Oljas Süleymenov yaradıcılığında türk etnik tarixinə baxış


Nizami Məmmədov Tağısoy
professor, ədəbiyyatşünas-tənqidçi

Oljas Süleymenovu nəinki Qazaxıstanda, Orta Asiyada, postsovet məkanında, Rusiyada, Avropada, Asiyada, Amerikada, Afrikada, Avstraliyada – bir sözlə, bütün dünyada tanımayan yoxdur. Yaradıcılığının ilk dövrlərindən başlayaraq onun əsərləri (xüsusən “Yer, insana əyil!”, “Az i Ya”, “Arqamaklar”, “Günəşli gecələr”, “Gil kitab”, “Yazının dili”, “Tanrının təbəssümü”, “Kəsişən paralellər”, “Türklər tarixə qədər” və s.) oxucular və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Haqqında çoxsaylı qazax ədəbiyyatşünasları ilə yanaşı, rus Andrey Voznesenski, Rimma Kazakova və Lev Anninski kimi şairlər, ukraynalı D.Pavlıçko kimi tanınmış tənqidçilər dəyərli fikirlər söyləmişlər. O, hələ gənclik dövründən Sorbonn və Kolumbiya kimi dünya şöhrəti universitetlərin auditoriyalarında məruzələrlə çıxışlar etmişdir.

1975-ci ildən başlayaraq O.Süleymenovun Azərbaycanla yaranan yaradıcılıq əlaqələri illər keçdikcə daim möhkəmlənmiş və zənginləşmişdir. Bu intensivliyi gücləndirən bircə məqama O.Süleymenovun öz fikrləri ilə nəzər yetirək: “80-ci illərin sonu – 90-cı illərin əvvəllərində mən SSRİ Ali Sovetinin deputatı idim. 1990-cı illərin 20 Yanvar faciəsi günlərində Moskvadakı “Moskva” mehmanxanasında 39% temperaturla yatırdım. Gecə saat 3-də yaradıcılığına çox hörmətlə yanaşdığım Bəxtiyar Vahabzadə mənə zəng etdi. O, çox narahat idi. Xeyli danışdı… başa düşdüm ki, Bakıda nə isə, hansısa xoşagəlməz bir hadisə baş verib. O, dedi: “Buraya gəl, bizdə tanklardır...”. Mən indi də sevinirəm ki, ona xəstəliyim barədə heç nə demədim. Desəydim, düz olmazdı... o, məni düzgün başa düşməzdi. “Azərbaycanın xeyli dostlarına” zəng etdim, hadisəylə bağlı bildirdim, onlar gəlmədilər. Mən yıryığış edib, aeroporta getdim. Onda mülki təyyarələrin Bakıya uçuşuna icazə vermirdilər. Öz deputat mandatımdan istifadə etməklə yarıhərbi təyinatlı təyyarə ilə Bakıya uçdum”.

Oljas Süleymenov Azərbaycan və qazax xalqlarının tarixi, etno-psixoloji, fəlsəfi-estetik dünyagörüşünə toxunarkən bu xalqların vahid mənəvi-mədəni məkanı birləşdirdiyini söyləmişdi.

İlk qələm təcrübələrində o, yalnız Qazaxıstanda istedad nümayiş etdirəcək bir şair kimi tanınmağa başlasa da, Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil aldığı zaman bir dava-dalaşa görə oradan xaric edildikdən sonra Alma-Ataya qayıdıb “Kazaxskaya pravda” qəzetində çalışdığı zaman redaktor Fyodor Boyarski ona ilk insanın kosmosa uçması ilə bağlı bir şeir yazmağı sifariş verir. Gecə vaxtı o, şeirlə bağlı bəzi qeydlər etsə də, 12 aprel günü Qaqarinin kosmosa uçması ilə bağlı xəbər verildikdə artıq bu şeir həmin qəzetin səhifələrində çap olunur. Və nəinki oxucular onunla qəzet səhifələrində, həm də həmin şeiri listovka şəklində təyyarələrdən Alma-Ata və digər Qazaxıstan şəhərləri üstünə səpirlər. Şeirin bu uğuru O.Süleymenovu son dərəcə həvəsləndirir və qürurlandırır və o, cəmi bir həftə ərzində onu poemaya çevirib, “Yer, insana əyil!” adı altında may ayında nəşr etdirir.

O.Süleymenovun əsərlərində, hər şeydən öncə, fikir dərinliyi, genişlik, fəlsəfəçilik və polemiklik daha çox diqqəti məşğul edir. Onlardakı aydın ekspressiya, gözə dəyən daha kamil obrazlılıq, incə yumor, dəlici satira, gözlənilməz poetik dövriyyələr və s. özünü yetərincə nümayiş etdirir. Əsərlərinin episentrində ən vacib məsələ qazax xalqının mənəvi dünyasının tərənnümü, qazax səhra ənginliklərinin vəsfi dayanmaqdadır.

