Faiq Qəzənfər oğlu Ələkbərli
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
aparıcı elmi işçisi,
IV yazı
Dördüncü istiqamət isə sırf türklüklə bağlı Türk dövlətlərinin birliyi ideyasıdır. Bu gün ən az gerçəkçi görünən, ancaq daha çox arzulanan müstəqil Türk Birliyidir. Ancaq dəqiqləşdirmək lazımdır ki, Türk birliyi dedikdə konkret nəyi nəzərdə tuturuq. Çünki bu, bir qədər geniş anlamdır. Burada söhbət konkret milli kimliyini, milli dilini, milli dövlətini türk olaraq qəbul edən toplumlardan gedə bilər. Ancaq bu məsələlərdə də bir qədər obyektiv və subyektiv səbəblərdən dolayı problemlər var. Məsələn, “Türk birliyi”nin içərisində nəzərdə tutulan ölkələrin (Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan və b.) bir yerə toplanması Türkdilli dövlətlərin sammiti adlandığı halda, orada bir araya gələnlərin əksəriyyəti rus dilində danışırlar. Əlbəttə, problem yalnız sammitin adı, yaxud da oraya toplaşanların hansı dildə danışmaları ilə bağlı deyildir. Əsas problem bu Türk dövlətlərinin hakimiyyətlərindən daha çox ayrı-ayrı müstəqil ölkələrdə yaşayan, ancaq əsasən eyni soyu, dili, mədəniyyəti və tarixi paylaşan türk xalqlarının bir-birlərini hansı şəkildə dərk etmələri, qəbul etmələri ilə bağlıdır.
Sovetlər birliyi dövründə bu imperiyanın tərkibində yaşamağa məcbur olan Orta Asiya, Krım, Tatarıstan, Qafqaz, Sibir və başqa türk toplumları arasında iqtisadi, mədəni və s. əlaqələr heç də pis deyildi. Sadəcə, həmin dövrdə türk toplumlarının əsas əlaqə vasitəsi rus mədəniyyəti, rus dili, rus ədəbiyyatı idi. Qırğız, özbək, qazax, türk (Azərbaycan), türkmən, tatar və başqaları məhz məcbur olaraq rus dili və mədəniyyəti vasitəsilə bir-biri ilə əlaqə saxlayırdılar. Şübhəsiz, bütün bunlar nə qədər müstəmləkəçiliyə xidmət etsə də, müəyyən qədər onlar bir-biri ilə təmas yarada bilirdilər. Ancaq bu ölkələr müstəqil olduqdan sonra həmin səviyyədə eyni təmasları yarada bilməmişlər. Yalnız son zamanlarda bu istiqamətdə müəyyən addımlar atılmışdır ki, bəzi türk ölkələri heç də ortaq türk mədəniyyəti, ortaq türk dili əsasında əlaqələrin yaradılmasında maraqlı görünmür. Bu, nə deməkdir? Bu onun göstəricisidir ki, SSRİ dövründə Mərkəz, yəni Moskva türk toplumlarını kölə halına gətirmək üçün türk dilini, türk mədəniyyətini, türk ədəbiyyatını və s. assimilyasiya etmiş və onun əvəzinə həmin xalqların şüuruna rus dili, rus mədəniyyəti və s. yürütmüşdür (Halbuki, rus mədəniyyətinin, rus ədəbiyyatının və sairənin əsas yaradıcılarından biri də elə türklərin özüdür). Bu gün isə biz könüllü şəkildə türk mədəniyyətinə, türk dilinə, türk ədəbiyatına, türk fəlsəfəsinə sahib çıxmaq istəmirik.
