Zəngəzur tarix və geosiyasətin qovşağında: həqiqət anı


Kamal Adıgözəlov

Ekspertlər əbəs yerə son zamanlar Zəngəzur dəhlizinin açılması məsələsini qlobal geosiyasi oyunlar kontekstində təhlil etmirlər. Bunun üçün kifayət qədər əsaslar vardır. İndi Cənubi Qafqaz məsələsində Qərb, Rusiya və İran aktiv surətdə addımlar atırlar. Hətta bir sıra ziddiyyətlər və yeni ittihamlar da özünü göstərir. Aydın olur ki, böyük qüvvələr regionda yeni güc nisbətinin formalaşmasında ortaq mövqeyə gələ bilmirlər. Bunun fonunda müşahidə edilən bir sıra proseslər Azərbaycanın geosiyasi maraqları müstəvisində aktuallıq kəsb edir.

Üç dövlət Zəngəzurda birləşir

Heç zaman siyasətin "üzü ilə astarı" üst-üstə düşmür. Zahirən gərginlik kimi görünənlər, əslində, başqa bir reallıqdan xəbər verə bilərlər. Yəni, siyasətdə vicdan anlayışı hamıya aid olmur. Zəngəzur dəhlizi məsələsində də siyasi riyakarlıq bəziləri üçün adətə çevrilib. Onların önündə təbii ki, erməni siyasətçilər gedirlər. Lakin başqaları da vardır. Xüsusilə Azərbaycan, Rusiya və Türkiyənin Zəngəzur dəhlizi məsələsində ortaq fəaliyyətinə olan reaksiya siyasətdə dürüstlük məsələsini qabardır.

Rusiya Prezidentinin Azərbaycana səfəri bir çox geosiyasi məqamlara yeni dinamika verdi. Birincisi, Cənubi Qafqazda Ermənistanın geosiyasi dəyəri (daha doğrusu, dəyərsizliyi) dəqiqləşdi. Rəsmi Moskva bəyan etdi ki, artıq Azərbaycan onun üçün fərqli geosiyasi statusa və əhəmiyyətə malik ölkədir.

İkincisi, Rusiya Zəngəzur dəhlizinin açılması məsələsinin məlum 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndinə uyğun həll edilməsində maraqlı olduğunu bildirdi. Bu əsasda müəyyən addımlar da atmağa başladı. Kreml açıq ifadə etdi ki, Qərbin regiona nüfuz etməsini qəbul etməyəcək və Zəngəzur məsələsində də ona güzəştə getməyəcək.

Üçüncüsü, Rusiya region üçün "3+3" formatını daha uyğun saydığını bəyan etdi. Bu kontekstdə İran və Ermənistanı da bu prosesə dəstək verməyə səslədi.

Nəhayət, Rusiya Azərbaycan-Türkiyə tandeminin region üçün oynadığı müsbət rolu müxtəlif kontekstlərdə vurğuladı. O cümlədən enerjidaşıyıcılarının nəqlində Azərbaycanın konstruktiv rolunu qeyd etdi.

Bütün bunlar onu göstərirdi ki, Cənubi Qafqazda yeni səviyyədə Azərbaycan-Rusiya-Türkiyə geosiyasi konfiqurasiyası yarana bilər. Moskva "Türk trendi"ni qəbul edir! Ancaq vəziyyətin bu cür dəyişməsi başqa geosiyasi "altqatlar"ı da tərpətdi və Qərb və İranın iç üzünü göstərdi! Bununla regionda yeni oyun başlamış kimi görünür.

Qərb susur: sükutun geosiyasi qiyməti

Maraqlıdır ki, Rusiyanın Zəngəzurla bağlı hay-küylü bəyanatına Qərbdən bir reaksiya olmadı. ABŞ və Avropa İttifaqı dövlətləri sükut etdilər. Onlar adətləri üzrə Ermənistanda "dişsiz missiya diplomatiyası"nı davam etdirdilər. Vaşinqton, Paris və Brüsselin sükutu maraq doğurdu. Qərb Rusiyanın Cənubi Qafqazda fəallaşmasını doğrudanmı qəbul edir?

