Türk birliyinin fəlsəfi-ideoloji mahiyyəti və türk dövlətləri təşkilatı


Faiq Qəzənfər oğlu Ələkbərli
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
aparıcı elmi işçisi,

I yazı

Türk birliyi mövzusu ilə bağlı apardığımız araşdırmalardan sonra gəldiyimiz nəticəyə görə, son illərdə Türk birliyi ideyasının reallaşması yolunda ciddi irəliləyişlər var. Türk xalqlarının bir-birlərini daha yaxından tanıması, ortaq köklərə qayıdış səbəbindən gələcəyin birgə inşası düşüncəsi artmaqdadır. Türk birliyinin reallaşması istiqamətində müxtəlif fərqli fikirlərdən ortaq nəticəyə gəlməyə çox az qalmışdır. Başqa sözlə, biz türklər, mövcud istər müstəqil, istərsə də yarımmüstəqil Türk dövlətlərinin vahid siyasi birliyinin yaranması istiqamətində çox böyük bir məsafə qət etmişik.Türk birliyinə münasibətdə başlıca metod Türk xalqlarının, Türk dövlətlərinin fəlsəfəsinə əsaslanmaq və Türk Dövlətləri Təşkilatının yaranmasınnı mahiyyətini göstərməkdir. Burada əsas üsul bir tərəfdən Türk Birliyi siyasi-ideoloji fəlsəfəsindən çıxış etmək, digər tərəfdən buna qarşı yönəlmiş yad metodlara həssaslıq göstərməkdir. Burada əsas elmi yenilik Türk Birliyi fəlsəfəsinin özünəməxsusluğunu tarixi-fəlsəfi və çağdaşlıq anlamda ifadə etməkdir. Eyni zamanda, məqalədə əsas elmi yeniliklərdən biri Türk birliyinin tarixinin qaynaqlarının və Tük Dövlətləri Təşkilatının dünyada yeni güc mərkəzlərindən birinə çevrilməsinin əhəmiyyətinin dəyərləndirilməsidir.Türk Birliyinin və onun bariz nümunəsi olan Türk Dövlətləri Təşkilarının varlığının bəşəriyyətin bugünü və gələcəyi üçün önəmliliyini ortaya qoymaqdır.

XXI yüzilə qədər Türk dünyasının əsas problemi Türk dövlətlərinin bir araya gəlib ortaq birliklər yarada bilməməsi idi. Lakin son illərdə bu sahədə ciddi irəliləyişlər var. TürkPA-nın yaradılması, Türksoylu dövlətlərin sammitinin keçirilməsi, Türk Keneşin varlığı, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun, digər qurumların yaradılması, müvafiq platformada bir çox QHT və KİV-in meydana çıxması bu sahədə atılan ciddi addımlar sırasındadır. Eyni zamanda 32 il ərzində ortaq keçmişdən ortaq gələcəyə gedən yolun bərpası yaxud yenidənqurulması istiqamətində ciddi uğurlar əldə olunub. Ümumiyyətlə, 32 il öncə ilə müqayisədə önəmli irəliləyişlər var. Bunu inkar etmək olmaz. Sevindirici haldır ki, Azərbaycanda bu istiqamətdə özünəməxsus öncüllüyə, lider mövqeyə malikdir. Dünyanın istənilən yerində Türk dünyasının bir problemi varsa, Azərbaycan ona şərik çıxır, bacardığı yardımlar edir.

Beləliklə, gəldiyimiz nəticələrə görə, Türk birliyinin mövcudluğu ideyasının reallaşması yolunda irəliləyişlər var. Türk xalqlarının bir-birini tanıması, bir-birinə yaxınlaşması halları artıb. Bunun müxtəlif səbəbləri var. Konfransların, simpoziumların keçirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı insanların bir-birinə yaxınlaşmasında mühüm rol oynayır. Konkret siyasi bir birliyin yaradılmasına gəldikdə isə, bu gün üçün hələlik ən yaxşı model olaraq Avropa Birliyinə bənzəyən Türk Dövlətləri Təşkilatıdır.

