İşıqlı Atalı
2-ci yazı
Nizami yaradıcılığında Xeyir və Şər ideyalarının ifadəsi ilkin mifoloji ulusal düşüncədən qaynaqlanır, onun misilsiz bədiiyyatında insan obrazlarında yetkin təcəssümünü tapır. Ümumiyyətlə, şairin irsində Xeyir və Şər ideyalarının ifadəsi yaradıcılığından qırmızı xətt kimi keçsə də, bunun ən bariz ifadəsini “Yeddi gözəl” poemasındakı “Xeyir və Şər” mənzum hekayəsində görürük. Hekayəti çinli qız söyləyir. İki cavan yola çıxır, yol yoldaşı olurlar. Birinin adı Xeyir, o birininki isə Şərdir. Bunların hər biri adlarına uyğun əməl yiyələridir. Nizami nədən iki bir-birinə əks surəti yanaşı qoyur? Təbiətin, həyatın gedişində ardıcıl müşahidə etdiyimiz əksliklərin insan obrazları olaraq yol yoldaşlığı oxucu üçün maraqlıdır. Nizami özünəqədərki mifoloji düşüncədən gələn, ictimai düşüncədə obrazlaşan bu ideyaları canlandırır, bədiyyatla onlara nəfəs verir, şəxsləndirir. Bu, maraqlı, gərəkli tapıntıdır. Zahirən bugünkü ədəbi düşüncə üçün arxaik sayıla bilər, ancaq Nizami görümü, ifadəsi sübut edir ki, insanlığın bədii zövqünün mayasında bu kimi ibrətamiz, ruh tərbiyəsinə xidmət edən mövzular dayanmalıdır.
Nizami ölçüsü insanlığın arzularına, yaradıcı xəyallarına tam cavab verir. Xeyir obrazı insanlara inanan, xeyirxah, həm də “çətin günü düşünməyən” kimi təqdim olunur. Şər isə əksinə, bildiyini deməyən, təhlükəni gizlədən, bic, yamanlayıcıdır:
Şər yaxşı bilirdi yolu uzaqdır,
Susuz xarabadır, xeyli quraqdır.
Xəlvəti məşkinə su doldurub
Şər Dürr kimi gizlədi, vermədi xəbər.
Xeyir: – Yəqin yolda su var – deyirdi,
Hər tərəf susuzdu, o bilməyirdi.
Burada obrazların əksliyi hər birinin daxili aləmini açmaq üçün gözəl imkan yaradır. Şərsiz Xeyirli insan varmı, mümkündürmü? Yaxud şərlə yoğrulmuş insanda xeyir adına balaca bir nişanə belə yoxdurmu? Nizaminin obrazları xalq ruhunun yetkin ifadəsi kimi meydana çıxır. Bu obrazların şəxsində yüksək bədiyyat səviyyəsində Xeyir obrazında xeyirliyin, Şər obrazında isə şərliyin nədən ibarət olduğu görünür, bilinir. Əlbəttə, burada ideallaşdırma, obrazların halı, nə danışmaları, situasiyalar, hətta hansı xalqın qızının bu hekayəti söyləməsi Nizami xəyalının məhsuludur.
Ümumiyyətlə, bu mənəvi tablo Nizaminin yaratdığıdır: kökü Azərbaycan-türk düşüncəsindən gəlsə də, Nizaminin yaratdığı Xeyir, Şər obrazlarıdır. Habelə burada biz Nizaminin ulusal qaynaqdan gücünü aldığı bəşəriliyini də aydınca görə bilirik. Hekayə Nizaminin Xeyir obrazının Xeyirliyini, Şər obrazının da Şərliyini axıra kimi ifadə etməsiylə yadda qalır. Bu, Azərbaycan-Türk folklorunda, mifoloji düşüncəsində yaşayan ulusal məntiqi yadımıza salır. Xalq düşüncəsində Xeyir axıracan Xeyirdir, Şər axıracan Şərdir. Xalq düşüncəsi yarımçıq Xeyiri Xeyir saymır, eləcə də özünü Xeyir kimi göstərən Şərin şirin dilinə aldanmır.