İnanan yoxdur. Onda sual olunur: Qərb niyə susur? Susursa, deməli gizli məqsədi vardır. Məsələ ondan ibarətdir ki, Amerika və Avropa regionda "yeraltı ziddiyyətlər"in hələ tam aradan qalxmadığını bilir. Ona görə də diplomatik ustalıqla aradan kənara çəkilmiş kimi özünü göstərir. Əslində, məqsəd kənardan regionu qarışdıra biləcək ölkələrin hərəkətlərini izləməkdir. Qərbin təxminləri özünü doğruldur.

Etiraf edək ki, bu üsul Rusiyanın həmləsinin təsir gücünü xeyli azaltdı. Yəni, Moskvanın səsi əvvəlki dönəmlərdə olduğu kimi möhtəşəm təsir bağışlamır. Hətta Nikol Paşinyan açıq deyir ki, Moskva məsələni həll etməli deyil, çünki İrəvan ikitərəfli müzakirələrə üstünlük verir. Hətta nümunə kimi Azərbaycanla delimitasiya ilə bağlı əldə edilən razılığı göstərir.

Əslində isə Ermənistan rəhbərliyinin səmimi olmadığı tam aydındır. Belə olmasaydı, bu cür söyləntilərdən sonra rəsmi İrəvan yenə də Azərbaycana qarşı böhtan dolu fikirlər işlətməzdi. N.Paşinyanın özü Bakıya qarşı iftiralar uydurmazdı. Azərbaycan XİN-in cavabında bu məqamlar aydın olaraq əks olunub. Deməli, Ermənistan rəhbərliyi regionda "Qərbin əlinə oynamaqda" davam edir. Əvəzində isə rəsmi Tehran özünü ortaya atıb.

İran yenə kartları səhv salır

Rusiyanın İrandakı səfirinin XİN-ə çağırılıb ona etiraz bildirilməsi diplomatik dairələrdə maraq doğurdu. Rəsmi Tehran strateji müttəfiqi Rusiya ilə münasibətləri soyutmaqda maraqlıdır? İran Rusiyanı Zəngəzur dəhlizini dəstəkləməkdə ittiham edir. Bəyan edir ki, Tehran heç zaman "Azərbaycanla Naxçıvan arasından quru yolunun açılmasına razı olmayacaq".

Bəlkə də diplomatiya tarixi bunun qədər ziddiyyətli və bəsit irad görməyib. Beynəlxalq sənədləri imzalamış bir dövlət bəyan edir ki, qonşu dövlətlərdən birinin əyaləti ilə onun əsas hissəsi arasında quru yolunun olması qəbuledilməzdir. Guya bu, onun "qırmızı xətti" imiş. Eyni zamanda, özünün Ermənistanla münasibətlərində ermənilərin hər hansı sərhəd dəyişikliyini də qəbul etməyəcəkmiş. Yəni, İran və Ermənistanla bağlı hər hansı sərhəd dəyişikliyi qəbuledilən deyildir. Ancaq Azərbaycanla bağlı istənilən dəyişiklik ola bilər.

Ancaq bununla yanaşı, Tehranın bu gedişinin arxasında müəyyən hiyləgər siyasi məqsəd də dayanır. Son prezident seçkisindən sonra İran xarici siyasətinə korrektələr etməyə çalışır. Bunu Məsud Pezeşkian daxildə yığılmış xeyli problemlərin qabardılması fonunda edir. İran Prezidenti öncəki iqtidarları onda ittiham edir ki, Qərblə münasibətləri korlayıblar. Halbuki Qərbsiz İran inkişaf edə bilməz. Buna görə də ABŞ və Avropa ilə yeni səhifə açmaq lazımdır. Bunun fonunda həm, ümumiyyətlə, əməkdaşlıq məsələsini həll etmək, həm də nüvə məsələsində ortaq məxrəcə gəlmək mümkündür.