XX yüzilin sonuna doğru müstəqil Türk dövlətlərinin sayının birdən (Türkiyə) altıya (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan) qədər yüksəlməsi, üstəlik digər yarımmüstəqil Türk dövlətlərinin (Tatarıstan, Başqırdıstan, Saxa, Uyğurustan və b.) də istqilal uğrunda mücadiləyə davam etmələri yeni bir mərhələnin başlanğıcı olmuşdur. Özəlliklə, Sovetlər birliyinin dağılması ilə birdən birə beş müstəqil Türk dövlətinin meydana çıxması yalnız Rusiya Federasiyasını, İran İslam Respublikasını deyil, bəzi Qərb dövlətlərini də ciddi şəkildə narahat etmişdir.

Hazırda Türk birliyinin gerçəkləşməməsi üçün antitütürk dairələr “Avrasiyaçılıq”, Qərb demokratiyası, “İslam birliyi” və digər ideolojilər adı altında Türk dövlətlərində müxtəlif oyunlar oynamağa davam edirlər.Milli şüurun formalaşması prosesinin ləngiməsi fonunda, buna alternativ olaraq Türk xalqlarında yad ideyalar və ona uyğun qeyri-milli şüur formaları toplumun ayrı-ayrı təbəqələrinə bu və ya digər dərəcədə təsir göstərir. Çünki milli şüuru istənilən səviyyədə olmayan insanlar istər-istəməz alterantiv ideyaların ya təsirinə məruz qalır, ya da özləri yad ideyalara meyil göstərirlər. Bu, xüsusilə müstəqilliyini yenidən bərpa etmiş gənc Türk dövlətləri üçün çox təhlükəlidir. Milli şüuru normal səviyyədə formalaşmayan bir cəmiyyətdə kənar ideyalarla bağlı mövcud olan təsəvvürlərin özü də yarımçıq olur. Bu yarımçıqlıqlar insanların ictimai şüurunda natamamlıq kompleksi yaradır.Yaxın iki əsr ərzində milli yaddaşı dolaşdırılan bir cəmiyyətin bu problemi həll etmədən hər hansı bir modelə üz tutması asan deyildir. Öncə milli yaddaş şüuru bərpa olunmalı, daha sonra hansısa yeni bir modelin tətbiqinə cəhd göstərilməlidir. Əgər milli yaddaş şüuru bərpa olunmadan cəmiyyətə hər hansı bir model (“Yeni Rus imperializmi”, “Türk Birliyi”, “Avropa Birliyi” və b.) təklif olunarsa, cəmiyyətin müxtəlif təbəqələri ona fərqli təpkilər verəcəklər. Çünki cəmiyyətin əksəriyyətinin vahid milli şüuru formalaşmamışdır. Bu proses hələ, getməkdədir. Bir sıra obyektiv və subyektiv səbəblərdən dolayı uzun müddət idi ki, Türk dövlətlərində milli şüurun, milli mənliyin formalaşması da ləng gedirdi.

Ona görə də Avropadan, İslam və Türk dünyasından, Rusiyadan gələn “yeni modellər”ə münasibət birmənalı deyildir. Amma bu modellər arasında Türk birliyi və Avrasiyaçılıq (“Yeni Rus İmperializmi”) Türk cəmiyyətlərini daha çox cəlb edir. Əgər Türk birliyi daha çox azad-milli ruhlu gənc nəslin maraq dairəsindədirsə, “Yeni Rus İmperializmi” isə yaşlı kommunist təfəkkürlü “sovet” nəsli üçün aktuallığını qoruyub saxlayır. Dünənə qədər formal da olsa, Türk dövlətlərinin müstəqilliyindən ağızdolusu danışan “sovet” nəslinin çoxu zamanla Rusiyayanlı olduğunu gizlətmirlər. Bu bir acı həqiqətdir ki, müstəqillik sözlə və formallıqla ola bilməz. Müstəqillik-bağımsızlıq millətin ruhunda, şüurunda olmalıdır. Müstəqillik vəzifə və maddiyyətlə heç ölçülə bilməz. O, bir şərəf və namus məsələsidir.

