Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Cənubi Sibir diyarının mürəkkəb təbii-coğrafi şəraiti və strukturu bölgənin əski Türkdilli qəbilə-tayfa etnoslarının ayrı-ayrı qollarını və İttifaq qurumlarını özündə (Altay-Ural dil ailələrində) birləşdirməklə Avrasiya materikində kökənli Sak-Hun-Quz... etnodemoqrafik təkamül/mədəniyyət mərhələlərinin təşəkülünə zəmin yaratmış, eləcə də, müasir Ana Su/Yenisey çayı hövzəsinin (orta enliklərdən Şimal qütb arealına qədər) geniş coğrafi sahəni əhatə etmişdir.
Türkdilli tayfalardan olmuş sabirlər, suvarlar, saburlar…(yunan coğrafiyaşünası K.Ptolomeyin (100-175) “Coğrafiyaya rəhbərlik” əsərində (VI-V, 10) adları “savar” kimi qeyd edilib) əsaən Quzey Asiyanın sərt iqlim şəraitində (daimi donuşluq, qar, buz örtüklü və uzun müddətli mənfi temperaturlu mühit, ucsuz-bucaqsız meşə örtüyü, qalın laylarla buz bağlayan çay yataqları…) yaşadıqlarından (Sak/Saxa diyarından İtil/Volqa çayı hövzəsinədək) və coğrafi məkanın bu şiddətli təsirinə səssiz-səmirsiz dözdükləri üçün ərazi “Sibir” (“Səbirlilərin, dözümlülərin yurdu”) adlanmış, etnomilli mədəniyyət sırf etnomorfoloji səciyyə daşımışdır.
Ərəb səyyahları-coğrafiyaşünasları da (Əbül-Qasim ibn Xordadbeh, 820-913, “Səyahətlər və ölkələr” kitabında, Əbül-Abbas əl-Abbası (əl-Yaqubi), 810-897, “Ölkələr haqqında” əsərində…) bölgəni “Sibir” adlandırmışlar.
Təbii mühitə uyğun olaraq ucsuz-bucaqsız Sibir diyarında, Mərkəzi və Orta Asiyanın yarımsəhra-quru çöl hüdudlarında, Uzaq Şərq meşəliklərində, sıx dağ sıraları və geniş çay şəbəkəsi, Sarı dəniz sahillərində e.ə. XII-X minilliklərdən başlayaraq əski Türkdilli qəbilə-tayfa, etnik qrup birliklərinin...yayıldığı coğrafi məkan artıq e.ə. V-IV minlliklərdə müstəqil dil-ailə qollarının, etnolinqvistik özəl strukturlarının yaranması mərhələsini yaşamış, artıq III-II minlliklərdə özündə tarixi-coğrafi, dini-sakral, ədəbi-mədəni…mənbələri əhatə edən “Daşlıq”, “Azquz”…adlı mədəniyyət mərhələləri formalaşmışdır.
Qərbi və Şərqi Sibir düzənliklərinin sərhəddini təşkil edən, Sayan/Xan Tenqri oğlu-Altay/Altau dağlarından başlanan Ana Su/Yenisey çayı hövzəsində yayılmış protoTürk dil-leksik, şivə-dialekt, etnomorfo-etnodil…sistemini yaşadan toponimlər fololoji mənşəyi baxımından ilk növbədə ÜmumTürk coğrafiyasını əhatə etmişdir.
Bir cəhətə diqqət yetirək ki, Ana Su/Yenisey çayının mənbə hissəsi, Sayan/Xan Tenqri oğlu dağı sistemində əski Türkdilli (Xakas dilində) oroqrafik-coğrafi terminlər sırasında “Aba”-“Ata”,”kan/kanq”-“çay”, “azax”-“oğuz”, “xol/qol”-“çay qolu”, ”soyen”-“bəyaz”, “ağ örtük”, “kös”-“göz”…mənasında işlənilən sözkökü və birləşmələr coğrafi adlar kimi Türk dünyası coğrafiyasında “xəritə”ləşdirilmiş, qədim Sarı Uyğurların dilinin morfosintaksis quruluşuna uyğun indi də qalmaqdadır.