Nizaminin düşüncəsində Şərin şirin dilinə aldanmaq olmaz, Şər Xeyir ola bilməz. Təbiidir, materialistik düşüncədə Şərin Xeyirə, Xeyirin Şərə keçməsi “əsaslandırılsa” da məntiq yerini almır. Nizaminin məntiqi isə xalq düşüncəsindən güc alır, bu səbəbdən də insanlığa uyğun sayılır. Gözü çıxarılan Xeyir işıqlı dünyaya həsrət qalır. Bu, “Məlikməmməd” nağılındakı qəhrəmanın qaranlıq dünyaya düşməsi motivi ilə üst-üstə düşür. Qaranlıq qatılaşır, Xeyir üçün haradasa çıxış yolu yoxdur. Ancaq bəxti üzünə gülür, sehrli ağacın yarpağı gözünə məlhəm olur. Burada əcdad düşüncəsində ağaca olan mifik inam özünü göstərir. Şər şərliyini axıracan göstərsə də Xeyiri məhv edə bilmir:
Sevindi: “Əssə də – dedi – sərt külək,
Xələl görməyibdir bu gözəl çiçək.
O mələk xislətin oldular agah
Şər nələr başına gətirmişdir ah.
Nizami göstərir ki, Xeyirə hər yerdə ehtiyac var, onsuz insanların həyatı bir heç olar.
İnam atanın (Asif Atanın) Mütləqə İnam Fəlsəfəsinə görə, Xeyir dünyanın mahiyyətindədir, ona görə də yox olmur. Şər isə zaman-zaman nə qədər güclü görünsə də, dünyanın gedişindədir, Xeyir kimi güclü deyil.
Nizami Xeyir-Şər təzadının mahiyyətini anlayır, bədiyyatının gücüylə aydın, anlaşıqlı şəkildə ideyalar arasındakı təzadı çatdırır. Xeyirin varidat sahibi olması, üç gözəlin vüsalına yetməsi, hakimiyyətə yiyələnməsi Nizaminin ideal insan obrazına uyğundur. Burada artıq Nizami idealının bədiyyatda var olmasının gerçəkliyi görünür. Xeyirin sonda Şərə qıya bilməməsi Nizaminin dünya, həyat gedişatını dərindən duyduğunu göstərir. Şər obraz kimi öldürülsə də, yenə var. Yəni ağılda, duyğuda Şərlə döyüş onun gerçəklikdən tamamilə silinməsi anlamına gəlmir. Ancaq bədiyyatda bu, mümkündür. Nizami bu həqiqəti fitrətən duyduğu, anladığı dərəcədə bədiyyatında üstünlüyü təbii olaraq Xeyirə verir.
***
Nizami yaradıcılığında Xeyir və Şər ideyalarının ifadəsi yüksək bədiyyatçılıq səviyyəsindədir. Folklorumuzdakı ilkin mifoloji düşüncədən “Avesta”ya qədərki inkişaf prosesi Xeyir və Şər obrazlarının xəlqi düşüncə, xəlqi dünyabaxış səviyyəsində yol getdiyini göstərir. Bu prosesdə Tanrıçılıq-Zərdüştçülük xəttinin üzvi bağlılığı, ideya uyğunluğu, birxətliliyi problem mövzunun ayrıca öyrənilməsinin gərəkliyini şərtləndirir.
Nizamidə obrazların daxili aləminin ifadəsi Türk Ulusunun xarakterinə, düşüncəsinə uyğun açılır, mifoloji düşüncədən bədiyyatadək gerçəkləşən idrak yolu Nizami ruhuna kənar etkilərin (təsirlərin) diktəedici rolunun olmadığını sübut edir.
***
İnam Atanın fəlsəfi-tənqidi əsərlərinin hamısı vəcdlidir, yüksək eşqlidir, coşğundur... “Nizamilik” əsərində Nizami Gəncəvinin əsərlərini özünəməxsus üslubda təhlil edir, Nizamiliyin mahiyyətinin xəlqi-bəşəri kökləri açılır, yüksək sənətkarlığı təqdir olunur. “Gerçəkliyi ötmək” (24 Qar Ayı, 13-cü il - yanvar, 1992) əsərində Atanın şeiriyyətlə bağlı düşüncələri sistemli şəkildə ifadəsini tapır. Ata gerçəkliyi ötən, hadisəni sadəcə təsvir etməyən, Nisbini Mütləqə çatdıran şeiriyyət istəyir, çağına qədərki şeiriyyət ifadəçilərinin yaradıcılığından örnəkləri sunur, fikirlərini əsaslandırır. İnam Atanın fikrincə, şeiriyyət gerçəkliyi ötmək ehtiyacından yaranıb.
