Nizaminin milli kimliyi və Vətəni - “O böyük Azərbaycan şairi, Türk oğlu Türkdür”


No description available.
Abbasəli ƏHMƏDOĞLU
arazahmadoghlu@gmail.com

Dünya klassik ədəbiyyatının parlaq ulduzlarından olan Nizami, Azərbaycanın Gəncə şəhərindən doğulub, yaşayıb yaratdığına, eləcə də o şəhərdən eşiyə çıxmadığını öz əsərlərində vurquladığına baxmayaraq, bəzi ölkələr bu böyük düşünəri – dünya ədəbiyyatında tutduğu yer və buraxdığı izlərə görə – öz milli-mənəvi sərvətləri kimi dünyaya tanıtdırmağa çalışır. Ədəbiyyat bütün bəşəriyyətə dəyərli olan mənəvi qavramları öz çərçivəsinə aldığına baxmayaraq, mayalandığı dil-düşüncə alanı yerli dəyərlər düzəni, yerli ayn-oyun, yerli mif, eləcə də yerli düşüncə olduğuna görə hər ədəbi bir əsər əslində yarandığı coğrafiyadakı insanların dünya görüşü, düşüncəsi və dünyaya olan baxışını ədəbi biçimdə bütün dünyaya çatdırmağa çalışan bir mənəvi dəyərdir. Nizaminin də yaradıcılığı bu baxımdan öz içində daşıdığı yerli dəyərlər təməlində araşdırılıb tənqid olmalıdır. Ondan başqa, hər bir düşünər, yazar, şair, eləcə də hünərmən (incəsənət adamı) təbii olaraq, öz kimliyini oluşduran dil-düşünc, yerli dəyərlər, mifləri sevib onları qorumağa çalışan bir insandır. Əlbəttə belə bir insan özlüyünü oluşdurmuş bu dəyərlərə olan yanaşması (münasibəti) ilə öz milli kimliyini də oxucuya, eləcə də dünyaya çatdırmağı öz doğal haqqı bilən bir insandır. Bu araşdırmada Nizaminin öz yaradıcılığından alınmış yanaşmalara dayanaraq Nizaminin gərçək milli kimliyi ilə doğma vətəni araşdırılacaq. Məqalənin araşdırma metodu (metodologiyası) Nizaminin öz qələmi ilə yazdığı Dəri (çağdaş farsının kök dillərindən biri) dilində yazılmış mətndə olan əsli mətnin quruluşçuluq və semiotik ədəbi nəzəriyyələri əsasında yazılmış bir tədqiqdir. Mətnin araşdırmasının dəqiq və güvənli olması üçün orijinal mətnin əlyazmalarını da tapıb araşdırmağa çalışdıq. Bu araşdırmada qaynaq olaraq təqdim olunan əlyazma nüsxəsi Xəmsənin əldə edilən ən kamil mətnidir.

Nizami yaradıcılığını araşdırmış oriyentalistlər onun yazdığı dilə baxıb Nizamini Fars şairi kimi tanıyırlar. Bu yanaşma o bilginlərin çabasının elmi bir yanaşma olduğunu sorqular altına aparır. XX-XXI-nci yüzilliklərdə elmi dərəcə almağa çalışan akademiklərin hamısı hansı dildə yazdıqlarına baxmayaraq aldıqları elmi dərəcənin dünya səviyyəsində olduğunu doğrultmaq üçün ingilis dilində neçə məqalə yazmalıdır. Bu hesab’la o alimlərin hamısını ingilis kimliyi ilə tanımaq doğru olarmı? Nizami də bənzər bir durumda başqa dildə yazmaq zorunda qalıb. O özü bu sorunu iki yerdə açıqlayır. Birinci yerdə Xosrov-Şirin mənzuməsi ilə şöhrət qazanmış Nizamiyə Şirvanşah bir namə (məktub) yazıb elçisi ilə şairə göndərir. Bu namədə Şirvanşah Xosrov-Şirin mənzuməsi əsərindən həzz aldığını vurqulayaraq Nizamidən Məcnunun sevgisinə görə tam yeni bir əsər yaratmasını istəyir. Amma eyni halda ona hansı dildə yazmasını da beləcə tapşırır:

«در زیور پارسی و تازی این تازه عروس را طرازی

دانیکه من این سخن شناسم کابیات نو از کهن شناسم»

Orijinal mətndən gətirdiyimiz bu beytlərdə Şirvanşah Nizamiyə beləcə demək istəyir:

Ərəbi ilə Parsi bəzəyində Bəzəməlisən bu taza gəlini

Bilirsən bilirəm yalnız bu dili Ki tanıtsın köhnədən yeni beyti.”

Ardıca da Nizamiyə belə yazır:

«بنگر که ز حقهء تفکر در مرسلهء که میکشی دُر

ترکی صفت صفای ما نیست ترکانه سخن سزای ما نیست

آن کز نسب بلند زاید او را سخن بلند باید»

“Bax gör düşüncənin qələmi ilə kimin yolladığında inci çəkirsən

Türki səfamızın sifəti dəyil Türki söz bizlərə yaraşan dəyil.

Yuxarı soydan gələn birisinə Yuxarı söz gərəkdir ki deyilə.”

Özünü Yəzdgirdin soyu bilən Şirvanşah özünü Türklərdən üstün bilib Türki dilini öz məqamına yaraşdıra bilmir. Ona görə də Nizamiyə əmr edir Türki dilində yazmasın. Əlbəttə Nizami Şirvanşahın sözündən çıxa bilməzdi. Çünki, öz dediyinə görə, o Şahın qulluq halqasını qulağına taxınca iş işdən keçmişdi:

«چون حقهء شاه یافت گوشم از دل به دماغ رفت هوشم

نه زهره که سر ز خط بتابم نه دیده که ره به گنج یابم»

“Şahın hoqqası qulağıma dəydikdə Ağlım ürəyimdən beynimə çıxdı

Əmrdən çıxmağa ürəyim yox dı Dəfinəni tapmağa da gözüm yox idı.”

Nizaminin oğlu Məhəmməd də atasına Şirvanşahın sözündən çıxmamağı məsləhət görür.

İkinci yerdə Nizamı “Yeddi Gözəl” kitabının niyə yazdığına görə öz fikirlərini təmsil yoluyla anlatmağa çalışan hikmətli sözlər və öyüdlər bölümündə hökumətin onun ana dilinə qarşı olan siyasətini çox mühafizəkarlıqla tənqid edərək yazır:

«من که مشکل گشای صد گرهم دهخدای ده و برون دهم

گر درآید ز راه مهمانی کیست کو در میان نهد خوانی؟

عقل داند که من چه میگویم زین اشارات که شد چه میگویم

نیست از نیستی شکست مرا گله زان کس که نیست هست مرا

ترکیام را در این حبش نخرند لاجرم دوغبای خوش نخورند.»

“Mən ki yüz düyünü açan kişiyəm Kəndin içi, dışının kətxudasıyam,

Qapıdan bir qonaq içəri gəlsə Məndən başqa süfrə açan kim olar?

Ağıllılar bilir mən nə deyirəm Bu işarədən nə demək istirəm,

Yox olmaqdan zərrəcə qorxum yoxdur Gileyim gözə görünməyəndəndir,

Türkimi Həbəşistanda almazlar Ona görə yaxşı dovğa yeməzlər.”

Nizami bu beytlərdə hakim təbəqənin Türki dilinə olan münasibətini görsətmək istəyir. Azərbaycan ölkəsinə hakim olan şah hökumətdə qalmaq üçün Şahlar şahına xərac verməli idi. Eyni halda şahlar şahının tərəfindən seçildiyi bir hökumət başçısı olduğuna görə üstdən gələn əmrlərinə də qatlanmalıydı. Nizami də bir düşüncə adamı olduğuna görə bu duruma dözsə də, durumu çox ehtiyatlı biçimdə tənqid etmək ilə niyə Türki dildə yazmağa icazəsi olmadığını açıqlayır. Həbəşistanlılar kimi kobud davranıb Türki dilində yazmaq icazəsi verməyənlər yaxşı dovğa yemək nemətindən məhrum olurdu. Yaxşı dovğa yüksək səviyyəli yaradıcılığa bir bədii istiarə kimi işlənibdir. Nizami öz ana dili, Türkidə yazsa idı nə yazardı, demək istəyir.