Eyni zamanda, Tehranın bu təlaşı yalnız daxili problemlərlə bağlı deyildir. Və hətta onlarla əlaqəli deyildir. İran iqtidarının dərdi başqadır (təəssüf ki, türk M.Pezeşkian bu məsələdə "fars pezeşkianlardan" fərqlənmir). Onların dərdi regionda türk dövlətlərinin geosiyasi statusunun yeni səviyyəyə yüksəlmələri və hətta aparıcı gücə çevrilmələridir. Rusiya məsələsində Tehranı qıcıqlandıran birbaşa Zəngəzur dəhlizi deyildir – Moskvanın regiondakı "Türk geosiyasi tandemi"nə dəstək verməyə başlamasıdır! Tehranı qəzəbləndirən, bir tərəfdən, bu faktdır, digər tərəfdən isə, vəziyyətdən çıxış yolu kimi geosiyasi müttəfiqini dəyişməyi görməsindədir. Məsələnin bu tərəfi daha maraqlıdır.

Tehran: "dostumun düşməni dostum ola bilər"!

İran rəhbərliyi regionda türk dövlətləri ilə bir yerdə olmaqdansa, Rusiyanın və özünün düşməni olan Qərblə bir yerdə olmağa üstünlük verməyə çalışır. Və bunu türk M.Pezeşkianın "tarixi xidməti" kimi gerçəkləşdirmək istəyir. Yəni, bir gedişlə bir neçə hədəfi vurmağa cəhd edir. Lakin sən saydığını say...

İranın türk yüksəlişinin qarşısında durmağa heç bir şansı yoxdur. Əsas məqam ondan ibarətdir ki, Azərbaycan və Türkiyə tarixi ədalət mövqeyindən çıxış edirlər. Bu anlamda Zəngəzur dəhlizi bir çox dövlətlərə, ilk növbədə, Ermənistan və İrana da fayda verəcək. Onlar aktiv şəkildə beynəlxalq əlaqələr çərçivəsində mənfəət əldə edəcəklər. Bu zaman İranın hansısa ərazi və ya geosiyasi zərər görməsi istisnadır. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq bu kimi fəaliyyətdə maraqlı deyildir.

Şübhə etmirik ki, müəyyən müddətdən sonra Tehran Zəngəzur dəhlizinin açılması ilə razılaşmalı olacaqdır! Bunun başqa variantı mümkün deyildir! Digər tərəfdən, İran Rusiyadan uzaqlaşmağın bədəlinin nə ola biləcəyini çox yaxşı başa düşür. İran rəhbərliyi bilir ki, indiki geosiyasi mövqeyə məhz Qərbin ciddi müqavimətini qıraraq gəlib çıxıb. Geri dönməyin zərrə qədər də faydası yoxdur. Çünki ABŞ başda olmaqla Avropa və İsrail İranın enerji resurslarına "çökəcəklər". Keçən əsrin 80-ci illərinə qədər olan dövrdəki kimi. Belə deyilsə, onda İran üçün Xomeyni kimdir? Bu proseslərin fonunda Zəngəzur dəhlizi məsələsində Ermənistanın zavallı obrazına nəzər salaq.

Sayılmayan vassal dövlət

Sözün həqiqi mənasında Azərbaycandan başqa Ermənistana fikir verən yoxdur. Sözü dedi, ya demədi, Rusiya, İran və Qərb öz bildiyini ona yeritməyə çalışır. N.Paşinyan ortada "Ermənistan müstəqil olmalıdır" fəryadı ilə onların yalnız zəhləsini tökür. Buna görə də rəsmi İrəvanın nə deməsi Vaşinqton-Brüssel-Tehran-Moskva "dördbucağı"nda "yarpağı belə tərpətmir".

Bunlardan fərqli olaraq, Azərbaycan Ermənistanın da real olaraq müstəqil olmasında maraqlıdır. Çünki həmin halda regional əməkdaşlıq və təhlükəsizlik konkret məzmun kəsb edər. Buna görə də, Ermənistan rəhbərliyi var gücü ilə Azərbaycanın təkliflərinə əməl etməlidir. Bu, indi Zəngəzur dəhlizinin açılmasına gerçəkçi razı olmaqdan başlayır!


MANŞET XƏBƏRLƏRİ