Antitürk dairələrin Azərbaycanda, Türkiyədə, Türküstanda (Qazaxıstan, Özbəkistan, Qırığızıstan, Türkmənistan) türksüz “Türk əsri” ssenarisini pozmaq üçün milli şüurumuza yeridilən və indinin özündə də bu və ya digər formada yaşadılan saxtalaşdırılmış tarixdən, ədəbiyyatdan, qeyri-milli ideyadan deyil, vahid bir millətin neçə min illiklər boyu qoruyub saxladığı və yaşatdığı milli tarixdən, milli fəlsəfi fikirdən, milli ədəbiyyatdan, milli ideyadan çıxış etməliyik. Çünki vahid türk fəlsəfəsini, türk tarixini, türk dini-fəlsəfi düşüncə sistemini, türk ədəbiyyatını və s. mənimsəmədən, onun tarixi-fəlsəfi mahiyyətinə varmadan heç vaxt türkçülüyün bütün türklər üçün hansı əhəmiyyət kəsb etməsini də, dərk edə bilmərik. Başqa sözlə, ayrıca götürülmüş bir ölkənin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tatarıstan və b.) fəlsəfəsi, tarixi, ədəbiyyatı, mədəniyyəti ilə yanaşı, ümumtürk fəlsəfəsi, türk dini-fəlsəfi dünyagörüşü, türk mədəniyyəti, türk ədəbiyyatı, türk tarixindən də bəhs olunmalı, tədris edilməlidir. Ancaq bu halda türk dövlətlərində, o cümlədən ötən əsrin sonlarında keçmiş SSRİ-nin tərkibindən çıxaraq yenicə müstəqillik əldə edən ölkələrin gənc nəsilləri, sözün həqiqi mənasında, türkçülüyü – türk kimliyini, türk mədəniyyətini, türk fəlsəfəsini, türk tarixini daha dərindən və yaxından anlamış olacaqlar. Məhz bütün bunların gerçəkləşəcəyi təqdirdə Türk əsrindən, Türk birliyindən bəhs etmək olar.
Türk Birliyinin Quzey və Güney Azərbaycan türklüyünün birləşməsi fonunda gerçəkləşə bilməsi də ən ciddi məsələlərdən biridir. Çünki yalnız Azərbaycan türkləri mənəvi-psixoloji və fiziki anlamda birləşdikdən sonra Türklük yeni bir güc əldə edəcəkdir. Hesab edirik ki, Azərbaycan türklüyünün bütövləşməsi bütün Türk Dünyasına ciddi bir güc qatacaqdır. Çünki Azərbaycan türklüyünün yerləşdiyi coğrafi və strateji mövqe Türklük üçün son dərəcə önəmlidir. Eyni zamanda, Azərbaycan türklüyü tarixən Türklük və Turançılıq ideyasını özündə yaşadan və yaşada biləcək ən əsas mərkəzlərdən biridir. Bunu, Qərb dünyası da, eyni zamanda onların sayəsində Qacarları devirərək hakimiyyətə gələn farsçı-irançı qüvvələr də yaxşı bilirlər. Bu anlamda Azərbaycanın bir hissəsində müstəqil Türkçülüyün olması irançıları və havadarlarını çox narahat edir.
Bu gün Quzey Azərbaycanın müstəqilliyi Güney Azərbaycanın müstəqilliyi üçün əsas prinsiplərdən biri olmaqla yanaşı, Türk birliyinə doğru gedən yolda bir mayakdır. Bu anlamda, Azərbaycan türkləri arasında yalnız Azərbaycana deyil, bütövlükdə əski Turana sahib çıxmaqla bağlı da ideya vardır. Təbii ki, əski Turana sahib çıxmaq üçün də öncə güclü, bütöv və yenilikçi Azərbaycan olmalıdır! Yəni bütün hallarda Azərbaycan bir olmalıdır ki, ondan sonra digər ideyalarımızı, özəlliklə də Türk birliyini həyata keçirək. Vaxtilə milli aydınımız, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə də Türk birliyinin gerçəkləşməsi yolu kimi Azərbaycanı göstərmişdir. Rəsulzadə yazırdı ki, Türklərin öndərliyi ilə “Turanın mərkəzində Azərbaycan” adlı bir ölkə yaranmışdır ki, “yeni Turanın açarı” ondadır. Yeni Azərbaycan Türk ocağı, əski Türk yurdudur (Rəsulzadə, 1990:35).
Eyni zamanda milli aydınımız onu da qeyd edirdi ki, Azərbaycan türkləri yalnız türkçü və demokrat deyil, həm də Türk birliyi tərəfdarıdırlar– gələcəkdə Türk Federasiyasının yaranmasını istəyirlər: “Bizim federalist, türkçü və demokratizm məsləkimiz milli-demokrat məsələsidir. Demokratlığımız radikalizm dərəcəsinə qədər vardır. Millətin qüvvətli bir birləşdirici ümumi cəhətini yalnız dinə deyil, xalqın “dili dilimdən, dini dinimdən” deyə özünəməxsus sağlam hisslə dərk elədiyi düsturda görürüz. Bu mülahizə ilə biz məfkurəmizdə böyük bir türk millətinin bir gün gəlib də bir Türk Federasyonu qurmaqla bütün görmək istəriz! Bu ittihadın bəşər mədəniyyəti sərgisinə qiymətli bir milli kültür bəxş edəcəyinə əminiz!” (Azərbaycan Xalq Cümhuriyyəti, 1998; 51). Beləliklə, Azərbaycan Cümhuriyyət dövründə M.Ə.Rəsulzadə milli-demokratik cərəyanın əsasını təşkil edən türkçülük, islamçılıq, müasirləşmək ideyalarına sadiq qalmaqla yanaşı, gələcəkdə türk millətlərinin Türk Federasiyası yarada bilməsinin mümkünlüyünü də irəli sürürdü. Bu gün mən də bir Azərbaycan türkü olaraq hesab edirəm ki, Türk-İslam birliyi adı altında müsəlman olmayan digər türklərin, yəni xristian türklərin, buddist türklərin, şamanist türklərin Türk Birliyindən kənarda tutulması da qətiyyən doğru deyildir (Ələkbərli, 2020;255-267).