Türki dilində yazmamağın üçüncü nədəni Şərəfnamə kitabının başlarında açıqlanır. Nizami burada Peyğəmbərlərə pir olub ürəyi təmiz insanları “Yaşam suyu”na aparıb çatdıran Xızırın ətəyinə əl atır. Şərəfnaməni yazmaq üçün Xızır Nizaminin yuxusuna gəlib ona beləcə yol görsədir (göstərir):

«مرا خضر تعلیمگر بود دوش به رازی که نامد پذیرای گوش

پسندیدگی کن که باشی عزیز پسندیدگانت پسندیده نیز

مگو آن چه دانای پیشینه گفت که در دُر نشاید دو سوراخ سفت

تو گوهر کن از کان اسکندری که اسکندر خود آید به گوهرخری

میانجی چنان کن به رای صواب که هم سیخ بر جا بود هم کباب

چو دلداری خضرم آمد به گوش دماغ مرا تازهتر گشت هوش

چو در من گرفت آن نصیحتگری زبان برگشادم به دُرّ دری.»

“Dün gecə Xızır mənə dərs verirdi Qulağıma dəyməmiş bir sir deyirdi

Əziz olmaqçün bəyənilmiş iş gör bəyənilsin də qoy səni bəyənənlər.

Qabaqkı bilgə deyənləri demə Bir incini ikinci dönə dəlmə.

İsgəndər kanından bir Gövhər yarat İsgəndər özü gəlsin gövhəri sat.

Elə düzgün bir araçılıq eylə şiş də yanmasın, yanmasın kabab da.

Xızırın ürək verməsi xoş gəldi Beyinimdə zeyinim təzələndi.

O öyüd vermək məni elə tutdu Dəri incisində bu dilim ötdü.”

Nizami bütün yaradıcılığı boyu üç yerdə niyə “Türki” yox “Dəri” dilində yazdığının nədənlərini bizə çatdırmaq istəyir. Hər üçündə də, əslində Nizami etnik kimliyini aydıncasına oxucuya çatdırır. Nizami etnik olaraq Türk, dili də Türki dir. İki qabaqkı açıqlamasında hakimiyyət tərəfindən “Dəri” dilində yazmağa məcbur olduğunu bildirsə də, üçüncü açıqlamada mənəvi bir qaynaq üzərindən başqa dildə yazdığını söyləyir. Təbii olaraq siyasi açıqlamadan inamcıl (etiqadi) bir açıqlamaya üz tutub ilham üzərindən Xızıra sığınması ilə bəlkə də dil sorunu basqısını özünün də hökumətin də boynundan açmaq istəyir.

Bundan başqa, “Dəri” sözcüyünü iki ayrı beytdə də gətirir. Şərəfnamə kitabının yuxarıda gətirdiyimiz bölümündə “Dəri dilində nəzm yazmaq Nizaminin işi, Dəri dilində şer yazmaq ona yaraşan dır” deyir:

«نظامی که نظم دری کار اوست دری نظم کردن سزاوار اوست.»

Son olaraq “İqbalnamə” kitabının son səfhəsində də yazdığı əsərin “Dəri” dildə olduğunu belə vurqulayır:

«به پایان شد این داستان دری به فیروزفالی و به نیکاختری.»

“Sona çatdı bu Dəri dastan burda yaxşı bir bəxt ilə, yaxşı bir şansla.”

Nizaminin yazdığına dayanaraq hakimiyyətlər tərəfindən dəstəklənib yayılmış dil farsıca yox Dəri dili olub. Ata-baba deyimlərimizdən hələ də dilimizdə işlənən “Dəri-vəri demək” termini anlaşılmaz, bir-birinə ilgisi olmayan sözlər deyən birisinə deyilir. Bu deyim hətta farsların da arasında işlənməkdədir.

Son olaraq Nizami Xosrov-Şirin mənzuməsinin sonlarında Şirinin ölümü ilə yaşam yoldaşı Afaq xanımın ölümünü anıb yazdığı doqquz sətirlik bir mərsiyədə (elegiyada) Afaq xanımın Qıpçaq Türklərindən olduğunu yazaraq yoldaşının da özünün də Türk olduğunu bir daha vurqulayır:

«چو ترکان گشته سوی کوچ محتاج به ترکی داده رختم را به تاراج

اگر شد ترکم از خرگه نهانی، خدایا ترکزادم را تو دانی.»

Türklər kimi köçə möhtac olubdur ev-eşiyimi türklüklə dağıdıbdır.

Türküm bu uca çadırdan gizləndisə, İlahi, Türkdən doğulmuşumu sən özün bilərsən.”

Nizaminin sadaladığımız beytlərdə aydıncasına Türk olduğunu öz dilindən dinlədik. Ancaq üstəlik onun Türk təəssübünü də əsərlərində görüncə heç bir şairin Nizamicə türk kimliyinə düşkün olduğunu görə bilmərik.

Nizaminin etnik kökü yaxud milli kimliyi XX-nci yüzilliyin sonlarından başlayaraq daha gərgin bir durumda dartışmalara meydan oldu. Köhnə imperatorluqların çökməsi, somurqaçılığın bəyənilməzliyi, millətlərin özağalıq məntiqi, bağımsızlıq sevdası milli oyanışın birbaşa verimi idi. Özləşməyə üz tutan millətlər öz milli-mənəvi dəyərlərini dərindən tanıyıb dünyaya öz milli dəyərləri kimi tanıtdırmağa başladılar. Bu ortamda əski düşüncələrin zəncirindən qurtula bilməyib yenidən imperatorluq xülyasına düşən bəzi millətlər başqa millətlərin varlığını belə özlərinə sığışdıra bilməyib onların maddi-mənəvi var-dövlətinə əl qoymaq istədilər. Nizaminin milli kimliyi də bu əski düşüncədən çıxa bilməyənlərin xülyasında yiyələnmək istənilən mənəvi sərvətlərdən idi.

Lakin Nizami sanki o vaxt bu durumu düşünürmüş. Ona görə də yaratdığı beş kitabında elə dəqiq izlər buraxıb ki onun milli kimliyi, ana dili, yaşadığı şəhəri və ölkəsi, Gəncə şəhərinin Şənbə gecəsindəki zəlzələsi, o vaxtdakı yerli dövlətin o zəlzələdəki avadanlıq işləri, yerin kürəvi olmasına işarəsi, dini inamı, əxlaqiyyat (etika), başqa xalqlara olan münasibəti, oxuduğu dillər, kitablar, siyasi düşüncəsi, hökumət fəlsəfəsi, dünya mifləri, hətta arzuladığı “Mədine-yi Fazilə”si (Yutopiyası) belə aydıncasına anlaşıla bilir.

E.Renan yazır: “Hər bir ulus yaşar bir ruh, ruhani bir prinsip dir. Əslində bir olan iki şey bu ruhu oluşdurur (təşkil edir). Biri keçmiş, biri də gələcəkdir. Biri zəngin bir mirasın birlikdə malik olmaq anıları, ikinci isə birlikdə yaşamaq istəyi, ata-babalardan qalmış dəyərli bir mirası birlikdə qorumaq iradəsi dir.” Ardıca da yazır: “Bir ulus böyük bir həmrəylik dir. Bu həmrəylik keçmişdə vətəndaşların fədakarlığı ilə, gələcəkdə də bu fədakarlıqları edə bilmək düşüncəsindən yaranır.”Nizami Azərbaycan xalqının ruhunda yaranıb yaşanmış gözəllikləri, milli-mənəvi dəyərləri gələcək nəsillərə dəyərli bir miras kimi buraxa bilib. Bu dəyərləri qorumaq üçün gələcək nəsillərimizi birləşdirib güclü bir millət olduqlarını hər zaman doğrulda bilsin deyə Nizami kimi bilgin babalarımızın miras qoyduğu zəngin dəyərlər var-dövləti dünyanın başqa heç sərvəti ilə ölçülüb tutuşdurulası dəyil. F. Fanon da uyqarlığı (mədəniyyəti) bir xalqın ruhunun gözəlcəsinə bəyan edilməsi bilir. Nizami Azərbaycan xalqının ruhunu ən estetik biçimdə dünyaya, eləcə də öz xalqına çatdırmağa çalışıb. Bu araşdırma da o əzəmətli milli-mənəvi mirasın milli kimliyini əsərin öz içindən araşdırıb yeni nəsillərə çatdırmağı milli-mənəvi bir vəzifə olaraq qələmə alınıbdır.

