Azərbaycan-qazax ədəbi əlaqələrinin müxtəsər mənzərəsi


No description available.
Nizami Məmmədov

Azərbaycan-qazax ədəbi-mədəni əlaqələri zəngin və qədim tarixi keçmişə malikdir. Bu əlaqələr öz kökləri etibarilə oğuz-qıpçaq folklor mədəniyyəti və ənənələrinə dirənir. Bunun bariz nümunəsini qazax arealında yaranan “Qorqud” (“Xorxut”) nəğmələrinin Azərbaycanda “Kitabi-Dədə Qorqud” halına gəlib formalaşmasında illüstrasiya etmək olar. Eyni zamanda bu əlaqələrin hər iki xalq üçün əhəmiyyətli olan oğuz – Nizami və qıpcaq – Afaq – daha doğrusu, Nizaminin sevimli xanımı Afaqla yaxınlığı müstəvisində, yaxud türk xalqlarının epos mədəniyyətində mühüm yer tutan “Koroğlu”nun timsalında da sübuta yetirmək olar. Azərbaycan-qazax xalqlarının ədəbi irsinin bir-birinə yaxınlığını böyük maarifçi Abay Kunanbayevin Nizami və Füzuli kimi boyük klassiklərimizin yaradıcılığından əsərlərində qidalanması ilə də təsdiqləmək mümkündür. Bu faktın özü qazax yazılı ədəbiyyatının yaramasında və formalaşmasında Azərbaycan klassik ədəbiyyatının rolunun danılmazlığını ortaya qoyur. Bundan başqa XIX əsrdə A.Bakıxanov, M.F.Axundzadə, İ.Qutqaşınlı, H.Zərdabi kimi Ç.Valixanovun, İ.Altınsarinin, A.Kunanbayevin ədəbi bədii düşüncəsində və fəaliyyətində, onların maarifçilik baxışlarında uyğunluqların, yaxınlıqların olduğunu görə bilərik.

XX əsrin 20-ci illərindən başlayaraq Azərbaycan-qazax ədəbi əlaqələri yeni tarixi dövrdə daha böyük intensivliklə inkişaf etməyə başlamışdır. Bu əlaqələri müqayisəli-tipoloji baxımdan Azərbaycan yazıçıları C.Məmmədquluzadə, N.Vəzirov, Ə.Haqverdiyev, S.S.Axundov, qazax – S.Donentayev, S.Seyfullin, İ.Cansuqurov, B.Maylin, M.Auezov və başqalarının yaradıcılığı bazasında da aydın görmək mümkündür.

Azərbaycan-qazax ədəbi əlaqələrinin möhkəmlənməsinə hər iki xalqın ədəbi nümunələrinin qarşılıqlı olaraq birinin digərinin dilinə tərcüməsi əsasında daha çox aparıldığını müşahidə edə bilərik. Təsadüfi deyildir ki, M.Auezov, O.Süleymenov, A.Alimjanov, O.Bukeyev və başqalarının əsərləri Azərbaycan dilinə tərcümə edilib geniş oxucu auditoriyasına təqdim olunmuşdur. XX əsrin 70-ci illərindən başlayaraq Abayın əsərləri çoxsaylı Azərbaycan mütərcimlərinin (M.Rahim, S.Rüstəm, A.Almazov, E.Borçalı, S.Mustafa, A.Zeynallı, Ə.Kürçaylı, İ.Tapdıq, M.Araz, F.Sadiq, Ə.Cəmil, M.Dilbazi, N.Gəncəli, Q.Qasımzadə və b.) zəhməti sayəsində, M.Auezovun “Abay” romanının, 1980-ci illərin əvvəllərində O.Süleymenovun “Az-Ya” və s. əsərlərinin, 2000-ci illərin birinci onilliyində O.Bukeyevin povest və hekayələrinin, son illərdə O.Süleymenovun əsərlərinin intensiv olaraq mütərcimlərimiz tərəfindən dilimizə tərcüməsi, A.Feyzullayevanın “Oljas Süleymenov” monoqrafiyası, F.Ağayevanın Abayın Azərbaycanla olan əlaqələrinə həsr etdiyi “Abay və Azərbaycan” monoqrafiyası, N.Tağısoyun Azərbaycan-qazax folklor əlaqələri,qazax qəhrəmanlıq dastanı “Koblandı batır”ın Azərbaycan dilinə tərcüməsi, T.Teymurovun “M.Auezovun “Abay” romanında epik vüsət bədii detal”, N.Azadgilin “XX əsr qazax nəsrində mifologizm (O.Bukeyevin nəsri əsasında)”mövzusunda yazdıqları fəlsəfə doktorluğu dissertasiyaları, F.Məmmədovun “Muxtar Auezov və Əbdü Cəmil Nurpeisovun roman yaradıcılığı”, Əbdü Cəmil Nurpeisovla İsmayıl Şıxlı yaradıcılığının müqayisəli-tipoloji müstəvidə

