Türk birliyinin fəlsəfi-ideoloji mahiyyəti və türk dövlətləri təşkilatı


Faiq Qəzənfər oğlu Ələkbərli
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
aparıcı elmi işçisi,

III yazı

“Qərb”in İslam və Türklüyü bir-birindən ayırmaq istəyi Orta Çağa gedib çıxsa da, bunun bir proqram halına gəlməsi və sürətləndirilməsi son əsrlərin planıdır. Özəlliklə, 19-20-ci əsrlərdə Türklüyü “Qərb”ə yönəltmə ciddi şəkildə gündəmə gətirilmişdir. Bunun nəticəsidir ki, bu günün özündə belə Azərbaycanda və Türkiyədə Avropasayağı demokratik dövlət qurmağımızı fəxrlə yazır və dilə gətiririk. Yəni “qərbləşmə” İslamlıq və Türklük kimi, bizim əsas idealımıza çevrilmişdir. Hətta, ötən yüz ildə bəzi aydınlarımız bu və ya digər formada İslamdan imtina edərək daha çox türklük və “qərbləşmə”nin sintezindən çıxış etmişlər, bu gün də belələri az deyildir. Bu fikri madafiə edənlərin əsas tezisi də odur ki, türklərin inkişafdan qalmasına səbəb İslam dini olmuşdur. Bu anlamda “qərbləşmə” yolunu tutmuş türklər üçün İslam dini bir əngəl təşkil edir vəs. Bu cür düşünənlər yeri gəldikcə, eyni müddəanı dəstəkləyən fukuyamalardan, toynbilərdən də örnəklər gətirirlər. Əslində bu fikrin ilk qaynağı “Qərb” aydınları olduğu üçün burada təəccüblü heç nə yoxdur. Biz yuxarıda da göstərdik ki, “Qərb” aydınlarının əsas hədəfləri Türklük və İslam dinini aradan qaldırmaqdır. Bu o anlama gəlmir ki, Qərb üçün İslam dininin zəifləməsi və bunun fonunda türklüyün güclənməsi, ya da əks prosesin baş verməsi olduqca nisbidir. Sadəcə, Qərb üçün birinci mərhələdə İslamı kənarlaşdırmaq üçün Türk milliyyətçiliyinin qalxınması önəmlidir. Zatən, türklər əksəriyyətlə İslamdan üz döndərər­lərsə, Qərb ikinci mərhələdə Türklüyü sıradan çıxaracaqdır.

Bizcə, Türklərin “qərbləşmə” xətti altında “Qərb milliyyətçiliyi”nə müraciət etmələri başdan yanlış idi. Bu, türk olmayan müsəlmanlarla türk müsəlmanlar arasında ziddiyyətlərə gətirib çıxartdı. Bu ziddiyyətlər zaman ötdükcə daha da kəskinləşdi. Çünki Qərb millətləri dini və milli kimlikləri formalaşdırarkən buna hazır idilər. Türklər isə sadəcə “Qərb milliyyətçiliyi”nin kopyasını dövlətə tətbiq etməklə işin bitəcəyini sanmaqla səhvə yol verdilər. Bunu yaxşı dərk edən prof. Erol Güngör yazırdı ki, bütün yad ideyalara qarşı dayanmaq üçün Türk milliyyətçiliyini Milli xarakter halına gətirmək lazımdır. Bu zaman milli və dini kimlik milli xarakterin bütövlüyü olmalıdır (Güngör, 2007:125-127). Hilmi Ziya Ülken isə “Türkiyede Çağdaş Düşünce Tarihi” əsərində bu məsələləri geniş şəkildə ələ almış, Türk düşüncəsinin Qərb düşüncəsi içində əriməsi təhlükəsindən bəhs etmişdir (Ülken, 2013:728-730).

Bu anlamda Türkçülüyü yalnız “İslamçı Türklük” ya da “Qərbçi Türklük” kimi ifadə etmək də bizə doğru yol göstərə bilməz. Zatən, bir çox Türk aydınlarınını düşüncələrinin əsasında da,“İslamçı Türklük” ya da “Qərbçi Türklük” deyil, məhz milli və özə əsaslanan bir Türklük olmuşdur. Bu o demək deyildir ki, bununla da biz Türklərin çoxunun müsəlman olmasını, yaxud da Qərb mədəniyyətinə bağlılığını inkar edirik. Sadəcə, Türkçülük düşüncələrimizi yeri gəldi-gəlmədi mütləq islamçılıqla qərbçiliklə bağlamağımızı doğru görmürük. Doğrudur, bu günün özündə də Türkçülük üzərində İslamçılıqla Qərbçiliyin böyük təsiri vardır. Amma bizim gedəcəyimiz yolda Türkçülüyümüz, Turan ülkümüz heç də İslamçılığın və Qərbçiliyin yedəyində olmamalıdır. Hesab edirik ki, əksinə Türkçülük yolumuzda bizlər istər İslam dinindən, istərsə də Qərb mədəniyyətindən faydalana bilərik. Yəni burada öncüllük Türkçülük məfkurəsi və Turan ülküsü olmalı, özəlliklə İslamçılıq da bizlərə bu yolda yürüməkdə əsas dayaq nöqtələrindən biri olmalıdır.

