Faiq Qəzənfər oğlu Ələkbərli
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
aparıcı elmi işçisi,
II yazı
Hazırda Türkiyə Cümhuriyyəti Türk Dünyasının sözün həqiqi mənasında aparıcı dövləti olub dünyanın da super güclərindən biri olmaq istəyirsə, hədəfini dörd mərhələdən ibarət olaraq müəyyənləşdirməlidir: 1) Türkiyə daxilində islamlıq və türklük ideyaları dəqiqləşməli; 2) Müsəlman və qeyri-müsəlman Türk Dünyasına hesablanmış hədəflər müəyyənləşməli; 3) İslam dünyasındakı hədəflər bəlirlənməli; 4) Dünyanın hansı simada super güclərindən biri olmaq istəyi konkretləşməli. Biz eyni sözləri Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan haqqında da deyə bilərik. Ancaq bu günün gerçəkliyi daha çox Türkiyənin üzərində dayanmağımızı ortaya qoyur. Təbii ki, bu günün Qazaxıstanı da sabah Orta Asiya və Qafqazda güclü bir dövlətə çevrildiyi halda, təxminən 20-30 ildən sonra Türk dünyasının, ardınca da İslam dünyasının da lideri ola bilər. Yaxud da iki əsr bundan öncə (1828-ci il) bir hissəsi çar Rusiyası tərəfindən işğal olunan və yenicə müstəqilliyini qazanan Quzey Azərbaycan, digər hissəsi isə bir əsr bundan öncə sözdə “İran İslam Cümhuriyyəti” adlanan molla-fars rejiminin hakimiyyəti altında qalan Güney Azərbaycan bir-vahid Azərbaycan olacağı təqdirdə Türk dünyasının və İslam dünyasının lider dövləti olmaq gücündədir.
Ancaq bu gün Türkiyənin özü də müsəlman türklər olaraq təkbaşına İslam dünyasının yenidən mərkəzi olmaqda çətinlik çəkir. Çünki Osmanlı yerinə qurulan Türkiyə Cümhuriyyətinin (1923) İslam dünyasının, Türk dünyasının belə öncülü olması məsələsində doğru yol xəritəsi cıza bilməmişdir, ya da belə bir yolu cızmağa imkan verməyən iç və xarici qüvvələr olmuşdur. Bu baxımdan təxminən son bir əsrdə Türkiyənin digər Türk-İslam xalqlarıyla istənilən münasibətləri qura bilməməsi təsadüfi deyildir. Osmanlını İslam dünyasından, Türkiyəni isə Türk dünyasından uzaqlaşdırılması üçün antitürk qüvvələr nə lazımdırsa etməyə çalışmışlar. Hələ, antitürk qüvvələr 1920-ci illərdə Türkiyə türklərinə yalnız Cümhuriyyət daxilində türkçülük və islamçılıqla məşğul ola biləcəklərini açıqca ifadə etmişlər. Bunun nəticəsi olaraq da Atatürklər, Ziya Gökalplar, Xalidə Ədib Adıvarlar Turançılıq məfkurəsini Türkiyəçiliklə məhdudlaşdırmaq zorunda qalıblar. Xüsusilə,1923-cü ildə yazdığı “Türkçülüyün əsasları” kitabında Ziya Gökalp Türkçülük (Türk Birliyi) və Turan ülküsünü yenidən dəyərləndirmişdir. Ziya Gökalp yazırdı ki, artıq Türkiyə üçün utopik türkçülük, turançılıq deyil, real olaraq Türkiyəçilik önəmlidir. Ona görə, Türkçülük-oğuzçuluq və Turancılıq isə bütün Türklərin gələcək idealları idi (Gökalp, 1991:38).
