Avropa İttifaqının strateji geosiyasi proqnozları: ssenarilər və perspektivlər


Kamal Adıgözəlov

I məqalə

Hazırda dünyada çoxaspektli mürəkkəb geosiyasi proseslər gedir. Siyasilərin və ekspertlərin qiymətləndirmələri fərqlidir. O cümlədən müxtəlif təşkilatların maraqları rakursundan məsələni təhlil etmək asan deyildir. Çünki müxtəlif maraqlara dayanan siyasi yanaşmalar özlüyündə qlobal geosiyasəti təzadlı dinamikaya təhrik edir. Bunun fonunda Avropa İttifaqı (Aİ) üçün aparılan təhlillərin və verilən proqnozların məzmunu diqqət çəkir. Aİ qlobal geosiyasətdə hansı mövqeni tuta bilər? Bir təşkilat olaraq onun perspektivləri hansı faktorlarla bağlıdır? Aİ hazırkı strateji inkişaf xətti ilə hansı məqsədlərə çata bilər? Bu kimi suallara cavab axtarışlarına ciddi ehtiyac görürük.

Avropa İttifaqı və qlobal geosiyasi dinamika

Qlobal geosiyasi yenidənqurma prosesinin Avropa İttifaqına təsiri və təşkilatın ona reaksiyası politoloqlar tərəfindən geniş araşdırılan mövzulardandır. Bu zaman aksiom kimi qəbul edilən bir tezisə istinad edilir: Aİ dünyanın nüfuzlu geosiyasi qüvvələrindən və ya düşərgələrindən biridir. İkinci tezisin məzmunu maraq doğurur: Aİ-ni bu statusda necə saxlamaq və ya daha yüksək səviyyəyə qaldırmaq olar? Üçüncü tezis də diqqət çəkir: Aİ-ni siyasi və ya təhlükəsizlik aspektlərində inkişaf etdirmək qarşıya qoyulan məqsədə çatmaq üçün daha səmərəli ola bilər.

No description available.

Bu tezislərin həm ayrılıqda məzmununda, həm də onların qarşılıqlı əlaqəsində aparılan araşdırmalar və gəlinən qənaətlər fonunda Aİ-nin indisi və gələcəyinin maraqlı mənzərəsi yaranır. Onun ayrıntılarına keçməzdən öncə, bir sıra ümumi məqamların üzərində dayanaq.

Bütövlükdə qlobal geosiyasi trendlərin Aİ-yə ciddi təsir göstərdiyi qəbul edilir və bunun fonunda təşkilatın gələcək taleyi haqqında fikir bildirilir. Onlar ümumi şəkildə İtaliyanın sabiq Baş naziri, Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqinin Aİ haqqında 400 səhifəlik geniş məruzəsində ifadə olunub. Məruzə yaxın və uzaq perspektivi nəzərdə tutur.

İqtisadi və sərmayə problemləri

M.Draqinin birinci tezisi ondan ibarətdir ki, Aİ-nin son illər iqtisadi artımı dayanmadan zəifləyir və digər aparıcı iqtisadiyyatlardan geridə qalır. Aİ əsas olaraq ABŞ və Çinin iqtisadi yüksəlişindən geridə qalır. Bunu şərtləndirən səbəblər kimi aşağıdakılar göstərilir:

  • geosiyasi silkələnmələr;
  • müxtəlif xarakterli böhranlar;
  • Çin tərəfindən artan rəqabət;
  • ABŞ-ın maraqlarını dəyişməsi;
  • Rusiyanın enerji resurslarından istifadə imkanlarının məhdudlaşması;
  • "rəqəmsal inqilab".

Bu faktorların kompleks təsiri Aİ-nin gələcək taleyinə ciddi təsir edə bilər. Vurğulanan kontekstdə M.Draqi nümunə kimi Aİ daxilində innovasiyaların aşağı səviyyədə olmasını və ixtiraların tətbiqindəki qüsurları göstərir. Birinci faktoru o, innovasiyaların səviyyəsinin "qapalı dairədə" olması, ikincini isə "ixtiraların və kəşflərin kommersiyalaşması" adlandırır. Məsələn, Avropa Əczaçılıq Sənayeləri və Assosiasiyaları Federasiyasının (EFPIA) qiymətləndirməsinə görə, qlobal investisiyalarda qoyuluş son iki ildə dörddəbirə qədər azalıb. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bir işçinin payına düşən əmək məhsuldarlığı 2022-ci ildən başlayaraq aşağı düşür. "Əgər 2019-cu ildə Avropa ÜDM-i ABŞ ÜDM-nin 68 faizini təşkil edirdisə, 2029-cu ildə bu rəqəm 66 faiz təşkil edə bilər".

Bunlardan konkret nəticələr çıxarmaq olar. Məsələ ondan ibarətdir ki, M.Draqinin fikirləri onun Avropanın orijinal siyasi mövqe tutan və başqalarından fərqli xətt yeridən siyasi xadimi olaraq təşkilatın vəziyyətini necə görməsi baxımından xeyli düşündürücüdür. M.Draqi İtaliya Demokrat Partiyasının üzvü kimi sol mərkəzçi mövqedə olan, eqalitarizm (sosial və vətəndaş hüquq bərabərliyi) ideyasını qəbul edən, İtaliya və Avropa mərkəzi banklarına rəhbərlik etmiş şəxsdir. İqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadiyyatın riyazi modelləşdirilməsi üzrə mütəxəssisdir. M.Draqinin məruzəsi bütün bunlara görə həm maraq doğurur, həm də ondan çıxarılan nəticələr baxımından düşündürücüdür. Burada hansı əsas məqamları vurğulamaq olar?

