Ələkbər Salahzadənin “Qobustan” epopeyasında Tarixi nümunələrə müraciətin özünəməxsusluğu


Nizami Məmmədov Tağısoy
professor

Ə.Salahzadənin poetik dünyası o qədər rəngarəng və çoxçalarlıdır ki, onun əsərlərinin məzmun və forma mündəricəsi tamlıqla yaradılmadan haqqında bəhs edəcəklərimiz də qənaətbəxş görünməyəcəkdir. Bu baxımdan şairin bizə öz avtoqrafı ilə hədiyyə etdiyi "Qobustan" poemasından bəhs etməyi zəruri hesab edirik.

“Qobustan” poeması 2010-cu ildə “Şirvannəşr” nəşriyyatında (Salahzadə Ə. Qobustan Poema. Bakı, Şirvannəşr, 2010, 80 s.) işıq üzü görmüşdür. Ələkbər “Qobustan” poemasında sanki şairliyi ilə yanaşı, həm də tarixin ənginliklərinə, minilliklərinə ekskurs edir, “...yaranışdan uyuyanlar yuxusundan ayrılırdı, Əridikcə, yeridikcə buz düyünü açılırdı”, – deyə tarixin lap dərinliklərinə enir, “otların oyanışından, ağacların kök atmasından, quşların quş olmasından, heyvanların sudan çıxmasından” danışmaqla, Yerə, göyə kimin hakim olmasına" cavab axtarırdı bu əsərində:

... Arxeoloq-qoca alim,

yanında da

əllərinin biri fırça,

biri bıçaq neçə alim

yeri qazıb eşirdilər,

qayaların arasından

Qobustanın daş çağına

düşürdülər

iynəylə gör qaza-qaza

iynəboyu

enə-enə

bıçaqları dirənirdi bir balığın gəmiyinə,

tükü tükdən seçə-seçə

gəmikdən vaz keçirdilər.

Yenə qazıb yeriməyə

ayrı bir yer seçirdilər,

elə bil ki, o çağlara gündə işə gedirdilər,

layı layda, çağı çağda eşə-eşə

gedirdilər (s. 10-11)

Ələkbər Salahzadənin poeziyasında fonetik təkriri həm də bədii-ifadə və ritm-qafiyə yaradan vasitə kimi xarakterizə etmək olar. Çünki şair alliterasiya və assonasların köməyi ilə müəyyən “musiqili” səs fonu yarada bilir. Bundan başqa Salahzadənin şeirlərində təkrir mətn yaradıcılığının universal prinsipi olmaqla repezentativ şəkildə söz yaradıcılığı paradıqması səviyyəsində özünü nümayiş etdirir. Bunlardan bəhs edərkən eyni zamanda təəssüflə qeyd etmək istəyirik ki, Ələkbər Salahzadə kimi orijinal poetik fikir ustasının nəinki mətn yaradıcılığı mexanizmində təkrir, həm də mətn strukturunun güclənməsi, aktuallaşması və harmoniziyası onun poeziyasının təyinedici vasitəsi olsa da, bu, son dərəcə özünəməxsus şəkildə təzahür etsə də, həm də onun ümumi yaradıcılıq məhsulları tədqiqatlardan və araşdırmalardan kənarda qalmışdır.

Ələkbər Qobustanın epopeyasını, etnoqrafiyasını, tarixini, daşlarının harayını, Təbil daşdan danışa-danışa oxucuları çəkib lap qədim dövrlərin dərinliklərinə aparır:

Qavaldaş!

Hər səsi-sədası canına çəkdikcə dolan

daş

dindirən olmasa

özünə qapılıb qalan daş,

qıfıl daş!

Bir sirtək açıl, daş,

O uzaq çağlardan çağla, daş.

Din, danış,

Sən sussan, dinərmi ayrı daş?

Bir dil aç-yarı, daş,

Yarı səs-sədasan, yarı daş.

Göydənmi enmisən,

burada nə görüb bir daşa dönmüsən?

Canlanıb dinsənə,

sinəsi dopdolu

Ozana dönsənə

qəfil, daş. (s. 34-35)

Şair Qobustan adından başlayaraq buradakı misralardan, sirlərdən, sehirlərdən, miras qalmış təsvirlərdən, Təbil daşdan, Qavaldaşdan, minilliklərlə tarixi olan qayalardan üz-üzə dayararaq danışır, onlarla mükalimələr qurur. Oradakı daşlarda yer almış təsvirlərin xüsusiyyətlərini bir-bir açmağa can atır. Ovçuluqdan, əski çağlardan, ərşə qalxan səslərdən, Qoç qayadan, qayaların köksü üstə qalxıb enən tişələrdən, daş dirildən sehirbazlardan, rəsmlərdən, minillikləri arxada qoyub dövrümüzə gəlib çatmış Sənətdən, yaddaşdan, Aydan, Günəşdən, minillərin axarından, imperator Domisian əyyamından, Maksim adlı legionerdən, zəncirlənmiş Prometeydən, Pompeydən, Böyükdaşdan, Kiçikdaşdan, Çingizdağdan, Mədaində Xaqanidən, Nizamidən, Füzulidən, Qeysdən, “Dinozavr”lardan, İspaniyada Altamura, Afrikada Oldovaydan, Daş dövründən, Dəmirlə Daş savaşından, Tiqrisdən, Tur Heyerdaldan və s. mətləbələrdən Qobustanın əski keçmişinə mahiyyəti üzrə dərindən bələd olan tarixşünas və coğrafiyaşünas kimi bəhs edir.

