Cənubi Qafqazın yeni paradoksları: böyük güclərin ikili yanaşmalarının qəbuledilməzliyi


Kamal Adıgözəlov

Cənubi Qafqazda fəallaşan böyük güclərin atdığı addımlara ekspertlərin marağının çox olması təbiidir. Çünki hazırda Cənubi Qafqaz dünyanın ən aktiv regionlarından biridir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi burada geosiyasi dinamikanı keyfiyyətcə dəyişdi. İndi onun ətrafında mübarizə daha intensiv xarakter alır. Bu prosesin ziddiyyətsiz getmədiyi qənaəti vardır. Xüsusilə Rusiyanın Ermənistanı silahlandırması və ticari əlaqələri dinamik olaraq inkişaf etdirməsi diqqəti çəkir. Məsələ ondan ibarətdir ki, Ermənistan zahirən Qərbə meyl etdiyini göstərir. Eyni zamanda, Qərb, Rusiya və İran regionda düşmən münasibətlərində olduqlarını göstərməyə çalışırlar. Bunun fonunda onların hamısının Ermənistanı silahlandırması və onu müdafiə etməsi müəyyən suallar və şübhələr yaradır.

Böyük oyunların paradoksları

Geosiyasi proseslərdə həmişə müəyyən paradokslar və ziddiyyətlər olur. Görünənlər heç də real olmaya bilir. Xüsusilə böyük dövlətlərin apardıqları siyasətin "astarı" ilə "üzü" təzad təşkil edə bilir. Son dövrlərdə Cənubi Qafqazda böyük dövlətlərin siyasi-diplomatik fəaliyyətlərində bu məqamları daha qabarıq görməkdəyik.

Söhbət ABŞ, Avropa İttifaqı, Rusiya və qismən İrandan gedir. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionun geosiyasi arxitekturasını əsaslı şəkildə dəyişərək yeni konstruktiv xarakterli proseslərin əsasını qoydu. Gözləmək olardı ki, uzaq və yaxın böyük dövlətlər bu prosesə müəyyən dərəcədə dəstək verəcəklər. Hətta Rusiyanın timsalında belə düşünməyə bir çox əsaslar vardı. Çünki Moskva dəfələrlə Azərbaycanın təşəbbüslərini dəstəkləyən bəyanatlar vermişdi. Bu əminlik V.Putinin Azərbaycana son səfəri zamanı daha da gücləndi. Kütlə inandı ki, nəhayət, Kreml əsrlərdir davam edən ədalətsiz davranışlarına və mövqe seçiminə korrektələr etməkdədir. Ancaq, deyəsən, bu gözlənti özünü doğrultmur. Bir sıra faktlar artıq ictimaiyyətə məlumdur.

No description available.

Qərbin siyasi manevrləri

ABŞ başda olmaqla Qərb dövlətləri Cənubi Qafqazda sözün həqiqi mənasında ikili siyasətlərini gücləndiriblər. Vaşinqton, bir tərəfdən, ədalətli yanaşmadan, demokratiyadan, əməkdaşlıqdan danışır, digər tərəfdən isə, birtərəfli qaydada rəsmi İrəvana maliyyə, iqtisadi və hərbi yardımlarını artırır. İrəvanın hava limanına enən təyyarələrin hərbi sursat və əsgər kontingenti daşıdığı artıq təkzibolunmaz faktdır. Son olaraq, Zəngəzurda amerikalılar hərbi varlıqlarını yeni səviyyəyə qaldırıblar.

Qəribədir ki, bunu "iqtisadi əməkdaşlıq" pərdəsi altında edirlər. Belə görünür ki, Qərb Ermənistanda varlığını müxtəlif sferalarda artırmaqda qərarlıdır. Hansı vəziyyətin yarana biləcəyindən asılı olmayaraq, onlar birtərəfli olaraq erməni ordusunu gücləndirməklə məşğuldurlar. Bunun fonunda isə Azərbaycanla bağlı ümumi sözlərdən başqa bir şey eşitmək olmur. Məsələn, A.Blinken əməkdaşlıq, tərəfdaşlıq, və təhlükəsizlikdən bəhs edir. Praktiki olaraq isə təcavüzkar və revanşizm xəstəsi Ermənistanı silahlandırır.

Aİ-nin fəaliyyəti heç də ondan fərqlənmir. Eyni məntiqlə müxtəlif üsullarla Ermənistana silah və maliyyə yardımları ötürən Avropa son zamanlar bir sıra təşkilatlarını da Gürcüstandan Ermənistana köçürməklə məşğuldur. Belə təəssürat yaranır ki, Moskvanın bir qədər gözləmə mövqeyi və Tehranın müəmmalı siyasəti Qərbin əl-qolunu daha da açır. Həmin kontekstdə Rusiyanın hansı addımları atacağı böyük maraqla izlənir.

Moskva və "erməninin göz yaşları"

Adətən deyirlər ki, "Moskva göz yaşlarına inanmır". İndi isə aydın olur ki, Moskvanın özünün və İrəvanın göz yaşları bir oyun imiş. Mətbuat Rusiyanın Ermənistana yeni silahlar verməsi ilə bağlı informasiyaları yayır. Göstərilir ki, hətta "Smerç"ləri belə erməni ordusuna verirlər. Özü də çoxlu miqdarda. A.Overçukun açıqladığı məlumatlar isə real vəziyyəti tam anlamağa yardım etdi. Rusiya Baş nazirinin (yeri gəlmişkən, M.Mişustinin bir tərəfi də ermənidir) müavini A.Overçukun gətirdiyi faktlara görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2021-ci ildən bu yana belə dəyişib:

No description available.