Əldəki araşdırmada “Xəmsə”nin mətnindəki izlərdən Nizaminin milli kimliyini aydınladan izlər təqdim olunacaq. Nizami hər mənzuməsini Allahın adı hörmətinə başlayır. İkinci yerdə İslam peyğəmbəri Məhəmmədin hörmətinə söylədiyi sevgi dolu söyləmələr gəlir. Maraqlısı budur ki hər beş kitabının başında tam sevgi və sayqı ilə anıb meracından söz açdığı peyğəmbəri də yeri gəldikdə Türk adlandırır. Örnək üçün peyğəmbərin Xosrov Pərvizə yazdığı namə (məktub) bölümündəki bu beytlərdə:

«زهی پیغمبری کز بیم و امید قلم راند بر افریدون و جمشید

زهی ترکی که میر هفت خیل است ز ماهی تا به ماه او را طفیل است

زهی بدری که او در خاک خفتهست زمین تا آسمان نورش گرفتهست.»

“Firudin ilə Cəmşidi qorxudub ümid vermək üçün qələm çalan peyğəmbərə eşq olsun!

Yeddi millətin soltanı olan Türkə eşq olsun! Balıqdan tut aya, tüfeylisi olana eşq olsun!

Torpaqda yatan on dörd gecəlik aya eşq olsun! Nuru Yerdən göyə doldurmuşa eşq olsun!”

Nizami nə vaxt gözəlliyə, kamala, sevimliliyə işarə etmək istədikdə – istər bir insan olsun, istər təbiətdə – işarə etdiyi gözəli “Türk” adlandırır. Örnək üçün:

«ترک سمن خیمه به صحرا زده ماهچه خیمه به ثریا زده»

Yaz fəslində “Yasəmən” ağacı qədimlərdən Azərbaycandakı evlərin geniş həyətlərinin bəzəyi idi. Çox gözəl iyi olan bu gül ağ da olar bənövşəyi də. Nizami bu gözəl istiarədə belə deyir: “Türk yasəmən çölə xeymə (çadır) vurub, sankı aypara Sürəyya burcunda xeymə vurub!” Eyni yerdə yazır:

«هندوک لاله و ترک سمن سهل عرب بود و سهیل یمن.»

“lalənin hinducasıyla Türk səmən (yasəmən) Ərəbin dəyərsizidir, Yəmənin ayı.”

Ümumilikdə Nizami qaraşın insanların gözəlliyinə, yarın ay kimi ağ üzündə qara xallara işarə etmək istəyəndə “hindu” istiarəsini işlədir. İkinci istiarədə yasəmən gülünü aya bənzətmək ilə çox bədii bir istiarə yaradır.

Nizami Türkü ədalətin simgəsi bilir. Başqa sözlə, adil olmayan Türk, Türk dəyil. Səlcuqilər sülaləsi, Məlik şahın oğlu, Sultan Sancar hökuməti vaxtı içib sərxoş olmuş bir darqa bir qarı nənəyə “Gecələr sənin evini qoruyan kimdir?” bəhanəsi ilə evinə saldırıb qarını təpik ilə vurub çölə salır. Qarı nənə bu zülmü Sultan Sancara çatdırıb Sultanı beləcə tənqid edir:

«دولت ترکان که بلندی گرفت مملکت از داد پسندی گرفت

چون که تو بیدادگری پروری ترک نهای، هندوی غارتگری!»

Türklərin dövləti ucalan vaxtda Məmləkət ədalət ilə bəyənilər oldu.

Sən ki bir zalımı becərdirsənsə, Türk dəyilsən, bir çapqınçı Hindusan!”

Sultan sancar ilə qarı nənənin danışığı nağılında Nizami şer dili ilə Platonun “Cumhur/Respublika”, Balasağunun “Qutadğubilik”, Farabinin “Mədinə-yi Fazilə əhlinin düşüncələri” kimi kitablarda olan Hökumət fəlsəfəsinin bölümlərindən birini nəzmə çəkib öz düşüncəsini irəli sürür. Yuxarıda gətirdiyimiz iki beyt o vaxtın siyasi düşüncəsinə görə yorumlanarsa, çox önəmli həqiqətləri alana gətirəcək. Birinci beytdə Səlcuqların hökumətini xalqın dili ilə ədalət yayan türk dövləti bildirir. Sıradan bir vətəndaş imperatoru tənqid edə bilirsə, demək, hər hökumətdə daima bəzi iş adamlarının alçaqlığına baxmayaraq, o hökumətdə ədalətin, eləcə də demokrasinin hökm sürdüyü aydındır. İkinci beytdə xalqın nümayəndəsi kimi çıxış edən qarı nənə adil olmayanı Türk yox, çapqınçı Hindu bilir. Hinduları soyqunçu, çapqınçı, oğru tanıyan düşüncəni Nizami başqa neçə yerdə də birbaşa yaxud dolayısı istiarə ilə ayıdır (bəyan edir). Örnək üçün hacıyla sufinin nağılında həccə gedən adam ev-eşiyini əmin bildiyi bir sufiyə tapşırıb yola düşür. Hacı Kəbə ziyarətindən qayıtdıqda evi talanmış görüb sufinin başına gedib əmanət tapşırdıqlarını geri istəyir.

«حاجی ما چون ز سفر باز گشت کرد بر آن هندوی خود ترکتاز»

Sufi isə hacının var-yoxunu vurub daşa, çıxıb başa. Boynuna aldıqdan sonra hacıdan bağışlanmaq istəyir. Amma eyni halda hacı kimi saf insanlara belə bir dərs verir:

«غارتی از ترک نبردهست کس رخت به هندو نسپردهست کس.»

“Heç kimsə bir Türkdən soyqun görməyib ev-eşiyin Hinduya tapşırmayıb.”

Bu beyt Nizaminin yaşadığı vaxtdakı xalqın Hindulara olan münasibətindən başqa eyni halda şairin öz Türk kimliyinə olan olumlu münasibətini yaxud təəssübünü də açıqlayır. Ayrı bir yerdə Nizami Hinduların oğru olduqlarını daha sərtcəsinə ayıdır:

«گر انجیرخور مرغ بودی فراخ نماندی یک انجیر بر هیچ شاخ

دو هندو برآید ز هندوستان یکی دزد باشد یکی پاسبان.»

“Əncir quşu buraxılsa idı tam özbaşına, bir əncir də qalmazdı heç butada.

“İki Hindu Hindistandan gələrsə, biri oğru olar biri gözətçi.”

Şərəfnamə kitabında İsgəndər Hindistana qoşun çəkib ələ keçirtdikdən sonra Hindistan Şahı barış üçün İsgəndərə dörd hədiyyə verir: 1. Öz qızını 2. İçməklə şərabı qurtulmayan yaqut bir qədəh 3. Bir filosof 4. Bir bacarıqlı həkim. Nizami Hind gözəlini bədii biçimdə beləcə tərifləyir:

«مهی ترک رخساره، هندو سرشت ز هندوستان داده شه را بهشت

نه هندو که ترک خطایی به نام به دزدیدن دل چو هندو تمام!»

Türk görkəmli bir ay, Hindu təbiət Hindistandan şaha verilmiş cənnət

Xatay Türküdür bu, demə bir Hindu Ürək oğurlamaqda tam bir Hindu.”

Nizami Hindulara, eyni halda Türklərə olan münasibətini hər iki beytdə də bədii istiarələr və bənzətmələrlə aydınladır. Burda da gözəlliyi Türklərin, oğruluğu Hinduların özəlliyi olduğu fikrini irəli sürür.