"Yaşıl iqtisadiyyat"

M.Draqinin ideologiyasında "yaşıl iqtisadiyyat" ayrıca yer tutur. İtaliya sosial-demokratları üçün bu, prinsipial məsələdir. Bununla yanaşı, məlumdur ki, "yaşıl iqtisadiyyat" və "yaşıl ölkə" məsələləri bütün dünya üçün aktualdır. M.Draqinin Aİ-nin gələcəyinin əsas əlamətlərindən biri kimi, "yaşıl iqtisadiyyat"ı göstərməsi həmin baxımdan çox diqqətçəkicidir. Strateji baxımdan maraqlısı odur ki, "yaşıl iqtisadiyyat" anlamı M.Draqi üçün Aİ-nin təşkilat kimi mövcudluğunun əsas istiqamətlərindən biri olaraq təqdim olunur. Bu o deməkdir ki, Aİ-nin gələcəyi bir sıra Avropa siyasətçiləri üçün iqtisadi baxımdan çox əhəmiyyətlidir.

Deməli, Aİ geosiyasi güc olaraq sosial-iqtisadi aspektdə güclənməyə ciddi əhəmiyyət verir. Görünür, burada ABŞ və Çinin ilk növbədə sosial, iqtisadi, enerji təhlükəsizliyi baxımından rəqabəti fonunda özünün avtonom imkanlarını reallaşdırmağa strateji əhəmiyyət verir. Məsələnin bu tərəfi böyük maraq doğurur.

No description available.

Belə çıxır ki, Aİ gələcək üçün sosial, iqtisadi, enerji və mədəni faktorların aparıcı olacağına ya inanır, ya da onun belə olmasını arzulayır. Yəni, bütün hallarda Aİ-nin gələcəyində "yaşıl" faktoru həlledici məqamlardan biri kimi götürülür. Məsələnin bu tərəfinin Azərbaycan kontekstində xüsusi mənası vardır. Bununla bağlı bir sıra məqamlara diqqət yetirmək lazımdır.

Aİ-Azərbaycan: "yaşıl zona"da görüş

Azərbaycanın strateji inkişaf kursunda "yaşıl iqtisadiyyat" və ya "yaşıl ölkə" anlayışları prioritet məqsədlərdən biri kimi yer alır. Azərbaycanın 2030-cu ilə qədər strateji inkişafına dair Milli Prioritetlərin 5-ci istiqamətində qeyd olunur: "təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi".

Həmin bənddə deyilir: "Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır". Bu kontekstdə " ... ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir".

Deməli, Aİ və Azərbaycanın strateji inkişaf istiqamətlərində "ortaq sahə" vardır. Bu, "yaşıl iqtisadiyyat" və "yaşıl ölkə" anlayışlarıdır. Bu prosesdə tərəflər arasında hansı ortaq proqramlar ola bilər? Bu da kifayət qədər ciddi məsələdir. Azərbaycan tərəfinin təşəbbüsləri həmin istiqamətə aydınlıq gətirir. Artıq Aİ-nin 9 üzv ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb ki, burada da "yaşıl enerji" faktoru xüsusi yer tutur. Konkret olaraq bir neçə müqavilə ilə Azərbaycan Aİ-nin bir neçə ölkəsi ilə "yaşıl enerji" xətti ilə əlaqəlidir. Onlar indidən fəaliyyətdədir və Azərbaycanla Aİ arasında imzalanmış strateji sənədə əsaslanır. Yəni, bu istiqamətdə əməkdaşlığın hüquqi əsasları var və onun perspektivi böyükdür, çünki sənədlərdə nəzərdə tutulanlar praktikada həyata keçirilir.

Bu sinxronluq M.Draqinin Aİ-nin gələcəyi ilə bağlı proqnozlarına praktiki-strateji məzmun verir. Çünki müstəqil dövlətlərlə "yaşıl iqtisadiyyat" və "yaşıl ölkə" məsələlərində harmoniya reallıqda Aİ-nin dünyanın əsas geosiyasi güc mərkəzlərindən biri kimi fəaliyyətinə və qlobal rəqabətdə əhəmiyyətli arqumentinə çevirə bilər. Bu halda M.Draqinin "yaşıl iqtisadiyyat" faktorunu önə çəkməsinin strateji geosiyasi mənası aydın olur. Burada iqtisadi faktor özünəməxsus şəkildə geosiyasi faktora proyeksiya edilir.

Bütövlükdə iqtisadi faktorun geosiyasi arqumentə transformasiyasının özünəməxsus qayda və mexanizmi özünü göstərir. Gözləmək olar ki, Aİ gələcəkdə məhz bu məntiqlə iqtisadi və geoiqtisadi məsələləri sırf geosiyasi dəyərlərlə sintez etməyə çalışacaqdır. Siyasi-diplomatik və geosiyasi bağlılıqda bu məsələ xüsusi məna kəsb edir. O cümlədən hazırkı tarixi mərhələ üçün ayrıca əhəmiyyəti olan sərmayə qoyuluşu və rəqəmsallaşma baxımından təhlilə ehtiyacı vardır.

(ardı var)


MANŞET XƏBƏRLƏRİ