“Yeni Rus İmperializmi”nə, “Avropa Birliyi”nə qarşı yeganə xilas yolumuz Türkçülük, Türk birliyi ideyasıdır. Türk birliyinin strateji bir hədəfə çevrilməsinin zamanı çoxdan gəlmişdir. Rusiya, Çin, bəziu Qərb dövlətləri və başqaları qarşısında güclü və hədəfi bəlli bir Türk Birliyini görərsə onunla hesablaşmaq məcburiyyətində qalacaqdır. Hər halda, Rusiya Federasiyası, Çin, Avropa Birliyi və başqalarının güclü bir Türk Birliyinə qarşı çıxaraq Türkiyə, Azərbaycana, Qazaxıstana, Özbəkistana, Türkmənistana, Qırığızıstana əl belə sürə bilməz. Əgər belə bir niyyətə düşərsə belə artıq qarşısında bir yox, bir neçə Türk dövlətini görməli olacağını, üstəlik Rusiya Federasiyasının tərkibindəki Türk muxtar respublikalarının da yer dəyişdirə biləcəyini nəzərə almaq zorunda qalacaqdır. Artıq nəinki müstəqil Türk dövlətləri, hətta Rusiya Federasiyasının tərkibindəki Türk muxtar respublikalarında (Tatarıstan, Saxa, Kalmıkya, Altay vəb.) da Türk-Turan ruhu yüksələn xətlə davam etməkdədir. Eyni proses, Çin, İran İslam Respublikası və digərlərində də getməkdədir.

Ümumiyyətlə, Türk xalqlarının ya da Türk dövlətlərinin birliyinin yaranması barədə zaman-zaman ən azı dörd müxtəlif istiqamət mövcud olub.

Bunlardan birincisi,Türk-islam məfkurəsi əsasında Türk dövlətləri birliyinin yaradılmasıdır. XX yüzilin əvvəllərində Azərbaycan Türk mütəfəkkiri, filosofu Əli bəy Hüseynzadə həmin fikirlə çıxış edib (Hüseynzadə, 2007:30).Ancaq Ə.Hüseynzadə Türk-İslam birliyi tərəfdarı olmaqla yanaşı, daha çox Turançılığın ideoloqu idi; o, Turançılıqda yalnız müsəlman Türk xalqlarını deyil, qeyri-müsəlman Türk topluluqlarını da görürdü (Hüseynzadə, 2007:32). Həmin dövrdə Əli bəy Hüseynzadə ilə yanaşı Türk-İslam məfkurəli “İslam millətçiliyi”nin əsas ideoloqu isə başqa bir Azərbaycan Türk mütəfəkkiri Əhməd bəy Ağaoğlu olmuşdur.Uzun müddət “İslam millətçiliyn”nin təbliğ edən Ə.Ağaolğu hesab edirdi ki, Türk-İslam dünyasının qurtuluşu yalnız buna bağlıdır (Ağaoğlu, 2007:333).Ancaq sonralar Ağaoğlu bu nəzəriyyədən imtina edərək daha çox Türk dünyanın Qərb mədəniyyəti ilə inteqrasiyasını müdafiə etmişdir ki (Ağaoğlu, 2006:30-31), bu da bir çox Türkiyə aydınlarının tənqidinə səbəb olmuşdur (Ələkbərli, 2020:201-218).

Ümumiyyətlə, Türk xalqlarının (Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Krım, İraq türkmənləri, Suriya türkmənləri, Uygurustan və b.) özləri üçün aydınlaşdırmalı olduğu ilk məsələ Türklüyün, Türkçülüyün İslam dini, İslam mədəniyyəti bir sözlə İslam dünyasıyla hansı anlamda, mahiyyətdə bütövlük təşkil etməsidir. Əslində bu gün Türk müsəlman xalqları özünü əsasən İslam dünyasında görürsə (hər halda xristian, buddizm, şamançı və digər dini inanclı türklər də vardır), o zaman bütün problemlərinə də ilk növbədə bu yöndən yanaşmaq, eyni zamanda İslam dünyasının bütün məsələlərini də öz məsələləri kimi dəyərləndirmək və həll etmək məcburiyyətindədir. Bu heç də göründüyü qədər sadə deyildir. Ona görə də, bütün Türk aydınları İslam dünyasının məsələlərinə mürəkkəbdən sadəyə doğru deyil, tam əksinə sadədən mürəkkəbə doğru cavab verməlidir. Türk aydınları ilk öncə, İslam dini inanclı Türk xalqlarının çağırışlarına cavab verməli, problemlərinə həll yolları göstərməli, amma müsəlman olmayan digər dini inanclı Türk-Turan xalqları (qaqauzlar, macarlar, bolqarlar, yakutlar, tuvalılar və b.) da unutmamalı­dırlar. Ancaq bundan sonra İslam dünyası xalqlarının, dünya xalqlarının problemləri və həll yolları gündəmə gələ bilər. Atalarımız demişkən, “öncə evin içi, sonra çölü”.


MANŞET XƏBƏRLƏRİ