Azərbaycan Xalq Cümhuriyyəti - Qacar Dövləti münasibətləri


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

II Yazı.

Azərbaycan nümayəndə heyəti bu müqavilədə qoyulan müddəalara birdən birə, gözüyumulu gəlməmişdi. Qafqaz konfedrasiyası ideyasının faktiki olaraq iflası,müttəfiq qoşunlarının Azərbaycandan çəkilməsi,milli münasibətlərin kəskin olduğu Zaqafqaziya üzərində İtaliyanın müvəqqəti mandat hüququndan imtina etməsi, Denikin təhlükəsinin Azərbaycanı təhdidində davam etməsi, yeni yaranmış dövlətlərin suverenliyinin təsdiqi sahəsində qeyri-müəyyənlik 1919-cu ilin payızında Azərbaycan nümayəndə heyətini ölkənin xaricdən təhlükəsizliyinə nail olmaq məsələsində Qacar Dövləti amilindən istifadəyə sövq etdirdi.Əlimərdan bəy Topçubaşov Nazirlər Şurasının sədrinə yazırdı:”Biz, əlbəttə, Qacar Dövlətinin müasir vəziyyətinin, o cümlədən onun İngiltərə ilə bağladığı və bizim incəliklərinə qədər təhlil etdiyimiz 9 avqust tarixli müqaviləni (bu müqavilə 1921-ci ilin əvvəllərində ləğv edildi) nəzərə alırıq”. Bununla belə,Azərbaycan nümayəndə heyəti ,şübhəsiz onu da nəzərə alırdı ki, Qacar Dövləti ilə konfederasiya tipli birliyin yaranması və müqavilə layihəsində irəli sürülmüş başqa müddəaların da həyata keçməsi suverenliyini saxlayacaq Şimalın onillərlə Cənubla birləşmək həsrətinə son qoyacaq,başının üstündə oynayan rus işğalı təhlükəsindən canını qurtaracaqdı.

Paris və Londonda başlanmış danışıqları davam etdirmək üçün dekabrın əvvəlində Seyid Ziyaəddin Təbatəbainin (Seyid Ziyanın) başçılığı ilə Bakıya Qacarların rəsmi nümayəndə heyəti gəldi. Nümayəndə heyətini Azərbaycan hökuməti təntənəli şəkildə qarşıladı. Dekabrın 5-də başlanmış danışıqlar daha sonra xüsusi komissiyalarda (siyasi-hüquqi, kömrük-ticarət-tranzit, poçt-teleqraf) davam etdirildi. Siyasi-hüquqi komissiyada əsas mübahisə obyekti Qacar Dövlətində yaşayan Azərbaycan Xalq Cümhuriyyəti təbəələrində kapitulyasiya (təslim) rejiminin üstünlüklərindən istifadə etmək hüququnun verilməsi tələbi idi. Qacar tərəfi ölkəsinin bu rejimi rəsmən ləğv etdiyi və bu qeyri-bərabər təhqiramiz rejimin qalıqlarını tezliklə tam ləğv etmək niyyətində olduğunu deyir, hər iki ölkəni bu məsələdə beynəlxalq hüquq normalarına əsaslanmasını təklif edirdi. Digər məsələ sərhədboyu şahsevən tayfalarının sərhəd pozuntuları və talançı hücumları ətrafında meydana çıxdı. Qacar Dövləti tərəfi şahsevənlər arasında təbliğat işində Azərbaycan Cümhuriyyəti nümayəndələrini ittiham edir. Azərbaycan tərəfi isə sərhədyanı kəndlərə talançı basqınların qarşısını almağı tələb edirdi. Komissiyanın işi gedişində məlum oldu ki, şahsevənlər arasında qarışıqlığın yaranması bolşevik təbliğatçıların fəaliyyəti ilə bağlıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 1 avqust 1919-cu il tarixli qərarına əsasən Azərbaycanın Tehranda diplomatik nümayəndəliyi təsis edilmiş və xarici işlər nazirinin müavini Adil xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin Qacar Dövlətində diplomatik nümayəndəsi vəzifəsinə təyin edilmişdi.