Əslində bütün bunları Gökalpın Türk birliyi, Turançılıq ideyasından vaz keçməsi kimi anlaşılması qətiyyən doğru deyildir. Bütün ruhu və varlığıyla Turan ülküsünə bağlı olan Gökalp, Türkiyə Cümhuriyyətinin tək müstəqil bir dövlət olaraq mövcudluğu naminə türkçülük fikirlərində bəzi dəyişikliklər etmişdir. Aşağı-yuxarı bu proses Türkiyənin dövlət siyasəti olaraq 20-ci əsrin sonlarına qədər davam etmiş, hətta, son zamanlara qədər Türkiyənin dövlət başçıları, bir çox bilginləri Türkiyəçilkdən qurtula bilməmişlər. Yalnız 1960-cı illərdən başlayaraq Alparslan Türkeş yenidən bütün türklər üçün keçərli olan Türk birliyini irəli sürmüşdür ki, onun bu Türk birliyi ideyası da Türk-İslam məfkurəsinə əsaslanmışdır (Türkeş, 1980; 30-31).
Bu baxımdan hazırda diqqət etməli olduğumuz əsas məsələ yalnız müəyyən bir dinin daşıyıcısı olan millətin, həmin dinə tapınmış olan digər xalqlarla birlikdə mövcud problemləri və onun həlli yollarını düşünməsi deyil, eyni zamanda dini həssaslıqlarını qorumaqla yanaşı digər ideyalara (dini, ya da siyasi-ideoloji) tapınan daxildəki soydaşlarıyla da bu və ya başqa məsələlərin həllində bir araya gələ bilməsidir. Bir toplum daxilindəki dini birlik inam və inanc birliyidirsə, milli birlik isə milli qədər və milli dövlət yaratmaq, inkişaf etdirmək, yaşatmaq yoludur. Bu məsələnin çox sadə həll yolu var. Belə ki, milliyyətçiliyimizə Qərb milliyyətçiliyi, İslamçılığa isə Sami dinçiliyi mövqeyindən yanaşmaqdan əl çəkməliyik. Hər halda, biz belə hesab edirik ki, Qərb (ingilis, fransız, alman və b.) milliyyətçiliyi Türk milliyyətçiliyini, Sami-Yəhidi dinçiliyi isə İslamçılığı olduğu kimi ifadə etmir. Ona görə də, Türk-İslam dünyası məsələləri adına hər iki məsələnin ciddi şəkildə izahlarına ehtiyac vardır.
Bu gün Türk-İslam məfkurəli birlikdən bəhs ediriksə, ilk növbədə Türk xalqlarının burada maraqları nəzərə alınmaldır. Əgər bu gün dünyada 7 müstəqil Türk dövləti varsa, onların hamısı da müsəlman ölkələridirlərsə, o zaman türklüyün və islamlığın bir-birini tamamladığını düşünə bilərik. Ancaq bütün hallarda 7 Türk dövlətinin birliyi birinci türklüklərinə, ikinci müsəlmanlıqlarına əsaslanmalıdır. Çünki milli birlik qədərimiz, dini birlik seçimimiz olduğu üçün burada öncüllük Türklük qədərimiz olmalıdır.
İkinci istiqamət Türk birliyini daha çox Qərbə, Avopaya inteqrasiya şəkilində görənlərin baxışlarını ehtiva edir.Son iki əsrdə “Qərb mədəniyyəti”, “Qərb milliyyətçiliyi”, “Qərb demokratiyası” yenidən bərpa etmək istədiyimiz Türklük ruhumuzu zədələməklə, yaralamaqla qalmamış, onların yerinə bizlərə öz ideyalarını (praqmatizm, marksizm, həyat fəlsəfəsi, freydizm, ekzistensializm vəb.) aşılamışdır. Bizlər də bu yad ideyalara qapılaraq istənilən məsələyə “Qərb mədəniyyəti”nin, “Qərb fəlsəfəsi”nin, “Qərb demokratiyası”nın gözü ilə görməyə, anlamağa və yaşamağa başlamışıq. Bizim şüurumuza zor-xoş yeridiblər ki, dünyanı yalnız “demokratik və sivil Qərb”dən idarə etmək mümkündür, çünki yalnız onlar buna qadir və layiqdirlər. Maraqlıdır ki, biz Türk dünyasının insanları bunu vaxtilə şüurumuza yeridənlərə də, bu gün yeritməyə davam edənlərə də az qala büt kimi sitayiş edirik.Biz də o fikirə qatılırıq ki, inkişaf yolunu tutan, ayaq üstə qalmaq istəyən hər hansı toplum tərəqqi dövrünü yaşayan millətin mədəniyyətindən yararlana bilər. Bu Avropa da, Asiya da, Amerika da ola bilər. Əgər onların inkişafında müsbət cəhətlər varsa bu hökmən dəyərləndirilməlidir. Ancaq burada önəmli olan kənar toplumların ideyalarından yalnız yararlanmaq olmalıdır, onları yamsılamaq yox. Yəni toplumun inkişafının nüvəsində öz düşüncəsi, öz fəlsəfəsi önəmli olmalıdır.
