Kamal Adıgözəlov
Cənubi Qafqazda sabitlik və sülh getdikcə daha kəskin şəkildə müzakirə mövzusuna çevrilməkdədir. Böyük geosiyasi güclərlə region dövlətləri arasında bir sıra məqamlarda fikir ayrılığı dərinləşir. Belə şəraitdə "3+3" formatının gələcək taleyi ilə bağlı təhlillər aparılması və proqnozların verilməsi normaldır. Həmin kontekstdə bir sıra faktorları müqayisə etməklə regional geosiyasi konfiqurasiyanın əsas əlamətləri haqqında fikir yürütmək, müəyyən qənaətə gəlmək olar.
Cənubi Qafqazda regional platforma
Ekspertlər Cənubi Qafqazın təhlükəsizliyi və burada əməkdaşlığın perspektivləri ilə bağlı daha çox fikir bildirməkdədirlər. Regionla bağlı müşahidə edilən proseslərin məzmunu və intensivliyi də onu göstərir ki, bu məsələ siyasiləri həm maraqlandırır, həm də narahat edir. Narahatlığın əlamətləri özünü daha qabarıq surətdə göstərir. Əsasən böyük dövlətlər atdıqları addımlarla bunu ifadə edirlər. Maraqlıdır ki, onların hər birinin öz arqumentləri vardır.
Məsələn, Rusiya hesab edir ki, onu regiondan sıxışdırmağa çalışırlar və buna qarşı öz iradəsini qoyur. ABŞ hesab edir ki, Cənubi Qafqazda söz sahiblərindən biri olmalıdır və həmin məntiqlə də Rusiya, İran və Türkiyəni arxa plana atmağa çalışır. Avropa İttifaqının tərkibində öz maraqları naminə fəallaşmaqda olan Fransa bu zaman birtərəfli qaydada Ermənistanın tərəfini tutur. İran isə Qərb və Rusiya arasında manevr etməklə özü üçün maksimum geosiyasi dividend əldə etməyə can atır. Tehranın vəziyyəti qibtə ediləsi deyildir. Çünki açıq görünür ki, Qərb və Rusiya ilə eyni səviyyədə region uğrunda mübarizə aparmaq iqtidarında deyildir. Bu baxımdan Cənubi Qafqazın yeni geosiyasi konfiqurasiyasında aparıcı ola bilməyəcək. Ancaq İran ənənəvi ambisiyalarından da geri çəkilmək fikrində deyildir. Bu səbəbdən son zamanlar hədə-qorxu gəlmək, qarşı tərəfi ittiham etmək kimi addımlar atır.
Bütün bunların fonunda Türkiyə-Azərbaycan tandemi təmkinli və konstruktiv davranış sərgiləyir. Belə görünür ki, Ankara ilə Bakı Cənubi Qafqazda İkinci Qarabağ müharibəsindən sonra yaranmış geosiyasi reallığı qorumaqda qətiyyətlidirlər. Məsələyə ümumilikdə keçən əsrin 90-cı illərindən başlayaraq, Cənubi Qafqazda sülh platformalarının tarixçəsi prizmasından baxdıqda da, Azərbaycanla Türkiyənin konstruktiv mövqe tutduqlarını görmək olar. "3+3" formatına qədər təklif olunan platformaların qısa təhlili bu qənaəti təsdiq edir.
"3+3"-ə qədərki regional platformalar: qısa müqayisə
Cənubi Qafqazda sülh və əməkdaşlıq yaratmaqla bağlı ilk platformanı 1999-cu ildə Süleyman Dəmirəl təklif edib. O, "Qafqazda sabitlik paktı" adlanırdı. Bu təklifi Azərbaycan, Gürcüstan və Ermənistanın dövlət başçıları – Heydər Əliyev, Eduard Şevardnadze və Robert Koçaryan dəstəklədilər. Onlar 1999-cu ilin noyabrında ATƏT-in İstanbulda keçirilən sammitində bu barədə bəyanat verdilər.
2001-ci ilin fevralında Türkiyə İqtisadi və Sosial Tədqiqatlar Fondu İstanbulda "Qafqazda sabitlik paktı"nın müzakirə edildiyi xüsusi konfrans təşkil etdi. Bu format 8 iştirakçını nəzərdə tuturdu: Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan, Ermənistan, ABŞ və Aİ ("3+3+2"). Ondan bir il əvvəl isə Avropa Siyasi Tədqiqatlar Mərkəzinin (Brüssel) həmsədri Maykl Emerson regional sabitliyin geniş planını işləyib hazırlamışdı.
2008-ci ildə Türkiyənin Baş naziri kimi Rəcəb Tayyib Ərdoğan "Qafqaz təhlükəsizlik paktı" ("Qafqaz təhlükəsizlik və əməkdaşlıq platforması") təşəbbüsünü irəli sürdü. Bu platformanı "3+2" də adlandırmaq olar (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya). 2010-cu ildə Gürcüstanın o dönəmdəki prezidenti Mixeil Saakaşvili "Vahid Qafqaz" ideyasını irəli sürdü. Lakin R.T.Ərdoğan və M.Saakaşvilinin bu təşəbbüsləri həyata keçmədi.