Hər nədən daha önəmli olan Nizaminin bütün yaradıcılığında dərindən sevib saydığı şəxsiyyətləri də Türk adlandırmasıdır. O şəxsiyyətlərdən ən başda gələn, mərkəzi Bərdə şəhəri olan Ərmən xanlığının – Nizamının dili ilə desək, şahlığının – şahı, “Məhin Banu” ayamasıyla ad qazanmış Səmira xanımın qardaşı qızı Şirindir. Yunan mifolojisində “vəfa”nın simgəsi olan Penelope Troy savaşında dənizlərdə yoxa çıxmış əri, Odisseyusun yolunu gözlədiyi üçün Homerin sevimli qadın obrazına dönür. Ancaq Xosrov-Şirin kitabındakı Şirin vəfalı olduqdan başqa daha çox sevgi və məhəbbətin ustadı kimi yalnız Sasanilər şahı Xosrov Pərvizə yox, bütün bəşəriyyətə həqiqi sevginin, vəfanın, yoldaşlığın ustadı olaraq çıxış edən bir obrazdır. Bu mənzum tragediya əslində çox dəyərli bir romandır, ancaq Nizami özü vurqladığı kimi əsərini nəzm dili ilə yazmasına üstünlük verib o yolu bilərək seçibdir.

Nizami fəxr etdiyi vəfa simgəsi, Şirini bədii bir abartmada (mübaliğədə) beləcə tərifləyir:

«چنان در سر گرفت آن ترک طناز کزو خسرو نه، کیخسرو کشد ناز.

چو کرد ار دل ستاند، سینه جوید گرش خانه دهی، گنجینه جوید.»

“O nazlı Türk elə tutdurdu nazı Xosrov qalsın, Keyxosrov çəkər nazı.

“Qurd tək ürək istərsə, bağır alar evi versən ona, dəfinə arar.”

Bu iki beytdə şair Şirinin Türk olduğunu rəsmi biçimdə vurqulayıb onun milli kimliyini açıqlayaraq Xosrovları, Keyxosrovları onun ayağı altına salır.

Şirin isə öz kimliyini Xosrov Pərvizə yazdığı namədə beləcə açıqlayır:

«نه ترک این سرا، هندوی این بام شهنشه را چنین دادهست پیغام

که گر مهمان مایی ناز منمای به هر جاکت فرود آرم فرود آی.»

“Bu sarayın Türkü yox, bir Hindusu Padşaha beləcə bir sav veribdir

Bizim qonağımızsan’sa, naz etmə, Harada əmr etsəm, orada otur.”

Şirində olan özsayqı, özsevgi, siyasət, qoçaqlıq, dikbaşlılıq ikinci beytdə özünü aydıncasına görsədir (göstərir). Xosrov Pərvizə yerini bildirməkdən çəkinmir. Yenə Şirin bir başqa yerdə bir daha öz milli kimliyini qaragöz Türk olaraq bildirir:

«جهانداران که ترکان عام دارند به خدمت هندویی بر بام دارند

من آن ترک سیه چشمم بر این بام که هندوی سپیدت شد مرا نام.»

Türklərin çoxlu dünya fatehi var qulluq’çün damlarında Hidusu var.

Bu dam üstə o qaragöz Türkəm mən ki adım ağ Hindun olubdur sənin.”

Üçüncü yerdə Şirin Türklüyünə öyünərək Xosrov Pərvizə belə yazır:

«هنوزم هندوان آتش پرستند هنوزم چشم چون ترکان مستند»

“Hələ də Hindular oda tapınır hələ də gözlər sərxoş Türklər kimidir.”

Ardıca Xosrov Pərvizə yazdığı namədə (məktubda) Şirin özgüvənc ilə özsayqısını milli kimliyi ilə bir arada gətirir:

«به غمزه گرچه ترک دلستانم به بوسه دلنوازی نیز دانم

زبس کآوردهام در چشمها نور ز ترکان تنگچشمی کردهام دور.»

“Naz etməkdə, baxmayaraq, ürəklər fəth edən Türkəm,

Öpüş ilə ürək oxşamağı da mən bilirəm.

O qədər gözlərə nur gətirmişəm Türklərdən xırdagözlülüyü uzaqlaşdırmışam.”

Nizami Şirinin dili ilə naz-qəmzəsi ilə ürəkləri fəth edən Şirinin Türk olduğunu bir daha vurqulayaraq Çin Türklərinin (Türküstandankı Türklərinin) gözlərinin kiçik badam kimi olduğuna istiarə edərək Türk millətinin başqa gözəlliklərinə işarə edir.

Bir ayrı namədə Şirin bir daha öz milli kimliyini Ərəb dilini, başqa sözlə özgə dilləri bilən savadlı Türklərdən olduğunu vurqulayaraq bildirir:

« نه آن ترکم که من تازی ندانم شکن کاری و طنازی ندانم.»

“Ərəb dili bilməyən Türk dəyiləm Utandırmaq, naz etməyi bilməyən Türk dəyiləm.”

Nizami Xosrov-Şirin mənzuməsində 38 yerdə “Türk”, “Türklər”, “Türküstan” sözcüklərini işlədir.

Leyli-Məcnun mənzuməsində Ərəb ellərindən olan Leylini də Nizami ürəkləri çalmaqda Türk təqdim edir:

«ماه عربی به رخ نمودن ترک عجمی به دل ربودن»

“Üzünü görsətməkdə Ərəb ayı Ürək çalmaqdasa bir “əcəm” Türkü

Məcnunun atası leylini Məcnun üçün istəməyə gedib əli boş qayıdır, Məcnun da Leylinin eşqində ah-nalə edərək iki yerdə “Türk” sözcüyünü işlədir:

«ترکانه ز خانه رخت بر بست در کوچگه رحیل بنشست»

Türklər kimi evdən baş alıb getdi Ayrılığın köç yerində oturdu.”

«ترکی که شکار لنگ اویم آماجگه خدنگ اویم.»

“Bir axsaq ovu olmuşam o Türkün Oxunun nişan yeriyəm o Türkün.”

Leylinin halının tərifində Nizami belə yazır:

«میکرد به وقت غمزه سازی بر تازی و ترک ترکتازی»

“Nazlanıb qəmzə edəndə, Ərəbə də Türkə də Türk kimi sinə gərərdi.”

Leyli bostana tamaşaya çıxanda ərəblərin arasında məskən salmış Türklərin Obasına tuş gəlir. Bugünkü İraqın quzey bölgəsində yerləşən Türkmənlər Ərəb ləhcəsi ilə danışdıqlarına baxmayaraq, özlərini Azərbaycan Türkləri, Bayat eli bilir. Nizami o türklərə olan təəssübünü beləcə görüntüləyir:

«ترکان عرب نشینشان نام خوش باشد ترک تازی اندام

در حلق آن بتان چون حور میرفت چنان که چشم بد دور.»

“Adları ərəblər arasında oturan türklər Ərəb əndamlı Türk nə də xoş olar

O bütlərin halqasında bir huri kimi elə gedirdi yaman gözdən iraq!”

Nizami Leyli-Məcnun mənzuməsində on iki yerdə “Türk”, “türkanə”, “türktaz” sözcüklərini işlədir.

“Yeddi Gözəl” adlı üçüncü möhtəşəm əsərində də Nizami milli kimliyinə olan bağlılığını, niyə öz ana dilində yazmağa icazəsi olmadığını kitabın başında açıqlayaraq, daha geniş səviyyədə sərgiləyir. Əjdahanı öldürüb üç yüz dəvə yükü dəfinəni payladıqdan sonra Xovərnəq sarayına qayıdan Bəhram sarayın içində qapısı bağlı saxlanan bir otağa tuş gəlib qapısını açdırır. O otağın duvarlarındakı rəsmlərdə Bəhram yeddi gözəlin şəkillərini görür. Burada anlam baxımından çox önəmli olan o Yeddi ölkənin şahlarının qızlarının adları diqqətə layiqdir. Hind şahzadəsinin adı “Yürək”, Çin (Türküstan) xaqanının qızının adı “Yığmanaz”, Xarəzm şah qızının adı “Naz Pəri”, Saqlab şahın qızının adı “Nəsrinnuş”, Məğrib (Mərakeş) şahının qızının adı “Arzeytun”, Rum qeysərinin qızının adı “Humay”, Kəsranın qızının adı “Dorəsti”.Yeddi şahdan beşinin qızlarının adı Türki adlardır. Nizami bu siyasəti ilə o vaxtdakı türk coğrafiyasını Türki adların yaratdığı möhtəşəm bir tabloda xəritəyə alıb. Dördüncü kitabında İsgəndərin dili ilə bu coğrafiyanı daha aydın təsdiq etdirəcək.

