Putinin Bakı səfəri: Azərbaycanın yeni regional geosiyasi statusunun təsdiqi


Kamal Adıgözəlov

Vladimir Putinin Azərbaycana səfəri ilə bağlı ekspert dairələrində geniş təhlillər və qiymətləndirmələr aparılmaqdadır. Ekspertlər bu səfəri əhəmiyyətli hesab edirlər. Onlar müxtəlif mövqelərdən bunu izah etsələr də, yekunda regiona ciddi təsirinin ola biləcəyi nəticəsini çıxarırlar. Bununla yanaşı, ekspertlər rəsmi İrəvanın baş verənlərə qeyri-adekvat reaksiya verdiyini də vurğulayırlar. Bu barədə hətta erməni ekspertlər də fikir söyləyirlər. Deyilənlərin fonunda Rusiya Prezidentinin Azərbaycana dövlət səfərinin əsas məqamları üzərində geniş dayanmağa ehtiyacın yarandığını düşünürük.

Putin "rus sindromu"nu sındırır?

Rusiya prezidentlərinin müxtəlif dövrlərdə Bakıya səfərləri olub. O cümlədən Vladimir Putin də bir neçə dəfə Azərbaycana səfər edib. Sonuncu səfəri 2018-ci ildə olub. V.Putini Bakıda həmişə yaxşı qarşılayıblar. Ancaq rəsmi Moskva siyasəti ilə heç də tam olaraq bu "yaxşılığa" "yaxşı reaksiya" verməyib. V.Putinin sonuncu səfəri, deyəsən, bu sindromu sındırıb. Rusiya Prezidentinin Bakıda qarşılanması, Azərbaycan Prezidentinin evində qonaq edilməsi və gəlinən razılıqlar, şübhəsiz, tarixi hadisədir.

Maraqlıdır ki, dünya siyasi dairələri və kütləvi informasiya vasitələri də bu səfərə tarixi olay kimi baxırlar. Bu kontekstdə müzakirələr və qiymətləndirmələr davam edir. Məsələ onların obyektiv və ya subyektiv arqumentlərə əsaslanmasında deyildir – bu, mübahisəli məsələdir. Ancaq hər kəs açıq və ya gizli olaraq əmindir: Azərbaycan-Rusiya münasibətləri konstruktivliyə doğru tarixi dönüş edir. Və düşünürlər, "əcəba, bu, nəyin nəticəsidir və belə bir proses tam reallaşsa, Cənubi Qafqazın geosiyasi mənzərəsində hansı köklü dəyişikliklər baş verəcək? Bundan başqa, bütövlükdə Avrasiyanın geosiyasi dinamikası və ümumi mənzərəsi hansı yeniliklərin şahidi olacaq?

Qərbdə elə dairələr vardır ki, bu kimi suallardan narahat olur, real siyasi məntiqlərini itirirlər. Hətta İran və Gürcüstan da tam sakit ola bilmir. "Geosiyasi hərarəti" yüksəlmiş rəsmi İrəvan isə "epileptik titrəmələr keçirir". Yeganə məmnun dövlət qonşu, qardaş Türkiyədir.

Deməli, indi dünya siyasətində söz sahibi olan dairələrdən tutmuş, regionda kiçik təsiri olan dövlətlərə qədər hamısı V.Putinin Azərbaycan səfərini böyük hadisə kimi qəbul edirlər. Əlbəttə, bunun səbəbləri üzərində geniş və ya lokal dayanmaq olar. Yenə də məsələ onda deyildir. Bizim üçün aktual olan bu səfərin regional əhəmiyyəti və Rusiya üçün mümkün geosiyasi dividendlərinin müəyyən edilməsidir. Məsələnin bu tərəfi ciddi siyasi-nəzəri yanaşma tələb edir.

