Sətimjan Sanbayev: Qazax xalqının yaddaş salnaməçisi


No description available.
Nəriman ƏBDÜLRƏHMANLI

Bənzərsiz qazax yazıçısı Sətimjan Sanbayevin adını hələ 70-ci illərdə eşitmiş, amma daha çox aktyor kimi tanımış, çəkildiyi filmlər tamaşa eləmişdim...

Amma 1968-ci ildə “Prostor” jurnalında çap olunan kiçikhəcmli “Ağ arvana” povestinin sorağı artıq gəlib Bakı ədəbi mühitinə də çatmışdı, tez-tez bu barədə gedən söhbətlərin şahidi olurdum...

Tarixini dəqiq xatırlamıram, 80-ci illərdə povest unudulmaz Natiq Səfərovun tərcüməsində Azərbaycan oxucusuna çatdırılandan sonra könülləri fəth elədi, uzun müddət ədəbi müzakirələrin əsas mövzularından birinə çevrildi...

Yazıçının 1986-cı ild Moskvada işıq üzü görən “Bürkülü vadilərin quyuları” adlı povestlər toplusunu da məhz o illərdə oxudum, onun simasında qazax milli yaddaşının bənzərsiz salnaməçisini gördüm...

O vaxtdan Sətimjan Sanbayev yaradıcılığını daim izlədiyim, hər bir əsərindən təsvirəgəlməz zövq aldığım yazıçılar sırasında halal yerini tutdu...

1.Mütaliə, təbiət, idman və... ekran

Sətimcan Sanbayev 1939-cu il sentyabrın 16-da Quryev (indiki Atırau) vilayətinin Makat qəsəbəsində dünyaya gəlib. Atası Kamza respublikada sovet quruculuğunun fəal tərəfdarlarından olub, hətta bu yolda yeddi övladının ilkini belə qurban verib, qəsəbə məktəbində qazax ədəbiyyatını tədris eləyib, sonralar “Əməkdar müəllim” fəxri adına layiq görülüb...

Təbii olaraq, çoxları onun övladı Sətimjanın da ədəbiyyata meyil göstərəcəyini düşünürdü. “Qəsəbəmiz qəribə yer idi, - sonralar yazıçı xatırlayırdı, - ora 1935-ci ildən sürgün edilmiş adamları – kadetləri, eserləri, başqalarımı gətirirdilər. Onlar da öz kitabxanaları, ev itləri, digər tanımadığımız əşyalarıyla gəlirdilər. Rus ziyalılarının o iri kitabxanalarındakı əsərləri, “Niva” və başqa jurnalları gecə-gündüz oxuyurduq. Nənəm qorxurdu ki, belə sürəkli mütaliədən ağlım yerindən oynayacaq. O əsərlər arasında dünya ədəbiyyatnın incilləri, tarixə, coğrafiyaya dair kitablar vardı. 1937-ci ildə repressiya başlayandasa həmin qiymətli nəşrləri evlərdən yığıb yandırmağa başladılar. Bu işi də qoca bir qazağa tapşırmışdılar. Amma o, yeri qazır, sərdaba kimi bir şey düzəldir, kitabları bacardığı qədər gizlədir, sonra gizlicə kerosinə, una dəyişirdi...” Beləcə, müharibədənsonrakı illərin o mütaliəsi Sətimjanın ədəbi həyatında mühüm rol oynadı.

Amma o, yeniyetmə çağlarında bu meylini üzə vurmur, yay aylarını Manğıstau çöllərində keçirir, təbiətlə birgə nəfəs alırdı. Orta məktəbi bitirəndən sonra Orenburq Kənd Təsərrüfatı İnstitutuna üz tutması da elə bu səbəbdən doğmalarını-tanışlarını qətiyyən təəccübləndirmədi. Tələbəlik illərində klassik güləşə meyl saldı, idman ustası dərəcəsi aldı. Təhsilini başa vurandan sonra da xam torpaqlarda işləmək barədə arzusu gerçəkləşdi, doğma vilayətindəki sovxozlardan birində baş mühəndis işləməyə başladı.