Əsərdə Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin, Hafizin, Y.İmrənin, S.Vurğunun, N.Hikmətin, F.H.Dağlarcanın yaradıcılığından örnəklər gətirilir. İnam Atanın şeiriyyətlə bağlı fikirləri Mütləqə İnam ölçüsündə, sistemli şəkildə sunulur. Ata şeiriyyəti Mənaçılıqla bir sayır, Əzəli, Əbədi, Sonsuz, Kamil Şeiriyyət tələbinin İnsani tələbatdan yarandığını bildirir. Əsərdə indiyə qədərki şeiriyyətin gözəllikləri Ata ölçüsündə görünür, bilinir. Bundan sonrakı şeiriyyətin təsdiqi üçün Mütləqə İnam Ruhaniyyatından yararlanma möhtəşəm, bənzərsiz özünüifadə imkanı olaraq sunulur. Əslində şeiriyyət insaniliyi ifadə və təsdiqdir: “Şeiriyyət gerçəklik həddini ötür, Mahiyyət hədsizliyinə çatır; Şeiriyyət Gerçəkliyə Məna hədsizliyi gətirir”.
İnam Ata yaradıcıdan sözünə, yazdığına bərabər olmaq istəyir. İnsanın mənası insandan artıqdır, yüksəkdir. Gerçəkliyə dayanıb qalan, gerçəkliklə nəfəs alan şair bu həqiqəti duya, görə, ifadə edə bilərmi? Onun yaratdığı əsl şeiriyyət sayıla bilərmi? Yox! “Cismanilikdə ruhaniliyi görmək üçün cismanini ötməlisən, Mahiyyətə çatmaq üçün Təzahürü ötməlisən”.
İnam Ata şeiriyyəti “çətin, ağır, xüsusi görüm” sayır, “Mənanı görmək üçün Gerçək Görümü ötməlisən” deyir. Gerçəkliyi ötən şeiriyyət Dünyanın Dünyadan, Həyatın Həyatdan, İnsanın İnsandan artıq mənasını təsdiq edir. İnam Ata Füzuli şeiriyyətinin açımına ayrıca yer ayırır, onun dərdçiliyinin dövran dərdinə dərman olduğunu bildirir: “Eşq Dərdi – Təbibdir: – Füzuli dərdində Gerçəkliyi ötür, Müqəddəsliyə çatır”.
Füzuli aşiqliyi dövranın əsarətinə qarşı necə dura bilər? Bu, sadəcə, sözdürmü? Yox, bu, Atanın mahiyyət ölçüsündə görümüdür.
Sabahkı yaradıcılar bu əsərdəki təməl örnəklərə əsaslanacaqlar. İnam Ata Hafizin yaradıcılığındakı eşqi şeiriyyət ölçüsündə araşdırır: “Hafizdə Meyxanə – Məscidə, Aşiqlik – Zahidliyə, İnsan – Dövrana qarşıdır. Meyxanə – Eşqi, Həqiqəti təmsil eləyir; Məscid – Xurafatı, Yalanı; İnsan – Ülviyyəti; Dövran – Fəlakəti; Hafiz Eşqində, Həqiqətində Gerçəkliyi ötür, Mahiyyətə çatır”.
İnam Ata İnsanı mahiyyətə yetirən şeiriyyət istəyir; burada təsvir qaçılmaz, adi qeyri-adilikdir, biçim gözəlliyinə, məzmunu təsdiqə xidmət edir: “Şeiriyyət – İnsaniliyin dərki və izharıdır; bu səbəbdən də Gerçəkliyi ötür, Ötməlidir”.
Yunus Əmrə üstə təhlillərdə Ata gerçəkliyi ötən yaşam yiyəsi Əmrənin ruhsal əhvalını – özünəyetməsini təqdir edir əslində. O deməkdir ki, özünə yetən insanın halının ifadəsi gerçəklikdən ötə olur, şeiriyyət ruhunu təsdiq edir. Beləliklə, İnam Atanın şeiriyyət tələbi, ölçüsü zamanı, mühiti, şəraiti ötür. Ata inanır ki, gerçəklikdə qalan şeir – şeiriyyətə çatmır. Deməli, şeiriyyət ruhu gerçəklikdə insani arzulara yetə bilməyənlərin xəyallarının inamlı, gerçəkliyi dəyişdirmək qüdrətində olan, qətiyyən xülyaçılıq ifadə etməyən imkanı olur.