Moskvanın tarixi etirafları

V.Putinin Azərbaycan səfərindən sonra Kremldən tarixi etiraflar kimi fikirlər səsləndi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bütövlükdə Moskvanın Cənubi Qafqaz regionu siyasətini xarakterizə edə biləcək tezislər irəli sürdü. Konkret olaraq, mövzu Zəngəzur dəhlizi məsələsi olsa da, M.Zaxarova ona bütövlükdə Rusiya-Ermənistan münasibətləri prizmasından izah verdi. O, Sergey Lavrovun Bakıda "Ermənistan 10 noyabr üçtərəfli razılaşmasını sabotaj edir" tezisinə əsaslanaraq dedi: "Biz Ermənistan XİN-in Rusiya xarici işlər naziri S.Lavrovun dediklərinə reaksiyasını görmüşük. Bu, İrəvanın öz səhvinə görə günahını başqalarının üzərinə atmasının daha bir nümunəsidir… Biz görürük ki, onlarda siyasət elə bir şəkildə müəyyən olunub ki, öz uğursuzluqlarına görə günahkar kimsə tapılmalıdır...".

Mövqeyini arqumentləşdirmək üçün M.Zaxarova rəsmi İrəvanın məlum 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndinə əməl etməməsini və onu saxtalaşdırmasını göstərir. O deyir: "...Mən, 9 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndinin necə səsləndiyini xatırladacam. Rusiya xarici işlər naziri S.Lavrov da dediklərində məhz buna istinad edib. Birbaşa sitat: "Regionda bütün nəqliyyat və iqtisadi əlaqələr blokdan çıxarılır. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təmin olunması məqsədi ilə Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nin sərhəd xidməti həyata keçirir".

Yəni, rəsmi Moskva ilk dəfədir ki, yüksək səviyyədə Ermənistanın davranışının iki aspektini açıq ifadə edir. Birincisi, rəsmi İrəvan imzaladığı sənədlərin reallaşmasına əməl etmir, əksinə, mane olur. İkincisi, paralel olaraq, həmişə olduğu kimi, başqasını günahlandırır!

Axı, bizlər bu məqamları illərdir konkret faktlar üzrə vurğulayırdıq. Onda Türkiyədən başqa kimsə rəsmi Bakının bu ədalətli iradlarına haqq qazandırmırdı. İndi isə Rusiya rəsmən eyni məntiqi təkrarlayır. Bu isə Kremlin Cənubi Qafqaz siyasətində bütövlükdə yenilik etməsinin əlamətidir. Həmin kontekstdə M.Zaxarovanın söylədikləri tarixi-geosiyasi yenilik məqamlarını özündə daşıyır. Söhbət nədən gedir?

No description available.

Cənubi Qafqazda yeni geosiyasi balans

Bir sıra beyin mərkəzləri belə qənaətə gəliblər ki, V.Putinin Bakıya səfəri bütövlükdə regionda Rusiyanın birtərəfli qaydada Ermənistana havadarlıq mövqeyindən regional geosiyasi tarazlığa keçidinin rəmzidir. Maraqlı və əhəmiyyətli qənaətdir. Çünki bu, faktiki olaraq, Cənubi Qafqazda geosiyasi mənzərəni dəyişə bilər. Geosiyasi balans Rusiyanın mövqeyinin Azərbaycan-Türkiyə birliyinin xeyrinə dəyişməsi anlamını verir. Eyni zamanda, başqa kontekstdə İranın yeri və roluna yenidən baxışı meydana gətirə bilər. Bütün variantlarda söhbət Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi böyük qələbədən sonra Cənubi Qafqazda əmələ gəlmiş yeni geosiyasi trendin Moskva tərəfindən qəbul edildiyindən gedir.

Bu aspektdə V.Putinin səfərinə iki faktorun işığında nəzər salmağa çalışaq. Onlardan biri Bakıda əldə edilən razılıqların konkret məzmunudur. İkincisi isə Azərbaycanın Türk Dövlətləri Təşkilatının aparıcı dövləti kimi əldə etdiyi siyasi-diplomatik uğurun bir sıra məqamlarıdır.

Bakı razılaşmaları

Ekspertlər onları belə çeşidləyirlər: Şimal-Cənub dəhlizi, Orta dəhliz, Zəngəzur dəhlizi, neft-qaz nəqlinin Azərbaycan istiqaməti və Azərbaycanla Ermənistan arasında imzalanmalı olan sülh müqaviləsi. Əlbəttə, bir səfər üçün prinsipial və zəngin mövzulardır. Bundan başqa, həmin məsələlər Azərbaycan-Rusiya strateji tərəfdaşlıq, müttəfiqlik, qonşuluq münasibətlərinin yeni səviyyəyə yüksəlməsi fonunda izah edilir.