Şairin Qobustana poetik münasibəti az qala antropoloq, etnoqraf, arxeoloq, baxışından, təhlilindən geri qalmır, gözümüz qarşısında tarixçi kimi uğurlu mənzərələri, olayları təfəkkürümüzə ötürür:

“... Zaman-zaman Qobustana

bəlkə bir gələn olmayıb?

Görən, gözdən nə gizləyib,

yerini bilən olmayıb?

Min illəri yara-yara

nə əvvəllər, nə sonralar

Axı niyə bir yazıya,

Düşməyib qalıb buralar?

Bəlkə yağı yürüşləri

Aramsız girib araya,

Məkan təki qopub qalıb

zamanlardan

bu daş-qaya?.. (s. 50-51)

Ələkbər Salahzadə “Qobustan” poemasında bu yerin qəlbində özünə yuva salmış, ocaq qalamış məqamları da əsərin məzmun və mahiyyətində üzvi surətdə yerləşdirir. Minilliklərin o üzündən orta əsrlərə ekskurs edir:

Mədaində Xaqanini

xarabalar kövrəldəndə

Nizaminin xəyalını

bisütunlar çəkdi gendə

Füzulinin Kərbəlada

Buralardan nə xəbəri-

yoxsa Qeysin səhra deyil,

Çingizdağ olardı yeri..., (s. 51) – deyərək Qobustan dastanının lap qədim dövrlərə gedib çıxan digər tərəflərini də “vərəqləyir”. Lakin bütün bunların heç biri şairin buralarla bağlı arzu-istəklərini tükətdirmir; Qobustanın allı-güllü bol sulu bir məkana çevriləcəyinə inanır:

“Su çəkəsən buralara,

şırıl-şırıl axıb gedə,

bu qayalar arasından

boz sükutu pozub gedə.

Kəsilməyə şırıltısı,

kötük kökləri oyada.

Susuzluqdan perik düşmüş,

hər ağac geri qayıda...

Marallar da su içməyə

qayadansa qopub gələ;

sərinləyə

dodaqları çat-çat olmuş qobu belə

Şırıl-şırıl axdıqca su

birdən möcüzə baş verə –

ağacla, otla bəhsəbəhs

daşın birisi göyərə!...” (s. 53-54)

Sizləri bilmirəm, bizimçün bu təsvirlər, bu mənzərələr tamamilə hisslərimizi dirçəldən, onlara qeyri-adi sığal çəkən son dərəcə uğurlu bir poetik effekt yaradır. Ələkbər Salahzadənin təsvirləri onu epos düşüncəsinə çəkib aparır. Yəqin elə buna görə də qədim dövrlərin olayları onu özünə daha çox cəlb edirdi. Şairin təsvirlərindən həm də belə bir qənaət hasil olur ki, hələ arxeoloqlar və etnoqraflar Qobustanla bağlı xeyli mətbələr vardır ki, onları aça bilməmişlər. Onunçün qobustanlıların hansı dildə danışıb-danışmamaları, insanların surət cizgilərinin necə olması ilə bağlı təsəvvürlərin də dürüst olmadığı qənaətindədir. Amma bütün bunlara baxmayaraq, Qobustanın milyonlara “gəl-gəl” deyən neçə muzey mağaralarını yadına salır və eyni zamanda “Qobustanın misli yoxdu bu dünyada” deyərək onun qədimliyindən və monumentallığından bəhs açır. Onu min-min qaya üstdə çöküb qalmış bir ölkə..., yoğrulmamış, yapılmamış göydə tapılmış kökəyə bənzədir (s. 65).

Ələkbərin fikrincə:

Bu

ötən əsr Daş dövrünün

Dəmirlə Daş savaşıdı...

Ayın, Günün tanrı gözü

bu qayalar, daşlar üstə olmasaydı;

qədim, ulu rəssamların əlləri

kök atmasaydı,

çəkdikləri möhür-möhür qalmasaydı.

bu qayalar çapıldıqca çapılardı,

daşındıqca daşınardı: (s. 71-72) – deyir.

Təsadüfi deyildir ki, xalq şairi Ramiz Rövşən Ələkbər Salahzadəni “şairlərin şairi” adlandırmışdı. Çünki o, elə bir fərqli təfəkkür sahibi idi ki, “sözü mətnin içində azdırır, onu başqa bir şeyə çevirib üzə çıxara bilirdi... Elələri var ki, o dərinliyə baş vurub, yükünü oradaca qoyur, üzə çıxmağa gücü çatmır və buna görə də səsi su altından – dərin bir quyunun dibindən gəlir, bəzən də səsini qeyb edir... Ələkbər lap siftədən missiyasını bilir, sakit davranır, ... gözəl şeyləri illərlə dilinin altında saxlamağı bacarırdı... Ələkbərin şeirini tənqid eləmək praktiki olaraq mümkün deyil, çünki bu doğrudan da xalis, xas sənətdir.


MANŞET XƏBƏRLƏRİ