1963-cü ildə Moskvada keçirilən yarışa getdiyi məqamda baş verən qəfil avtomobil qəzasısa Sətimjanın həyatını başqa səmtə döndərdi. Uzunmüddətli müalicə, sanatoriya və bərpa mərkəzlərində müalicə onu öz yaşantılarını kağıza köçürməyə məcbur elədi. Elə o illərdə də ilk hekayələri işıq üzü gördü, “Jazışu” nəşriyyatında redaktor, tərcümə ədəbiyyatı şöbəsinin müdiri işlədi. Elə görünürdü ki, tale onu sınağa çəksə də, alın yazısından qaça bilməyib, artıq qismətinə düşən yazıçı həyatını yaşamağa başlayıb.

Amma 1967-ci ildə “Qazaxfilm” knostudiyasında çəkilən “Min verstlik yol” filminin əsas obrazı olan Alibi Jangildin roluna dəvət edilməsi onun həyatında başqa bir səhifə açdı. Ədəbi yaradıcılığında irəliyə doğru ilk sanballı sığrayışını da məhz həmin dövrdə gerçəkləşdirdi...

2.Çingiz Aytmatovun xeyir-duası və İlyas Esenberlinin himayəsi

1968-ci ildə “Prostor” jurnalında işıq üzü görən, dərhal da həm oxucuların, həm də ədəbi tənqidin diqqətini çəkən “Ağ arvana” və “Sonra əbədi döyüş başlar!” povestləri Sətimjan Sanbayevin ədəbiyyata təsadüfən gəlmədiyini, mənsub olduğu xalqın tarixini, məişətini, ağrı-acılarını dərindən bildiyini subuta yetirdi.

Doğma yerlərə can atan gözəl ağ köşək və onun ən çətin məqamlarda belə, insani duyğularını saxlamağı bacaran sahibi Mırzaqali haqqında bənzərsiz hekayət olan “Ağ arvana” povesti psixoloji dərinliyiylə yadda qaldı, qazax (təbii ki, həm də o dövr sovet) ədəbiyyatının nailiyyətləri sırasına daxil edildi.

Qan yaddaşının çağırışıyla kor-koranə doğma yerlərə, əslində isə qaçılmaz ölümə doğru şığıyan ağ köşək yazıçının “Sonra əbədi döyüş başlar!” povestindəki şöhrətə çatmaq naminə doğma analarını ağlar qoyub yad bayraqlar altına çan atan qıpçaq cigitlərini yada salır. Qədim qazax ənənələrinin və əsrlər boyu formalaşmış peşəkar qıpçaq döyüşçüsü idealının süquta uğramağa başladığı dövrü romantik sevgi hekayəti fonunda təqdim eləmək, şübhəsiz, yazıçı kimi Sətimjan Sanbayevin böyük ədəbi uğuruydu.

“Ağ arvana” povesti haqqında o vaxtlar artıq məşhur yazıçı olan Çingiz Aytmatovun nəhəng Sovetlər ölkənin baş qəzeti “Pravda”da dərc etdirdiyi məqalə Sətimcan Sanbayevə verilmiş sanballı xeyir-dua idi. O məqalə gənc nasirin sonrakı ədəbi taleyinin müəyyənləşməsində mühüm rol oynadı, doğma torpağa sevgi, genişlik və azadlıq haqqında himn kimi qəbul olunan əsər onlarla dilə çevrilib dünyanı dolaşdı, bir çox ifadələri zərbi-məsəl kimi söyləndi.

Həmin vaxtdan da daim “Jazuşı” nəşriyyatının direktoru, sanballı tarixi romanlar ustası İlyas Esenberlinin himayəsini hiss eləyən, onun sayəsində ədəbi sahədə çalışan, “Ağ arvana” adlı ilk kitabını nəşr etdirən, Yazıçılar İttifaqı sıralarına daxil olan Sətimjan Sanbayev artıq öz yaradıcılığında yeni bir mərhələyə başlamaq üçün hazır idi...

3.Yetmişinci illlərin uğurları

70-ci illərin birinci yarısı Sətimjan Sanbayevin həyatında ən uğurlu dövr sayılır...