Deməli, məsələyə Rusiyanın regionda yeni geosiyasi tarazlıq mövqeyinə keçməsi fonunda baxsaq, kifayət qədər sanballı razılaşmalardan danışa bilərik. Bunun fonunda digər məsələlər, məsələn, gəmi istehsalı ilə bağlı əldə edilən razılaşmalar və ya Azərbaycanda rus avtomobil növlərinin istehsalı kimi məsələlər təbii və normal görünür. Bunlarla yanaşı, Azərbaycanla Rusiya arasında təhsil sahəsində əməkdaşlığın perspektivliyinə də inanmaq olar.

Azərbaycanın yeni geosiyasi rolu

Burada qeyri-adi və təəccüblü heç nə yoxdur. V.Putinin Azərbaycana səfəri zamanı nümayiş etdirdiyi sayğılı münasibət onu ifadə edirdi ki, Azərbaycanın yeni səviyyədə geosiyasi rolunu Kreml qəbul edib. Rusiya Prezidenti Bakıya diqtə üçün deyil, regionun parlayan yeni "geosiyasi gücü" ilə strateji xarakterli razılaşmalar əldə etməyə gəlmişdi. Onun ilk sədası qardaş Türkiyədən yayılan bir mühüm informasiyada idi. Rəsmi Ankara V.Putin Bakıdan ayrılandan sonra bəyan etdi ki, Türkiyədə qaz habı yaradılacaq və orada Türkiyə ilə Rusiyanın payı 50%-50% nisbətində olacaq.

Bundan başqa, Azərbaycan Prezidentinin V.Putinlə görüşdən qısa müddət sonra Özbəkistana səfəri zamanı əldə etdiyi razılaşmalar rəsmi Bakının geosiyasi təsirinin yerləşdiyi regionu aşdığının növbəti təsdiqi oldu. Hamı bilir ki, bu kimi dəyişikliklər 1-2 günün işi deyildir. Uzunmüddətli gərgin fəaliyyətin nəticəsidir. Deməli, Rusiya Prezidenti Bakıya gələndə bilirdi ki, Cənubi Qafqazın lider dövlətinin başçısı ilə danışıqlar aparacaq.

Bu kontekstdə Bakıda əldə edilən razılaşmaları və Azərbaycanın yeni geosiyasi statusunu vahid məntiq çərçivəsində birləşdirməyə çalışaq. Birinci məqam ondan ibarətdir ki, V.Putin Bakıya səfəri öncəsi iki geosiyasi faktoru qəbul etmişdi: regionda Ermənistana birmənalı dəstək və havadarlıq xəttindən imtina edərək Azərbaycanmərkəzli geosiyasi mövqeyə keçid etmək, eyni zamanda, Ermənistanla münasibətləri saxlamaq. Buna "yeni geosiyasi tarazlıq" mövqeyi deyək. İkinci məqam Rusiya Prezidentinin öncədən Azərbaycanın geosiyasi statusunun yeni səviyyəyə yüksəldiyini qəbul etməsi ilə bağlıdır. Yəni, Rusiya Azərbaycanı "yüksələn geosiyasi aktor" kimi qəbul edir.

Bu iki geosiyasi özəllik – Cənubi Qafqazda Moskvanın "təkmərkəzli Ermənistana havadarlıq" modelindən Azərbaycanmərkəzli tarazlı mövqeyə keçid etməsi və Azərbaycanın yüksələn geosiyasi aktor statusunda qəbul edilməsi Vladimir Putinin səfərinin başlıca motividir. Vurğulanan iki geosiyasi yeniliyin qarşılıqlı əlaqədə regiona hansı geosiyasi və təhlükəsizlik yenilikləri gətirəcəyini əlahəzrət zaman göstərəcək!


MANŞET XƏBƏRLƏRİ