  • 2021-ci ildə ticarət əməliyyatlarının həcmi 2,6 milyard dollar təşkil edib;
  • 2022-ci ildə isə 91,7 faiz artaraq 5 milyard dollara çatıb;
  • Ötən il bu rəqəm 7,4 milyard dollar olub.

Bundan başqa, A.Overçukun sözlərinə görə, "2024-cü ilin sonuna qədər Ermənistan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 14 milyard dollardan 16 milyard dollara çata bilər". Ekspertlərin fikrincə, bu o deməkdir ki, Rusiya Ermənistanın əsas iqtisadi sponsoru olmaqda davam edir.

Burada iki məqam vardır. Birincisi, Ermənistan təkbaşına Rusiya ilə ticarət dövriyyəsini bu səviyyəyə qaldıra bilməz. Deməli, o, hansısa qeyri-qanuni üsullardan istifadə edərək Rusiya ilə əlaqələrin həcmini artırır. Məqsədi isə daha çox gəlir əldə edib, daha çox silahlanmaqdır. Yəni, Qərb buna bilərəkdən göz yumur.

İkincisi, bir qədər öncə Rusiyada Azərbaycanı "paralel ticari əlaqələr" xəttinə qoşulmamaqda ittiham etmiş, nümunə kimi, Ermənistanın buna qoşulduğunu göstərmişdilər. Deməli, İrəvan qanunsuz olaraq Qərbin istehsal etdiyi məhsulları Rusiyaya ötürür və müəyyən miqdarda gəlir əldə edir. Hətta Rusiya mətbuatında bu rəqəmin 5 milyard dollar olduğu bildirilir. Təbii ki, bu qədər pulla xeyli rus silahı almaq olar. Belə çıxır ki, Ermənistan Qərbin sanksiyalarını "deşərək" Rusiyaya məhsullar ötürür, o da ermənilərə əvəzində silah verir. Bunu Qərb də bilir və susur.

Keçmiş "üç həmsədr dövlət"in kollektiv "erməni rəqsi"

Deməli, elə məsələlər vardır ki, bir-birinə düşmən olan xristian dövlətlər müəyyən məqamlarda ortaq hərəkət edə bilirlər. O cümlədən Cənubi Qafqazda təcavüzkar və revanşist Ermənistanı ATƏT-in keçmiş Minsk qrupunun keçmiş yarıtmaz həmsədrləri ABŞ, Fransa və Rusiya silahlandırırlar. Özünü Azərbaycanın strateji tərəfdaşı kimi göstərən Rusiya bu prosesdə ABŞ və Fransadan geri qalmır.

Bu üç "geosiyasi muşketyor" Cənubi Qafqazı qana boyayan erməni separatizminə yeni nəfəs verməyə çalışır. Burada ekspertləri daha çox Rusiyanın mövqeyi təəccübləndirir. Aydındır ki, kimsə Rusiyanın Ermənistanla münasibətləri pozmasında maraqlı deyildir. Hətta sivil və təhlükəsiz qaydada onun inkişafı arzuolunandır. Çünki Rusiya regiona qonşu böyük dövlət kimi rəsmi İrəvanı cilovlaya bilər. Lakin bunun əvəzində Ermənistanı silahlandırmaq başqa məqsədlərdən və məramlardan xəbər verir.

Bu gedişatda diqqət çəkən başqa məqam İranın, faktiki olaraq, düşmən hesab etdiyi qüvvələrin ermənilərə silah verməsinə reaksiya göstərməməsidir. Zəngəzur dəhlizinə görə Tehran etirazını bildirir, hətta Rusiyanı təhdid edir. Ancaq Ermənistanın silahlandırılması və regionda Qərbin mövqeyini möhkəmləndirməsi Tehranı qayğılandırmır! Bu da ciddi paradoks kimi görünür. Və bütün bunlara vahid bucaq altında baxdıqda, geosiyasi mənada düşündürücü və xeyli riskli mənzərə alınır.

Regional təhlükəsizlik naminə

Əlbəttə, Azərbaycan bütün bu gedişata laqeyd qala bilməz. Rəsmi Bakı geosiyasi paradoksları diqqətlə izləyir və ona uyğun davranır. Ekspertlər Azərbaycan rəhbərliyinin təmkinli davranmasını rəsmi Bakının özünə inamı kimi qiymətləndirirlər. Məsələnin digər tərəfi isə Bakının ardıcıl olaraq Türk Dövlətləri Təşkilatını (TDT) gücləndirməsi ilə əlaqələndirilir. Belə ki, bu istiqamətdə Prezident İlham Əliyev təsirli addımlar atır. Məsələn, Özbəkistanla strateji müttəfiqliyin rəsmiləşdirilməsi ciddi geosiyasi hadisədir. Ortaq türk əlifbasının qəbul edilməsi olduqca əhəmiyyətli birləşdirici faktordur. Bundan sonra da TDT-nin gücləndirilməsi prosesi yeni səviyyəyə yüksələcəkdir.

Digər tərəfdən, Azərbaycan COP29-la bağlı tarixi addımlara imza atır. TDT-nin fəal üzvü, faktiki olaraq, müasir qlobal problemlərdən biri olan iqlim məsələsi ətrafında dünyanı birləşdirir!

Bütün bunlar Azərbaycanın getdikcə artan geosiyasi gücünün əlamətləridir. Bunun fonunda Ermənistanın qanunsuz silahlandırılması kiçik olay təsiri bağışlayır. Lakin yaxşı olardı ki, ikili oyun aparan böyük güclər konstruktiv mövqe tutsunlar. Bunu gözləməyə dəyər!


MANŞET XƏBƏRLƏRİ