Üçüncü istiqaməti Türk-Slavyan xalqlarının birliyi ideyası təşkil edir.Türk dövlətləri müstəqilliyini bərpa edəndən sonra Rus­iya­nın imperalizm ənənələrini davam etdirən dairələr indi də “avrasiyaçılığı” müdafiə edirlər. Şübhəsiz, işğalçı mahiyyət daşıyan avrasiyaçılıq Rus avrasiyaçılığıdır və bolşevizmdən əsasən çox da fərqlənmir. Ancaq Avrasiyaçılığı türklüyə zidd hesab etməyən Türk aydınları da var ki, belələrinə görə, burada heç bir işağlıçılıq niyyəti yoxdur. Başqa sözlə, avrasiyaçılığı bolşevizm kimi qiymətləndirmək doğru deyildir. Halbuki vaxtilə bolşeviklər də, kommunizm adı altında “xeyirxah” görünsələr də, Türk xalqlarına əsarət gətirmişdir. İndi eyni şeyin təkrarlanıb ya da təkrarlanmayacağına heç kəs zəmanət verə bilməz! Hər halda vaxtilə Türk xalqlarının böyük çoxluğu “rus kommunizmi” ideyasının nəticəsi olaraq belə bir təhlükəni yaşamış və Sovet Rusiyasının müstəmləkə halına gətirilmişdir. Bizcə, həmin dövrdə baş verənlərlə indi baş verənləri diqqətlə təhlil edilməidir. Yəni avrasiyaçılıq kommunizm kimi rusların əlində bir bəhanəyə çevrilib, Türk xalqlarına bəla gətirəcək mi, yoxsa bu dəfə vəziyyət başqa cür olacaqdır?!

Qeyd edək ki, rus bolşevikləri 1917-ci ildə Rusiyada hakimiyyəti ələ aldıqdan sonra əvvəlcə bütün millətlərə azadlıq vəd etdiyi, hətta bunu yazılı şəkildə bəyan etdiyi halda, çox keçmədi ki, kommunizm məfkurəsindən işğalçılıq siyasəti kimi istifadə etməyə başladılar. Ancaq bunun yalnız birtərəfli, yəni beynəlmiləl formada həyata keçirilməsinin mümkünsüzlüyünü anlayan rus bolşevikləri kommunizmə “milli forma” da verməyə başladılar. Başqa sözlə, onlar Marks və Engelsin kommunizm məfkurəsini rus milli maraqlarına uyğun şəkildə digər millətlərin şüurlarına yeritmək üçün sosializm ideyasına “milli” don geyindirməyə çalışdılar. Rus bolşevikləri kommunizm məfkurəsinin “milli” mahiyyətini belə izah edirdilər: formaca milli, məzmunca sosialist (Əfəndiyev, 1990:325).Kommunizm ideyasına “milli” don geyindirməkdə onların məqsədi qeyri-rus millətlərinin özəlliklə də Türk xalqlarınını şüurunu dolaşdırmaq və müstəmləkə halına gətirmək idi. Başqa sözlə, rus bolşevikəri qeyri-rus millətlərini, özəlliklə türk xalqlarını zor-xoş inandırmaq istəyirdilər ki, yalnız ruslar arasında deyil, guya Azərbaycan türkləri, Türküstan türkləri və başqa xalqların həyatında da sosializm inqilabı baş vermişdir. Sadəcə, Rusiya­da sosializm inqilabı bir, Azərbaycanda digər, Türküstanda isə ondan bir qədər fərqli formada baş vermişdir. Beləliklə, Türk xalqları zor-xoş “rus kommunizmi”nin oyununun qurbanına çevrildilər. Çox təəssüf ki, həmin dövrdə sosial-demokratizm əqidəsinə həddən artıq səmimi bağlılıqdan dolayı “rus kommunizmi”nə inanalrdan biri də Azərbaycan Türk mütəfəkkiri Nəriman Nərimanov olmuşdur (Nərimanov, 1977; 190).O,“rus kommunizmi”nin əsil mahiyyətini yalnız pmrünün son illərində dərindən anlamış və bunu V.İ.Leninə ünvanladığı məktublarında açız şəkildə ifadə etmişdir (Nərimanov, 2004; 466).

Yeri gəlmişkən, Sovet Rusiyası yeni qurulduğu ilk dövrlərdə Sultan Qaliyev kimi turançılar onun bir Turan Sosialist Federativ Resublikası olmasına cəhd göstərmişlər. Belə ki, Qaliyev, 19191923-cü illə arasında, dünya sosialist inqilabı üçün Şərq strategiya­sını və “Müstəmləkələr İnternasionalizmi” ideyasını ortaya atarkən, sosialist sistem içərisində “Böyük Rusiya”nın təkrar qurulduğunu görərək, buna qarşı Turan Sosialist Federativ Respublikası hədəfini gerçəkləşdirməyə çalışmışdır. Onun nəzərdə tutduğu Turan dövləti əsasən Orta Asiya mərkəzli olub, əhalsinin yüzdə səksəni Türk-Müsəlman əhali təşkil edəcəkdi. Turan dövlətində əsas partiyalar da “Şərq İşçiləri və Kəndliləri Sosialist Partiyası” və “Şərqli Sosialistlər Partiyası” olmalı idi. Eyni zamanda, Qaliyev tərəfindən bu ölkə Çin və Hindistanla SSRİ arasında tampon bölgə kimi düşünülmüşdü (Galiyev, 2006:767). Ona görə, Qərb imperializminə qarşı mübarizədə ən doğru yol belə bir dövlətin yaradılması və inkişaf etdirilməsi idi. Onun fikrincə, Türk xalqarına kommunizmi aşılamağa çox ehtiyac yoxdur, çünki Türk xalqları əzəldən bəri humanist və icmaçı olublar.

