Azərbaycan Xalq Cümhuriyyəti – Qacar Dövləti münasibətləri


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

I Yazı.

1918-1920-ci illərdə vahid Azərbaycan ideyasının reallaşa biləcəyi nadir tarixi imkan yaranmışdı.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etmiş,daha sonra Qacar Dövləti (1785-1925) ilə bir konfedrasiyada birləşmək cəhdi ilə Arazın o tayındakı Vətən torpaqlarına qovuşmaq meylini büruzə vermişdi. Digər tərəfdən,1920-ci il aprelin 7-də Təbrizdə solçu ruhani və molla Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Qacar Dövlətinə qarşı üsyan başlamış, tezliklə üsyançılar Təbriz və bütün Güney Azərbaycanda yeganə həlledici qüvvəyə çevrilmişdilər.Həmin ilin aprelin 27-də ruslar tərəfindən Kuzey Azərbaycanın işğalı faktiki olaraq Qacar Dövlətinin hakimiyyəti altından çıxmış Təbrizin birləşməsisini qeyri-mümkün etdi.

1918-ci il mayın 28-də elan edilmiş İstiqlal bəyannaməsi ilə Zaqafqaziyanın cənubu və şərqində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, həmin Cümhuriyyətin daxili və xarici siyasətinin əsas prinsipləri bildirildi.Bu tarixi sənədin bütün ruhunu təşkil edən istiqlaliyyət prinsipinin təsdiq olunması gələcəkdə qonşu Gürcüstan, Ermənistan və Şimali Qafqazla (xüsusən Dağıstanla) birlikdə Azərbaycan mərkəzli konfederasiya yaratmaq ehtimalını istisna etmirdi.

İstiqlal bəyannaməsinin əsas prinsiplərindən biri də qonşu ölkələrlə qarşılıqlı dostluq münasibətlərinin bərqarar olunması zərurəti təşkil edirdi.Bu prinsip Qacar Dövləti ilə də gələcək dostluq münasibətlərinin yaranmasını tələb edirdi.Bununla belə, Azərbaycan torpaqlarının böyük hissəsinin Qacar Dövlətində olması bu iki ölkə arasında yaradılacaq münasibətlərdə özünü göstərməli idi, ona görə də Qacar Dövləti ilə münasibətlərin tənzimlənməsi xüsusi yanaşma və ehtiyat tələb edirdi.

Həmin amil-Azərbaycanın parçalanmış vəziyyətdə olması və onun şimalının istiqlaliyyətini elan etməsi çox tezliklə Qacarlarla ilkin diplomatik kontaktlar zamanı özünü göstərdi. Qacar Dövləti Arazın şimalında “Azərbaycan” adlı dövlətin yaranması və onun gec-tez Güney Azərbaycana təsir edəcəyindən təşvişə düşdüyü tezliklə özünü biruzə verdi.1918-ci ilin iyulunda Azərbaycan Cümhuriyyətinin İstanbulda olan nümayəndə heyəti buradakı digər nümayəndələrlə yanaşı,Qacar konsulluğuna da Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında bəyannamə təqdim etmiş, Qacar konsulu isə bu bəyannaməni geri qaytararaq ona əlavə olunmuş vərəqədə göstərmişdir ki, o,”Azərbaycan” adlı müstəqil dövlət tanımır.

Tehran hökuməti Kuzey Azərbaycan təbəələrinin Təbrizdə öz nümayəndəliklərini yaratmasına və bu mümkün olmadıqda, nümayəndəliyinin fəaliyyətini məhdudlaşdırmağa çalışdı.Hələ Rusiya İmperiyasının dağılmasından sonrakı ilk aylarda şimallılar Təbrizdə öz komitələrini yaratmış,bu komitə onların mənafeyinin müdafiəsi yolunda bəzi işlər görə bilmişdi. Türk qoşunlarının general Andranikin Denstervil qüvvələri ilə birləşməsinə mane olmaq məqsədi ilə təcili Təbrizi tutması ilə həmin komitə Qafqaz İslam Cümhuriyyəti konsulluğuna çevrildi.Konsulluğa əvvəl Teymur bəy Məlik Aslanov,sonra Yusif Ziya,daha sonra isə Rauf bəy başçılıq edirdi. Osmanlı İmperiyası qoşunlarının Təbrizi tərk etməsi ilə Tehran hökuməti bu konsulluğu bağladı.