Sayan/Xan Tenqri oğlu dağı orotoponimi Xakas dilində “aklık/klık” tələffüzünün söz kökü olan-“ağlıq”, “bəyazlıq”…mənasına uyğun əski türkcə “soyen/söyen” sözündən (zikr tərzində “söylənən”, “İlahi sevilən”) yaranması ilk növbədə hövzənin sakral-dini irsi ilə bağlıdır. Mavi səmanın ənginliklərinə baş vuran, daimi, bəyazlığa bürünmüş, qar-buz örtüklü Göy Tanrısı-Xan Teqri…məqamı kimi uca Altay dağ sisteminin bir qolu olan Xan Teqri oğlunun İrfani-Ruhani ocağı/yurdu-Sayan dağları orotoponim kimi “müqəddəs bəyaz örtüklü dağ” anlamındadır, bu fəlsəfi-mistik ruh Ana Su/Yenisey çayının yuxarı qollarını müqəddəs bulaqların suyu ilə qidalanmasından yaranmışdır.
Altay orotoponimi də İlahi Haqqın uca dərgahına rəğmən (xakas-uyğur dillərində “ull“, “uul” sözlərinə rəğmən ”böyük”, “ulu” deyim tərzində) “Ulu Tanrı” mənasındadır, Mərkəzi Asiyanın Tanrı ocağı kimi ruhani-irfaniliyinə tarixi-coğrafi bir işarədir.
Xüsusi bir cəhəti qeyd etmək lazımdır ki, Cənubi Sibir və Mərkəzi Asiyanın Türkdilli qövmələrinin toponimlərində hidroloji tapınma, suyun müqəddəsliyinə inam və bağlılıq minilliklər boyunca davam etmiş, nəinki etnomilli şifahi və yazılı elmi-ədəbi irsimizdə, həm də yer adlarının yaranmasında da “qırmızı xətt” kimi nəzərə çarpır. Əski Türkdilli qəbilələrdə doğulan körpəni Ana Suyun/Yeniseyin qoynunda yuyub-təmizləyiblər, istək-diləklərinİ suya danışmalarının mistik-fəlsəfi əsası da bu hökmün təsirindən doğub, intişar tapmışdır.
Eramızın I minilliyində Cənubi Sibir hövzəsinin geniş coğrafi ərazilərinin qəbilə-tayfa birlikləri olan Ana Su/Yenisey Qırğızlarının kökənli dil-ailə mənsubiyyəti eləcə də Xakas dilinin kökünü təşkil etmişdir. Xakas boyları (Qaybalı, Qoç, Şor, Qızılqaya, Aba, Qızıl…) e.ə.I minillikdə Sak-Quz tayfa birlikləri (“Xakas” antronimi “Sak” və “Quz” sözkökündən yaranmış, müəyyən tarixi dövr ərzində dilin fonetik-dialekt tərzinə uyğun olaraq assimlyasiya olunaraq etnomorfoloji hüquq qazanmışdır) Sibir diyarının aparıcı dil-ailə İttifaqını təşkil etmişdir, Hun tayfaları ilə birlikdə.
Ana Su/Yenisey çayının mənbə hissəsində, Abakan şəhəri yaxınlığındakı dağ yükəsliyində Türk/Qırğız xaqanı İrənək/Örənək xanın (1600-1687) şərəfinə Memorial kompleks (heykəl) ucaldılmışdır. Həmin dağın ətəklərində e.ə.IV-II əsrlərə aid Hun qalası qalmaqdadır.
Qırğız hakimi Bars bəy (637-711) 693-cü ildə bu xaqanlığı yaratmaqla 1207-ci ilədək davam edən hakimiyyəti həm də, Mərkəzi Asiyanı, Altay- Ana Su/Yenisey, Sarıçay/Xuanxe çayı hövzələrini, Uzaq Şərq bölgəsini…əhatə etmiş, əski Türkdilli xalqların tarixi-mədəni, dini-sakral, milli-mənəvi (tarixi, coğrafi, filoloji)… irsinin təşəkkülünü inkişaf etdirmişdir.
Asquz/Azquz bölgəsi Xan Tenqri oğlunun yurdunda (Sayanda) yuxarı dağlıq əraziləri əhatə edir, Türkdilli Xakasların əski yurdlarından biridir, paytaxt Abakan şəhərinin yaxınlığındadır (80 km aralıda). Qədim Türkcədə “Aba” (Bütöv Azərbaycan hüdudlarında da bəzən Ataya Aba deyə müraciət olunur) “böyük”, “uca” mənasına, “kan”, “kanq” sözü isə “çay”, “axan su” anlamına uyğun gəldiyindən (kankan-“su quyusu qazan” mənasına uyğun kələn təyini söz birləşməsinin etnomorfoloji baxımdan əski Türkdilli tayfalara məxsusluğu şübhə doğurmur) “Böyük çay” kimi tərcümə edilir, yəni, “Böyük çayın keçdiyi şəhər”. Həm dəbu şəhərin hüdudlarında Abakan çayı sol qol kimi (uzunluğu 514 km) Ana Su/Yenisey çayları birləşir.
