Asif Atanın Füzulisi



Asif Ata deyirdi: “Füzulilərə qayıtmaq vaxtıdır, Nəsimilərə qayıtmaq vaxtıdır. Ədəbi ideyalar vaxtıdır”. Bəs ölçünü necə müəyyən etməli? İndi çoxunun klassikaya qayıdışı hərfi hərfinə anladığı kimimi qayıtmaq? Ya bu prosesdə ədəbi yaradıcılığın yeni, bənzərsiz özünüifadə çalarını, xəttini yaratmaq? Əslində Atanın sunduğu ideya ipuclarını aydınca göstərir. Füzuliliyə, Nəsimiliyə qayıdış şübhəsiz, onları hərfi hərfinə təkrar etmək kimi anlaşılmamalıdır. Yaradıcılıq bənzərsizlik olayıdır, başqasını təkrarlamamaqdır. Deməli, Atanın “Ədəbi ideyalar vaxtıdır” fikri burada mahiyyət ölçüsündə çözüm, çıxış yolu tapmaq üçün gözəl imkanlardan biridir. Oxuculara Atanın Füzuli ilə bağlı iki içsəsini təqdim edirəm. Bu, Asif Atanın Füzulisidir...

İşıqlı Atalı

***

Asif Ata

Füzuliliyimiz – Aşiqliyimiz

1. Eşq – İnam

Füzulidə Eşq – İnam səviyyəsindədir; sevgili İlahi Varlıqdır; Aşiq – Eşq Möminidir.

Füzulidə Eşq – Dindir; Aşiq – Dindardır. Füzuli Eşqdən başqa din tanımır.

Xublər mehrabi-əbrusinə qılmazsan sücud,

Dinini döndərgil, ey zahid ki, yaxşı din deyil.

Eşqdən kənardakı Din – Dinsizlikdir Füzulidə; Eşqdən kənardakı səcdə – Səcdəsizlikdir; Eşqdən kənardakı Etiqad – Etiqadsızlıqdır.

Eşq möminliyindən başqa möminlik yoxdur Füzulidə.

Hər yana baxsam, sürahi tək sücud etmək işim,

Qanda olsam, badə tək düşmək ayağa adətim.

Səcdə Aşiqlik İzharıdır, İnam Təsdiqidir. Füzuli Səcdə vasitəsiylə Səcdəsizliklə döyüşür, Aşiqlik vasitəsiylə Zahidliklə döyüşür. Eşq evi məscidə qarşı durur Füzulidə.

Ey olan sakini-məscid, nə bulubsan bilməm,

Buriyasında onun buyi-riyadan qeyri?

İmanə gəlmək Füzulidə Eşqə gəlmək olur:

Eşqsizlik – küfrdür; Zahid əslində kafirdir, İmansızdır.

Görməyincə hüsnünü imanə gəlməz aşiqin,

Yüz peyğəmbər cəm olub, göstərsələr min möcüzat.

Sevgiliyə üz tutmaq Füzulidə Allaha üz tutmaqdır; Hürufi davamçısıdır əslində Füzuli.

«Sevgili – Allahdır!» deyir Füzuli, Allahlığı sevgilisində görür.

Ey Füzuli, yarə döndərdim üzüm əğyardən,

Xəsmi çox gördüm, sığındım sidqilə Allahimə.

Eşq vasitəsiylə Füzuli həqiqətsizliklə döyüşür, əslində inam vasitəsiylə İnamsızlıqla döyüşür.

Müəzzin naləsin alma qulağə, düşmə təşvişə,

Cəhənnəm qapısın açdırma, vaizdən xəbər alma.

Aşiqçilik İnamçılığı yaranır Füzulidə.

2. Eşq – İdrak

Füzulidə Aşiqlikdən Yüksək İdrakilik Yoxdur. Aşiqlik İnsanı kamal əhli eləyir. Eşq – İdraki Ucalıqdı Füzulidə – ömrün İdraki hasilatıdır.

Həyat sərf edibən dərd qılmışam hasil,

Sirişki-alü-ruxi-zərd qılmışam hasil.

