Azərbaycan-Türkiyə-Rusiya "üçbucağı": yeni regional geosiyasi reallıq


Kamal Adıgözəlov

Hazırda çox müxtəlif dairələrdə Cənubi Qafqazda yaranmış geosiyasi mənzərəyə Zəngəzur dəhlizi prizmasından yanaşırlar. Bu məsələnin aktuallığı yekdilliklə qəbul olunur. Ancaq ona fərqli geosiyasi qiymət verilir. Cənubi Qafqaz üçün real perspektivli geosiyasi trendin nədən ibarət olduğu sualına birmənalı cavab tapmaq çətindir. Bu, regionda Qərb, İran və Rusiyanın fəallaşması fonunda aktual görünür. Hər bir böyük geosiyasi gücün əsl məqsədinin aydınlaşdırılması və istifadə etdiyi üsullar olduqca vacib məsələdir. Bu kimi sualların işığında Zəngəzur dəhlizi ilə bağlı müşahidə edilən proseslərə geniş müstəvidə yanaşma ehtiyacının yarandığını düşünürük.

Zəngəzur geosiyasi faktor kimi

Elə mövzular vardır ki, dinamik olaraq daha aktual səviyyəyə yüksəlir. Hazırda Zəngəzur dəhlizi ilə bağlı baş verən geosiyasi, siyasi və diplomatik hadisələr bu kateqoriyaya aiddir. Son aylar aydın görünür ki, böyük geosiyasi güclər Zəngəzur dəhlizi məsələsini bütövlükdə Cənubi Qafqazda geosiyasi mənzərənin başlıca elementi kimi qəbul edirlər. Burada bir siyasi incəlik də vardır.

Məsələ onunla bağlıdır ki, Zəngəzur dəhlizi geosiyasi faktor kimi İkinci Qarabağ müharibəsindən sonra bütövlükdə regionda yaranmış yeni geosiyasi dinamikanın tərkib hissəsi kimi aktuallaşır və konkret geosiyasi qiymət alır. Yəni, ayrılıqda Zəngəzurun geosiyasi aktuallığının mövcud olması kimi bir reallıq yoxdur. Həmin məsələni Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi nailiyyət kontekstindən çıxarsaq, geridə heç nə qalmaz.

Bu o deməkdir ki, Zəngəzur məsələsi ilə bağlı hər hansı geosiyasi fikir bildirərkən, bu, mütləq surətdə İkinci Qarabağ müharibəsinin yaratdığı regional mənzərə fonunda qiymətləndirilməlidir. Deməli, təhlil üçün başlanğıc tezis Vətən müharibəsindən sonra yaranmış geosiyasi dinamikanın hansı aspektinin hazırda böyük güclərin mübarizə sahəsinə çevrilməsi ilə bağlıdır. Bu kontekstdə Zəngəzur məsələsinə başqa bucaq altında yanaşmaq daha doğrudur.

Əsas geosiyasi məqam

Böyük gücləri regionda daha aktiv mübarizəyə stimullaşdıran əsas geosiyasi faktor Azərbaycan-Türkiyə birliyidir. Mühüm tarixi və siyasi əhəmiyyətə malik Şuşa Bəyannaməsində yer almış müddəalar aydın göstərir ki, bu iki qardaş ölkə Cənubi Qafqazda bütün hallarda və vəziyyətlərdə regional təhlükəsizlik, əməkdaşlıq və inkişafın qarantıdırlar! Bu reallığı qəbul etməyənlər indi bu gerçəkliyə kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu aspektdə ön planda ABŞ başda olmaqla kollektiv Qərb dayanır. Ondan bir qədər arxada İran, üçüncü sırada isə Hindistandır.

No description available.

Daha fəal olanı, təbii ki, Vaşinqtondur. ABŞ feili olaraq Zəngəzurda varlığını təmin etməyə başlayıb. Bunun üçün rəsmi İrəvanın qorxaq, tərəddüdlü və regional maraqları hərraca çıxaran oyuncaq dövlət olmasından yararlanır. Zəngəzur məsələsində ən çox əngəl törədən ölkə məhz Amerikadır. Onun təxribatçı hərəkətləri səngimək bilmir. Son olaraq, Antoni Blinken Nikol Paşinyanla telefonla danışaraq ona yeni vədlər verib. Mətbuatda dərc olunan bir sıra informasiyalardan bunu duymaq olar.