Qacar Dövlətində türk əhalisinin qabaqcıl dairələri Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini sevinclə qarşıladılar.1918-ci ilin iyulunda İstanbulda olan Azərbaycan nümayəndə heyətinin başçısı Məmməd Əmin Rəsulzadə öz hökumətinin xarici işlər nazirinə yazırdı: “Mən burada Qacar Dövlətində yaşayan Azərbaycan türkləri ilə görüşdüm. Onlar mənim köhnə yoldaşlarımdırlar.Azərbaycanın müstəqilliyinə (istiqlaliyyətinə) onların gizli sevgi bəslədiklərini hiss etdim... Deyirlər ki,biz onları unuduruq.

Qacar Dövləti mətbuatında Azərbaycan Cümhuriyyəti adının düzgün müəyyən edilib-edilməməsi ətrafında geniş müzakirələr başlanmış,bəziləri həmin “səhvin” səbəbkarının Osmanlı Dövləti (1299-1922) olduğunu iddia edir, digərləri burada heç bir yanlışlığın olmadığını Qacar Dövləti türklərinin vahid millət olduğunu təsdiq edirdilər.

Qacar rəsmi diplomatik nümayəndələri “Azərbaycan” adına etiraz etməklə yanaşı, Qacar Dövlətinin şimalında müstəqil dövlətlərin,xüsusən müsəlman və türk dövlətinin yaranmasını Qacar Dövlətinin mənafeyinə uyğun hesab edirdilər. Qacar diplomatları Rusiya ilə Qacar Dövləti arasında başqa bir bufer dövlətin,beləliklə özlərinin təhlükəsizliyi üçün əlavə amilin meydana çıxmasından məmnun olduqlarını bildirirdilər.Bir qədər sonra Qacar rəsmi nümayəndələri Qacar Dövləti və Azərbaycanın vahid dövlət təşkil etməsinin hər iki ölkə üçün məqsədə uyğun olduğu tezisini ortaya atdılar. İlk dəfə həmin tezis Sülh konfransında iştirak etmək üçün Parisə səfəri zamanı 1918-ci ilin sonlarında iki gün Bakıda qalmış Qacar nümayəndə heyəti tərəfindən irəli sürülmüşdür. Nümayəndə heyətinin başçısı Qacar Dövləti xarici işlər naziri dünya müharibəsi qurtardıqdan sonra Azərbaycan üçün qeyri-münasib vəziyyətin yarandığını (“Osmanlı Dövləti ilə ittifaqda olduğunuz üçün Antanta sizə hüsn-rəğbətlə yanaşmayacaq”),qonşu gürcü, xüsusən də erməni hökumətlərinin düşmən münasibətlərini nəzərə alaraq,Azərbaycan hökumətinin qonşularla birlikdə konfederasiya təşkil etmək ehtimalına şübhə ilə yanaşdığını göstərib,Qacar Dövləti ilə Azərbaycanın birləşməsinin hər iki tərəf üçün faydalı olduğunu əsaslandırmağa çalışmışdır.Lakin Azərbaycanın bəzi nüfuzlu siyasi xadimləri (xüsusən Əhməd bəy Ağaoğlu) bu təklifi etirazla qarşılamış,onu Qacar diplomatiyasının hiyləsi kimi dəyərləndirmişdir.

Qacar Dövləti xarici işlər naziri eyni məsələni 1919-cu ilin yanvarında İstanbulda olan Azərbaycan Cümhuriyyətinin geniş səlahiyyətli yeni nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov qarşısında da qaldırmışdı. O, Qacar Dövləti ilə Aərbaycanın birləşmək perspektivi məsələsi barədə Əlimərdan bəylə qeyri-rəsmi görüşündə demişdi:”Bununla mən demək istəmirəm ki,Siz Tehrandandan asılı vəziyyətə düşəsiz,Sizin Azərbaycan, əlbəttə daxili muxtariyyətini saxlayacaq. Xarici siyasət sahəsinə gəldikdə isə,o xüsusi rəsmi sənədlə müəyyən olacaq. Əlbəttə,bütün bunlar konqresdə (Paris Sülh Konfransında) rəsmi şəkil alacaq”. Qacar Dövlətinin xarici işlər nazirinin təklifi Əlimərdan bəy üçün gözlənilməz olmuş, o, Azərbaycan Cümhuriyyətinin suverenliyini ön plana çəkmiş, Azərbaycanın siyasi xadimləri tərəfindən bu təklifin qəbuluna şübhə etdiyini bildirməklə yanaşı,Azərbaycanın təhlükəsizliyi baxımından onun diqqətəlayiq təklif olduğunu göstərmişdir.