Danışıqlar 1920-ci ilin mart ayının 20-də bir sıra sazişlərin-teleqraf, ticarət-kömrük, poçt sazişlərinin və konsul konvesiyasının qəbulu ilə başa çatdı. Həmin gün Azərbaycan Cümhuriyyəti və Qacar Şahənşahlığı arasında dostluq haqqında da müqavilə imzalandı.Bu müqavilələr hər iki ölkənin ali qanunverici orqanlarında təsdiq edilməsindən sonra qüvvəyə minməli idi.

1920-ci ilin əvvəllərindən etibarən Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər nazirliyi Qacar Dövlətinin bir sıra şəhərlərində rəsmi nümayəndəlik şəbəkəsi yaratmağa başladı.Tehran şəhərində səfirlik,Təbrizdə baş konsulluq, Məşhəd və Rəştdə konsulluq, Xoy, Əhər və Ənzəli şəhərlərində isə konsul agentlikləri yaradıldı.

Yanvar ayının 4–də Azərbaycan Xalq Cümhuriyyətinin Qacar Dövlətində yeni səfiri Adil xan Ziyadxanovun Tehrana gəlməsi ilə Azərbaycan nümayəndəliyinin fəaliyyəti xeyli canlandı. Diplomatik nümayəndəliyə xas olan vəzifələrlə yanaşı Adil xan Ziyadxanovun başçılığı ilə Azərbaycan nümayəndəliyi Qacar Dövlətində yaşayan türklərin mədəni-maarif işinə yardım etməyə başladılar. Adil xan Ziyadxanov xarici işlər nazirinə yazırdı ki, “nümayəndəliyin maddi imkanı olmadığından o, ehtiyacı olan dul qadınlara və yetimlərə kömək etmək,türk dilində məktəb açmaq, türkcə heç olmasa aylıq qəzet nəşr etmək və sairə işləri görə bilmir.Bununla belə, o yazırdı ki, xeyriyyə cəmiyyəti və Azərbaycan türkcəsini öyrədən cəmiyyətin yaradılması işinə başlamışdır.Bundan başqa nümayəndəlik yerli həmvətənlər arasında pulsuz olaraq ana dilində Adil xan Ziyadxanovun “Azərbaycan tarixi, ədəbiyyatı və siyasəti” adlı kitabını yayırdı.

Aprel ayının 11-də yazdığı məktubunda Adil xan Ziyadxanov Qacar Dövlətində vəziyyəti belə xarakterizə edirdi: ”Qacar Dövləti sürünür, kütləvi rüşvətxorluq və vəzifələrə təyin zamanı açıq alver gedir; nəticədə xalqın insafsızcasına soyulması baş verir; məhkəmə və ədalət deyilən şey yoxdur; keçmiş əzəmətdən əsər-əlamət qalmayıb, yeni mədəniyyət və abadlıq görünmür; hər yan yoxsulluq və natəmizlikdir... Qacar Dövlətində yaşayan farsların dövlətləri olmadığına görə bizim cümhuriyyətə münasibəti o qədər də yaxşı deyil, əksinə Qacar Dövlətində yaşayan bütün türklərin münasdibəti-qardaşcasına,dostcasınadır. Güney Azərbaycan Qacar Dövləti tərkibində muxtariyyətə can atır”.

Adil xan Ziyadxanovun aprelin 12-də xarici işlər nazirinə yazdığı məktub bu dövrdə Güney Azərbaycanda gedən siyasi proseslərə Azərbaycan nümayəndəliyinin (səfirliyinin) böyük marağını göstərirdi. Azərbaycan səfiri yazırdı: ”Qacar Dövlətində yaşayan türklər açıq deyirlər ki,Qacar Dövləti türklər üçündür və nə vaxta qədər rəsmi dil kimi tacikcə işlədiləcəkdi və onlar dövləti idarə edən məmurlardan və onların özbaşınalığından şikayətçidi. Məmurların və yerli feodalların əsas məqsədinin bədbəxt xalqın şirəsini sormaqdan,qarət olunmuş xalq pulları ilə Tehranda saraylar tikib,bağlar salmaqdan ibarət olduğunu söyləyirdilər”.

