Hər gün bir az quruyan Urmiya gölü Şahin Fazili kövrəltmişdi...


Təbrizdəki El gölü isə professora mənəvi təskinlik idi...

Bu sətirləri tarix elmləri doktoru, professor, bir neçə xarici səfərdə yol yoldaşımız olmuş mərhum Şahin Fazilin qırx mərasimindən əvvəl qələmə almaq istədim.
... Mən Təbrizdə və El gölündə ( İslam inqilabınadək adı Şah gölü idi) əvvəllər də bir neçə dəfə olmuşdum. Ancaq o yerlərdə fars dili mütəxəssisi, tarix elmləri doktoru, professor Şahin Fərzəliyevlə ( Şahin Fazil) birlikdə olmaq İran İslam Respublikası, Cənubi Azərbaycan, eləcə də qonağı olduğumuz Urmiya və Təbriz şəhərləri barədə daha təfsilatlı məlumat almaq baxımından olduqca səmərəli idi.
2012 –ci il sentyabr ayının 22-si idi. Bakıdakı İran səfirliyi bizi ənənəvi olaraq hər il Urmiya şəhərində keçirilən “ Rəzəvi şeirlər festival-müsabiqəsinə” göndərirdi. Adətən belə səfərlərdə nümayəndə heyəti böyük olsa da, hərənin öz “kruqu” olur. Mənim də daxil olduğum “kruqa”AMEA Tarix İnstitutundan fars dili mütəxəssisi, professor Şahin Fazil, “Say” qəzetinin baş redaktoru Hacı Rafiq Şirvani və şair Kərəm Kürqıraqlı daxil idi. Yol boyu ədəbi- bədii məzmunlu söhbətlərdə demək olar ki, baxış prizmamız üst-üstə düşürdü.
Müsabiqə başa çatandan sonra Urmiya gölünə getdik. Nəhəng gəmilər səhrada qumun içində qalmış kimi duz çölündə paslanırdı. Yol yoldaşlarımızın hərəsi Urmiya gölünün quruması barədə bir fikir söylədi. Duz dəryasının sahili boyu qolu-qıçı qırılıb tökülməkdə olan qurumuş minlərlə ağacı, və tamamilə heç bir quşun və ya başqa canlının qanad çalmadığı səmanı görəndə Urmiyanın tamamilə quruyacağına mən də inanmışdım.
... Rafiq Şirvani ayaqlarını dizə qədər soyunaraq qum üstündə gəzişirmiş kimi duz üstündə dolaşmağa başladı. Dediyinə görə xəritədən silinməkdə olan göllə məhz bu şəkildə vidalaşmağı əhd edibmiş. Uzaqda, bizdən xeyli aralıda canını çoxdan kiməsə tapşırmış gəmilərə xeyli baxaraq gözləri yaşaran Şahin Fazil əlindəki almanın kəsilmiş tərəfini milyonlarla ton tutumu olan “duz qabına” uzatdı. Seyid Musarza Heydərov xəbərdarlıq etdi: “Bu fəlakətin fəsadları mütləq hayandasa , başqa yerdə özünü göstərəcək. Allah bizi o fəsadlardan qorusun”. Kərəm Kürqıraqlı üzünü mənə tutdu: “ Qağa çək, mənim ömrümdə bundan dəyərli şəklim olmayacaq”. Hacı Yusif isə öz hayında idi: “Mən dərdimə dərman üçün duz axtarırdım. Bu qədər dərman olmaz!”.
Sonra isə məhz Şahin Fazilin təşəbbüsü ilə Biləsuvara yox, Təbrizə, birbaşa El gölünə getdik. Mənim şagird kimi qulaq asdığımı görən Şahin Fazil El gölünün tarixi barədə bilavasitə müəllim kimi danışdı. Onun dediklərinə görə El gölünün yaranma tarixi o qədər də qədim olmasa da, bu parkın salınma tarixi XVIII əsrə, Səfəvilər dövrünə təsadüf edir. Əlavə etdi ki, bəzi tarixçilər onun daha əvvəl – təxminən XIV əsrdə, hələ Qaraqoyunlu dövründə inşa olunduğunu bildirirlər. Bir başqa fikrə görə isə park Səfəvilər dövründə Hindistanla olan dostluq əlaqələrinin nümunəsi olaraq inşa edilib.
Həmin söhbətlərimiz barədə mən “525-ci qəzet”də geniş söz açmışam, Şahin müəllim isə “Urmiya səfərnaməsi” kitabında ətraflı yazıb.
Xatırladım ki, El gölü Təbrizdə tarixi milli park və parkın adını daşıdığı böyük süni göldür. Burada qayıqlı gəzintilər aparılır. Ətrafında mehmanxana, kafelər və aktiv turizm mərkəzləri fəaliyyət göstərir. Ətrafda çoxlu kafe və restoranlar olsa da, bir çox sakinlər evdən samovar, çaynik, qab-qacaq, hətta yemək bişirmək və ya isitmək üçün balon qazı ilə işləyən xırda peç də gətirirlər. Çox yerdə gördük ki, ailə başçısı xalçanın üstündə uzanıb, evin xanımı yemək hazırlayır, uşaqlar isə sayı bilinməyəcək qədər olan karusellərdə oynayırlar. Bazarlıq edən kim, qayıqla üzən kim, Təbrizdən xatirə olaraq suvenir alan kim...
Axşam yeməyindən sonra gölün başına fırlandıq, Alim Qasımovun səsi meydanı başına götürmüş kasetinə qulaq asdıq və toplaşıb avtobusa minəndə Şahin müəllim dedi: Ay bəxtəvər El gölü, sağ əlin Urmiya gölünün başına olaydı.
İttifaq MİRZƏBƏYLİ
Şəkildə: Bakılı qələm sahibləri Urmiya gölündə


MANŞET XƏBƏRLƏRİ