İnam Atanın (Asif Atanın) “Gerçəliyi ötmək” (Şeriyyət Ruhu) əsərindən bir hissə
Şeiriyyət Əbədinin, Sonsuzun, Kamilin ifadəsidir; bu səbəbdən də o, Keçicini, Sonlunu, Qeyri-Kamili ötür; – Gerçəkliyi Mahiyyətə yüksəldir.
Şeiriyyət Nisbini Mütləqə çatdırır; – Gerçəklikdə Gerçəklikdən artıq olanı görür; Şeiriyyətdə Gerçəklik Əbədiləşir, Sonsuzlaşır, Kamilləşir.
Şeiriyyət Hadisəni sadəcə təsvir etmir, Mahiyyətə qaldırır, – Mahiyyət Gerçəklikdən Böyükdür, Artıqdır, Yüksəkdir; bu səbəbdən də Şeiriyyət Gerçəkliyi ötür.
Gerçəkliyə bərabər Şeiriyyət olmur – Şeiriyyət Ehtiyacı –əslində Gerçəkliyi ötmək Ehtiyacıdır.
***
“Fələk sənin uca sərvinin kölgəsinə sığınmışdır. Dünya öz İşığını sənin gözəlliyindən alır. Ayın üzü onun camalı qarşısında bir qara xal kimiydi. Onun gözəlliyi qarşısında göyün gözləri qamaşdı”.
“Onun çaldığı xoş havaları eşidərkən, Zöhrə ulduzu fələyin dövrəsinə fırlanırdı”.
“Şirinin səsinin məlahətindən havadakı quşlar, dənizdəki balıqlar yatırdı”.
“Ən iti küləklər belə bu atın ayağının tozuna çata bilməyəcəkdir”.
(Nizamidən)
Bu sətirlərdə Yalan yoxdur; burada Biçim Mahiyyətə çatır: – təxəyyül Mənaya xidmət eləyir, Xülyaya xidmət eləmir; – bənzətmələr Mənanı ifadə eləyir. Şeir Gerçəkliyi təqlid etmir – tamamlayır. Şeiriyyət əslində Gerçəkliyə qarşı durur; Gerçəklik Şeiriyyəti qane etmir; əks təqdirdə Şeiriyyətə ehtiyac olmazdı; gerçəklik Şeiriyyəti əvəz edərdi. Gerçəkliyi Mahiyyətə yüksəldən Şeiriyyət – Gerçək Mahiyyətsizliyi inkar etməkdə, rədd etməkdə, lənətləməkdə qətidir.
“Əsası külək üzərində qurulmuş bu dünyaya çox da bel bağlama”.
“Dünyada heç bir şey daimi deyil, ona görə də dünyanın bütün varı bir dinara dəyməz”.
“Qalx ayağa, cahanla vidalaşıb köç daha, Fitnəfəsad yurdunda qala bilməz köç daha. Özü qoca, qəlbi dar dünyaya bax, gəl indi, Boyasına aldanıb sanma təzə gəlindi”.
“Fələk çadır qurubdur, gendən xoşdur süfrəsi, Qan qoxuyur kasası, daim boşdur süfrəsi”.
“Aləm sənin məhbəsin, bilməlisən, bilməli, Şimşək olub aləmə gülməlisən, gülməli”.
“Dünya həmişə iki üzlü olmuşdur –
O sənə gah rumlunu, gah zəncini göstərir”.
(Nizamidən)
Gerçəkliyi ötmək – Gerçəkliyin Mahiyyətinə yüksəlmək – gerçək Mahiyyətsizliyə qarşı durmaq, onu rədd etmək, inkar etmək bir şeydir: Gerçəkliyin Mənası – Əbədidir, Sonsuzdur, Kamildir, Təzahürü – Keçicidir, Sonludur, Qeyri-Kamildir: birini ötməsən, o birinə çatmazsan;
Gerçəkliyin Mənası – Gerçəklikdən artıqdır; bu səbəbdən də Ruh - İdrak, Mənəviyyat Gerçəklikdə Nisbidə, Keçicidə, Qeyri-Kamildə dayanmır; onlardan yüksəyə qalxır; Şeiriyyət bu Ülvi, Əzəli İnsani Tələbatdan yaranıb.
Son