Azərbaycanın multiregional siyasəti yeni mərhələdə: Çernobbiodan baxış


Kamal Adıgözəlov

İtaliyanın Çernobbio şəhərində təhlükəsizlik və əməkdaşlıqla bağlı keçirilən beynəlxalq Forumun nüfuzu böyükdür. Orada Avropa siyasətində mühüm rol oynayan siyasətçilər, dövlət başçıları, diplomatlar, iqtisadçılar müzakirələr aparırlar. Son Forumda Azərbaycan Prezidenti maraqlı məruzə edib. İlham Əliyevin "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışı siyasilərin və media nümayəndələrinin marağına səbəb olub. Azərbaycanın dövlət başçısı çıxışında aktual və düşündürücü məqamlara toxunub, yeni geosiyasi şəraitdə Azərbaycanın regionlararası miqyasda fəaliyyətinin əsas məqamlarını izah edib. Bu kontekstdə dövlət başçısının vurğuladığı bir neçə məqamın üzərində geniş dayanmağa ehtiyac görürük.

Azərbaycan Prezidentinin Çernobbioda tarixi çıxışı

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 6-da "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda iştirakı yalnız Cənubi Qafqazda deyil, Avropada da böyük maraq doğurdu. Avropalılar özləri üçün mühüm əhəmiyyət daşıyan sualların cavabını İlham Əliyevin nitqində axtardılar. Bu, səbəbsiz deyildir. Azərbaycan Prezidenti fəal siyasi-diplomatik addımları ilə geniş geosiyasi məkanda təsiri olan məsələləri gündəmə gətirib və onların həll olunması üçün konkret təkliflərlə çıxış edib.

Həmin məqamlar öz yığcam ifadəsini növbəti dəfə İlham Əliyevin Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı çıxışında tapdı. Həmin çıxışda dövlət başçısı Azərbaycan, Cənubi Qafqaz və Avropa üçün aktual olan məsələləri dolğun təhlil etdi və həlli yollarını göstərdi.

Ekspertlər Azərbaycan liderinin nitqində irəli sürdüyü fikirləri tarixi adlandırırlar. Bu, məruzənin adından da görünür. İlham Əliyev Azərbaycan dövlətinin geniş geosiyasi məkanda fəaliyyətini "yeni geosiyasi şərait" kontekstində təqdim edir. Bu o deməkdir ki, Azərbaycan regional miqyasda mövqeyini tam təsdiq etmiş lider dövlət kimi, regionlararası məkanda da ciddi rol oynayan dövlət səviyyəsinə yüksəlib. Prezident bu yüksəlişin siyasi, geosiyasi, iqtisadi, enerji və nəqliyyat-logistika aspektlərini dərindən izah edib.

Bundan başqa, Azərbaycan Prezidenti məruzəsində dövlətimizin geosiyasi fəaliyyətini enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin sintezi işığında analiz edib.

Deməli, Azərbaycan Prezidentinin təqdimatında dövlətimizin regionlararası miqyasda fəaliyyətində iki aspekt – əməkdaşlıq və təhlükəsizlik üzvi surətdə bir-biri ilə əlaqədə yer alır. Bu isə milli dövlətçiliyimiz kontekstində sözün həqiqi mənasında tarixi hadisədir. İndi onun əməkdaşlıq və təhlükəsizlik aspektlərini təhlil edək.

Regionlararası əməkdaşlığın Azərbaycan nümunəsi

Prezident İlham Əliyevin Çernobbioda çıxışına İtaliya ilə ikitərəfli əməkdaşlıq faktından başlaması təsadüfi deyildir. Bu, onun əlamətidir ki, Azərbaycan regionlararası əməkdaşlığın perspektivinin təməlində ikitərəfli əməkdaşlığın inkişafının dayandığına inanır. Buna görə də İlham Əliyevin aşağıdakı fikirləri dərin əməkdaşlıq formatının konkret ifadəsidir.

Azərbaycan Prezidenti deyib: "Bizim ticarət əməkdaşlığımız olduqca fəaldır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir".

İlham Əliyevin bu fikirlərinə çıxışının bir qədər sonrasında ifadə etdiyi aşağıdakı fikrinin işığında nəzər salaq: "...Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır".