təhlillər apardığı məqalə və metodik vəsaitlər Azərbaycan-qazax ədəbi əlaqələrinin daim diqqət mərkəzində olduğunu sübut etməkdədir.Bundan başqa, Azərbaycan-qazax ədəbi əlaqələrinin ümumi məzərəsini əks etdirən, bu əlaqələrin elmi-nəzəripanoramını yaradan toplunun nəşri (Bakı, 1990) Azərbaycan-qazax ədəbi əlaqələrinin aktuallığını ortaya qoymaqdadır. 2005-ci ildə səriştəli mütərcim Heydər Orucovun Abayın yeganə nəsr əsəri olan “Əqliyyələr”i tərcümə edib “Ulduz” jurnalının səhifələrində yayması qazax ədəbiyyatına olan böyük marağın göstəricisi kimi əhəmiyyətlidir.

B.Şaxanovun əsərlərinin doğma dilimizə tərcümə edilərək “Böyük çölün hekayələri” (Bakı, 2012) adı altında kitab şəklində çapı Azərbaycanda qazax ədəbiyyatına marağın daim yüksələn xətlə getməsinin nəticəsi kimi dəyərləndirilməlidir.

2011-ci ilin mayından BDU-da böyük qazax maarifçisi, realisti, filosofu, mütəfəkkiri, ictimai xadimi, qazax yazılı ədəbiyyatının banisi Abayın adına Qazax Dili, Tarixi və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərməyə başlamışdır. Qeyd etmək yerinə düşər ki, Qazaxıstanda xeyli sayda azərbaycanlılar yaşamaqla, onlar ölkənin ictimai siyasi və mədəni-mənəvi mühitində əsaslı rol oynamaqla qazaxlarla dostluq münasibətlərinin möhkəmlənməsinə öz töhfələrini verməkdədirlər.

2015-ci ildə “Ulu çinar” Türk xalqları ədəbiyyatı dərgisi”nin 3-cü noyabr-dekabr sayında qazax ədəbiyyatı nümayəndələri – Kasımxan Beqmanovun şeirləri Akif Əhmədgilin, Kazıbek Şaxanovun şeirləri Elxan Zalın, Akılbek Şayaxmetin “Bacara bilsən”, “Dosta məktub” şeirləri İbrahim İlyaslının, qazax yazıçısı Sabit Dosanovun“Həyatın kənarına atılmışlar” hekayəsi Azər Musayevin tərcü məsində, yazıçı-ədəbiyyatşünas Aygül Kemelbayevanın“Qonur qaz” (H.K.Andersenin parlaq xatirəsinə həsr etdiyi) hekayəsi isə Nizami Zöhrabinin orijinaldan tərcüməsində oxuculara təqdim olunmuşdur.“Ulu çinar” jurnalının baş redaktoru Elxan Zal Qaraxanlı və şair-mütərcim İbrahim İlyaslı 2015-ci ildə Qazaxıstana etdikləri birgə səfərlə bağlı müşahidələrini bu dərginin səhifələrində oxucularla bölüşmüşlər. İbrahim İlyaslı “Ürəyimi sürtdüyüm qıpçaq çölü”, “Qazaxıstan səfərindən xatırlamalarla “Çöl istəyimin başlanğıcı” adı altında geniş yazı ilə çıxış etmiş, qazax xalqının adət-ənənələri, şifahi örnəkləri, akınlarla görüşləri, qazax milli yeməkləri, səfər zamanı keçirilən törənlərdən ortaya çıxan müşahidələri, yurtalarla tanışlığı, akın ifaları, “Kökbar” yarışlarına etdikləri tamaşalar, Atilla, Çingiz xan yurdunu ziyarəti, Sabit Dosanovun 75 illik yubileyinin qazax aullarında necə davam etdirilməsini, Türkiyə, Keçmiş Sovetlər Birliyinə daxil olan respublikaların nümayəndə heyətlərinin bu törəndə iştirakı, Çöl havasının qeyri-adi aurası, yovşan ətrinin ona xüsusi təsirini və s., Sabit Dosanovun doğma Bayqabıl aulunda gördüklərini və səfərdən alınan qeyri-adi təəssüratlarını qələmə almışdır.

