Jurnalist deputatdan YAZDI


Seymur VERDİZADƏ
2020-ci ilin yanvarında uzun, incə bir yola çıxmışdıq. Qabaqda Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən yenicə ayrılmış gənc və perspektivli alim, dəyərli ziyalı, bütün varlığıyla dövlətinə və millətinə bağlı olan Ceyhun Məmmədov gedirdi. Biz də onunla birlikdə seçicilərdən səs istəməyə gedirdik...

Ceyhun Məmmədov Cəbrayılda böyük bir nəslin nümayəndəsidir. Mərhum atası Valeh müəllim uzun illər rayonumuzda məsul vəzifələrdə çalışıb. Təmizliyi, xeyirxahlığı, yıxılana əl uzatması, kasıba, imkansıza dayaq durması ilə ad çıxarmışdı. Babalarını bütün cəbrayıllılar tanıyırdı. Özü isə belə tanınırdı: "Bakıda Cəbrayıldan bir rektor var. Rəhbərlik etdiyi ali məktəbin qapısını, pəncərəsini rüşvətin, korrupsiyanın üzünə bağlayıb. Ömrünü şam kimi tələbələrin yolunda əridir".

Sonra isə şəxsən tanıdılar. Gördülər ki, deyilənlər həqiqətdir. Gördülər ki, Mehdi Mehdizadə, Əşrəf Hüseynov, Allahverdi Verdizadə, Sabir Əhmədli, Tofiq Hacıyev, Sərdar Əsəd, Qəzənfər Kazımov kimi böyük alimlər, vicdanlı ziyalılar yetişdirən Cəbrayıl camaatı Azərbaycan cəmiyyətinə daha bir layiqli övlad bəxş edib.

Gördülər və fəxr etdilər...

21 gündə ölkəni qarış-qarış gəzdik. Azərbaycanın dörd bir guşəsinə səpələnmiş cəbrayıllıları gördük, şəxsən görüşdük. Bakıdan girib Şəkidən çıxdıq. Qubada Ərəstun kişini, Qusarda Fatma arvadı dinlədik. Gəncədə Əhməd müəllimlə həmsöhbət olduq. Şəmkirdə Tehran kişinin halal süfrəsində qonaq olduq. Biləsuvara, Saatlıya, Sabirabada, İmişliyə, Beyləqana səpələnmiş cəbrayıllıların qapısını döydük, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın namizədi olan Ceyhun Məmmədovun platformasını izah etdik. Hamı danışdı, o gözlədi, danışanları səbrlə dinlədi. Lap axırda özü danışdı. Uzunçuluq etmədi, qısa, konket danışdı: “Yaxşı gündə də, pis gündə də yanınızda olacağam. Harada olsanız, yanınızda olacağam. Problemlərinizi öz problemim biləcəyəm, həlli üçün əlimdən gələni edəcəyəm”.

Cəbrayıllılar əvvəl söz verdilər, sonra isə səs verdilər. Beləcə, 2020-ci il fevralın 9-da Ceyhun Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçildi.

O, seçicilərin əlində çıraq axtardığı deputatlardan olmadı. Əksinə, onun özü seçiciləri axtardı, problemləri ilə maraqlandı. Bu 55 ayda çox görüşdük. İlk dəfə, Qarabağ qazisi Saday bəyin qızının toyunda qarşılaşdıq. Qazi ailəsinə gözaydınlığı, gənclərə xeyir-dua verməyə gəlmişdi.

Sonra şəhid atası Akif əminin hüzr məclisində görüşdük. Şəhidin anasına, qardaşına, bacısına başsağlığı verməyə gəlmişdi, bir ailənin, bir nəslin dərdinə şərik olmaq üçün...

Bir müddət sonra 1 saylı klinik xəstəxanada görüşdük. Qarabağ əlili Əhməd bəyin ziyarətinə gəlmişdi. Qəhrəman vətən oğlundan maddi və mənəvi dəstəyini əsirgəməmişdi...

Ceyhun Məmmədov yenə deputatlığa namizəddir. Hakim Yeni Azərbaycan Partiyası 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən yenidən onun namizədliyini irəli sürüb. 21 gündür dayanmadan cəbrayıllılarla görüşlər keçirir. Çünki camaatın içinə çıxmağa üzü, deməyə sözü var.

Bu gün təbliğat-təşviqat kampaniyasının sonuncu günüdür. O, sözünü deyib, sentyabrın 1-də isə seçicilər sözünü deyəcək.

Mən indidən deyirəm: bazar günü Ceyhun Məmmədova səs verəcəyəm!

Sizi də Ceyhun müəllimə səs verməyə çağırıram.

Qarşıda uzun, incə bir yol var. O yolla Cəbrayıla gedəcəyik.

Amma əvvəl Ceyhun Məmmədova səs verməyə gedəcəyik...

Elə deyilmi?..


MANŞET XƏBƏRLƏRİ