O, həmin dövrə bir qədər əvvəl qələmə aldığı “Çöl ulduzları” povestini yenidən işləməklə başladı. 1970-ci ildə nəşr etdirdiyi çoxplanlı, inqilabdanəvvəlki və sonrakı dövrləri əhatə eləyən “Yalnız bir yol var” romanı, yazıçının, demək olar, bütün sonrakı yaradıcılıq həyatının başlıca məqsədinə, üstəlik, dilogiya, trilogiya, sonra da tetralogiyaya çevrildi. Zahiri və batini cəhətdən gözəl qadın olan Sandinin, “inqilab əsgəri” Maxambetlə keşməkeşli həyatında insan nəcibliyinin mahiyyətini dərk eləyən Amirin ömür hekayətini oxucuya ustalıqla çatdıran yazıçı hətta ədəbi senzuranın tüğyan elədiyi dövrdə belə, inqilabın və rejimin anatomiyasıyla bağlı həqiqəti söyləməkdən çəkinmədi.

Sətimjan Sanbayev növbəti “Mif intizarında” (1972) povestində də mənsub olduğu xalqın yaddaşına müraciət elədi. Yay günlərinin birində Manğıstau yarımadasındakı qayalarda qədim dövrün böyük memarı Şakpakın çapdığı əsrarəngiz məbədə qədəm basan gənc arxeoloq Bulat qoca Elenin bələdçiliyiylə qazax xalqının zəngin tarixinin dərinliklərinə baş vurur, şəhər mədəniyyətinin çöl mədəniyyətinə müdaxiləsini, yeniliyin köhnəliklə çarpışmasını bütün qəlbiylə hiss eləyir. Yazıçının fikrincə, köhnəlik yeniliyə mane olmamalı, yenilik də köhnəliyin təcrübəsindən faydalanmalıdı, insanların “mif həsrəti” də elə bu fasiləsiz çarpışmasının nəticəsidi.

Onun növbəti “Kop-ajal” povesti (1973) də məhz yaddaşa səyahətin xronikasıdı. Minillər ərzində yaradılıb formalaşdırılan milli ənənələrin və peşələrin zamanın təsirinə məruz qalması, get-gedə aradan çıxması Sətimjan Sanbayevin qələmində ağrılı yaddaş faktına çevrilir. Atasından miras aldığı berkutçi peçəsini oğlu Mankasa ötürən Asan qəlbinin dərinliklərində narahatlıq hissi keçirir: Mankasın artıq bu peşəni öyrətmək üçün varis tapmayacağı fikri onu qəlbən sarsıdır, amma dərk eləyir ki, zamanın tələbiylə ayaqlaşmaqdan başqa çarəsi yoxdu.

Yazıçının “Bürkülü vadilərin quyuları” (1974) povestində də oxuculara məşhur kənkanın və onun ailəsinin dramatik tarixşəsi təqdim olunur. Artıq yaradıcılığının yetkinlik dövrünü yaşayan Sətimjan Sanbayev əsərdə obrazların hərəkətlərini və əməllərini psixoloji cəhətdən daha dərindən əsaslandırmağa cəhd göstərir.

4.Ədəbi ideyalar ardınca

1974-cü ildə “Yalnız bir yol var”, 1976-cı ildəsə “Bürkülü vadilərin quyuları” topluları Moskvada “Molodaya qvardiya” nəşriyyatında işıq üzü görəndən sonra Sətimcan Sanbayev sanki yaradıcılığının daha bir mərhələsinə yekun vurdu. Artıq əsərləri təkcə sovet respublikalarında deyil, xarici ölkələrdə də naşirlərin və oxucuların diqqətini çəkirdi, Kazan, Tallinn, Praqa və Berlində kitabları işıq üzü görmüş, hətta qazax yazıçılarının hekayələrindən ibarət Moskvada nəşr edilən toplu “Ağ arvana” adlandırılmışdı.

Həmin vaxt da o, artıq böyük yaradıcılıq ideyasını gerçəkləşdirmək üçün paytaxtdan uzaqlaşmışdı, Pavlodar traktor zavodunda mühəndis-konstruktor işləyir, həyatı və insanları “içindən” tanışmağa can atırdı.