Yeddi Gözəl əsərində ən çarpıcı çıxış Bəhram şahın İranlılara olan münasibətidir. Bu münasibətin kökünü bilmək üçün Bəhram şahın nağılının qısaca burada gətirməliyik. İyirmi il uşaqsızlıqdan sonra biricik tapdıq oğlu Bəhramı Yəzdgird münəccimlərin təklifi ilə Yəmən padşahı Nemana əmanət edir. Yəmən şahı Bəhramın şərəfinə Rumdan Simnar adlı bir memar gətirtdirib Xovərnəq sarayını tikdirir. Sarayın tikintisi bitdikdən sonra Neman Simnarı sarayın ən uca yerindən yerə atdırıb öldürtdürür. Sonra da özü rahib olub yoxa çıxır. Vəziri Münzir şah olur. Oğlu Nemanla birlikdə Bəhramı da böyüdür. Bəhram Ərəb, Dəri, Yunan dillərində dərslər alır. Bəhram orada elə adsan qazanır ki ona “Nəcmul-Yəmani” yəni Yəmən Ulduzu ayaması verirlər. Bəhram Əjdahanı öldürüb üç yüz dəvə yükü dəfinənin paylaşır. On dəvə yükü atası Yəzdgirdə, on dəvə yükü Münzir ilə oğlu Nemana, qalanın da başqalarına paylayır. Yəzdgird öldükdən sonra iranlılar qurultay qurub bu xəbəri Bəhramdan gizlətmək və onu şah olmaqdan məhrum etmək istəyirlər. Çünki onların nəzərində Bəhram ərəblər arasında böyümüşdü və o ortamda böyümüş birisi Əcəmə – Ərəb olmayan, Ərəb dili bilməyən, dil qanmaz – hakim ola bilməzdi. Olsa, iranlıların var-dövlətini ərəblərə paylayacaq. Nizami üç-dörd beytdə iranlıların ırqçı düşüncəsini incəliklə oxucuya çatdırır. İranlıların bu davranışı Bəhramın qulağına çatır. Onun bu durumda iranlılara olan münasibəti çox diqqətə layiqdir:

«گرچه ایرانیان خطا کردند کز دل آزرم ما رها کردند

در دل سختشان نخواهم دید نرمی آرم که نرمی است کلید

با همه سگدلی شکار منند گوسپندان کشتزار منند

گرچه در پشم خویشتن خسبند همه در پنبهزار من خسبند

به که بدعهد و سنگدل باشند تا ز من عاقبت خجل باشند.»

“Baxmayaraq iranlılar yanıldılar ürəklərində bizə olan sevgini buraxdılar

Ürəkdə onlara qarşı acıq saxlamaycağam yumuşaqlıq açardır yumşaq olacağam

Nə qədər it ürəkli olsalar da ovumdurlar tarlamda otlayan qoyunlarımdırlar

Öz yünlərində yatmaqlarına baxma hamısı pambıq tarlamda yatanlardır

Vəfasız, daş ürəkli olsalar daha yaxşıdır sonunda qarşımda başı aşağı olarlar.”

Bu beytləri Nizami azərbaycanlılara görə desə idi, əldəki məqalənin araşdırıcısı heç vaxt onu Azərbaycan şairi hesablamazdı.

Yeddi Gözəl əsərində Nizami Bəhram şahın “Fitnə” adlı kənizinin nağılında qızın etnik kimliyinə işarə edərək “Tatar” ilə “Çin”in bir ölkə olduğunu ayıdır. Bəhram şahla ova gedən Fitnə şahın ovladıqlarına tərif söyləməkdə dözüb səsini çıxartmır. Bəhrama bu durum ağır gəlib belə deyir:

«گفت کای تنگ چشم تاتاری صید ما را بچشم در نآری؟»

“Dedi: Ey badamgözlü Tatar qızı gözünə gəlmir ovladıqlarımız?”

Neçə sətir sonra da:

«گفت شه با کنیزک چینی: دستبردم چگونه میبینی؟»

“Şah Çinli kənizə belə söylədi: “Əldə etdiklərimi necə görürsən?”

Eyni adamı, Fitnəni, şah kimi rəsmi bir məqamın dili ilə bir yerdə Tatar, azca sonra Çinli xitab etmək əslində o vaxtın Çin ilə Tataristan yaxud Türküstanın eyni ölkə olduğunu vurqulayır. F. Lukasın 1823-dəki xəritəsi də bu fərziyyəni doğruldur.

Fitnə Bəhram şahın düşüncəsinə olan tənqidinin düz olduğunu eyləmcilbir dərs ilə elə başa salır ki şah Fitnədən minlər dönə üzr istəmək zorunda qalır. Nizami bu durumu iki beytdə çox incəliklə çatdırır:

«شاه تشنیع ترک خود بشناخت هندوی کرد و پیش او درتاخت.»

“Şah öz Türkünün qınağını bildi Hinduluq edib qarşısında çapıtdı.”

گفت اگر خانه گشت زندانت عذر خواهم هزار چندانت!»

“Dedi: “Ev sənə zindan olubdursa, Üzür istəyirəm minlər qatıca!”

Yeddi Gözəl mənzuməsinin bir başqa bölümü Bəhram Şah ilə Çin şahı, Xan Xaqan arasında baş vermiş olaylardır. Başda gələn önəmli fakt Çin imperatorunun adıdır. Nizami onu “Xan Xaqan”, Çin ordusunu isə “Türk qoşunu” adlandırır. Orijinal mətndən örnək:

«خان خاقان روانه گشت ز چین کرد سیصد هزار مرد گزین»

“Xan Xaqan Çindən yola düşdü savaş üçün üç yüz min kişi seçdi.”

«خان خاقان چو گوش کرد پیام کز جهان ناپدید شد بهرام»

“Xan Xaqan çün bu xəbəri eşitdi ki Bəhram dünyadan yoxa çıxıbdı”

Bəhram Xan Xaqanın gətirdiyi Türk qoşunu qarşısında dayana bilmədiyini görüb taktik olaraq şahlıqdan çəkilib dövləti qohumlarından birinə tapşırır. Xan Xaqan bu durumu eşitcək ordu yürütməkdən vaz keçib əyləncəyə başlayır. Bəhramın taktiki alınmışdı. Türk ordusuna qarşı saldırmaya çıxır.

«ترک از آن ترکتاز ناگه او کانچنان زخم دید از ره او

آهن شه که سخت جوشی کرد لشکر ترک سست کوشی کرد.»

Türk onun amansız Türk hücumundan elə yara aldı ki gəl görəsən

Şahın polad qılıncı oynadıqda Türkün qoşunu qaldı süstlüyündə”

Az sonra bir daha Nizami Bəhram şaha qarşı savaşan Çin ordusunu “Türk qoşunu” adlandırır:

«لشکر ترک را ز دشنهء تیز تا به جیحون رسید گرد گریز.»

“Ceyhuna çatdı süngü qorxusundan Toz-duman Türk qoşununun qaçmağından.”

Bəhram şah Yeddi Gözəl poemasında Yeddi Günbəz saraylarını tikdirdikdən sonra İlk görüşündə qara günbəz sarayındakı Hind şahzadəsinin yanına gedir. Nizami o şahzadəninin gözlərinin gözəlliyinə istiarə etmək üçün Türk gözlü Hinduzadə adlandırır:

«آهوی ترکچشم هندو زاد نافهء مشک را گره بگشاد.»

“O Hinduzadə Türk gözlü ceyran müşkün göbəyindən düyünü açdı.”