Hətta Azərbaycanda bəzi mətbu nəşrlər və şəbəkə resursları az qala Vaşinqtonun təxribatını və pozucu addımlarını yeganə xilaskarlıq imkanı kimi təqdim etməyə çalışırlar. Onların ciddi arqumenti yoxdur, ancaq xəyali demokratiya və liberalizm saxtakarlıqları vardır. Hətta bu neqativ zümrə qonşu Gürcüstanın başına Qərbin açdığı oyunların iç üzünü görməkdən yayınır. Onlar Tbilisiyə qarşı qeyri-konstruktiv mövqedə olan Qərbin gerçək simasını təsvir etməkdən çox qorxurlar.

Digər destruktiv Qərb gücü Fransadır. Fransa Avropa İttifaqı xətti ilə özünün şovinist və təhrikçi addımlarını Ermənistanda atmaqdadır. Onlar yenə "mülki müşahidə" edir, lakin hərbi yardımlardan da imtina etmirlər. Aydın görünür ki, Paris Vaşinqtonla birgə Ermənistanı silahlandırmaqla onda revanşist və şovinist duyğuları artırmaqla məşğuldurlar.

Bunların fonunda rəsmi Tehranın mövqeyi təəccüb və təəssüf doğurur. Bu müsəlman ölkəsi açıq-aydın antimüsəlman mövqeyini inkişaf etdirir. İran hakimiyyəti kafir erməniləri dəstəkləməkdə sərhəd tanımaq istəmir. İndi onlar diplomatik üsullarla bu xislətlərini ifadə edirlər. Rusiyaya qarşı informasiya hücumları və təxribatçı davranışlar etməklə yanaşı, tarazlı mövqe tutmağı ağıllarına belə gətirmirlər. Onlar Zəngəzur dəhlizinin İran-Ermənistan əlaqələrinə xələl gətirdiyindən bol-bol danışırlar. Bu, süni bir yanaşmadır və bütövlükdə 300 ildir Azərbaycanın Türkiyə ilə birbaşa əlaqələrinin olmamasının verdiyi zərəri görməzlikdən gəlmək siyasi saxtakarlıqdır.

Bütün bunların arxa cəbhəsində Hindistanın Ermənistana hərbi dəstəyi də "qəribə" görünür. Lakin Dehlinin bu addımının ciddi strateji geosiyasi yanlışlıq olduğu şübhə doğurmur.

Yuxarıda vurğuladığımız bütün destruktiv gücləri bir gerçəklik birləşdirir: onlar yüksəlişdə olan türk birliyini qəbul etmək istəmirlər. Əsas qayğıları bundan ibarətdir!

Fərqli Rusiya

Maraqlı və əhəmiyyətlidir ki, tarixin bu dönəmində Moskva çox ciddi geosiyasi mövqe dəyişikliyi etməkdədir. Konkret olaraq, Rusiya son 300 ildə ilk dəfədir ki, Cənubi Qafqazda türk faktoru ilə əməkdaşlıq yolunu seçib. Vladimir Putinin Bakıya səfərindən sonra bu məqam özünü çox aydın göstərməkdədir. Onu deyək ki, Moskvanın bu cür aydın mövqe dəyişikliyi də Qərbi və İranı qıcıqlandırır. Eyni zamanda, Kremlin yeni mövqeyinə Qərb və İrandan olan reaksiya bir tarixi gerçəkliyi ortaya qoymaqdadır.

Onların hər ikisi Rusiya ilə Cənubi Qafqazda ona görə yaxın idilər ki, ortaq antitürk mövqeyi vardı! Qərbin yanaşması bizim üçün aydındır. İran isə böyük bir maskasını özü yırtdı. Rəsmi Tehran açıq göstərdi ki, Rusiya ilə strateji müttəfiqliyi əsas olaraq regionda türk geosiyasi kimliyinə qarşı ortaq dağıdıcı mövqedə olmağa bağlıdır. Moskva bu mövqedən çəkilməyə başladığını ifadə edən kimi, Tehran ona düşmən oldu. Tarix və Azərbaycan cəmiyyəti bunu unutmaz.

