Türk dili və əlifbası Türk Dövlətləri Birliyinin ortaq dili, əlifbası olaraq qəbul edilməlidir


No description available.
Hacı NƏRİMANOĞLU
tarix üzrə fəlsəfə doktoru, sno.haci@gmail.co

Ən real variant budır; Türkiyə türkcəsini, Anadolu türklərinin dilini, əlifbasını Türk Dövlətləri Birliyi, bütün dünya türkləri üçün ortaq dil və əlifba olmalıdır! Problemin yeganə mümkün həlli budur, əks halda Azərbaycan-Türkiyə nümunəsində olduğu kimi, bir neçə hərf, səs üstündə müzakirələr, baxışlar, yanaşmalar, lüzumsuz toplantılar illərlə uzanacaq və nəticəsiz qalacaq. Qənaətimi, fikrimi aşağıdakı amillərlə əsaslandırmağa çalışıram:

- Dil, əlifba tərəqqi, gəlişmənin, müasir hədəflərə, dövrün çağırışlarına cavab verən zənginliyin simvolu, aynası olmalıdır. Türkiyə 85 milyonluq əhalisi, dünyada yayılan 1000-dək televiziya, radio, informasiya agentliyi, qəzet, jurnalları, süni peyki, türkcə təhsilin bütün qitələrə yayılması, təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblər səviyyəsində genişliyi, dünyanın hər yerindən, əsas da türksoylu ölkələrdən gələnlərin üzünə açıq olan ali təhsil alan universitetləri, dünyanı fəth edən, türk-islam ölkələrində geniş populyarlıqla izlənilən teleserialları, çoçuk filmləri, kitab, qəzet nəşrinin, oxu materiallarının qat-qat kəmiyyət, keyfiyyət böyüklüyü, zənginliyi. gerçəkləşən Cümhuriyyətçilik ideyaları, gəlişmiş hərbi-sənaye, iqtisadi texnologiyaları, oturuşmuş demokratik quruluşu, azad, sərbəst seçki sistemi, maliyyə-bank, yatırım sistemi, dünyanın ən inkişaf etmiş 20 ölkəsi sırasına çıxmaq yolunda qazandığı inamlı uğurları, Böyük İyirmiliyin (G20) üzvü olması ilə bu haqqı qazanmış durumdadır;

-Türkiyə, o cümlədən İstanbul 15 milyondan artıq əhalisi ilə 150 ildən çoxdur ki, türk dili danışan türksoyluların vahid baş kəndinə - mərkəzinə çevrilmişdir, iş tapmaq, yaşamaq, oxumaq üçün Türkiyə əlverişli, şəffaf qanunvericilik bazası, üstəlik türk dövlətləri üçün imtiyazları ilə digər türk dövlətlərinin hamısından çox-çox irəlidədir və mən indiyədək Türkiyənin azı 10 universitetində çıxış edən biri olaraq türk dövlətlərindən, dünyann çeşidli ölkələrindən gələn gənclərin bir-birilə türk dilində sərbəst ünsiyyət qurduğunu görmüşəm;

-Türk dilində 122.423 söz var, Azərbaycan dilində 90 400 söz var. Yəni zənginliyinə, fikrin ifadəsinə görə də Türk dili bütün digər türk dillərindən imkanlıdır;

-Türkiyə əlifbasının Azərbaycan, qazax, özbək, qırğız, türkmən əlifbası ilə üst-üstə düşən əlamətləri daha çoxdur, asan öyrənilən, cilalanmış əlifbadır;

-Hazırda Türkiyədə yaxud Azərbaycanda türk dilində nəşr olunan kitablar Azərbaycanda daha çox satılır, oxunur;

- Türkün ulularının ruhu hələ də bizdən incikdir ki, yenidən dövlət müstəqiliyini elan etmiş türk cümhuriyyətləri 33 ildir bu asan məsələni qordi düyününə çeviriblər. İsmayıl bəy Qaspıralının türksoylu xalqlar üçün məfkurə yolu olaraq müəyyən etdiyi "Dildə, əməldə, fikirdə birlik!" ideyası, Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq” məfkurəsi, Mirzə Ələkbər Sabirin “Mümkün iki dil bir-birinə tərcümə, amma “Osmanlıcadan tərcümə türkə” nə deməkdir?!” misraları, Əhməd Cavadın “ortaq türk dili ona görə lazımdır ki, bu gün dünyadakı bütün türklər bir-birini tanısınlar, sərbəst ünsiyyət qursunlar” fikri, vətənsevər Azərbaycan şairi Almas İldırım "Türk elləri bir–birinə yadlanır, Qazax, qırğız, özbək, türkmən adlanır”, «Nerdə qopuz, nerdə qırıq kaman hey… Nerdə böyük vətən, nerdə Turan hey…». misralarındakı nigarançılıq, Məhəmmədhüseyn Şəhriyarın “İt ilə qurd arasında oyun olduq, axır dönüb bax beləcə qoyun olduq” sözlərindəki tikanlı acı qınaması, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 1933-cü ildə yazdığı “Bugün Sovetlər Birliyi dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir. Fəqət o da Avstriya-Macarıstan imperatorluğu kimi dağıla bilər. Sovetlər Birliyinin dağılması ilə əlində bərk-bərk tutduğu millətlər ovuclarından qaça bilər. Dünya yeni bir nizama çatar. Bax o zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostumuzun idarəsində dili bir, inancı bir, özü bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq yalnız o günü susub gözləmək deyildir. Hazırlanmaq lazımdır. Millətlər buna necə hazırlanır? Mənəvi körpülərini sağlam tutaraq. Dil bir körpüdür, inanc bir körpüdür, tarix bir körpüdür. Köklərimizə qayıtmalı və hadisələrin böldüyü tariximizinn içində bütünləşməliyik. Onların bizə yaxınlaşmasını gözləməməliyik, bizim onlara yaxınlaşmamız gərəklidir” vəsiyyəti hələ ki reallığa çevrilməyib, gerçəkləşməyib;