2016-cı ilin may-iyun saylarında “Ulu çinar” dərgisi, demək olar ki, burada təqdim olunmuş bütün materialları Oljas Süleymenovun 80 illik yubileyinə həsr edib. Dərgidə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Mənim əbədi dostum – Oljas”, İsa Həbibbəylinin “Xalq yazıçısı Oljas Süleymenov haqqında söz”, Sabit Dosanovun “Oljas – дух нации и символ времени”, Elxan Zal Qaraxanlının “Oljas Süleymenovun “Gil kitab”ı”, Firuz Mustafanın “Tanıdığım Olyas”, Adil Cəmilin Olyas Süleymenova həsr etdiyi “Amal və əməl sahibi” adlı məqaləsi, Nurəddin Ədiloğlunun “Türkün nəhəng oğlu”, Akif Əhmədgilin “Qazax şeirinin ipək yolu” kimi yazıları ilə bərabər, Ağacəfər Həsənlinin “Böyük Çölün yağışı” şeiri və ən başlıcası Oljas Süleymenovun “Xəzər Albaniyası”, “Odun transformasiyası” və “Gil kitab” poeması E.Zalın tərcüməsində, O.Süleymenovun “İpək yolları” tarixi linqvistik novellasında isə qazax yazıçısının ipək məsələsinə müxtəlif rakurslardan yanaşması (“Cod ipək”, “İpək vəqotlar”, “İpək və türklər”, “İpək müharibələri”,“Qədim türklərin böyük köçü”, “Neçə Albaniya olmuşdur?”, “Dünya Qərb-Şərq deməkdir”) oxuculara çatdırılmışdır. “Ulu çinar” dərgisində qazax ədəbiyyatının aparıcı nümayəndələrinə belə sayğı və qayğı ilə yanaşma, onların əsərlərinin tərcümə edilib Azərbaycan oxucularına çatdırılması son illərdə Azərbaycan-qazax əlaqələrinin mühüm mərhələyə qədəm qoyduğunu sübut etməkdədir. Azərbaycanın Qazaxıstanla əlaqələrinin intensivliyini 2017-ci ilin 3 aprelində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ölkəmizə etdiyi işgüzar səfəri də təsdiqləməkdədir. Bu səfər nəinki ticari-iqtisadi, siyasi-mədəni münasibətlərimizin, həm də xalqlarımızın və ölkələrimizin digər sahələrdə daha da yaxınlaşmasının yeni formatda əsasını qoyacağına inamı ifadə etməkdədir (Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri. “Respublika” qəz., 2017, 4 aprel). Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev digər sahələrlə yanaşı, dövlət başçıları arasında humanitar sahədə əməkdaşlığın müzakirə olunmasından danışaraq qeyd etmişdir ki, “biz bu əməkdaşlığın möhkəmləndirilməsi üzrə konkret addımlar müəyyənləşdirmişik. Eləcə də gənc nəslin bir-birini yaxşı tanıması, dostluq etməsi və xalqlarımız arasında qardaşlıq münasibətlərinin, ölkələrimizin yaxınlaşması məqsədi ilə Qazaxıstan və Azərbaycan rəhbərlərinin apardıqları siyasəti onların da gələcəkdə aparması üçün Qazaxıstan və Azərbaycan gənclərinin müxtəlif tədbirlərdə iştirakını nəzərdə tutmuşuq” (İlham Əliyev. Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatla çıxış etdilər. (“Respublika” qəz., 2017, 4 aprel, s. 2). Bütün bunlar, heç şübhəsiz ki, Azərbaycan-qazax ədəbi əlaqələrinin intensivləşməsini və daha da zənginləşməsini nəzərdə tutur. Azərbaycan-qazax ədəbi əlaqələrinin möhkəmlənməsinə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli yetərincə impuls verməkdədir. Belə ki, onun 2016-cı ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türkdilli Ölkələrin Ədəbiyyat İnstitutlarının Direktorlar Şurasının yığıncağında iştirakı və türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı inkişaf problemlərini çevrələyən çıxışı, türk ədəbiyyatşünaslığının magistral xəttinin müəyyənləşdirilməsində uğurlu addım kimi dəyərləndirilməkdədir. 25 ildən yuxarıdır ki, Azərbaycan-qazax ədəbi-mədənisiyasi əlaqələrinin inkişafına nə Azərbaycanda, nə də Qazaxıstanda bəlkə də Oljas Süleymenov kimi öz əməli təsirini göstərən başqa bir yazıçı, sənətkar tapmaq mümkün deyildir. Belə ki, 2016-cı ildə Oljas Süleymenov Azərbaycanı iki dəfə bir böyük forum keçirilən zaman ziyarət etmiş, Azərbaycan ictimaiyyəti qarşısında geniş çıxış etmiş, bununla da Ulu öndər Heydər Əliyevin təbirincə desək “onun təkcə qazaxlara deyil, bütün türklərə lazım” olduğunu sübut etmişdir. Bundan başqa 2016-cı ilin aprel ayında Oljas Süleymenov anadan olmasının 80-illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülməklə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilmişdir. Bu münasibətlə Ədəbiyyat İnstitutunda O.Süleymenovla Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Beybit İsabayev və səfirliyin əməkdaşları ilə birlikdə Azərbaycan ictimaiyyətinin nümayəndələri, ali məktəb rektorları, elm xadimləri, Beynəlxalq Atatürk Mərkəzinin rəhbəri, Ədəbiyyat İnstitutunun kollektivinin geniş görüşü olmuş, çıxışlar edilmiş, fikir mübadiləsi aparılmış, O.Süleymenovun Qazax-Azərbaycan ədəbi əlaqələrinin, həm də Qazaxıstan siyasi, ictimai, iqtisadi, mədəni əlaqələrinin inkişafında rolundan danışılmışdır.