1918-ci ilin son aylarında Naxçıvan,Şərur,Vedi,Dərələgöz və ətraf bölgələrdə yaranmış dramatik vəziyyət Qacar Dövləti ilə birbaşa əlaqələrin yaradılmasını tələb edirdi. Erməni iddialarından Azərbaycanın bu bölgəsini qorumaq məqsədi ilə noyabr ayında mərkəzi Kəmərli olmaqla burada Əmir bəy Nərimanbəyovun Nazirlər Şurasının sədri olduğu Araz Türk Cümhuriyyəti yaranmışdı. Erməni nizami ordusunun hücumu ilə əlaqədar mərkəz Naxçıvana köçürülmüş, xüsusi komissarlıq təsis edilmişdi. Dəhnə və Vəlidağ arasındakı Qurd qapıları ətrafında min nəfərlik yerli dəstələrin erməni hücumunun qarşısını saxlaya bilməməsi İrəvan,Naxçıvan və Şərur-Dərələgöz mahallarının yerli əhalisi arasında vahimə yaratmışdı.Bu zaman Naxçıvandan Təbrizə, vəliəhdin ünvanına yardım haqqında teleqram göndərilmiş,bu sənəddə həmin mahalların əhalisinin Qacar Dövlətinin təbəəliyini qəbul etməyə hazır olduqları bildirilmişdi.Vəliəhdin verdiyi məlumat Tehranda müzakirə edidikdən sonra əhalini sakitləşdirmək üçün keçmiş İrəvan quberniyasına Tehrandan iki nəfər Azərbaycan türkü və iki erməni göndərilmişdi. İlk məğlubiyyətdən sonra özünü itirməyən Araz Türk Cümhuriyyəti hökuməti tezliklə 6 minə yaxın könüllü toplamış, Şərur-Dərələgöz mahalındakı Zeyvə kəndi yaxınlığındakı döyüşdə könüllülər erməniləri darmadağın edərək, onları İrəvan mahalındakı Yaycı kəndinə qədər təqib etmişdilər.

1919-cu il iyulun 16-da Azərbaycan Cümhuriyyətinin Nazirlər Şurası Qacar Dövləti hökuməti yanında diplomatik nümayəndəliyin təsis olunması haqqında qərar qəbul etdi. 4 oktyabr qərar ilə hökumət nümayəndəliyinin ştatını təsdiq etdi.Tehrandakı nümayəndəliyin başçısı Adil xan Ziyadxanov təyin edildi.Adil xan Gəncənin Qacar boyuna mənsub xanı Cavad xanın və Qacar vəliəhd- şahzadəsi Abbas Mirzənin soyundan gələn Azərbaycanın görkəmli dövlət xadimi,alimi və diplomatı idi. Çar Rusiyasının keçmiş səfiri, sonra isə general Denikinin rəsmi nümayəndəsi olmuş Nikolay Sevastyanoviç Etter Azərbaycan nümayəndəsinin Qacar Dövlətinə gəlməsinə hər vasitə ilə mane oldu. Lakin rus səfirinin hər sözünün Qacarların hökuməti üçün qanun olduğu dövr keçmişdi, onun sözünə artıq heç kəs məhəl qoymurdu.Azərbaycan nümayəndəsi Tehran hökuməti və Qacar şahı Sultan Əhməd Şah Qacarın (1909-1925) özü tərəfindən iltifatla qəbul edildi. Qacar şahı Tehran,Təbriz və başqa türk şəhərlərində Azərbaycan Cümhuriyyətinin daimi rəsmi nümayəndəliklərinin yaradılması fikrinə razılığını bildirdi. Diplomatik nümayəndəlik Kuzey Azərbaycanla Qacar Dövləti arasında 1813-cü il 12 noyabr tarixli Gülüstan və 1828-ci ilin 10 fevralında imzalanan Türkmənçay müqaviləsindən sonra kəsilmiş ticarət əlaqələrini və eyni millət arasında əlaqələrin bərpasını qərara aldı. Hüquqi sahələrdə bağlaşmalar işləyib hazırlamaq məqsədi ilə ilkin danışıqlara başladı.

Diplomatik nümayəndəlik Naxçıvanda vəziyyətin normallaşdırılması ilə məşğul olurdu.Tehran ingilis və ermənilərin təhriki ilə Naxçıvan və ətrafından 60 mindən çox Azərbaycan türkünü Qacar Dövlətinə köçürməyi və beləliklə, Naxçıvanı zəiflədib, ermənilərin planlarının reallaşması üçün münasib şərait yaratmağa meylli idi. Nümayəndəlik Naxçıvandan didərgin düşənlərə yardım etməklə yanaşı, Naxçıvan üzərinə hücumlarda Qacar Dövlətində yaşayan ermənilərin də fəal iştirakını Tehran hökumətinin nəzərinə çatdırır və bunun qarşısını almağı ondan tələb edirdi. Azərbaycanın Tehrandakı səfiri Xarici işlər nazirliyinə məlumat verirdi ki, Qacar Dövləti hökuməti müvafiq tədbirlər görməkdədir.