Rusiyaya gəldikdə isə, aydın görünür ki, Moskva Qərbə qarşı Cənubi Qafqazda və daha geniş geosiyasi məkanda türk birliyi ilə bir yerdə durmağa qərar verib. Bu cür mövqe dəyişikliyini şişirtmək də lazım deyil. Yəni, heç bir halda və situasiyada Rusiya Azərbaycan üçün Türkiyə və Mərkəzi Asiya dövlətlərini əvəz edə bilməz. Ancaq türk dövlətləri Rusiyanı Avrasiyada özlərinin ən yaxın müttəfiqləri statusuna yüksəldə bilərlər. Məsələnin perspektiv baxımından ən əhəmiyyətli cəhəti bundan ibarətdir.

Zəngəzur dəhlizinin yolu TDT-dən keçir

Bir sıra Azərbaycan KİV-ləri Rusiyanın son davranışlarından və İranın təxribatçı hərəkətlərindən yanlış nəticələr çıxarmağa başlayıblar. Onlar Moskvanın Zəngəzur dəhlizi ilə bağlı müsbət mövqeyini şişirdərək bütövlükdə bu məsələnin həlli yolunun Moskvadan keçdiyi kimi xülyaya qapılırlar. Xatırladırıq ki, Qarabağ məsələsində də bəzi "ekspertlər" və onlara bənzərlər sifətlərində təbəssüm qarışıq istehza ilə sual edirdilər: "Qarabağın həllinin açarı Moskvada deyilsə, bəs haradadır?". Azərbaycan göstərdi ki, Qarabağ məsələsinin həllinin açarı Bakıdadır.

Eyni situasiya sanki təkrar olunur – Zəngəzur dəhlizi məsələsinin həllinin açarı öncə Bakıda, sonra isə Ankara-Bakı cütlüyündə, daha geniş aspektdə isə Türk dünyasındadır! Mütləq belədir və Zəngəzur dəhlizi açılanda hər kəs buna əmin olacaqdır. O başqa məsələdir ki, Rusiya kimi güclü bir dövlət bu məsələdə Azərbaycanla birgə fəaliyyət göstərir. Bunun da yüksək qiymətini Bakıda çox gözəl bilirlər. Rusiya qalıcı olaraq Azərbaycana strateji tərəfdaş olsa, bundan həm Cənubi Qafqaz, həm də bütövlükdə Avrasiya məkanı qazanar, fayda götürər və təhlükəsizlik təmin olunar.

Yeni geosiyasi nizamın mühüm mərhələsi

Vurğulanan məqamlardan aydın olur ki, Cənubi Qafqaz, faktiki olaraq, yeni regional geosiyasi düzənə keçidin vacib mərhələsindədir. Burada üç tendensiyanın gərgin mübarizəsi gedir.

No description available.

Birincisi, Azərbaycan-Türkiyə tandemi qətiyyətlə regional təhlükəsizlik və əməkdaşlığın keşiyində durmaqdadır. Bunun fonunda Türk Dövlətləri Təşkilatının daha da inkişaf etdirilməsi prosesi də özünü göstərir.

İkincisi, Qərb və İran hər biri öz maraqlarından yanaşaraq türk birliyinə Zəngəzur dəhlizi faktoru kontekstində əngəl törətməyə çalışırlar. Onların cəhdləri hələlik real nəticə vermir. Lakin region üçün müəyyən risklər yaradır.

Üçüncüsü, Rusiya getdikcə daha böyük miqyasda Cənubi Qafqazda Azərbaycan-Türkiyə tandeminə konstruktiv mövqedən yanaşır. Bu tendensiyanın qalıcı trekə çevrilməsi gözlənilir. Bununla indi Cənubi Qafqazda Zəngəzur məsələsində üstün mövqe Azərbaycan-Türkiyə-Rusiya strateji "üçbucağı"ndadır! Məsələ ilə bağlı yeni geosiyasi situasiyanın başlıca özəlliyi bundan ibarətdir.


MANŞET XƏBƏRLƏRİ