Artırmalıyıq bu araşdırmada qaynaq kimi işlədilmiş əlyazma nüsxəsində Hind şahzadəsinin adı ilk kəz “Yürək/یورک”, sonra isə “Ğürək Xatun/غورک خاتون” olaraq qələmə alınıb. Hind şahzadəsinin Bəhram şaha dediyi nağıl fikrimizə görə Dünya mifləri arasında təqvaqavramını insanlara çatdırmaq üçün deyilmiş ən gözəl nağıldır. Bu nağılda başabaş qara geymiş şahın niyə qara geyməsi, Çin vilayətində Mədhuşlar şəhərinə gedib orada başına gələnlər mifik bir dünyada tanrıçaların, mələklərin arasında yaşadığı xaosda görüntülənir. Şaha təqva, arınlıq, dözümlülük örgətməyə (öyrətməyə) çalışan tanrıçanın adı bu məqalənin maraq yeridir. O tanrıça özünü nağıldakı şaha beləcə tanıtdırır:

«گفت آن ترک نازنین اندام: «نازنین ترکتاز» دارم نام

گفتم: از همدمی و هم کیشی نامها را بود به هم خویشی

ترکتاز است نامت ای عجب است ترکتازی دگر مرا لقب است

خیز تا ترکوار درتازیم هندوان را در آتش اندازیم»

“O nazənin əndamlı Türk dedi Adım Nazənin Türktazdır bil

Dedim həmdəm, həmməram olmağımız üzündən adlarımız qohumdır bil

Nə əcəbdir ki adın Türktazdır Mənim ayamam da, bil, Türktazdır

Dur Türklər kimi atımızı çapaq Hinduları od-alovlara ataq.”

Nağılın başqa yerində Türktaz adlı tanrıçanı Türk təqdim edir:

«ترک من رحمت آشکارا کرد هندوی خویش را مدارا کرد.

“Mənim Türküm rəhmətin aşkar etdi Öz hindusu ilə yaxşı keçindi.”

Azca irəlidə bir daha o tanrıçanı Türk təqdim edir:

«چون دگر باره ترک دلکش من در جگر دید جوش آتش من»

“Çün bir daha ürək çəkən Türküm Ciyərimdə gördü qaynar alovu”

Xaosa gedən şah – ixtiyarında onca naz-nemət, gözəl pərilər olduğuna baxmayaraq – tanrıçayla bir araya gəlmək ehtirasının alovları içində ilan kimi qıvrılıb qalmışdı. Onun bütün arzusu o gözəllər gözəli tanrıçaya yetişmək idi. O öz arzusunu beləcə dilə gətirir:

«در تمنا که چون شب آید باز می خورم با بتان چین و طراز

زلف ترکی درآورم بکمر (به کمر) دلنوازی در آورم بجگر (به جگر)»

“Arzum o idi gecə gəldikdə Çin və Taraz bütlərilə mey içəm

Türki zülfü beləcən gətirə biləm ürək oxşamağı ciyərə çəkə biləm.”

Bu nağıldakı şahı tanrıça nə qədər dözməyə çağırsa da, o dözə bilməyib sonunda ehtirasına enik düşür. Tanrıça isə şahın ehtiraslı israrları qarşısında ondan gözlərini yummaq istəyir. Şah bir an gözlərini yumub açdıqda özünü nağılın başlarında xaosa gəldiyi səbədin içində görüb necə bir nemətdən məhrum olduğunu anlayınca yaşamının sonunacan başdan başa qara geyinib susqunluğa dalır. Şah öz həsrətini aşağıdakı beytdə beləcə açıqlayır:

«مانده چون سایهای ز یابش (تابش) نور ترکتازی ز ترکتازی دور»

“Bir kölgə kimi işıq bulmazdan bir türktaz ayrı düşüb Türktazdan”

Bu beytə birinci “türktaz” şahın öz şəxsiyyətini təmsil edir. O tanrıçanın öyüdlərini dinləməyib istədiyini əldə etmək üçün dözməzdən birdən birə saldırır. İkinci “Türktaz” isə xaosdakı tanrıçanın adı dır.

İkinci gecə Bəhram şah Çin xaqanının qızı, Yığmanaz Xatının yanına gedir. Yığmanaz xatın şaha İraq şəhərlərinin birindəki şahın nağılını deyir. Sevdiyi qadınlarda vəfa görməyib qadınlara nifrət edən o şaha bir gün çinli bir kölə satan neçə dənə biri birindən gözəl kəniz gətirir. Onların arasında biri hamısından gözəl idi. Şah ondan xoşlanır. Nizami o gözəli də Türk xitab edir:

«گرچه زان ترک دید عیّاری همچنان کرد خویشتنداری»

“O Türkdən düzənbazlıq gördüyünə baxmayaraq, Saxlaya bildi özün şah təmkinli olaraq.”

Eyni nağılın sonunda bir daha o gözəl kənizi “Susən xuylu Türk” adlandıraraq Türklüyə olan təəssübünü beləcə ayıdır:

«چون چنان دید ترک سوسن خوی راه دادش به سرو سوسن بوی.»

“Eylə gördükdə o susən xuylu Türk susən iyli sərvinə yol verdi.”

Qeysərin qızı Humayunun Bəhram şaha dediyi Xeyr ilə Şərrin nağılında bir daha Nizami gözəllikdən söz açanda kürdün qızını da “Türk gözlü gözəl” adlandırır:

«کرد را بود دختری بجمال (به جمال) لعبتی ترک چشم و هندو خال»

“Kürdün qızı var idı, gözəllikdə türk gözlü bir qolçaq, hindu xallı”

Eyni nağılın sonunda nağıl deyən Rum Qeysərinin qızını da “Çin Türkü” adlandırır:

«ترک چینی چو این حکایت چست به زبان شکسته کرد درست»

“Çin Türkü çün bu maraqlı nağılı sınıq-salxaq dil ilə qoşdurdu”

Kəsranın qızı, Dorəsti də yeddinci gecə ağ günbəzdə Bəhram şaha bir nağıl deyir. Bu nağılda bağın sahibi olan xacə bağındakı çeşmədə çimən gözəllərdən birini seçib sevir. Nizami o gözəli də “Çin Türkü” adlandırır:

«ترک چینی چو دُر ز لعل افشاند حسب حالی بدین صفت برخواند»

“Çin Türkü ləldən inci səpələrkən bu minvalda bir həsb-i hal söylədi”

Xəmsədəki tarixi şəxsiyyətlərin arasında İsgəndər Nizaminin ən çox sevdiyi şəxsiyyətdir. Onca şahların arasında yalnız İsgəndəri peyğəmbərlik məqamında olduğunu yazır. Şərəfnamə ilə İqbalnamə əsərlərini də demək olar İsgəndərə ixtisas verib. Bu araşdırmanın diqqət mərkəzində olan isə İsgəndəri də sevib saydığı üzündən Nizami İqbalnamə əsərində “Türk” adlandırır:

«و گرنه یکی ترک رومی کلاه به هند و به چین کی زدی بارگاه؟

“Yoxsa bir Rum papaqlı Türk Hindustanla Çində nə vaxt dövlət qurardı?”

İsgəndər ilə rusların üçüncü savaşı bölümünün ilk beytində də Nizami İsgəndəri “Türk” adlandırır:

«دگر روز کین ترک سلطان شکوه ز دریای چین خیمه برزد به کوه»

“Bir başqa gün bu sultan əzəmətli Türk Çin dənizindən dağlara xeymə vurduqda”

Bu beytlərdə göründüyü kimi Nizami ən çox sevdiyi tarixi şəxsiyyəti, Rumlu İsgəndəri, özündən birisi kimi bildiyinə görə Türk adlandırır. İsgəndər Nizaminin baxışında kamil insan kimi təqdim olunursa, Türk olmaq da bu baxımdan kamil insan olmaq deməkdir.

İqbalnamədə Sokrates adlı filosof xalqdan uzaq gəzərdi. Sualı olan onu axtarıb tapardı. Şah onu bir gün qulluğuna çağırtdırır. Sokrates isə naz edib gəlmir. Nizamı onun nazını bu beytdə beləcə yazır:

«ز ناز هنرمند ترکانهوش رمنده نشد دولت نازکش»

Türk davranışlı hünərmənin nazından naz çəkən dövlət hörküb hoyuxmadı.”

Sokrates şahın yolladığı elçiyə niyə xalqın arasına çıxmaq istəmədiyini dedikdən sonra, İsgəndər özü durub Sokratesin görüşünə gedir.