Sultan Qaliyevlə yanaşı Turar Rıskılov, Nəriman Nəriman­ov, Mustafa Sübhi və başqaları da təxminən belə bir arzuda olmuşlar. Onlar da hesab edirdilər ki, Turan Federativ Sosialist Respublikası yaranarsa bu, Qərb imperializminin qaşrısının alınmasında və dünyada sosializmin yayılmasında mühüm rol oynayacaqdır. Ancaq onların bu fikirləri Stalin və ətrafı tərəfindən birmə­nalı olaraq qəbul edilməmiş, özləri də repressiya qurbanı olunmuşlar.

Beləliklə, keçmiş SSRİ dövründə Türküstanda, Azər­bay­canda, Tatarıstanda və başqa türk ölkələrində “milli” xüsusiyyətli sosializm adı altında, sözün həqiqi mənasında marksizmin dövlətsiz kommunist cəmiyyəti deyil, rus bolşevik­lərinin “rus kommunizmi” quruldu. Bununla da, keçmiş SSRİ xalqlarının şüurlarında kommunizmə münasibətdə yeni bir ictimai şüur formalaşdırıl­dı. Elə bir şüur ki, orada vətəndaş nə özünü kommunist, nə də milli mənada dərk edə bilirdi. Bununla da, Türk xalqları “sovet vətəndaşı cəmiyyəti” və “kommunizm” adı altında daha çox ruslaşdırılırdı. Bu, artıq idarəedənlər (rus bolşevikləri) üçün asan idarəolunan cəmiyyətlər (ukraynalı, azərbaycanlı, gürcü, qazax və b.) demək idi. Burada əsas məqam odur ki, idarəedənlər (rus bolşevikləri) özlərindən əvvəlki imperiya sələflərinin yolunu (çar Rusiyası dövründəki rus mütləqiyyətçiləri) davam etdirməklə yanaşı, özlərindən sonrakı xələflərini də düşünür­dülər. Belə ki, bir gün SSRİ-nin dağılmasının mümkünlüyünü nəzərə alaraq, gələcəkdə imperiya təfəkkürünü davam etdirən­lər üçün (məsələn, indi buna “rus avrasiyaçılığı” nümunə ola bilər), sovet dövründə idarəolunan millətlər halına gətirilmiş cəmiyyətləri daim təzyiq altında saxlamağın planlarını da cızmışlar. Fikrimizcə, keçmiş SSRİ-nin tərkibin­dəki xalqların marksizmin banilərinin kommunizmini deyil, rus imperiya təfəkkürünün daşıyıcıları olan bolşeviklərin “rus kommun­izmi”nin psixoloji təzyiqi altında olduğu bir dövrdə “rus avrasiyaçılığı”nın postsovet məkanında yayılması çox ağıllı düşünülmüş bir ideyadır. Çünki Rusiyada yaxşı anlayırlar ki, keçmiş SSRİ xalqları hər il sovet ideologiyasından uzaqlaşır və bu uzaqlaşma yeni nəsil və yeni təfəkkür deməkdir. Yeni nəsilin sovet nəslini get-gedə inkar etməsi isə, rus imperiyası təfəkkürünə daban-dabana ziddir.

Ona görə də, yeni rus ideoloqları keçmiş SSRİ xalqları arasında imperiya təfəkkürünə cavab verən sovet nəsli tarix səhnəsindən getmədən “rus avrasiyaçılığı”nı həyata keçirməyə çalışırlar. Onlar yaxşı anlayırlar ki, ötən 30 ilin üzərinə bir 10, yaxud 20 il gələrsə, keçmiş SSRİ xalqlarını yeni nəsli rus imperiya təfəkkürünü yaxına belə buraxmayacaqlar. Bu baxım­dan rus ideoloqları üçün avrasiyaçılıq imperiya təfəkkürünü davam etdirməyin bir vasitəsidir. “Avrasiyaçılıq” kimi imperi­al­ist ideyaya qarşı milli şüur formalaşdırıb milli ideya ilə çıxış etmək isə ona alternativlikdir. Fikrimizcə, bu prosesin imperialistlərin, yoxsa millilik tərəfdarlarının qalib çıxmasında ictimai şüurun hansı istiqamətdə – imperiya təfəkkürünə, yoxsa milli şüura doğru inkişaf etməsindən çox şey asılı olacaqdır.


MANŞET XƏBƏRLƏRİ