2016-cı ilin may ayında Astanada keçirilmiş “Böyük çöl” Birinci Beynəlxalq Humanitar Elmlər Forumunda akademik İ.Həbibbəyli, M.Nağısoylu, A.Şükürov və baş qalarının çıxışları da əlaqələrə impuls verə biləcək faktor kimi ortadadır.

Azərbaycan-qazax ədəbi əlaqələrinin inkişafında bu sətirlərin müəllifinin də müəyyən rolu olmuşdur. Belə ki, o, 2016-cı ildə O.Süleymenovun yaradıcılığına həsr olunmuş iki məqalə, qazax akın yaradıcılığının spesifik xüsusiyyətləri ilə bağlı bir neçə məqalə nəşr etdirib geniş oxucu ictimaiyyətinin diqqətinə təqdim etmişdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ağahüseyn Şükürovun “Müstəqillik dövründə Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri” adlı məqaləsi də problemin gündəmdə olduğundan xəbər verməkdədir.

Qazax şairi Şayaxmet Akılbekin və O.Süleymenovun Azərbaycan dilinə çevrilmiş əsərləri, N.Nazarbayevin “Dostum Oljas haqqında bir neçə kəlmə”, Malik Otarbayevin “Biz “Arşın mal alan”ı seyr edərək böyüdük” kimi məqalələri ölkəmizdə və Qazaxıstanda ədəbi əlaqələrə verilən önəmin güzgüsü kimi ortada dayanır.

Məlum olduğu kimi, Azərbaycan-qazax ədəbi əlaqələrinin daha mühüm səhifələri Abay yaradıcılığı ilə bağlı olmuşdur. Hələ XX əsrin 70-ci illərindən başlayaraq onun əsərləri – şeirləri və poemaları Azərbaycan Dövlət Nəşriyyatında mütərcimlərimizin köməyi ilə dilimizə tərcümə olunub, müxtəlif illərdə ayrı-ayrı şairlərimiz onun yaradıcılığından oxuculara müxtəlif fraqmentlər təqdim etsələrdə, 2017-ci ildə BDU-da fəaliyyət göstərən Abay adına Qazax dili, Tarixi və Mədəniyyəti Mərkəzi Abayın əsərlərini yenidən nəşr etmişdir. 29 mart 2017-ci ildə BDUnun Heydər Əliyev məktəbində “Abay” kitabının geniş təqdimat mərasimi keçirilmiş, təqdimatda H.Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri professor Eldar Günaydın, BDU-nun professor-müəllim və tələbə kollektivi, Qazaxıstanın Azərbaycandakı Səfirliyinin müşaviri Darxan Kuşerbayev, səfirliyin əməkdaşları, alimlər, ictimaiyyət nümayəndələri və başqaları çıxışlar etmiş, Abay yaradıcılığının müxtəlif tərəflərindən söhbət açmışlar. Bu təkrar nəşrin ən mühüm cəhəti ondan ibarətdir ki, burada ilk dəfədir ki, Abayın fəlsəfi-didaktik nəsr əsəri “Əqliyyə” dosent Heydər Orucovun tərcüməsində oxuculara çatdırılmış, mütərcimin özü əsərin tərcüməsi üzərindəki işin çətinliklərindən söhbət açmışdır. Bundan başqa kitabın təqdimatı zamanı professor R.Əskər, professor N.Tağısoy və başqaları Abayla bağlı fikirlər söyləmiş, Azərbaycanda bu qazax mütəfəkkirinə iki monoqrafik araşdırma həsr etmiş Firuzə Ağayeva Abay yaradıcılğınınbir sıra xüsusiyyətləri üzərində dayanmışdır.


MANŞET XƏBƏRLƏRİ