Təsadüfi deyildir ki, məhz qeyd edilən keyfiyyətlərinə görə O.Süleymenovun poetik əsərləri oxucu və tənqidçilərin daha çox rəğbətini qazanmışdır. Onun yaradıcılığı nəinki qazax ədəbiyyatşünasları, həm də digər ədəbiyyatların nümayəndələri K.Simonovun, N.Tixonovun, L.Anninskinin, M.Auezovun, Q.Musrepovun Ç.Aytmatovun, E.Mejelaytisin və onlarca bu kimi başqa təfəkkür daşıyıcılarının rəğbətini qazanmışdır.

Yeri gəlmişkən onu da qeyd edək ki, O.Süleymenovun ədəbi istedadı kinodramaturgiyada da yetərincə gözədəyən olmuşdur. O, “Atalar torpağı”, “Mavi marşrut”, “Qış sahə işləri vaxtı deyil”, “Adəmi qəbul edin”, “Sonuncu keçid”, “Qırmızı yovşan” (“Məhəbbət”) XIX əsrin ünlü qazax şairi Məhəmbət Utəmisov haqqında, “Ah, Peterburqda necə də maraqlı idi” (Cahangir xan haqqında) və xeyli digər filmlərə ekran vəsiqəsi vermişdir.

Elə buna görə də hesab edirik ki, 1960-ci illərin əvvəllərindən onun “Köçərilər və Rus”, “İqor polku haqqında dastan”da qaranlıq yerlər”, “Az i Ya” (1975) mövzusunda eposşünaslıq, mənbəşünaslıq, folklorşünaslıq və ədəbiyyatşünaslıq kimi sahələləri çevrələyən kitabı nəşr olundu ki, həmin kitab Mosvadakı akademik dairələrdə xeyli mübahisələrə səbəb oldu. Mübahisələrin əsasını təşkil edən ən başlıca problem isə O.Süleymenovun türklərin digər dünya xalqları arasında adekvat yerini göstərib, onların dünyanın ən qədim mədəni xalqlarından biri kimi təsdiqlənməsi, əsərin alt qatına enərək orada türklərə məxsus dil yaruslarını ortaya çıxarması ilə bağlı idi. Məhz rus alımlərinin əsərə O.Süleymenov rakursundan yanaşmanı qəbul etmədiklərindən “Az i Ya”ya düz 8 il bir üzünün üstündə qadağalara məruz və şair praktik olaraq bədii-poetik yaradıcılıq arenasından kənarlaşdırıldı...

2014-cü ilin mayında O.Süleymenovun “Sözün Kodu” adlı yeni kitabı nəşr olunmuşdu ki, bu kitabda əsasən o, türk mədəniyyəti ilə bağlı məsələləri araşdırmağı qarşıya məqsəd qoyurdu.

2015-ci ildə O.Süleymenov ilk dəfə olaraq uşaqlar üçün “Ev ocağının sehirli nağılları” adlı kitabını nəşr etdirmişdir.

Türk xalq etnogenezi ilə bağlı əvvəl “Keçmiş illərin hekayəti”nə (diplom işi), “İqor polku haqqında dastan”a (namizədlik dissertasiyası) diqqət yetirməklə o, öz tədqiqatlarıyla sanki “İqor polku haqqında dastan”ın mətninin öyrənilməsinə start verməklə “...Dastan”ın öyrənilib tədqiq edilməsində yeni konsepsiyanın ortaya çıxmasına vəsiqə verdi. Süleymenov “...Dastan”da dilçilik, leksikologiya, istorioqrafiya, etnologiya, epos və s. məsələlərlə yanaşı, həm də türkizmlərin etnoloji mənbələrini də dərindən açıb ortaya qoymaqla rus elmində yer almış qeyri-münbit elmi fərziyyələrin də əsassız oldudunu göstərdi. Lakin O.Süleymenovun “İqor polku haqqında dastan”a belə obyektivcəsinə yanaşması, ona böyük başağrısı hesabına başa gəldi. Belə ki, adını çəkdiyimiz dastanla bağlı O.Süleymenovun “Az i Ya” əsəri işıq üzü gördükdən sonra bu böyük türk mücahidinin başı üstundə qara buludlar uçuşmağa başladı. Rus alimləri heç nəyə və heç kimə məhəl qoymadan əsəri sağdan – sola, öndən arxaya, saqüli və üfüqi – bütün istiqamətlərdə və müxtəlif yönlərdən vurmaqda davam etdilər. SSRİ Elmlər Akademiyasında 50-yə yaxın akademikin fasiləsiz keçirdikləri bir iclasda B.Rıbakov, D.Lixaçov kimi akademiklər O.Süleymenovun bu əsərini “bəd” və “rusa qarşı” yazılmış mənbə kimi dəyərləndirdilər. Bununla belə, Süleymenovun opponentləri və digər alimlər “Az i Ya” əsərində türk və rus mədəniyyətlərinin qarşılıqlı təmaslarda olduğunu da qeyd etməklə, həm də dolayısı ilə Süleymenovun konsepsiyasının yetərincə səmərəli olduğunu da etiraf etmiş oldular.