-Dünya təcrübəsi mövcuddur; ərəb dilində 300 milyondan çox insan danışır, Asiya, Afrikada müasir ərəb dili faktiki müstəqil dil hesab edilə bilən 5 dialektdən ibarətdir, ləhcələrin sayı daha çoxdur. Ancaq ortaq ədəbi dil kimi ərəb dilinin Qureyş (Məkkə) dialekti-Quran dili ortaq ərəb dili kimi qəbul olunmuşdur, ərəb dilində təkcə 28 samitin və müxtəlif saitlərin olmasına baxmayaraq, ərəb əlifbasında yalnız 28 hərf vardır. 22 mart 1945-ci ildə yaradılmış, 23 dövləti birləşdirən Ərəb Dövlətləri Liqası (ƏDL) ərəb dövlətlərini birləşdirən nüfuzlu beynəlxalq təşkilatdır. Ərəb dili həm də BMT-nin 6 rəsmi dillərindən biri ərəb dilidir; ingilis, ərəb, ispan, çin, rus, fransız dili:

-1 milyarddan çox insanın əsas ünsiyyət dili, 100-dək ölkənin rəsmi, yaxud 2-ci dövlət dili, onlarla dialekti, ləhcəsi olan ingilis dilinin əlifbasında 44 səs olsa da, cəmi 26 hərf vardır və Britaniya ləhcəsi də standart dil kimi qəbul olunub, ABŞ, Kanada başda olmaqla dünyanın bütün guşələrində tədris olunur;

-Ərəb və ingils dillərinin təcrübəsi də göstərir ki, türk dövlətlərinin danışdığı dillərdəki bütün səsləri hərfləşdirib vahid əlifba yaratmağa, əlifbaya daşımağa ehtiyac yoxdur:

-Etiraf edək ki, Osmanlı, Atatürk, Turqut Ozal dönəmindən başlayaraq çağdaş dövrümüzədək bu məsələdə ən ardıcıl, gerçəkdən müstəqil siyasi iradə nümayiş etdirən də, maraqlı görünən, türk dövlətlərinin mədəni, siyasi mərkəz rolunu boynuna götürüb davamlı səy göstərən, mühüm irəliləyişlərin lokomotivi missiyasını yerinə yetirən də Türkiyə olub. Məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə bir daha 2023-cü il noyabrın 3-də Türk Dövlətləri Təşkilatının 10-cu Astana (yubiley) Zirvə görüşü zamanı türk ölkələrində ortaq əlifbanın tətbiqini israrla təklif edib, bu barədə təklifini Türk Dövlətləri Təşkilatının katibliyinə rəsmən təqdim edib;

-Qeyd edək ki, ortaq dil, əlifba ideyası milli dillərdə formalaşmış, istifadədə olan dilin, əlifbanın əvəzlənməsi demək deyil, bu mümkünsüzdür, yalnız türk dövlətlərinin, xalqlarının ümumi ünsiyyət, ortaq istifadəsi məqsədilə irəli sürülən, gerçəkləşməsi gərəkən ideyadır, yəni, məsələn, türk dövlətlərinin liderləri, alimləri, tələbələri, turist qrupları və sair bir məclisdə toplaşanda ingilis, rus dilində yox (qardaş türk dövlətlərinin başçılarının rus dilində zirvə toplantısı)))), ortaq Türk dilində - konkret olaraq Anadolu, Türkiyə türkcəsində danışırlar, bu dildə yazışırlar;

- Bu məsələni kübarcasına razılaşdırmaq, protokola salmaq da olar, onsuz da bu sürəc illərdir aşağıdan gedir, türksoylular bir-birindən “vakant” sözləri götürüb ümumişlək söz kimi işlədirlər və yuxarıda sadaladığımız səbəblərdən bu proses türk dilinin xeyrinə davam edir.

Nəticə: Türkiyə türkcəsi və əlifbası bütün üstün cəhətləri ilə “Ortaq Türk Dili və Ortaq Türk Əlifbası” statusunu qazanmaq üçün yeganə şanslı ölkədir. Planetimizdə 300 milyonadək insanın Ana dili olan Türk dilinin BMT dili olması yolunda ən mühüm, qarşıda duran, həllini gözləyən şərəfli, məsul vəzifələrdən biridir, bu missiyanın gerçəkləşməsi də Türk dövlətləri liderlərinin siyasi iradəsindən asılıdır. TDT liderlərinin iradəsi ilə bu yöndə çalışmaların xeyirli nəticələri olacağına inanırıq.

Qeyd: eyni başlıqlı bu yazı 4 ay əvvəl – “13 may - Türk Dil Bayramı Günü” münasibətilə yazılıb, yayılıb: https://zengezur.com/index.php/kh-b-rl-r/564-turk-dili-elifbasi-tdt-zhebul-etmeli


MANŞET XƏBƏRLƏRİ