Avrasiyanın yolları Bakıda kəsişir


Kamal Adıgözəlov

Rəsmi Bakı dünya miqyasında cəlbedici addımlar atmaqda davam edir. Dövlət başçısı İlham Əliyevin hər xarici səfəri uzun müddət gündəmdə olur. Bundan başqa, siyasi dairələr və kütləvi informasiya vasitələri həmin səfərlərdə əldə edilən razılaşmaları aktiv müzakirə edirlər. Avrasiya məkanında ikinci belə bir lider yoxdur ki, qurduğu dövlətlərarası əlaqələr bu dərəcədə geniş diqqət çəksin. Bu, onun əlamətidir ki, İlham Əliyev regional və regionlararası miqyasla yanaşı, dünya səviyyəsində də əhəmiyyəti olan razılaşmalar əldə edir. Bütün bunların fonunda Prezident İlham Əliyevin son Daşkənd səfərini təhlil etməyə ciddi ehtiyac duyuruq.

Özbəkistanla əlaqələrin yeni mərhələdə əsas konturları

Azərbaycan Prezidentinin səfərləri dünya mətbuatında həmişə böyük maraq doğurur. Bunun əsas səbəbi həmin səfərlərdə Prezident İlham Əliyevin bütövlükdə Avrasiya məkanında geosiyasi, geoiqtisadi, enerji, təhlükəsizlik, sabitlik məsələlərinə aid problemləri müzakirə etməsindədir. İlham Əliyevin səfərlərinin məzmun əhatəsi və aktuallıq səviyyəsi regionlararası və qlobal miqyasda mənzərəyə ciddi təsir edir.

Bu cür reaksiyanın son nümunəsi kimi Azərbaycanın dövlət başçısının Özbəkistana səfərini göstərə bilərik. Bu səfər Rusiya Prezidentinin Bakıya səfərindən qısa müddət sonra baş tutdu. Siyasi və geosiyasi məqsəd baxımından belə təəssürat yaranır ki, həmin səfərlər bir-birini tamamlayır.

Vladimir Putin Azərbaycan rəhbəri ilə Bakıda strateji xarakterli əlaqələrin inkişaf etdirilməsini, bütövlükdə Avrasiya məkanı üçün əhəmiyyəti olan nəqliyyat-logistika və ümumilikdə kommunikasiya məsələlərinin yeni səviyyədə həllini müzakirə etdi. Ekspertlər bununla bağlı yekdil fikirdədirlər ki, Rusiya və Azərbaycan Şimal-Cənub dəhlizinin işləməsini, Zəngəzur dəhlizi də daxil olmaqla Cənubi Qafqazda kommunikasiyaların açılmasını, regionun təhlükəsizliyinin təmini üçün yeni geosiyasi konfiqurasiyanın yaradılmasını geniş təhlil edib və razılığa gəliblər.

Bundan başqa, Bakıda Əliyev-Putin görüşündə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üzrə ortaq addımlar da gündəmdə oldu.

Mətbuata verilən bəyanatda da bu fikir öz əksini tapıb. Deməli, söhbət, faktiki olaraq, iki ölkə arasındakı əlaqələrin strateji müttəfiqlik istiqamətində mühüm irəliləyişə səbəb olan uğurlu müzakirələrindən gedir.

Bütün bunlar siyasi olaraq belə bir fikir yaradır ki, Azərbaycanla Rusiya geniş bir regionda strateji müttəfiqlik üzrə əməkdaşlığı inkişaf etdirməkdə qərarlıdırlar. Ekspertlər bu aspektdə haqlı olaraq rəsmi Bakının BRICS-ə üzv olmaq üçün rəsmən müraciət etməsini xüsusi vurğulayırlar. Məsələ ondan ibarətdir ki, bu təşkilatda sədrlik Rusiyaya keçib. V.Putinin BRICS-in sədri olan dövlətin başçısı kimi Bakıda Azərbaycanın ona üzvlüyünü müzakirə etməsi, əlbəttə, siyasi-diplomatik meyarlara görə müsbət haldır.