Dərd – İdrak Dərsidir Füzulidə, Müdriklik Məktəbidir, kamillik yoludur, İnsanı Zaman üzərində Yüksəldən.

Şəhidi-eşq olub, feyzi-bəqa kəsb eyləmək xoşdur,

Nə hasil bivəfa dəhrin həyati-müstəarindən.

Eşq İnsanı Gerçəklik üzərində Yüksəldir, bu, İdraki Yüksəlişdir – İdrakın Yüksəlməsidir – həqiqətçilik Dərdiylə, əzabıyla, səbriylə, Dözümüylə bir yerdə.

Eşq – İnsanın İdrak Göyüdür; İdrak Eşqdə Göyləşir, – Əsilləşir, Saflaşır.

Olma xali dudkeşlər söhibətindən, ey könül,

Gər dilərsən edəsən ayineyi-idrakı saf.

Eşqsizlik – Füzulidə İdraksızlıqdır; Aşiqi Eşqdən qorumaq – naşılıqdır. Eşq divanəliyində sonsuz İdrakilik var, Eşqsiz Beyində İdraksızlıq Yuva qurub.

Eşq sevdasından, ey naseh, məni mən eylədin,

Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin.

Eşqdə Aşiqlik Müdrikliyi yaranır – Ağlasığmaz.

3. Eşq – Mənəviyyat

Eşq – İlahi Mənəviyyat yaradır; İkinin Bir olması, heyrət Ülviyyəti, Fədakarlıq Təşnəsi, Ali «Mən» Müqəddəsliyi…

Dil uzadar bəhs ilə ol arizu-xəndanə şam,

Od çıxar ağzından, etməzmi həzər kim yanə şam.

Yanmaqdan, şamtək əriməkdən Usanmamaq, Doymamaq; Yana-yana Qalmaq, eşq halına ucalmaq, Eşq halında İlahiləşmək…

Derəm əhvalımı cananə qılam ərz, vəli,

Görə bilməm özümü onda ki, canan görünür.

Eşqdə özünü itirmək və tapmaq, özündəki Böyüklüyə çatmaq…

Neçə illərdir səri-kuyi-məlamət bəkləriz,

Ləşkəri-sultani-irfaniz, vilayət bəkləriz.

Özündən keçmək özümlüyü, eşqə xidmət sultanlığı, ləyaqəti.

Yar qılmazsa mənə cövrü cəfadən qeyri,

Mən ona eyləməzəm mehrü vəfadan qeyri.

Cəfaya qarşı – Vəfa, cövrə qarşı – mehr, – Aşiqlik əhvalı… Zamanı üstələmək. Eşqdən məhrum olanlar, Dövrançılar – cəfaya qarşı cəfa, cövrə qarşı – cövr əhvalından Yüksəyə qalxmırlar; Aşiqlik – İlahi əhvaldır gerçəkliyi ötən.

Min can olaydı, kaş məni-dilşikəstədə,

Ta hər biriylə bir kəz olaydım fəda sənə.

Aşiq – Fədakarlıq Təşnəsidir; özündənkeçmə burada Vəcd səviyyəsində, Ehtizaz səviyyəsindədir. Vəcd, Ehtizaz xislətli Fədakarlıq istəyi yaranır Eşqdə: Aşiq mənəviyyatı İlahiləşir.

Xali etmişdir məni məndən məhəbbət, dustlar,

Eyb qılmın görsəniz aləmdə bipərva məni.

Özünü özündən ayıran Ehtiras əslində özünü özünə çatdıran Ehtirasdır; özünü özündən Artıq, Böyük, Yüksək eləyən Ehtirasdır; mənəviyyatın ülvi səviyyəsidir; bu hal Aşiq Mənəviyyatını Müqəddəsliyə Qərq eləyir.

Hər küdurətdən məni pak etdi seyli-xuni-dil,

Şükr-lillah, atəşi-eşqin məni yandırdı pak.

Aşiqlikdən mənəviyyat Göylüyü yaranır – Yerdəkiləri ucaldan.