1977-ci ildə, az qala, 40 yaşını haqlamış Sətimjan Sanbayevin Moskvaya, Ali Ədbiyyat Kurslarına üz tutması, əlbəttə ki, çoxlarını təəccübləndirdi. Artıq təkcə qazax deyil, bütövlükdə sovet ədəbiyyatının seçkin nasirləri siyahısına daxil olan yazıçı nəzəri hazırlığınım yetərincə olmadığını, dünyaya çıxmaq üçün ədəbi prosesə daha dərindən nüfuz eləmək lazım gəldiyini düşünürdü.

Yazıçının 1979-cu ildə başlayan Əfqanıstan müharibəsi haqqında qələmə aldığı “Ömrümüzün fəsilləri” tetralogiyasına daxil elədiyi “Daha bir yay”, “Buralarda belə yağış olmamışdı”, “Qarın üstüylə sürüşən yapaq” romanları, onlarla ədəbi oçerki məhz Pavlodarda yaşayıb-işlədiyi dövrdə yarandı.

Bir qədər sonrasa Sətimcan Sanbayev başqa bir qərar qəbul elədi, 1983-cü ildən Balxaş Dağ-Mədən Kombinatında mühəndis-mexanik işləməyə başladı. Həmin ilərdə qələmə aldığı “Meydança” və “Karyer” povestlərindən ibarət “Mis sünbül” dilogiyası sanki onun kino və tərcümə sahəsindəki uğurlarının davamı idi. Lakin 1986-cı ilin dekabr hadisələri ərəfəsində bitirdiyi əsərdəki obrazlardan birinin o vaxt respublikaya rəhbərlik eləyən Dinmuhamməd Kunayevi xatırlatması hələ də senzura boyunduruğundan xilas olmamış ədəbi məmurları qorxutdu, əsərin dərcindən müxtəlif bəhanələrlə boyun qaçırdılar, nəticədə dilogiya yalnız 20 ildən sonra işıq üzü gördü...

5.Ekranın cazibə dairəsində

Həmin dövrdə kinematoqraf Sətimcan Sanbayev yaradıcılığının başlıca istiqamətlərindən biri idi, o, filmlərdə çəklir, ssenarilər yazır, üstəlik, Ş.Aymanov adına “Qazaxfilm” kinostudiyasının baş redaktoru kimi məsuliyyətli vəzifəni yerinə yetirirdi.

Sətimjan Sanbayev ekran sənətinə xoş təsadüf üzündən qədəm qoysa da, sonralar kinematoqrafdan uzaqlaşa bilmədi, yaratdığı Alim Altay Kurmanov (“Qeyri-adi gün”, 1972), Sultan Tezek-töre (“Çokan Valixanov”, 1984), Abılay xan (“Batır Bayan”, 1992) obrazlarıyla tamaşaçıların qəlbinə yol tapmağı bacardı. Onun təbii və səmimi ifası, personrajların daxili aləminə nüfuz eləmək qabilıyyəti daim rejissorların diqqətini çəkirdi.

Sətimjan Sanbayeviin ssenari müəllifi kimi ilk ekran işisə ağlagəlməz çətinliklərlə üz-üzə gəldi. “Ağ arvana” povestinin motivləri üzrə qələmə aldığı “Dağlar bəyaz olan yerdə” ssenarisini rejissorlar Asxat Aşrapov və Viktor Pasurmanov hələ 1972-ci ildə ekranlaşdırsalar da, “almanların və yəhudilərin geri dönmək üçün izin ala bilmədikləri bir vaxtda özünün də, balasının da həyatını təhlükəyə atıb tarixi vətəninə can atan səfeh dəvə haqqında” çəkilmiş film rəfə qoyuldu, yalnız on beş il sonra, “yenidənqurma və aşkarlıq” dövründə tamaşaçılara təqdim olundu, görkəmli aktyor Nurmuxan Janturinin ifasında Mırzaqalinin bitkin obrazı böyük rəğbətlə qarşılandı.

