Haqqı qorumağı, obyektivliyi bacaran həmkarımız –  Əflatun AMAŞOV


Yaxud, mən nə üçün “And və əməl” kitabını tərtib etməyə çalışırdım?

İndi - təqaüddə olduğum zaman dönüb geri baxanda xatırlayıram ki, son otuz ilə yaxın müddətdə həmişə “Xalq qəzeti”nin maraqlarını qorumağa çalışmışam və bir çox hallarda “bu günahıma görə” münaqişələrə cəlb edilsəm də, əksərən, öz istəyimə nail olmuşam. İndi yenə də həmin ampluadayam.

Söhbət ondan gedir ki, 2022-ci ilin əvvəllərində elektron materiallar sırasında “Vətən müharibəsi yerli və xarici mediada” adlı 87 səhifəlik bir kitabla tanış oldum. Layihə rəhbəri Bakı Dövlət Universitetinin rektoru olan bu kitab həm mühüm tarixi fakta, olduqca önəmli məsələyə həsr olunduğuna, həm də xeyli faktlara yer verildiyinə görə alqışlanmalıdır. Ancaq orada bəzi məqamlar var ki, mütləq umu-küsü kimi haqlı iradlara zəmin yaradır.

Məni narahat edən nə oldu? Kitabın 9-cu səhifəsindən başlanan “Qarabağ savaşının və Böyük Qələbəmizin xronikası Azərbaycan mediasında” adlı bölmədə daha çox oxucusu olan saytların materiallarına üstünlük verilib. Bunun səbəbini bilirik. Yazılı mətbuatdan isə əsasən “Azərbaycan”, “Respublika”, “525-ci qəzet” ( bir az aşağıda Rəşad Məcidə mükəmməl bir ƏHSƏN! – deyəcəm) və “Ədalət” qəzetlərində getmiş materiallara istinad edilir. Bir neçə yerdə isə, ötəri olsa da, “Xalq qəzeti”nin də adı çəkilir. Belə ki, rəhmətliklər Mehdi Mükərrəmoğlunun bir informasiyasından, deputat Qənirə Paşayevanın bir rəyindən və bizim siyasi qrupun üzvü Əliqismət Bədəlovun siyasi partiyaların dövlət başçısını dəstəkləməsi barədə hazırladığı yazıdan və Türkiyədəki hansısa professorun fikirlərindən söhbət açılır.

Halbuki, o zamankı baş redaktorumuz Həsən Həsənov adı çəkilən müharibə günlərində redaksiyamızı sözün həqiqi mənasında indiyədək görünməyən bir şəkildə səfərbər eləmişdi. Bütün kollektiv müharibə dövrünün tələbləri ilə işləyirdi. Şəxsən mən həmin 44 gündə 46 geniş yazı ilə dövlət başçımızı və ordumuzu dəstəkləmiş , sosial şəbəklərdə 60-70 dəfə günün çağırışlarını səsləndirmişdim.

BDU-nun tərtib etdiyi kitabda isə Aqil Abbasın 30-40 yazısının, Aynur Camalqızının 25-30 məqaləsinin adı çəkilsə də, “Xalq qəzeti”nin yuxarıda qeyd etdiyim şəkildə təqdim olunması aydınlaşdırma tələb edən məsələ idi. Ona görə də qonşum və dostum, həmin təhsil ocağında çalışan rəhmətlik professor Ramiz Əskərə zəng etdim ki, bu ayrı-seşkiliyin səbəbini öyrənsin.

Öyrəndi. Universitet rəhbərliyində dedilər ki, həmin kitabı hazırlayan işçi qrupuna “Xalq qəzeti”ndən iki nüfuzlu jurnalist daxil edilmişdir. Həmin adamlar nəyi təqdim ediblərsə, onu da vermişik. Onu da öyrəndik ki, kitabın işçi qrupuna Rəşad Məcid də daxil edilibmiş və ona görə az qala 44 günlük müharibə dövründə “525-ci qəzet”də getmiş bütün yazıların da, müəlliflərin də adını o kitabda gördük. Əhsən, Rəşad Məcid! Əsil kapitan belə olar.

Hər halda, işlədiyi kollektivə azca da olsa rəğbət bəsləyən kimsə həmin kitabda “Xalq qəzeti”nin o şəkildə – qısır redaksiya kimi təqdim olunmasına imkan verməzdi. 2021-ci ildəki məlum səbəblər üzündən buna imkan verilmişdi.