Azərbaycan Xalq Cümhuriyyətinin Tehrandakı səfirinin bu məktubları Təbrizdə başlanmış hərəkatın müjdəçisi idi.Bu hərəkatın başçısı Təbrizin Xiyaban məhəlləsində Hacı Kərim xan məscidinin imamı və vaizi Şeyx Məhəmməd Xiyabani idi. Xiyabani artıq bütün Təbrizi ələ keçirmişdi. Üsyanın əsas məqsədi ingilislərin Qacar Dövlətində ağalığına son qoymaq və konstitusiyanın yenidən bərbasına nail olmaq idi. Qacar konstitusiyasında nəzərdə tutulmuş əyalət əncümənlərini Xiyabani ölkənin demokratikləşməsi və Güney Azərbaycanın Qacar Dövləti tərkibində milli muxtariyyətinin bərqərar olması üçün vasitəçi hesab edirdi.Təbrizdə özünü möhkəmlətmiş üsyançılar iyun ayında Zəncan, Marağa, Əhər, Xoy, daha sonra isə Ərdəbildə hakimiyyəti ələ ala bildilər. İyunun 22-də Şeyx Məhəmməd Xiyabani öz hökumətinin yaratdı və o, mərkəzi dövlət idarələrinin yerləşdiyi vəliəhdin iqamətgahı-Alaqapıda yerləşdi. Elə həmin gün bu bolşeviklərə rəğbət göstərən bu solçu molla tərəfindən Azərbaycan əyalətinin adı dəyişdirilərək “Azadistan” adlandırıldı. Şeyx Məhəmməd Xiyabani siyasi baxışlarına görə Osmanlı Dövləti düşməni idi. Türkçülük ideyalarına molla olduğu üçün nifrət edirdi.

Xiyabaninin bu fövqəladə tədbiri (“Azərbaycan”ın “Azadistan” adlandırılması) xaricdə, o cümlədən bizim Azərbaycanşünaslıqda bir-birinə zidd fikirlərin yaranmasına səbəb olmuşdur.Bizim Azərbaycanşünaslıq ədəbiyyatında isə bu hadisənin izahından qaçmaq səciyyəvidir.Belə ki, Xiyabaninin və tərəfdarlarının teokratik dövlət qurmaq cəhdləri və ad dəyişdirmək kimi belə radikal tədbirə əl atmalarının yalnız formal-təbliğati tərəfi açılmış, Azərbaycanın İranın azadlığı yolunda oynadığı rolla aydınlaşdırmaq kimi ciddi olmayan cəhd edilmişdi. Əslində Qacar Dövlətində dini teoratik ümmət dövləti qurmaq üçün cəhd edilmişdi.Bir qrup xarici mütəxəssis belə hesab edir ki, “Azərbaycan” adının “Azadistan” şəklində dəyişdirilməsi Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin Güney Azərbaycanı özünə birləşdirmək meyli ilə bağlıdır.Belə bir meylin olmasını təsdiqləməklə bərabər, onu da göstərək ki,bu da ciddi izah hesab olunmamalıdır.Belə ki, “Azadistan” adı Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə (1918-ci il 28 may-1920 –ci il 27 aprel) yox, məhz deyildiyi kimi, apreldən sonra elan edilmişdir.

Bəzi müəlliflər bu ad dəyişməni şimalda Sovet Azərbaycanının yaranması ilə izah edirlər. Məsələn, Əlirza Nabdil (Oktay) “Azərbaycan və milli məsələ” adlı əsərində yazırdı: Xiyabaniçi demokratlar Böyük Oktyabr sosialist inqilabına müsbət münasibətlərinə baxmayaraq sosialist inqilabının və rus qoşunlarının cənuba doğru irəliləməsi və Qafqazda Azərbaycan Sovet Sosialist Respublikasının təşkilinə qarşı müdafiə mövqeyi tutdular.Qacar Azərbaycanı əyalətinin adının dəyişdirilməsi bu mövqeni göstərən bariz nümunədir”. Maraqlıdır ki, V.Bertold da təxminən eyni tezisə tərəfdar olduğunu bildirmişdir.

Bizim tarixşünaslıqda tərif olunmuş bu hadisələr nədən ibarət idi?! Molla və ruhani olan Xiyabanini əsrlərlə xalq arasında əziz olmuş bu addan imtinaya vadar edən nə idi?

