınmışdır. Dəstə yol boyu 15-dən çox müsəlman kəndini məhv edərək, Şamaxı şəhərini darmadağın etmişdir. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdir. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdır.Təcili hökumətin köməyi lazımdır”.

Ələkbər bəy Xasməmmədovun məruzəsində göstərilirdi ki, Şamaxı şəhərinə birinci və ikinci hücumlar zamanı minlərlə Azərbaycan türkü qətlə yetirilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti İstintaq Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Sovdepi (Soveti) tərəfindən 15 maşın silah,mart ayının ortalarında isə 60 maşın silah və 2000 əsgər Şamaxıya göndərilmişdi. Şamaxı soyqırımı qısa fasilələrlə bir neçə mərhələdə baş vermişdir.

I mərhələ-martın əvvəlləri -27 mart 1918-ci il.

II mərhələ- 30mart-9 aprel 1918-ci il.

III mərhələ -18 aprel-1 avqust 1918-ci il.

18 mart 1918-ci il, Şamaxı şəhəri saat 6-da Bakı Sovetinin göndərdiyi hərbi qüvvələr Şamaxını mühasirəyə alaraq 10 top, yüzlərlə pulemyot və digər silahlarla şəhəri atəşə tutmuşlar.Bundan sonra şəhərin bir neçə məhəlləsində yanğınlar başlamış, şəhər əhalisi təslim olmağa məcbur olmuşdu. Şamaxıya daxil olan rus və erməni əsgərlər şəhəri talan etmişlər. Şəhərdə az-çox salamat qalmış tikililər yandırılmışdır. Şamaxıda bolşevik və daşnakların törətdikləri cinayətlər xüsusi qəddarlıqla həyata keçirilmişdir. Qətl edilənlərin qolları, qıcları, cinsiyyət üzvləri,burunları, qulaqları kəsilib, gözləri çıxarılıb, qarınları yırtılıb, yandırılıb, işgəncə ilə öldürülüblər.

Gəncədən yeni yaradılmış silahlı dəstələrin Şamaxıya köməyə gəlməsindən qorxuya düşən erməni və rus əsgərlər Qozluçay kəndinə çəkilirlər. Gəncədən gələn Azərbaycan silahlı dəstələri onları təqib etməyə başlayır. Lakin onlara məlum olur ki, ermənilərin və rusların qüvvələri onlarınkından qat-qat çoxdur. Ona görə də dörd gündən sonra Gəncədən gələn Azərbaycan silahlı dəstələri Şamaxı şəhərini tərk etməyə məcbur olur. Gəncədən olan silahlı dəstələrlə Şamaxının əksər müsəlman əhalisi şəhəri tərk edir. Çoxlu şəhər sakini, xüsusilə yoxsullar, xəstələr, qocalar və uşaqlar şəhərdə qalırlar. Gəncədən olan silahlı dəstələr Şamaxını tərk etdikdən bir neçə gün sonra rus və erməni dəstələri geri qayıdaraq yenidən Şamaxını tuturlar.Bu dəfə şəhərin talan edilməsi və əhaliyə divan tutulması əvvəlkindən daha böyük qəddarlıqla həyata keçirilir. Şəhərdə qalan Azərbaycan türkləri, qadınlar, uşaqlar, qocalar da daxil olmaqla tamamilə məhv edilir. Şəhərdə Azərbaycan türklərinin bütün əmlakı qarət edilərək erməni və molokan kəndlərinə aparılmışdı. Şəhərdəki bütün məscidlər,onların nəzdindəki müqəddəs yerlərlə birlikdə yandırılmışdı. Şamaxının ətrafında 120 kənd olmuşdur ki,bunlardan da 86-sı soyqırıma məruz qalıb. Azərbaycan Xalq Cümhriyyəti İstintaq Komissiyası öz işini dayandırdığına görə soyqırıma məruz qalmış digər 33 kənd haqqında məlumat toplamaq mümkün olmamışdı.

“Piran-Şirvan” məhəllələri tamamilə talan edilmiş və yandırılmışdır. Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, şəhərin 13 məhəllə məscidi və məşhur 800 illik tarixi olan Şirvanşahlar dövründən qalma Cümə məscidi yandırılmışdır. Ümumilikdə isə, Şamaxı şəhərində soyqırımın iki dəfəsində şəhərin 21min 127 nəfər müsəlman əhalisindən 10 mindən artıq insan qətlə yetirilmiş, qalan əhali isə Azərbaycanın müxtəlif şəhər və qəzalarına qaçqın halında dağılmışdır. Şamaxı şəhərinə təkcə iki hücum zamanı öldürülənlərin ümumi sayı qadın və uşaq olmaqla, 10.341 nəfər təşkil etmişdir.

Şamaxı soyqırımı zamanı öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayının 40 minə qədər olduğu göstərilir. Şamaxı soyqırımına dair Azərbaycan Xalq Cümhuriyyəti İstintaq Komissiyanın sənədlərini ümumilikdə, 22 cild istintaq materialı və 63 fotoşəkil təşkil etmişdir.