Bu anlamda Qərb ziyalılarının 1923-cü ildən sonrakı Türkiyə haqqındakı fikirləri ilk baxışda Türk milləti üçün xoş təsir bağışlasa da (Toynbee, 2011:62),əslində onları zorla “Qərb”ə yönəltmə və “Qərb”i daima ideal görmə istəyi var (Fukuyama, 2014:302).Çünki vaxtilə dünyaya meydan oxuyan türklər “Qərb”ə üz tutmaqdan başqa çarə görmürdülərsə, bu “qərblilər”cə böyük bir uğur idi. Bu anlamda hərb savaşlarında əsasən türklərə yenilən Xristian-Qərb dünyasının, amma düşüncə dünyasında Türkləri yenməsi onlar üçün böyük bir qələbə idi. Halbuku vaxtilə böyük turançı ideoloq Əli bəy Hüseynzadə yazırdı ki, bir türkün avropalaşması artıq onun türklükdən uzaqlaşması, deməkdir: “Türkün irtidad edib firəngləşməsi, firənglərin ya mürtədlərin tərəqqisi deməkdir, yoxsa türk, ya müsəlman tərəqqisi demək deyildir!” (Hüseynzadə, 2007:35).Gökalp da “Türk mədəniyyəti tarixi” əsərində yazırdı ki, vaxtilə Çin mədəniyyətini mənimsəyən türklər bunun nəticəsində məhv olmaqla üzbəüz qalmış, bundan qurtulmaq üçün başqa torpaqlara köç etməli olmuşlar: “Türklər nə zaman milli kültürə önəm verməyərək yabançı kültürə önəm vermişlərsə və öz millətlərini bəyənməyib başqa millətlərin təqlidçisi və taparcasına sevəni olmuşlarsa, belə bir köç fəlakətinə uğramışlardır” (Gökalp, 2013; 73).
Qərblilər rusları nə qədər sevməsələr də, amma ən azı xristian olduqları üçün dünya hökmranlığını onlarla paylaşmaqdan son dərəcədə rahatsız deyillər. Bunu, 20-ci əsrdə baş verənlər, bu gün də davam edənlər açıq şəkildə ortaya qoyur. Bəlkə də, bu sözləri buddist çinlilərə də aid etmək olar. Amma iş türklərə, özəlliklə müsəlman türklərər gəlincə vəziyyət xeyli dərəcədə dəyişir. Qərblilər dünyanı türklərlə paylaşmaq istəmirlər. Burada da iki önəmli faktor var: 1) İslam dini; 2) Türklər. Xristian-Qərb dünyası üçün ikisi də qəbuledilməzdir. Onlar üçün İslam dünyası fərqli bir sivilizasiya, türklər də həmin sivilizasiyanın öncülləridir. Bu iki amil bir-birini tamamladığı üçün “qərblilər” onu yaxına buraxmaq istəmirlər. Ancaq yalnız istəməməklə iş bitmir. “Qərblilər” onlar üçün təhlükə mənbəyi olan İslamlıq və Türklük məfkurəsini bir-birindən ayırmağa da çalışırlar.Çünki “Qərb” aydınlarının əksəriyyətinin fikrincə, dünyanın tamamının qərbləşəcəyi təqdirdə qlobal problemlər həll edilə bilər ki, amma bu gün dünyanın qərbləşdirilməsi prosesində əsas əngəllərdən biri müsəlman türklərdirlər. Başqa sözlə, yalnız İslam dini intellektual ruh, Türklük isə insanlıq dəyəriylə bir güc olaraq “Qərb sivilizasiyası”na alternativ olmaq gücündədir.