Bakı XI Qızıl Ordu tərəfindən 1920-ci il 27 apreldə işğal edildikdən sonra rus ordusu Moskvadan Ənzəlidə olan ingilis hərbi hissələrini darmadağın etmək və Denikin ordusunun hərbi-dəniz qüvvələrinin qalıqlarını ələ keçirmək haqqında əmr aldı. Çiçerin Qacar Dövləti xarici işlər nazirinə notasında göstərirdi ki,bu əmri yerinə yetirdikdən sonra rus qoşunları (o cümlədən Azərbaycan SSR qoşun hissələri) Qacar Dövləti ərazisini tərk edəcəkdir.

Mayın 18-də Ənzəli üzərinə qəflətən başlanmış hücum nəticəsində burada olan ağqvardiyaçıların ixtiyarındakı hərbi gəmilər və külli miqdarda hərbi ləvazimat ələ keçirildi, ingilislər Rəştə geri çəkildilər. Digər tərəfdən, Azərbaycan SSR-nın 7-ci Şirvan polku Astara səmtindən sərhədi keçib, Ərdəbil şəhərini tutdu.Volqa-Kaspi donanması komandanlığının V. İ. Leninə göndərdiyi teleqramda deyilirdi: “İki il ərzində Xəzər dənizində ağalıq edən ağqvardiyaçı donanmasının əsir alınması ilə Xəzərdə bolşevik hakimiyyəti qarşısında duran döyüş vəzifəsi yerinə yetirildi.Bu gündən etibarən Rusiya və Azərbaycanın sovet donanmaları Xəzər dənizinin vahid və tam hakimiyyətli sahibidirlər. Rusiya işğal etdiyi müstəmləkəsi Azərbaycandan gələn neft axınlarını artıq heç bir təhlükə təhdid etmirdi. Su nəqliyyatı üçün yararlı olan Azərbaycan SSR donanmasının hərbi gəmiləri və bütün digər gəmiləri müsadirə olunaraq Rusiya Xəzər Donanmasına verildi. Bakıdan müsadirə olunan yük gəmiləri ilə Həştərxana bütün Azərbaycan neftinin daşınması təşkil edildi.

Ənzəli əməliyyatı sona çatdıqdan sonra Qızıl Ordu hissələri bolşevik meyilli molla Mirzə Kuçek xanın başçılığı ilə Gilanda Qacar Dövlətinə qarşı alovlanmış Cəngəlilər hərəkatına yardım etməyə başladı.Cəngəlilər hərəkatı Qacar Dövləti və xanədanına qarşı yönəlmişdi.

Qızıl Ordu hissələrinin Cəngəli dəstələri ilə birləşməsi, ingilis qoşunlarının Rəşti tərk etməsindən sonra iyul ayında Gilan Sovet Respublikası elan edildi. Xalq Komissarları Soveti və Gilan Qızıl Ordusu yaradıldı. Lakin çox keçmədən Serqo Ordjonikidze və Stalinin xeyir-duası ilə hərəkət edən Abukov kimi avantürist tiplər Gilanda özbaşınalıq etməyə, yerli əhaliyə xüsusən türklərə divan tutmağa başladılar. Hərəkatın rəhbəri Mirzə Kuçek xan və başqaları bu yaramaz hərəkətlərə müqavimət göstərməyə çalışdılar. Mirzə Kuçek xan 1920-ci il avqustun 1-də Mdivani Polikarp Qurqenoviçə yazdığı məktubunda ona müraciətlə yazırdı: “Sosializm adı ilə Siz bizə münasibətdə yalnız Nikolayın çar ordusu,ya da ingilis kapitalistlərinin hərbi qüvvələrinə yaraşan hərəkətlərə yol verdiniz”.Bu cür hərəkətlərin davam etdiyi bu şəraitdə Mirzə Kuçek xan öz etirazını Mdivaniyə göndərdiyi ikinci məktubunda belə ifadə edirdi: “Sizin yoldaşlarınız qarət, zor və qətlləri kommunizm və məzlumları müdafiə sayırsa, şahsevənlər yüz ildir ki, eyni işləri gördüklərindən,onda gərək onları kommunist hesab edəsiniz”. Mirzə Kuçek xanın V.İ.Leninə, Heydər Əmioğluna, Mdivaniyə təkrar yazdığı şikayət dolu məktublar təsirsiz qalmış, Gilanda Qacarlara qarşı yaradılmış Sovet Respublikasında rus qoşunlarının nalayiq hərəkətləri kütlələrin onlardan üz döndərməsinə səbəb olmuşdu.