Sətimjan Sanbayev sonralar ekran yaradıcılığını sənədli filmlərə, Asanali Aşimov və Viktor Vovnyanko ilə birgə qələmə aldığı “Şor gölün kənarındakı ev” bədii lentinə (2004) yazdığı ssenarilərlə, “Qız Jibek”, “İssık-kulun qırmızı lalələri” filmlərinin mətnini rus dilinə çevirməklə davam etdirdi.

Onun dramaturgiya sahəsindəki yaradıcılığında M.Auezov adına Akademik Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş “Odekolon şüşəsi” pyesinin də özünəxas yeri var. Mürəkkəb insan xarakterlərinin çarpışmasını ustalıqla qələmə alan yazıçı stamaşaçılara əhnə müstəvisində maraqlı ovrazlar qalareyası təqdim eləyir...

6.Dövrün ən peşəkar tərcüməçilərindən biri

Sətimcan Sanbayev, özünün də tez-tez etiraf elədiyi kimi, qazax-rus mühitində böyümüş, uşaq yaşlarından rus dilinə və ədəbiyyatına dərindən bələd olmağa başlamış, “hökumət adamı” kimi tanınan atasının sayəsində yeddinci sinifdən Orenburqda oxumuş, təhsilini rus dilində almışdı. Buna görə də ədəbi yaradıcılığa qədəm qoyanda bədii tərcümədən kənar dura bilməyəcəyi aydın idi. Üstəlik də bir müddət “Yazuşı” nəşriyyatında tərcümə şöbəsinə rəhbərlik eləməsi bu peşəni onun üçün qaçılmaz eləmişdi.

Sətimjan Sanbayevin qazax xalqının iki dühasına – Abay Kunanbayev və Muxtar Auezova - sevgisi tərcümə yaradıcılığında da özünü büruzə verir. Bu yönümdə ilk sanballı işi kimi böyük Abayın “Qara sözlər” fəlsəfi traktatını seçməsi, əlbəttə ki, böyük risq idi. Amma o, çiyinlərinə götürdüyü yükü ləyaqətlə daşımağı bacardı, bənzərsiz əsəri 1970-ci ildə rus oxucusuna təqdim elədi. Sonralar əsər qələm dostu Rollan Seysenbayevin redaktəsiylə dönə-dönə nəşr olundu.

Rusdili oxucular Muxtar Auezovun yaradıcılığıyla tanışlığa isə Sətimjan Sanbayev tərcüməsində “Çoxüzlü Xasan” hekayəsiylə başladılar. Sonra o, yazçının bir neçə əsərini də çevirib 1984-cü ildə “Povestlər və hekayələr” toplusunu nəşr etdirdi. Planında “Abayın yolu” romanın yeni tərcüməsi də vardı, amma işlərinin çoxluğundan ildən-ilə təxirə salmalı olurdu.

Əlbəttə ki, həmin dövrdə qazax yazıçılarının ayrı-ayrı nəşriyyatların planına daxil edilmiş əsərlərinin tərcüməsi məsələsində ilk yada düşən imzalardan biri Sətimjan Sanbayev olurdu. O, sonrakı illərdə Saparqali Beqalin, Abu Sarsenbayev, Kalixan İsxakov, Tölen Əbdikovun roman, povest və hekayələrini, Çokan Vəlixanovun “Çokanın gəncliyi”, Dulat İsabekovun “Görüş”, “Ağ qu – Jibek” pyeslərini, “Koblandı-batır”, “Alpamıs-batır”, “Kozı Korpeş – Bayan Sulu”, “Qız Jibek” kimi qəhrəmanlıq və məhəbbət dastanlarını (nəsri) rusdilli oxuculara böyük ustalıqla çatdırdı...

6.Ziyalı borcuna sədaqət

Dörd rəqəmi türk düşüncəsində mükəmməllik rəmzidi...

Sətimcan Sanbayev nasir, dramaturq, tərcüməçi, publisist olmaqla yanaşı, həm də ictimai xadim idi, 80-ci illərdən artıq ölkənin ədəbi-mədəni həyatında boy göstərirdi. O, Qazaxstan Yazıçılar İttifaqı tərcümə kollegiyasının sədri, Asiya və Afrika ölkələri ilə əlaqələr Komitəsi respublika bölməsinin məsul katibi, ədəbi tədbirlərin təşkilatçılarından və iştirakçılarından biriydi.