Qacar Dövləti nümayəndələri ilə diplomatik təmaslar Paris sülh konfransında da davam edirdi. 1919-cu ilin oktyabrında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovla Qacar Dövləti xarici işlər naziri Əliqulu Müşavirəlməmalik Ənsari ilə görüşləri adətən anlaşılmazlıq şəraitində keçirdi. Sovet Rusiyasının Qacarlarla qeyri-bərabər müqavilələri ləğv etməsindən istifadə edərək,Qacar Dövləti 1919-cu ilin əvvəllərində Paris konfransında böyük iddialı rəsmi memorandum vermişdi. Qacarlar bu memorandumda Bakı, Dərbənd, Şəki, Şamaxı, Gəncə, Qarabağ, Naxçıvan və İrəvanı tələb edir,öz tələbini buranın “müsəlman əhalisinin Qacarlarla eyni mənşəli və eyni irqdən” olması ilə əsaslandırırdı. Naxçıvan hadisələrinin əhəmiyyəti də şişirdilərək memorandumdakı tələbləri əsaslandırmaq üçün istifadə edildi; “Bundan başqa bu əyalətlərin əhalisinin müəyyən qismi bu yaxınlarda erməni və rus soyqırımından onları müdafiə etməsi üçün Tehran hökumətinə müraciət etmiş və Qacar Dövlətinə qayıtmaq arzusunu bildirmişdir”.Birinci Dünya savaşında heç bir rolu olmayan Qacar Dövlətinin fantastik torpaq iddiaları ciddi qarşılanmamış,1919-cu il 9 avqust tarixli ingilis-Qacar müqaviləsinin imzalanmasından sonra Qacar nümayəndələri konfransın işinə yaxın buraxılmadılar.Bu müqaviləyə görə Qacar ordusunun yenidən qurulması və yollar çəkilişinə sərf ediləcək borc müqabilində böyük hüquqlara malik İngiltərə mütəxəssisləri ümumi razılığa əsasən Qacar Dövləti idarələrində yerləşdirilməli idi.

Sentyabr ayında yeni xarici işlər naziri Firuz Mirzənin nümayəndə heyətinin başçısı sifəti ilə Avropaya gəlməsindən sonra Qacar Dövlətinin Azərbaycan istiqlaliyyətinə münasibəti tam dəyişdi,bu əsasda Qacar-Azərbaycan nümayəndə heyətlərinin görüşlərində iki ölkə arasında ittifaq yaranması haqqında sənəd qəbul edildi.Noyabr ayının 1-də Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim edilən bu sənəd aşağıdakı bəndlərdən ibarət idi:

1. Qafqaz Azərbaycanı Rusiyada hər hansı forma və şəkildə hakimiyyət və quruluşun yaranmasından asılı olmayaraq,Azərbaycan nümayəndə heyətinin Sülh konfransına təqdim etdiyi tələb və xəritələrdə göstərilmiş torpaqları ilə Rusiyadan birdəfəlik və qəti surətdə ayrılır.

2. 1918-ci il mayın 28-dən etibarən Qafqaz Azərbaycanının göstərilən hüdudlarında mövcud olan Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakı şəhəri,ümumi seçki hüququ əsasında Azərbaycan hökuməti tərəfindən çağırılan Azərbaycan Müəssislər Məclisinin təsdiqindən sonrakı qanunlar çərçivəsində fəaliyyət göstərən seçkili Nazirlər Şurası sədri və Parlamenti olmaqla müstəqil, suveren, demokratik Cümhuriyyət kimi tanınır.

3. Azəraycan Xalq Cümhuriyyətinin qonşu Qacar Dövləti ilə siyasi-iqtisadi əlaqə yaradır,bu əlaqənin əsasları və formaları, eləcə də yolları iki dövlətin Parlamentlərinin təsdiqi ilə Qacar və Azərbaycan hökumətləri tərəfindən qarşılıqlı razılığa əsasən işlənib hazırlanır və müəyyən edilir. Özü də Qacar və Azərbaycan hökumətlərinin xarici işlər sahəsindəki fəaliyyətlərinin birləşdirilməsi arzu olunur.

4. I və II bəndlərdə yuxarıda göstərilən məqsədlərə nail olması, Azərbaycanın Cümhuriyyəti istiqlalının tanınması, onun müstəqilliyi və bütövlüyünə hər hansı qəsdin xətərsizləşdirilməsi işində Azərbaycan Cümhuriyyəti Qacar Dövlətinin göstərdiyi kömək timsalında onun siyasi,iqtisadi,mədəni inkişafına və hərbi qüvvələrinə və İngiltərənin həqiqi köməyinə möhtacdır.

Ardı var.


MANŞET XƏBƏRLƏRİ