Faktlar göstərir ki, keçən əsrin 90-cı illərindən müxtəlif təkliflərlə Cənubi Qafqazda sülh, əməkdaşlıq və təhlükəsizliyi təmin etmənin platformaları irəli sürülüb. Təşəbbüsün kim tərəfindən edilməsindən asılı olmayaraq ideya həyata keçməyib. Səbəb? Bizcə, başlıca səbəb Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi ilə bağlı idi. Eyni zamanda, böyük güclərin erməni təcavüzündən öz maraqları üçün istifadə etmələri cəhdində olmaları ilə əlaqəlidir. Nəticədə, iştirakçı dövlətlər asanlıqla müxtəlif tələblər irəli sürürdülər, bununla da ən yaxşı təşəbbüs belə reallaşmırdı.
Lakin 2020-ci ilin payızında Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə ilə regional sülhə və əməkdaşlığa olan başlıca əngəli aradan qaldırdı. Bu yeni reallıq 2020-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti R.T.Ərdoğana yeni regional əməkdaşlıq və təhlükəsizlik platformasını – "3+3" formatını irəli sürməyə imkan verdi. O zamandan bu yana həmin format gündəmdədir.
"Altılıq" platforması: real çıxış yolu
Bu platforma, məlum olduğu kimi, 3 region dövləti ilə 3 böyük dövlətin vahid platformasıdır. Türkiyə, Rusiya və İran böyük güclər kimi, Azərbaycan, Gürcüstan və Ermənistan yerli ölkələr kimi regionun geosiyasi konfiqurasiyasını yaratmalıdırlar. Lakin artıq 4 il keçməsinə baxmayaraq, ortada konkret nəticə yoxdur. Fəqət bu formatın qurucu potensialı çoxdur. Burada region dövlətləri sırasında başlıca maneəni Ermənistan yaradır. İlk andan rəsmi İrəvanın şərti oldu: indiyə qədər başqa platformalarda müzakirə olunan məsəllər "3+3"-də olmamalıdır.
Aydın görünürdü ki, bununla Ermənistan irəli sürülən təklifə əngəl yaradır, çünki səmimi olsaydı, heç bir şərt qoymadan qəbul edərdi. Əksinə, dolayısı ilə "3+3"-ə alternativ ola biləcək formatın meydana çıxa biləcəyinə işarə edirdi. 2023-cü ildə "erməni alternativi" Qərbin himayədarlığı ilə üzə çıxdı: "sülhün kəsişməsi".
Bununla hamıya məlum oldu ki, ermənilər "3+3"-ün yeganə konstruktiv platforma olması statusunu itirməsinə çalışır və bununla onu fokusdan çıxarmaq istəyirlər. Çünki ikili situasiya yarananda diqqətlər də yayılır. Ancaq digər maraqlı proseslər də özünü göstərməkdədir.
2023-cü ildə Tehranda Türkiyə, Rusiya, İran, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirak etdiyi "3+3"-lə bağlı regional məşvərət platformasının ikinci iclası keçirildi. İmzalanan birgə bəyannamədə deyilir ki, iştirakçılar bir-birinin daxili işlərinə qarışmırlar, suverenliyə hörmət edirlər, sərhədlərin toxunulmazlığını qəbul edirlər, güc tətbiqini qəbul etmirlər, mədəni əlaqələri vacib sayırlar, bütün iştirakçı dövlətlər arasında münasibətlərin normallaşması və inkişafı vacibliyini qəbul edirlər və s. Bütün bunlar regional sabitliyə və dövlətlər arasında əməkdaşlığa gətirib çıxarmalıdır.
Son geosiyasi savaş
Burada "son" sözü həlledici mərhələ anlamındadır. Çünki artıq regional proseslər kulminasiya nöqtəsinə çatır. Böyük dövlətlər indi açıq oynayırlar. Onlar gedişləri ilə əsl niyyətlərini ifadə edirlər. ABŞ başda olmaqla kollektiv Qərb özünün hegemonluğu ilə Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq platformasının yaradılmasına çalışır. Bu baxımdan Vaşinqtonun səmimi olaraq "3+3"-ü dəstəklədiyini deyə bilmərik. Əksinə, daha çox "erməni alternativi"nin memarının Parislə birgə Vaşinqton olduğu təəssüratı yaranır.
Rusiya isə özünün maraqları çərçivəsində "3+3"-ü dəstəkləyir. Burada Kreml dörd məqsədinə çatmağı düşünür: birincisi, Ermənistanı Qərbdən uzaqlaşdırır, ikincisi, Gürcüstanı özünün təhlükəsizlik çətiri altına çəkir, üçüncüsü, Azərbaycan-Türkiyə tandemi ilə eyni geosiyasi konfiqurasiya yaradır, dördüncüsü, İranı əvvəlki kimi regional məsələlərdə özündən asılı vəziyyətdə saxlayır.
İran üçün Rusiya variantı daha uyğundur, lakin detallarda Tehran Moskvanı qəbul etmir. Bu mübahisənin davam edə biləcəyi ehtimalı az deyildir. Hələlik Tehran-Moskva xəttində ziddiyyətlər daha qabarıqdır.
Ermənistan əvvəlki oyuncaq ölkə statusundan zərrə qədər də kənara çıxa bilmir. Buna görə də rəsmi İrəvanı dinləyir, lakin onu ciddiyə almırlar.
Azərbaycan-Türkiyə tandemi isə sözdə deyil, əməldə regional sabitlik, sülh və əməkdaşlıq üçün çalışır. İndi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 80 faizə qədərinin razılaşdırılması da məhz Ankara-Bakı birliyinin nəticəsidir. Buna görə də "3+3"-ün əsas olaraq Türkiyə-Azərbaycan birliyi ilə Rusiya arasındakı əməkdaşlıqdan asılı olacağı qənaətinə gələ bilərik!