Belə bir şəraitdə Gilan Sovet Respublikasının qoşunları Zəncana doğru irəliləyib, Xiyabani ilə iş birliyi yaratmağı təklif etdilər. Lakin Xiyabani bu təklifi rədd etdi və bununla Gilan Sovet Respublikasının qoşunlarının Güney Azərbaycanın içərilərinə doğru irəliləməsinin qarşısı alındı.Bundan başqa,Xiyabani Güney Azərbaycanın şimalında yerləşmiş Abbasqulu bəy Şadlinskinin atlı dəstələrinin,eləcə də Mustafa Kamalın (Atatürk) kömək təklifini də rədd etdi. Digər tərəfdən,Azərbaycan Xalq Cümhriyyətinin bir sıra siyasi xadimləri,eləcə də 1920-ci il mayın 28-də Gəncə və Qarabağ üsyanında iştirak etmiş Azərbaycan ordu hissələri Araz çayını keçib,Qızıl Ordunun təqiblərindən Cənubda özlərinə sığınacaq tapdılar.

Gilan hadisələrini diqqətlə izləyən Xiyabani molla lider Yunis Mirzə Kuçek xanın bolşeviklərlə yaratdığı ittifaqı pisləmiş, Ənzəlidə rus hərbi qüvvələrinin qalmasını kəskin tənqid etmişdi.1920-ci il avqustun 7-də “Yuq Rossii” (“Rusiyanın Cənubu”) qəzetinin müxbirinə verdiyi müsahibəsində o, Gilan hadisələrində xalq adından xalqa zülm edənlərin hərəkətlərini ifşa etdi. Xiyabani əgər əvvəllər,hətta üsyanın ilk aylarında Rusiyada gedən proseslərə hüsn-rəğbətini bildirir,bolşeviklərlə iş birliyindən qaçmırdısa,Gilanda rus əsgərlərinin törətdiyi biabırçılıqdan sonra bu müsahibəsində bolşevizmi “çarizmin o biri üzü” adlandırmışdır.

1920-ci il sentyabrın 12-də Təbrizin Qacar Dövləti qoşunları tərəfindən tutulması və Şeyx Məhəmməd Xiyabaninin Qacar Dövlətinin kazak alayının əsgərləri tərəfindən öldürülməsi ilə Xiyabaninin hərəkatı yatırıldı.Beləliklə,parçalanmış Azərbaycanın bu dövrdə birləşməsi gerçək imkanı Güney Azərbaycanda ruhanilərin müqaviməti və Şimali Azərbaycanın ruslar tərəfindən işğalı ilə heçə endi.

Gilanın sovetləşməsi və Xiyabani hərəkatı Qacar Dövlətinin ərazi bütövlüyünə bolşevik ruslar və ingilislər tərəfindən edilən qəsd əsrin əvvəllərində ingilislərin dövlətsiz hesab etdikləri farslar üçün yaratdıqları paniranizm ideologiyasının və tacik milliyətçiliyinin güclənməsinə təkan oldu. Paniranizmin bir qolu kimi kəsrəviçilik (banisi vətən xaini, avara və manqurt Seyid Əhməd Kəsrəvi-Təbrizinin adı ilə ) yarandı.15 dekabr 1925-ci ildə Rza Şah Palani (Əhməd Şah Qacarın metəri) Əhməd Şah Qacarı devirib Palani tacik dövləti yaratdı.Bu günə kimi (1935-ci ildən İran adlanan məmləkətdə) türklər öz dövlətçiliklərini itirərək fars və iranlı adlanırlar.

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun 4 general-mayoru Qacar sülaləsinə mənsub idi.

1. Əmir Kazım Mirzə Qovanlı Qacar.

2. Feyzulla Mirzə Qovanlı Qacar.

3. Məhəmməd Mirzə Qacar.

4. Əmənulla Mirzə Qovanlı Qacar.

Son


MANŞET XƏBƏRLƏRİ