Böyük qələm dostu Oljas Süleymenov 1989-cu ildə təbiətin və ekologiyanın qorunması sahəsində bəşəri maraqlara xidmət göstərən, nüvə sınaqlarının dayandırılmasını, poliqonun bağlanmasını tələb eləyən nüvə əleyhinə Beynəlxaq “Nevada – Semipalatinsk” hərəkatına başlayanda Sətimjan Sanbayev qurumun vitse-prezidenti kimi məsul vəzifəni çiyinlərinə götürdü, o illərdə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, hədəfə çatmaq üçün qızğın fəaliyyət göstərdi.

Belə gərgin dövrdə də Sətimjan Sanbayev yaradıcılıq planlarından əl çəkmir, yeni-yeni ideyalarını gerçəkləşdirməyə çalışırdı. XIX əsrin birinci yarısında rus çarı I Pavelin fərmanıyla Volqa və Ural çayları arasında yaradılmış yarımüstəqil Bökey Ordası haqqında roman yazmaq üçün hazırlıq görür, arxiv materiallarını öyrənirdi. Həyat yoldaşı Svetlana Seytjankızının yazdığına görə, o, ömrünün son illərində Atırau vilayətinin rayonlarını dolaşır, görkəmli tarixçi, folklorşünas, etnoqraf Makaş Bekmuhammedov haqqında material toplayır, əsərin ilk fəsillərini xəstəxana palatalarında yazırdı...

Həmin vaxt da rejissor Serik Aprımov onu “Kiçik qardaş” filminə dəvət eləmişdi, çətinliklə də olsa, çəkiliş meydançasına gedirdi...

2013-cü il iyunun 28-də isə Sətimjan Sanbayev dünyadan köçdü, bütövlükdə qazax mədəniyyətində və mənəviyyatında dərin iz qoydu...

7.Qazax ədəbiyyatının Ağ Nəri

“Köşək atın qabağınca addımlayırdı, çünki irəlidə vətəni, doğulduğu və ömrü boyu Manğıstauya can atan anası arvana kimi, hara getsə, qaça-qaça qayıdacağı aul yerləşirdi...” Sətimjan Sanbayevin “Ağ arvana” povesti bu cümləylə bitir...

O da elə həmin köşək kimi, daim mənsub olduğu xalqın, tarixinə, mənəviyyatına, adət-ənənələrinə can atır, unudulmaqda olan detalları, məqamları, faktları sonsuz sevgiylə ipə-sapa düzüb oxucuya çatdırırdı...

Yazıçının əsərlərində doğma yurdunun dağları, çölləri, yovşanı, atı, dəvəsi, berkutu..., başlıcası isə insanları bütöv bir xalqın zəngin və bənzərsiz mədəniyyətinin özünəməxsus daşıyıcıları kimi dərk olunur...

“...Zaman bizə həm işıqlı, həm qüssəli, həm də kədərli əfasanələr qoya-qoya ötüb... O əfsanələri dinləyəndə - səhər əbədi Günəşin təravətini bütün cismimlə duyuram; yaxud günororta dombıranın müdrik təranələri altında dönüb doğma torpağımın hüdusduz ənginliklərinə baxıram; ya da gecələr, tonqal işığında insanların səmimi, məsum simalarına nəzər salıram, - ötən minillikləri sonsuz həyatımın günləri kimi qəbul eləyirəm. Hələ bundan sonra bir neçə minillik də yaşamalıyam...” Yazıçı “Sonra əbədi döyüş başlar!” povestində özünün mənsub olduğu xalqla vəhdətini obrazlı şəkildə bu cür dilə gətirir...

Tənqidçilərdən birisə Sətimjan Sanbayevi vüqarlı, azad, öz xalqının müqəddəs mənəviyyat və mədəniyyət məkanını həmişə qorumağa hazır olan Ağ Nərə bənzədib...

Bu bənzətmədə də təkzibounmaz həqiqət var...

İyun 2024


MANŞET XƏBƏRLƏRİ