4. Eşq – İradə

Eşq – İlahi İradə yaradır; Bəlanı, Əzabı – nemət kimi qəbul etmək, Dərddə, Bəlada, Əzabda Böyümək; Dərddən, Bəladan, Əzabdan Dönməmək, əzabkeşlik, cəfakeşlik İnamına, İnadına Yetmək; onlardan Güc almaq.

Çox olduqca qəmu dərdim rəhi-eşq içrə xoş haləm,

Füzuli, şad olub şükr etməyimmi nemətim artar.

Dərd-qəm adlı nemət yaradır eşq, Aşiq İradəsinin neməti yaranır, dərdin nemət yaratmaq qüdrəti peyda olur; əzab barı-bəhrəsi yaranır.

Dərd-Qəm yükü düşür çiyninə Aşiqin, Ağır nemət düşür aqibətinə; Aşiq İradəsi adlanan İlahilik yaranır – Aşiq Səlahiyyəti Təsdiq olunur – Qeyri-adi.

Yaşım təxti-rəvandır, taci-zərrim şöleyi-ahim,

Görün kim, dövləti-eşq ilə nə sultanlığım vardır.

Eşq Bəlası – Dəhşətdir; Aşiq İradəsi – Dəhşətdən Fəlakət yaradır. Qara baxt Aşiq Aqibətində Ağarır.

Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar.

Bu məzmun ilə xətt ol səhfeyi-rüxsarə yazmışlar.

Eşq – Dərd Yoludur, həm də Aşiq əlacıdır. Aşiq Dərd Yolundan dönmür; Dərd əlacına çatır, o, eşq dərdindən başqa dərman tanımır.

Eşq – Dərd Dərmanı Yüküdür – Bəlalı və Şəfqətli.

Aşiqlik – Bəlalı Şəfqət Aqibətidir. Bəlanın – nicat səviyyəsidir; Fəlakətli Səadət Yoludur; – bu Yolu keçməyə İlahi İradə gərək.

Eşq dərdilə olur aşiq mizacı müstəqim,

Düşmənimdir, dustlər, bu dərdə dərman eyləyən.

Eşq Yolu – Ağrı Yoludur, Yanğı Yoludur;

Cövr odu yaxdı məni, yanımda durma, ey könül,

Bir tutulmuş atəşəm, qürbü civarımdan saqın.

O, həm də həqiqət Yoludur; bu səbəbdən də Fərəh Yoludur.

Aşiq İradəsi Bəladan İlahi Bar yetirir.

Ey Füzuli, çox məlamətdən məni mən etməgil,

Mən nihali-gülşəni-dərdəm, məlamətdir bərim.

Aşiq – Eşq Yolunu – qəm Yolunu sona qədər gedir; bu Yolda Aşiqlik Qüdrətinə Yüksəlir.

Qəm kimi öldürsə, canan tək qaçar məndən yana,

Şahi-dərdəm iltica eylər ülüvvi-cahimə.

Dərd Şahlığıdır – Aşiqlik, Dərdin – Şahlıq Yüküdür, Yoludur, Aqibətidir. Eşq – Möhnət Yolçuluğu, Qətiyyət əhvalıdır.

Gərçi ey dil, yar üçün üz verdi yüz möhnət sana,

Zərrəcə qəti məhəbbət etmədin, rəhmət sana.

Eşq qətiyyətindən – Ali həqiqət yaranır; gerçəklikdən Üstün;

Giriftari-qəmi-eşq olalı azadeyi-dəhrəm,

Qəmi-eşqə məni bundan betər, yarəb, giriftar et.

5. Qohumluq

Füzuli Eşqi – Zərdüşt İşığıdır – Atəşin.

Babək Fərəhidir – Döyüşkən.

Qorqud Həyanlığıdır – Uca.

Hürufi İnsaniliyidir – Vəcdli.

Muğam Loğmanlığıdır – Ehtizazlı.

Saz Carçılığıdır – Şövqlü.

6. Ölçü

İnam səviyyəsində Aşiqliyimiz var – Zamandan Üstün.

14-cü il (1992)


MANŞET XƏBƏRLƏRİ