Şairin çeşidli yaradıcılığı, şeir və poemaları Azərbaycan dili ilə yanaşı, ingilis, fransız, alman, ispan, çex, polyak, slovak, bolqar, macar, rus, monqol, qırğız, özbək, ukrayna, belarus, türk və digər çoxsaylı dünya xalqlarının dillərinə tərcümə olunmuşdur. Bədii əsərləri ilə yanaşı, Oljas Süleymenovun elmi əsərləri də dünyada son dərəcə populyardır. Onun bu müstəvidə qələmə aldığı əsərlərində qədim insanın dilinin universal qrammatikasının tarixi-linqvistik təhlili yer alır ki, o bu və ya digər şəkildə müasir dillərdə öz funksionallığını qoruyub saxlamaqdadır. Süleymenov onların genezisini ilk heroqrif qrafik yazının köməyi ilə onların raşşifrovkasını “Az i Ya” (1975), “Yazının dili” (1998), “Türklər tarixə qədər” (2001), “Sözü Kodu” (2014), “Etimologiyaya giriş” (2019) və başqa bu kimi tədqiqatlarında bəşər övladının təkamülünün geniş təbəqəsinin öyrənilməsindəki “ağ ləkələri” etimologiya, kulturologiya və paleolinvistikanın köməyi ilə görüb ortaya çıxarmağa müvəffəq olmuşdur.

O.Süleymenovun təfəkküründə şair Allah kimi dərk olunmaqdadır. Yəqin buna görə də o, “Şərq yoxdur, elə Qərbin özü də yoxdur... Yalnız Günəşin doğuşu və qürübü bir də böyük söz – Yer var” deyirdi şair. Özünün erkən şeirlərindən birində (“Puşkin meydanında”) “Şair gərək Allah kimi gözəl olsun bu dünyada” deyirdi. Bunu söylədikdə dahi Puşkini Yaradıcı ilə müqayisə edən Süleymenov belə fikri sadəcə poetik metafora olaraq işlətmirdi. Bununla o, şairin cəmiyyətdəki yerini əvvəlcədən müəyyənləşdirməklə onu elə bir zirvəyə qaldırır ki, bununla o, özünü də həmin “yüksəkliyə məhkum edib” şairin belə adının daim böyük fəxarətlə daşıyacağına işarə edirdi:

Şair gərək Allah kimi

gözəl olsun bu dünyada,

Kim Puşkini görüb, demək,

O görübdür Allahı da.

Allah boydan balacadır,

qapqaradır çəkmə kimi,

Dodaqları qalın, böyük

gözlərində dövrün qəmi...

Süleymenov hansı mövzuda yazır yazsın, onun lirik vüsəti özünün şəxsiyyəti kimi çoxtərəflidir. Ən adi söz və söz birləşmələri arasında onun son dərəcə çeşidli və rəngarəng bir dünya duyumu var. Təsadüfi deyildir ki, O.Süleymenovun yaradıcılığında, bir tərəfdən, A.S.Puşkin müdrikliyini görmək mümkündürsə, digər tərəfdən A.Blok, V.Mayakovski və V.Xlebnikovun yeniliyini, A.Voznesenski dərinliyini və mürəkkəbliyini, Məhəmbət Ütemisovun məğrurluğunu və canlılığını, Abay Kunanbayev poeziyasının fəlsəfi əzəmətini, A.Tvardovski epik yaradıcılığının qeyri-adi ilmələrini sezmək mümkündür. Əslində müxtəlif amplualı dünya şairlərinin yaradıcılığının hər hansı konkret bir yaradıcı şəxsiyyətin təfəkküründə yer almasının özü son dərəcə əlahiddə, qeyri-adi və yeni əzəmətli keyfiyyətdir. Oljas Süleymenovun yaradıcılığı məhz qeyd etdiyimiz rakurslarda unikal və fenomenaldır!


MANŞET XƏBƏRLƏRİ