Quba Soyqırımı

Amazaspın və köməkçisi Nikolayın Quba soyqırımı

1918-ci ilin aprel ayında,Bakı şəhəri və Bakı quberniyası bolşeviklərin əlində olduğu vaxt bolşevik partiyasının nümayəndəsi David Gelovani başındakı dəstəsi ilə Quba şəhərinə gəldi. Onun dəstəsində 187 nəfər silahlı əsgər var idi. David Gelovani özünü Quba qəza komissarı elan elədi və yerli əhalidən Sovet hakimiyyətini yubanmadan tanımağı tələb etdi. Qubalılar bu tələbi yerinə yetirdilər. Gelovani şəhərdə bolşevik üsul-idarəsi tətbiq etməyə başladı. Quba müsəlmanlarının dinc əhval-ruhiyyəsi ilə tanış olandan sonra Gelovani həbsxanada məhbus həyatı yaşayan 200-ə qədər ermənini buraxdı və əmin oldu ki, müsəlmanlar tərəfindən bunları heç bir təhlükə gözləmir.

Bir-neçə gün sakit keçdi. Qəflətən, qubalılar üçün gözlənilməz olan bir şəraitdə ətraf kəndlərin ləzgiləri dağlar tərəfdən Qubaya yaxınlaşdılar. Onlar David Gelovanidən ya şəhəri tərk etməyi, ya da könüllü əsir düşməyi tələb etdilər. Gelovani bu tələbi qəbul etmədi. Ləzgilər şəhəri atəşə tutmağa başladılar.Bir neçə gün davam edən atışma baş verdi. Gelovaniyə kömək məqsədi ilə Qubaya bir top və pulemyotlarla silahlanmış dəstə göndərildi.Bu köməyə baxmayaraq Gelovani şəhəri tərk etməyə məcbur oldu. Geri çəkildiyi zaman o, Qubanın əksəriyyəti ermənilərdən ibarət olan bütün xristian sakinlərini məcburən özü ilə apardı. Ləzgilər atəş aça-aça geri çəkilənləri təqib etməyə başladılar. Atışma vaxtı Gelovaninin apardığı xristianlardan bir neçəsi öldürüldü.Bunlardan: ermənilər-Maçak Kasparov, erməni keşişi Aleksandr Baqdanov, Duxol Poqosov, ruslardan-pravoslav keşişi aptekçi Qolubçik, məmur Polesnıy, meşəbəyi Abrosimov, doktor Mixels və bir çox başqalarını göstərmək olar. Gelovani öz dəstəsi və sağ qalmış qaçqınlarla birlikdə çıxıb getdi.Bundan sonra şəhərdə həyat qaydasına düşdü. Gelovanini Qubadan qaçmağa vadar etmiş ləzgi silahlı dəstələrinin üzvləri evlərinə dağılışdılar.

Bu hadisədən təxminən iki həftə sonra Qubaya xəbər çatdı ki, Bakıdan top və pulemyotlarla silahlanmış böyük bir dəstə gəlir. Şəhərin sainlərindən bəziləri əmlaklarını şəhərdə qoyub meşələrə çəkildilər. Əhalinin böyük əksəriyyəti isə şəhərdə qaldı, gələn dəstə tərəfindən təhlükə ola biləcəyini ağıllarına belə gətirmirdilər. 1918-ci il mayın 1-də səhər tezdən Amazaspın və onun rus köməkçisi Nikolayın başçılıq etdiyi dəstə Qubanı mühasirəyə aldı.Əksəriyyəti ermənilərdən ibarət olan silahlı dəstənin üzvləri şəhəri top və pulemyotla atəşə tutdular. Dəhşətli qarışıqlıq düşdü. Dəstə maneəsiz şəhərə girdi. Şəhərin alınması müsəlman əhalinin döyülməsi və onlara qarşı hər cür təhqirlərlə müşayət olunurdu. Ermənilər küçələrdə rastlarına çıxan kişi, qadın və uşaqları qəddarcasına qətlə yetirir, evlərə soxulur və bütün ailə üzvlərini öldürür, hətta anaların qucaqlarındakı körpələri belə güllələyir, xəncərlə doğrayırdılar.Bu cür öldürülənlərdən aşağıdakıları göstərmək olar: Kərbəlayı Məmməd Tağı oğlu 14 nəfərdən ibarət ailəsi ilə birllikdə. Məhəmməd Rəsul oğlu həyat yoldaşı və üç uşağı ilə (həm də onun qarnını cırmış və uşaqlarının başını kəsmişdilər). Hacı Dadaş Balaqasım oğlu həyat yoldaşı Məşədi Bibixanım və oğlu Əbdülqasımla birlikdə (onları evlərində yandırmışdılar),bundan başqa Kərbəlayı Abuzər Məstan oğlunun kiçik ekiz qızları Həkimə və Püstə anasının qucağında xəncərlə doğranmışdı. Məşədi Qənbər, Molla Məhəmmməd Saleh oğlu da həyat yoldaşı və bir neçə azyaşlı uşağı ilə qətlə yetirilmişdir.

Ardı var


MANŞET XƏBƏRLƏRİ