Şərəfnamə kitabında Nizami İsgəndər ilə Çinin Xanlar xanı arasında olan yazışmalar, görüşmələr, çiyin-çiyinə qoşun yürütmələrindən yazdığı bölümdə “Türk” kimliyi və coğrafiyasına başqa əsərlərindən daha çox işarə edibdir. Daranın İsgəndərə yazdığı namədə Daranın dilindən belə yazır:

«مگر تیر ترکان یغمای من ندیدی که تندی به غوغای من؟»

“Mənim yığma Türklərimin oxuna tuş gəlməyibsənmi ki mən ilə savaşmağa bunca tələsirsən?”

Tarixin o vaxtında Roma imperatoru, Böyük İsgəndərə boy deyib hədə-qorxu gələn Dara öz ordusunda yığma Türk qoşununun gücünə güvənib düşmənə meydan oxuyur. Bu namə tarixi sənədlərin üzündən yazılmış bir sənəd olmasa da, Nizaminin türkçülük təəssübünün, öz kimliyinə qürurla yanaşdığının aydın bir örnəyi dir.

İsgəndər də eyni durumu Çinin Xanlar xanına yazdığı namədə ayıdır. Öncə Xanlar xanına “Çin Türkü” xitab edir:

«چه داری تو ای ترک چین در دماغ که بر باد صرصر کشانی چراغ؟»

“Qafanda nə vardır sən ey Çin Türkü Çırağını qasırğa qarşısına çıxardırsan?”

Sonra da Xanlar xanını öz qoşununda olan Türk igidlərin oxlarından beləcə qorxudur:

«غلامان ترکم چو گیرند شصت ز تیری رسد لشکری را شکست»

“Türk qulamlarım baş barmaq tutarsa, bir ox ilə bir qoşunu dağıdar”

Xanlar xanı başqa şahların görmədiyi işi görür. Özü elçi paltarında İsgəndərin görüşünə gedib birbaşa özü ilə üz-üzə danışır. İsgəndər ona Turan torpaqlarını ələ keçirtmək üçün qoşun çəkdiyini deyib yeddi illik bac istəyir. Amma Xanları xanı özü durub təkbaşına İsgəndərin görüşünə gəldiyi üçün bir illik bac almaq istəyir. Xanlar xanı qəbul edib getdikdən sonra Türk ordusunu dağların arxasına gətirir. İsgəndərə bu durumu xəbər verdikdə Türklərə qarğış yağdırmağa başlayır:

«به نفرین ترکان زبان برگشاد که بیفتنه ترکی ز مادر نزاد

سخن راست گفتند پیشینیان که عهد و وفا نیست در چینیان

خبر نی که مهر شما کین بود دل ترک چین پرخم و چین بود

اگر ترک چینی وفا داشتی جهان زیر چین قبا داشتی»

“Dil açdı Türkləri qarğılamağa ki anadan olmayıb bir fitnəsiz Türk

Keçmişlər düz deyib çinlilərdə vəfa, əhd olmayıb

Yalan dəyil sizin sevginiz kindir Çin Türkünün qarnında bir düz bağırsaq yoxdur,

Çinli Türkdə isə vəfa olsaydı, Dünyanın çətrinin altına alardı.”

İsgəndər Türkün ordusunu görüb ürəyinə qorxu düşür. Xanlar xanının istədiyi də bu idi. O bir daha İsgəndərin yanına gəlib deyir: “Sözümüz sözdür. Qoşunumu ona görə qoşununa yaxın gətirdim ki görəsən biz Türklər savaşdan qorxan dəyilik. Ancaq sənin hökmranlığın Allahın istədiyi bir hökmranlıq dır. Biz də bu üzdən sənə qarşı savaşmaqdansa, barış içində dost olmağı seçdik. İsgəndər Xanlar xanında bu cəldliyi, zəkanı görüb onu sevdiyi üçün o bir il xəracdan da vaz keçir. Bu siyasi qazancı başqa şahların itirdikləri ilə tutuşdurduqda Nizaminin gərçək bir Türkçü olduğu meydana çıxır. İsgəndər Zəngilərin Şahını öldürür. Daranı öldürüb qızı Rovşənəki alır, atəşgahları dağıdıb ölkəni ələ keçirdir. Hind şahı qızını, bir filosof, bir həkim və başqa taysız töhfələr verir. Xanlar xanı bac verməkdən qurtulur, ordusunda bir nəfərin belə burnu qanamır, İsgəndər türk yurduna girmir. Sadəcə Xanlar xanı İsgəndərə bir Türk kəniz hədiyyə edir, onu da İsgəndər sevmədiyi üçün göz ardı edir. Amma o Türk qızı bir şahca iş irəli aparır.

Xanlar xanı ilə İsgəndər bir dostluq qurultayında bir araya gəlib toy qururlar. Nizami hətta bu toyda belə Türk uyqarlığının (mədəniyyətinin) Rum uyqarlığına meydan oxumasını sərgiləyib musiqi bölümündə üstünlüyü Türk mədəniyyətinin Ozan musiqisinə verir:

«نشسته به رامش ز هر کشوری غریب اوستاده و رامشگری

نواساز خنیاگرانی شگرف به قانون اوزان درآورد حرف.»

“Oturmuş ədəblə hər bir ölkədən ustad musiqiçilər, ustad rəqqaslar

Dərin hisslərlə musiqiçilər Ozan qanununda teli dilləndirir.”

Nizami bu bölümdə Xanlar xanını “Türk şah” adlandırır:

«شه ترک با خاصگان دیار به خواهشگری شد سوی شهریار»

“Türk şah ölkənin seçilmişləri ilə xahiş-təmənna ilə şəhriyara getdi.”

Bu toydan sonra Xanlar xanı İsgəndərdən ayrılıb öz ölkəsinə qayıtmalı olur. Nizamı bu ayrılığı aşağıdakı üç beytdə beləcə ayıdır:

«شهنشه چو بنوشت لختی زمین اشارت چنین شد به خاقان چین

که گردد سوی خانهء خویش باز به اقلیم ترکان کند ترکتاز

جهانجوی را ترک بدرود کرد به آب مژه روی را رود کرد.»

“Şahənşah azca yeri yazdıqda Çin Xaqanına beləcə işarə oldu

Ki o öz yurduna qayıtmalıdır Türklərin torpağına çapmalıdır

Dünya fatehindən Türk sağollaşdı göz yaşlarıyla üzündə çay açdı.”

Bu üç beytin strateji önəmi İsgəndərin vaxtında Çinin Türk torpağı olmasıdır. Nizami tarixin bunca önəmli faktlarını öz bədii yaradıcılığının gücü ilə Türkini (türk dilini) dərbardan uzaq tutmağa çalışan bir çevrədə canlı saxlaya bilibdir. O Türkün coğrafiyasına Xəmsənin ən güclü, ən sevimli, ən qüdrətli, peyğəmbərlik məqamına çatdırmış bir tarixi şəxsiyyətinin, Makedoniyalı İsgəndərin dili ilə aşağıdakı üç beytdə işarə edir:

«ز کوه خزر تا بدریای چین همه ترک بر ترک بینم زمین

اگر چه نشد ترک با روم خویش هم از رومیان کینه با روس بیش

به پیکار ترکان این مرحله توان ریخت بر پای روس آبله»

“Xəzər dağlarından Çin dənizinə Bütün nifusu Türk gördüm yerin üzündə

Baxmayaraq Türk ilə Rum qohum olmadı, bir də ruslara olan kinləri rumlulardan çoxdır

Bu aşamada Türklərin savaşıyla Rusların ayağına su çiçəyi tökmək olar.”

İsgəndər Çin xaqanından ayrıldıqdan sonra Xorasandan keçib öz yurduna dönməyi düşünürdü. Ancaq Abxazların başçısı onun yoluna çıxıb rusların zülmündən İsgəndərə giley eləyir. O İsgəndərin Bərdə hakimi Nuşabəyə olan sayqısını bilirdi. Rusların Bərdəyə saldırıb çalıb çapmaqlarını, evləri yandırıb insanları öldürməklərini, Nuşabəni əsir tutduqlarını bir-bir İsgəndərə deyib onu dəliyə çevirdi. İsgəndər bu bölümdə ruslardan intiqam alacağına söz verir. Ona görə də yolunu Qıpçaq (Qıfçaq) çölündən salıb Rus ölkəsinə yola düşür.