Sak-Hun-Quztayfa İttifaqının etnostruktur tərkibinə daxil olan Cənubi Sibir xalqlarının (xakaslar, altaylar, cənubi qırğızlar, Sarı uyğurlar…) leksik-dil fonetikasına uyğun təhlil edilən toponimlər sırasında Asquz nahiyəsindəki Xangöl/Xankul və Balagöl/Balankul göllərini də qeyd etmək olar.
Xakas xalqının boyları sırasında Şorların adını yaşadan Sorığ/Şorluq şəhəri 750 m hündürlükdə yerləşir, paytaxt Abakan şəhərindən 110 km aralıdır. Bu şəhərdən 200 km uzaqlıqda (şimal-qərbdə) yerləşən Şira/Şora kəndinin şərqində,10 km məsafədə, 353 m yüksəklikdə yaranan Sarı gölü müalicəvi əhəmiyyəti və təbii mənzərəsi ilə fərqlənir.
Əski protoTürk dilli bu xalqın, ilk türkoloq-etnoqraf alimi Kazan Dövlət Universiteti və Ruhani Akademiyasının professoru Pora Qızıl oğlunun (1862-1922, adı və soyadı dəyişilərək Nikolay Fyodoroviç Katanov olub) mülahizəsinə görə Sarı gölün ətrafındakı, zəif ot bitkisi ilə örtülü yüksəklilər sarıya çaldığından hidrotoponim əraziyə uyğun yaranıb.
Şora kəndi yerli dildə Sıra aymağı adlanır. Ərazinin yaxınlığında ucalan dağların morfo-etnogenezisində və orotoponim kimi adında əski Xakas dilinin mayası, ruhu ilə yanaşı hakim Sak-Hun-Quz tayfa İttifaqının dialektik fonetikası və dil quruluşu qorunub saxlanılmışdır. Belə ki, Unqur/Hunquz (1588 m), İzıx/Quz/Oğuz (1445 m), Xoşqulaq (1317 m)... dağlarının tarixi-coğrafi etimoloji anlamı elmi-nəzəri və dini-fəlsəfi təlimlərə uyğöun gəlir. Bu baxımdan Şora kəndindən qərbə 18 km məsafədə ucalan Xoşqulaq dağı və eyniadl mağara dini-sakral ayinlərin (şamançılığın) keçirildiyi mistik-dünyadərki ocağı kimi qəbul edilir. Beş hektara qədər ərazidə xoş avazla ucadan edilən zikrlərin qulağa çatan sədası dağın və mağaranın adının mənasında yaşamaqdadır.
Altay-Xakas diyarının kiçik bir hissəsinə aid olan yer adlarının tarixi-coğrafi-fololoji təhlili göstərir ki, əski tarixi keçmişə və zəngin mədəniyyətə malik olan Türkdilli xalqların məskunlaşma coğrafiyasının toponimləri bütünlüklə bu dilin soyundan yaranmış, minilliklər ərzində leksik-assimlyativ dəyişiklərə məruz qalsalar da, yabançı dillərin təsiri güclü olsa da, məzmun və məna bütövlüyünü qoruyub saxlamışdır. Yad dillərin semantik təsiri (məna,ifadə və anlayışların təhrif edilməsi, dil qramatikasına uyğunluğunun qarşısının alınması) toponimlərin dil-tələffüz quruluşunu dəyişə bilməmişdir.
Təbii ki, bu hal Sibir, Uzaq Şərq, Mərkəzi Asiya və Sakit okean hövzəsini əhatə edən böyük coğrafi dünyada aydın görünür. Bu məkan həm də dayanıqlı, əski Türkdilli ailə-dil İttifaqının yaranma mərkəzi olmaqla, bütünlüklə Avrasiya materikini əhatə edən qohum və törəmə qəbilə-tayfa birliklərinin etnomorfoloji strukturunun formalaşmasını təmin etmişdir.
Ona görə də, materikin Şərq və Qərb bölgələrinin, Şimal və Cənub enliklərinin coğrafi toponimləri mənşə və məna etibarı ilə bu dərəcə də doğmalıq, eləcə də, filoloji bağlılıq təşkil edir.
P.S. Alman-rus mənşəli təbiətşünas və səyyah P.S.Pallasın(1741-1811) mülahizəsinə görə (“Rus dövlətinin müxtəlif əyalətlərinə səyahət” (1773-1788) əsərində) bölgənin-Sibir və Mərkəzi Asiyanın milli-mədəni, etnoqrafik, siyasi-ictimai...inkişaf xüsusiyyətlərinə Hun mədəniyyətinin təsiri böyük olmuşdur.