Xatırladım ki, mən adımın həmin kitabda görünməsinə qətiyyən ehtiyac hiss eləmirəm. İmzalarım min dəfələrlə Prezident Kitabxanasının elektron resurslarına düşübsə, BDU-nun kitabına nə ehtiyac var ki? Ancaq uzun illər ölkənin ən nüfuzlu mətbuat vasitəsi olmuş “Xalq qəzeti”nə bu münasibət ... bağışlanacaq səhv deyil.

... İş elə gətirdi ki, 2022-ci ilin sentyabrında Əflatun Amaşov “Xalq qəzeti”nə redaktor təyin edildi. Söhbətlərimizin birində ona dedim ki, 44 günlük müharibə dövründə 46 geniş və operativ yazı hazırlamışdım. Amaşov həmin yazılardan xəbəri olduğunu söylədi və üçünün adını çəkə bilsə də, 10-12-ni oxuduğunu dedi. Üstəlik təklif etdi ki, həmin məqalələri toplayım və “Xalq qəzeti”nin kitabxanası” seriyasından olan “And və əməl” adıyla nəşr etdirək. Etdirdik. Mükəmməl bir kitab ərsəyə gəldi.

No description available.

Əflatun Amaşov bəzi söhbətlərində mənim siyasi məzmunlu yazılarımı yüksək qiymətləndirdiyinə görə mən də onun keçmişdə oxuduğum yazılarından bəzilərini yada sala bilirdim. Məsələn, Monqolustanda mönqol körpəsinə Nizami adı verməsindən xəbərdar olduğumu da söyləmişəm, 1973-cü ildə kəndimizdə mənə Mirzəbəyli təxəllüsünü vermiş ( o vaxtadək mən İttifaq Qaçayev imzası ilə yazırdım) Oqtay Rza haqqındakı səmimi sətirlərini də xatırlatmışam.

Onun “Qələbə yolumuzun Şuşası” adlı yazısında oxuduğum “Cocuqmərcanlı Qarabağa qayıdışımızın rəmzi idisə, Şuşa Qarabağa sahiblənməyimizin simvoludur. Dövlət başçımızın orada söylədikləri Qarabağ adına görüləcək işlərin, həyata keçiriləcək tədbirlərin mühüm anonsudur. O işlərin ki, bizi bu bölgəyə tarixin heç bir dönəmində olmadığı kimi bağlayacaq. Qarabağın hər daşı, hər qayası dil açıb “Azərbaycan” deyəcək. Şuşalı Qarabağ Azərbaycana yeni dəyər qazandıracaq, təzə nəfəs gətirəcək” – sözləri qətiyyət nümunəsi idisə, “Mürsəl kişinin iti” yazısındakı həzin küləkli kənd mənzərəsi qəlb oxşayan idi.

Əflatun Amaşovun “O boş qalan papaqlar” yazısındakı “Torpaq həsrətindən qubarlanıb canını tapşıranlarımız oldu. Bu zülmün utancını 30 il yaşadıq, dözüləsi olmayan dərdə düz 30 il dözdük. Allah səbrmi verdi ya nəmi öz işidir. Və belə 30 illərin gələcəkdə olmaması üçün biz özümüzə və dünyaya dərs keçməliyik” – sözləri geniş mənada gələcəyə ümidli baxışdırsa, “Xalq qəzeti”nin nüfuzunu özünə qaytarmalıyıq, onu həqiqətən “Xalqın qəzeti”nə çevirməliyik” – tezisi də redaksiya miqyasında gələcəyə ümidli baxış, milli mətbuatımızın əsas sütunlarından biri olan bu qəzetin qırışmış əl-üzünə sığal çəkmək istəyidir.

İnanıram ki, yada saldığım birinci baxış reallığa çevrildiyi kimi, “Xalq qəzeti”nin nüfuzunun bərpası da reallaşacaq. Çünki son iki ildə bu istiqamətdə kifayət qədər addımlar atılmışdır və indi məbəd hesab edəcəyimiz redaksiyaya haqqı qorumağı, obyektivliyi bacaran həmkarımız - Əflatun Amaşov rəhbərlik edir.

İttifaq MİRZƏBƏYLİ


MANŞET XƏBƏRLƏRİ