Dilqəm ƏHMƏD
Ötən əsrdə Türkiyənin Iğdır şəhərinin sosial-mədəni həyatının inkişafında önəmli rol oynayan Azərbaycan əsilli şəxslərdən biri də Vəli Orkun olub. O, Azərbaycanın tanınmış şairi Molla Vəli Vidadinin nəslindəndir.
Vəli bəy 1914-cü ildə Axalkələk qəzasının Gögyə kəndində Süleyman ağa ilə Nazənin Vidadinin ailəsində doğulub. Ailənin üçüncü övladı olub.
Süleyman ağa Qazaxın Şıxlı kəndində yaşayarkən əmiləri ilə aralarında baş verən problemlər səbəbindən Axalkələkə köçüb, orada əvvəlcə Kamaloğullarının qızı Hənifə xanımla ailə qurub. Bu evlilikdən övladı olmadığı üçün Hənifə xanım həyat yoldaşını Axısqa bəylərinin soyundan olan Nazənin xanımla evləndirib. Bu evlilikdən onun üç oğlu, üç qızı olub: Raziyət, Əli, Vəli, Xədicə, Kərim, Şahnisə.
Qızlardan Raziyət Hacı Zeynəlabdin Tağıyevin Bakıda açdığı Qızlar seminariyasını bitirib. Kərim kiçik yaşda ikən vəfat edib.
1917-ci il rus inqilabından sonra bölgədə yaranan xaos nəticəsində geniş torpaq sahibi olan Süleyman ağa Ərdəhana köçüb. Orada bacısı Xalisə xanımın əri olan Şimşiroğullarından Daşdəmir ağanın yanına yerləşib. Bir müddət sonra Gögyeyə qayıtsalar da, erməni təhdidi və təzyiqi nəticəsində 1922-ci ildə yenidən Ərdəhana keçiblər. Ərdəhanda mühacir kampında yaşayarkən Süleyman ağa vəfat edib, Ərdəhanda da dəfn olunub. Həyat yoldaşı Nazənin xanım Azad kəndinə yerləşib, övladlarını böyüdüb.
Elmə kiçik yaşlarından marağı olan Vəli bəy Ərzurumdakı ibtidai sinif müəllimi məktəbinə yazılıb. Qardaşı Əli bəy isə kənddə ziraətlə məşğul olub.
Müəllimlik məktəbini bitirən Vəli bəy Kayseri şəhərindəki bir məktəbə təyin edilib. 1938-ci ildə müəllim həmkarı Hikmət xanımla ailə həyatı qurub. Ardınca Ankara Qazi Təhsil İnstitutuna qəbul olunub, oranın tarix və coğrafiya bölümünü bitirib. Soyad qanunundan sonra Vəli bəy əvvəlcə Gökçə, daha sonra Orkun soyadını götürüb. Son soyadını Orxon abidələrinin adından alıb. Qardaşı Əli bəy də əvvəlcə Babürxan, daha sonra Orkun soyadını qəbul edib.
Vəli bəy Bursanın Gemlik qəsəbəsindəki məktəbə tarix və coğrafiya müəllimi olaraq təyin olunub. Həyat yoldaşı Hikmət xanım da ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərib. Gemlikdə oğlu Ergun, ardınca qızı Semra Fügen doğulub. Burada ikən Vəli bəy 1947-ci ildə “Gemlik. Tarixi və coğrafiyası” adlı kitab nəşr etdirib. 1948-ci ildə o, Iğdıra təyin olunub, 1956-cı ilə qədər orada orta məktəb direktoru olaraq çalışıb. 1955-ci ildə “Sürməli çüxuru. Iğdır tarixi və coğrafiyası” adlı kitabını çıxarıb.
Vəli bəy Iğdırda mədəni həyatın inkişafında önəmli rol oynayıb, kinoteatrın açılmasında, teatr truppalarının qəsəbəyə gəlməsində, müxtəlif tədbirlərin, toplantıların keçirilməsində öndərlik edib.
1956-cı ildə Vəli bəyin İstanbula təyinatı çıxıb, orada İstanbul Oğlan liseyində tarix və coğrafiya müəllimi, eyni zamanda direktor müavini olaraq çalışıb. Həmin illərdə İstanbulda Cağaoloğlunda Bilgi dərsxanasını qurub, 1960-cı ildə isə Özel Bilir adlı kolleci təsis edib. Vəli bəy Türkiyənin Baş naziri olmuş Məsud Yılmaza da dərs deyib.
Vəli bəy Azərbaycan dərnəklərində təmsil olunub, Əhməd Cəfəroğlu, Saleh Gəncə kimi şəxslərlə dost münasibətində idi.
İstanbulspor klubunun idarə heyətində uzun illər yer alıb, babası Molla Vəli Vidadi kimi şeirlər yazıb.
Vəli bəyin həyat yoldaşı Hikmət xanım Iğdırda 12 Noyabr ibtidai məktəbində çalışıb, övladları da orada oxuyub. Daha sonra İstanbulda Oruc Qazi ibtidai məktəbində çalışıb. Hikmət Orkun 1981-ci ilin oktyabrında vəfat edib.
Vəli bəy 1987-ci ilin sentyabrında dünyasını dəyişib.
Vəli bəyin qızı Semra Füqen xanım yenə əslən Qazaxdan olan bir ailənin övladı professor İbrahim Yıldırımla ailə həyatı qurub.