Bu baxımdan BRICS məsələsi rəsmi Bakı üçün də aktualdır. Faktiki olaraq, Azərbaycan regionlararası miqyasda müxtəlif əməkdaşlıq platformalarının mühüm məqamları arasında əlaqəni təmin etməyə başlayıb. Obrazlı desək, Avrasiyanın geosiyasi və geoiqtisadi yolları Bakıda kəsişir. Bir neçə il öncə müxtəlif ekspert və beyin mərkəzləri belə bir qənaətə gəlmişdilər ki, "Azərbaycan Cənubi Qafqazın geosiyasi əməkdaşlıq mərkəzinə çevrilib". Hazırda bu status daha geniş geosiyasi məkanda – Avrasiyada regional təşkilatlararası miqyasda özünü göstərməyə başlayıb.

Geosiyasi cəlbedicilik və Daşkənd səfəri

Vurğulanan özəlliklərdən başqa bir nəticə də alınır: Azərbaycan geniş geosiyasi məkanda ən güclü dövlətlərin belə strateji müttəfiqi olması üçün cəlbedici dövlətə çevrilib. Bu qənaət Çinlə imzalanan strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamədən sonra V.Putinin Bakıda əldə etdiyi razılaşmalar və sanki həmin hadisələrin məntiqi davamı kimi Prezident İlham Əliyevin Daşkənd səfərinin məzmununda bir daha öz ifadəsini tapıb.

Beləliklə, Prezidentin Daşkənd səfəri düşünülmüş xarici siyasət kursunun yeni tarixi mərhələdə fraqmentlərindən biridir. Bu səfər siyasi, geosiyasi və geoiqtisadi məqsəd baxımından öncəki səfərlərin davamı, məzmun baxımından isə strateji xarakterlidir. Həmin səbəbdən, onu hər hansı lokal və hətta bir regionun geosiyasi prosesləri çərçivəsində izah etmək reallığa uyğun deyildir.

Daşkənddə Azərbaycan Prezidentini yalnız yüksək səviyyəli qonaq kimi qarşılamadılar. İlham Əliyevi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qardaş, dost və ortaq tarixi-mədəni əlaqələrə malik dövlətin, xalqın lideri kimi qarşıladı. Özbəkistanın dövlət başçısı çıxışlarında bu məqamı xüsusi vurğuladı. Dostluq və qardaşlığın əyani təsdiqi kimi Azərbaycana aid tarixi-mədəni dəyərlərin Özbəkistanda, Özbəkistana aid tarixi-mədəni dəyərlərin Azərbaycanda rəmzləşidirilməsini Prezidentlər müxtəlif kontekstlərdə vurğuladılar.

No description available.

Azərbaycan Prezidenti bu kontekstdə ifadə edib: "Heydər Əlirza oğlu Əliyevin xatirəsinə göstərilən ehtirama görə təşəkkürümü bildirmək istərdim. İki il əvvəl Daşkəndə səfərim zamanı biz Sizinlə birlikdə onun adını daşıyan parkın və barelyefinin açılışını etdik. Dünən bu məkanı ziyarət edərkən qəlbimdə bir daha Sizə təşəkkür etdim".

Səfər zamanı müzakirə olunan məsələlərin əhatə dairəsi və əldə edilən razılaşmalar Azərbaycanla Özbəkistan arasında əlaqələrin ən yüksək səviyyəyə yüksəldiyini əyani təsdiq edir.

Növbəti tarixi strateji müttəfiqlik sənədi

Azərbaycan müasir mərhələdə ilk strateji müttəfiqlik sənədini qardaş Türkiyə ilə Şuşada imzalayıb. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Türk dünyası tarixində özəl hadisədir. İndi Azərbaycan Prezidenti Daşkənddə Özbəkistanla strateji müttəfiqlik sənədi imzalayır!