Akademik elmi yanaşmalar, irəligörüşlü aydınların fikirləri ən ümumi şəkildə məhz Avropa Birliyi modelli Türk birliyini məqbul qılır. İdeya, ideologiya məsələsinə gəldikdə, burada hər türk dövlətinin öz müstəqilliyini qoruyub saxlaması və özünəməxsus ideoloji-siyasi sistemində sərbəst olması ən uyğun variant kimi diqqəti cəlb edir, deyə düşünürük.
Həmçinin, türk xalqlarının özünə inamı bərpa olunmalıdır. Bizim türk xalqları olaraq yenidən dirilişə ehtiyacımız var. 44 günlük Azərbaycan Vətən Müharibəsi, bu müharibədə qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi-dplomatik və mənəvi dəstək həmin inama, dirçəlişə xidmət etməkdədir.
Biz antitürk dairələrin Azərbaycanda, Türkiyədə, Türküstanda zaman-zaman yaradılmasına cəhd göstərdiyi saxta tarixdən, fake folklordan, ciddiyyətsiz yaxud ədəbsiz ədəbiyyatdan, qeyri-milli ideyadan deyil, millətin min illər boyu qoruyub saxladığı və yaşatdığı milli tarixdən, milli fəlsəfi fikirdən, milli ədəbiyyatdan, milli ideyadan çıxış etməliyik. Çünki vahid türk fəlsəfəsini, türk tarixini, türk dini-fəlsəfi düşüncə sistemini, türk ədəbiyyatını və s. mənimsəmədən, onun tarixi-fəlsəfi mahiyyətinə varmadan heç vaxt türkçülüyün bütün türklər üçün hansı önəmi daşıdığını da, dərk edə bilmərik. Başqa sözlə, ayrıca götürülmüş bir ölkənin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan) fəlsəfəsi, tarixi, ədəbiyyatı, mədəniyyəti və s. ilə yanaşı, ümumi türk fəlsəfəsi, türk dini-fəlsəfi dünyagörüşü, türk mədəniyyəti, türk ədəbiyyatı, türk tarixindən də bəhs olunmalı, tədris edilməlidir. Türk Akademiyasının “Ortaq türk tarixi” dərsliyi, o dərsliyin pilot layihə olaraq, bir çox məktəblərimizdə tətbiqi bu sahədə olumlu addımlardandır. Ancaq bu halda türk dövlətlərində, o cümlədən ötən yüzilin sonlarında keçmiş SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə edən ölkələrin gənc nəsilləri, sözün həqiqi anlamında türk kimliyini, türk mədəniyyətini, türk fəlsəfəsini, türk tarixini daha dərindən və yaxından anlamış olacaq. Bütün bunların gerçəkləşəcəyi təqdirdə Türk birliyi ideyası daha real müstəvi üzərində maddiləşmiş olacaq.
Türk birliyinin tələb etdiyi ən ümdə məsələlərdən biri ortaq əlifba, ortaq dil arayışlarının davam və inkişaf etdirilməsidir. Türkiyə onilliklər boyu, Azərbaycan, Türkmənistan bir neçə ildən bəri latın qrafikalı əlifbadan istifadə edir. Qazaxıstan və Özbəkistanda latın qrafikalı əlifbaya qəti və birmənalı keçidlə bağlı işlər görülməkdədir; qardaş Qırğızıstanın da belə bir addım atacağına inanırıq. Azərbaycan Türk dövlətlərinin birliyinin yaranmasında öz aktiv iştirakını hər zaman əməli şəkildə ortaya qoyub. Bu baxımdan hələ, Azərbaycan Cümhuriyyəti (1918-1920) dövründə irəli sürülmüş Türk Federasiyası ideyasını xatırlada bilərik.