Deməli, aydın olur ki, Azərbaycan-İtaliya əməkdaşlığı ümumilikdə Bakının Avropa siyasətinin bir fraqmentidir və bütövlükdə hər bir Aİ üzvü ilə eyni məntiq əsasında əlaqələr qurulur. Diqqət edək, Azərbaycanın enerji resurslarından istifadə edən 10 ölkədən 7-si Avropadadır. Bu o deməkdir ki, Azərbaycan üçün enerji sahəsində əməkdaşlıqda Avropa prioritet istiqamətdir.

Buradan Azərbaycanın regionlararası əməkdaşlıq nümunəsinin mühüm bir cəhəti aydın olur. Azərbaycan çoxşaxəli əməkdaşlıq modeli üzərində işləyir ki, burada Avropa ilə Asiya, Şimalla Cənub eyni dərəcədə prioritet olaraq yer alır. Siyasi-diplomatik anlamda bu, multilateral əməkdaşlıq modelinin müasir nümunəsini yaratmaq deməkdir.

Azərbaycan Prezidenti məsələnin bu cür qoyuluşunun daxili məntiqini də çıxışında konkret ifadə edib. İlham Əliyev vurğulayıb: "Mən giriş sözümü ikitərəfli münasibətlərimizin əhəmiyyətinin vurğulanması ilə başladım. Çünki bu onun göstəricisidir ki, münasibətlər qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir".

Yəni, İtaliya ilə əməkdaşlığın nümunəsində, ümumiyyətlə, regionlararası miqyasda əməkdaşlığın ortaq modelini müşahidə etmək mümkündür. Azərbaycan İtaliya ilə hansı ruh, məzmunda və hansı məqsədlə əlaqələr qurursa, geniş geosiyasi məkanda yerləşən hər bir dövlətlə də eyni məntiq əsasında əməkdaşlıq edir. Buradan enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin yeni məna çalarlarını dərk etməyə çıxış vardır.

Enerji və milli təhlükəsizlik: "Bakı formulu"

Azərbaycan regionlararası miqyasda enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin qarşılıqlı əlaqəsini özünəməxsus formul üzrə inkişaf etdirir. Burada maraqlı olan məqamlardan biri Bakının bu məsələyə daha geniş kontekstdə yanaşması ilə bağlıdır. Azərbaycan Prezidenti həmin özəlliyi İtaliya ilə əməkdaşlıq timsalında aydın ifadə edib. Prezident vurğulayıb: "Bizim ikitərəfli əlaqələrimiz əlbəttə ki, enerji və ticarətlə məhdudlaşmır. Biz hazırda humanitar məsələlər üzərində fəal şəkildə işləyirik...".

Buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin əlaqələrinə humanitarlıq kontekstində yanaşır. Humanitar sferada əməkdaşlıq milli təhlükəsizliyin tərkib hissəsidir. Çünki müasir mərhələdə humanitar sahə cəmiyyətə ən güclü təsir edən faktordur. O, birbaşa insan kapitalı ilə əlaqəlidir. Humanitar sahə həm peşəkar mütəxəssislər hazırlamağı, həm də vətəndaş yetişdirməyi ehtiva edir. Deməli, humanitar əməkdaşlıq dövlətin milli təhlükəsizliyi ilə sıx bağlıdır.

Bundan başqa, əgər enerji təhlükəsizliyi milli təhlükəsizliklə qarşılıqlı əlaqədə nəzərdən keçirilirsə, özlüyündə başqa bir əhəmiyyətli tezis də alınır. Yəni, Azərbaycanın enerji siyasəti elə qurulub ki, mütləq surətdə humanitar aspekti də özündə ehtiva edir! Bununla Azərbaycan bütövlükdə XXI əsr üçün aktual olan bir formul ortaya qoyur: enerji təhlükəsizliyi-milli təhlükəsizlik vəhdəti humanitar kontekstdə real səmərə verə bilər! Buna görədir ki, İtaliya ilə əlaqələr nümunəsində İlham Əliyev çıxışında xüsusi vurğulayıb: "...Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək...".

Bütün bunlar onu göstərir ki, rəsmi Bakı regionlararası miqyasda perspektivli və məhsuldar siyasi-diplomatik fəaliyyətini ardıcıl və sistemli aparmaqdadır. Belə fəallığın geniş məkanda xalqların rifahı üçün faydalı olacağına şübhə yoxdur.


MANŞET XƏBƏRLƏRİ