Özbəkistan Prezidenti bununla bağlı çıxışında hadisənin təməlində dövlətlər arasında çoxsaylı müqavilələrin və razılaşmaların durduğunu xüsusi vurğulayıb. Bu əməkdaşlıq enerji, nəqliyyat, logistika, ticarət, informasiya, mədəniyyət, elm, təhsil, kənd təsərrüfatı və s. kimi demək olar ki, bütün sahələri əhatə edir. Tərəflər bu prosesin daha da dərinləşməsi və inkişafı üçün xüsusi analitik qrupun yaradılması ilə bağlı razılığa gəliblər. İlham Əliyevin təklifi ilə Özbəkistan Prezidenti gələn il Azərbaycana dövlət səfəri etməlidir. Bakıda da çox aktual və əhəmiyyətli məsələlərin müzakirə ediləcəyinə şübhə yoxdur.

İki müstəqil dövlətin tarixində ilk dəfə olaraq Daşkənddə Ali Dövlətlərarası Şuranın ilk iclası keçirilib. Özbəkistan Prezidenti iclası açarkən deyib: " ... Sizin indiki dövlət səfəriniz həqiqətən də tarixidir. Birincisi, bu gün məhdud tərkibdə görüşdə danışdığımız kimi, müttəfiqlik münasibətlərinə dair müqavilə imzalayacağıq ... İkincisi, bu gün Ali Dövlətlərarası Şuranın birinci iclasını keçiririk".

Qara dəniz-Xəzər hövzəsi-Mərkəzi Asiya arasında əlaqələr

Azərbaycan və Özbəkistan rəhbərlərinin bu səfəri tarixi adlandırmalarının ciddi əsasları vardır. İlk növbədə, təbii ki, hazırkı həssas geosiyasi mərhələdə Cənubi Qafqazın lider dövləti ilə Mərkəzi Asiyanın ən güclü dövləti strateji müttəfiq olurlar. Bu, faktiki olaraq, Qara dəniz-Xəzər hövzəsi-Mərkəzi Asiya məkanını konkret layihələr vasitəsilə birləşdirmək deməkdir. Çünki Azərbaycanla Özbəkistanın nəqliyyat-logistika və ticari-iqtisadi əlaqələrində Mərkəzi Asiyadan başlayan yolun Gürcüstan vasitəsilə həm Türkiyəyə, həm də Şərqi Avropaya çıxışı da nəzərdə tutulur. Ekspertlər məsələnin bu aspektinə artıq diqqət yetirirlər.

TDT-nin gücləndirilməsi, imkanlar və perspektivlər

Azərbaycan Şərq ilə Qərb arasında əhəmiyyətli geosiyasi körpü rolunu oynayır. Bu rolun Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində özəl anlamı və funksiyası vardır. Bakı, faktiki olaraq, yeni tarixi mərhələdə addım-addım TDT-nin gücləndirilməsi strategiyasını həyata keçirir. Daşkənddə imzalanan strateji müttəfiqlik sənədi bu baxımdan tarixi-siyasi əhəmiyyətlidir. Bundan sonra digər türk dövlətləri arasında da analoji razılaşmaların əldə olunması ehtimalı yüksəkdir. Deməli, Azərbaycan Prezidenti faktiki baxımdan Türk dünyasında inteqrasiyanın real məzmun almasını stimullaşdırır.

Bu kontekstdə mühüm məqamlardan biri ondan ibarətdir ki, rəsmi Bakı bu prosesin BRICS kimi böyük təşkilatlarla TDT-nin əməkdaşlığı müstəvisinə istiqamətləndirir. Bu isə perspektivdə Avrasiya məkanı üçün çox əhəmiyyətli olan yeni təşkilatlanma platformalarının meydana gəlməsinə rəvac verə bilər.

Beləliklə, Azərbaycan Prezidentinin son Daşkənd səfəri bir neçə aspektdə geosiyasi və tarixi əhəmiyyət daşıyır. İlham Əliyev, faktiki olaraq, Türk dövlətlərinin əməkdaşlığına və geniş regionda, ümumiyyətlə, əlaqələrin gücləndirilməsinə yeni məzmun və nəfəs verir. Bu istiqamətdə uğurların davam edəcəyinə şübhə yoxdur!


MANŞET XƏBƏRLƏRİ