İsgəndərin Şərəfnamədəki savaşlarının ən uzunu İsgəndərin qoşunuyla ruslar arasında olan savaşlarıdır. Bu savaşlar yeddi aşamada rusların enilməsinəcən irəli gedir. Nizami çox incəliklə bu bölümdə rusların antropoloji, sosioloji psikolojisi (psixologiyası), milli kimlikləri, ekonomik durumları və başqa özəlliklərini çox məharətlə oxucuya çatdırır. Eyni halda, bütün qonşuluqda olan başqa xalqların ruslara olan baxışının köklərini də ustalıqla açıqlayır. Nizaminin vaxtında qonşu xalqların ruslara olan baxışını dəqiqləşdirmək üçün onlardan neçə örnək gətirməliyik.

«اگر داد نستاند از خصم شاه خدا باد یاری ده دادخواه

ببینی که روسی در این روز چند به روم و به ارمن رساند گزند

ستانند کشور، گشایند شهر که خامان خلقند و دونان دهر

همه رهزنانند چون گرگ و شیر به خوان نادلیرند و بر خون دلیر

ز روسی نجوید کسی مردمی که جز گوهری نیستش ز آدمی

اگر بر خری بار گوهر بود به گوهر چه بینی، همان خر بود.»

“Düşməndən intiqam almasa şah Allah imdad diləyənin köməyi olsun!

Görərsən Rus neçə günün içində Vurar Ruma ziyan bir də Ərmənə

Alarlar ölkəni, açarlar şəhri o xalqların xamı, dəhrin alçağı

Hamısı yolkəsən qurddır, arslandır qan tökməyə qoçaq, süfrəyə qorxaqdır

Ruslardan heç kimsə insanlıq güdməz Bərbəzəkdən başqa heç nə görünməz

Eşşəyin yükü ləl olsa ya gövhər, ləl-gövhərə baxma, həmin eşşəkdir.”

Başqa bir beytdə isə belə yazır:

«جگر خوردن آیین روسان بود می و نقل کار عروسان بود»

“Ciyər yemək rusların aynıdır mey ilə noğul isə gəlinlərin işidir”

Nizami hətta Xosrovun ölümünə dözə bilməyib ölüsünün yanına uzanıb ölən Şirinin can verdiyi bölümdə belə ruslara sataşmaqdan vaz keçə bilmir. Bu bölümün son beytlərində belə yazır:

«چو باشد مطرب زنگی و روسی نشاید کرد از این بهتر عروسی»

"Qərəçi (Zəngi) ilə Rus mütrib olar'sa,

Bundan daha yaxşı toy etmək olmaz!"

Bu beyt əslində ata-babaların dediyi bu hikmətli sözün farsıca çevirməsi dir: "Elçisi günüm olanın başına külüm olar!

Xanlar xanı İsgəndərə bir kəniz bağışlamışdı. İsgəndər sevməyib unutmuşdu. O kəniz İsgəndər ilə rusların savaşında üç dəfə rus qoşununa saldırıb qoşundan öldürür. Ancaq üçüncü dəfə rusların qoşunundakı eybəcər dev (div) o qızı əsir tutub rus qoşununa verir. İsgəndər o devi əsir tutub ona mərhəmət görsətdikdən (göstərdikdən) sonra o dev İsgəndərə qulluq etmək üçün rus ordusuna saldırıb çoxlu rus öldürdükdən sonra həmin qızı qoltuğuna vurub İsgəndərinhüzuruna qaytarır. İsgəndər o qızı tanıyır. Amma bu dəfə ondan xoşu gəlmişdi. Nizami o ikisinin arasındakı danışıqlardan romantik bir tablo yaradır. Kəniz İsgəndərə dediyi beytlərdə öz milli kimliyi və gəldiyi ölkəni beləcə açıqlayır:

«مگر دید شه ترکی روی من که چون خال من گشت هندوی من؟»

“Olmaya şah mənim üzümün Türklüynü Gördümü, xalım tək hinduma döndü?”

Bu beytdə Nizami “türklük” sözcüyünü sifət yaxud əlamət olaraq qızın üzünün gözəlliyinə istiarə kimi işlədibdir. Azca sonra, nağılın qalanında o kəniz İsgəndərə belə deyir:

«مکن ترکی ای میل من سوی تو که ترک توام بلکه هندوی تو

باین آسمانی زمین توام ز چینم ولی درد چین توام.

“Türklük eyləmə, ey meylim sənə ki sənin türkünə, bəlkə hindunam

Göydən olmağıma baxma, sənin hindunam Çindənəm, amma dərdinə dərmanam.”

Nizaminin Dəri dilində yazdığı ikinci beytdə iki dəfə “çin” sözcüyü işlənibdir. Birinci “Çin” Türküstan ölkəsi, ikinci çin isə qəmdən, qüssədən üzə düşmüş qırışlara istiarə edir. Nizami o kənizə verdiyi dəyərə görə İqbalnamə kitabında da onun nağılının ardını gətirib Türk olduğunu bir daha vurqulayır.

Nizami Şərəfnamə kitabının başlanışlarında bu kitabın Xızır peyğəmbər tərəfindən ona təlim olduğununu iddi etdiyi bölümdə Xızırın dilindən başqa millətlərə olan baxışını beləcə açıqlayır:

«خم نقره خواهی و زرینه طشت ز خاک عراقت نباید گذشت

ز ری تا دهستان خوارزم و جند لویدی نبینی بجز لور کند

بخاری و خزری و کیلکی و کرد بنان پاره هستند هر چهار خورد

نروید گیاهی ز مازندران که صد نوک زوبین نبینی در آن

ز مازندران ناید الا دو چیز یکی دیو مردم دکر دیو نیز.»

“Gümüş xumla qızıl təşt istəsən İraq torpağından keçməməlisən,

Reydən tut Xarəzm ilə Cənd heç avadanlıq görməzsən yalnız lor kənd,

Buxaralı, Xəzrli, Gilək ilə Kürd hamısı bir parça çörəyin alçağıdır,

Ucunda yüz süngü ucu görülməmiş Mazandaranda heç bitki bitməz,

Gəlməz başqa heç nə Mazandarandan ancaq bir dev xalq gələr ikincisi də dev.”

Nizami Yeddi Gözəl əsərinin Xeyr ilə Şərin nağılındakı bölümündə Şərin öldürüldüyü yerdə də Şəri öldürən kürdə görə yazır:

«کرد خونخوار رفت بر اثرش تیغ زد وز قفا برید سرش»[

“Qansoran kürd Şərrin izi ilə getdi qılınc çalıban kəlləsini kəsdi.”

Şərəfnamə əsərində isə İsgəndər Məkkə səfərindən qayıtdıqda İraq torpağından vətəninə qayıtmaq istəyir. Amma bu anda Azərbaycan başçısının göndərdiyi elçi onun yoluna çıxıb Ərməndə (Nuşabənin başçılığıyla Tiflis ilə Bərdə kimi şəhərləri idarə edən Bərdə xanlığında) atəşpərəstlik edən bir çətənin xalqa edən zülmlərin İsgəndərə xəbər gətirir. Ərmən qoçularını öz başına yığıb yerli əhaliyə zülm edən bu çətənin başçısı adi bir kürd oğlu idi. Nizami ona görə belə yazır:

«در ابخاز کردی است عادی نژاد که از رزم رستم نیارد بیاد

دلیران ارمن هواخواه او کمر بسته بر رسم و بر راه او»

“Abxazda adi bir kürd oğlu var Rüstəmin savaşın heç anımsamır

Ərmən qoçuları havadarı dır yoluna, aynına bel bağlayıbdır.”

Nizami yaratdığı beş kitabda harada gözəllik, kamal, saflıq, ürəyitəmizlik, ədalət və başqa müsbət əlamətlərdən yazdıqda “Türk” işlədir, amma yuxarıdakı – və bu məqalədə yerin az olduğuna görə gətirə bilmədiyimiz – beytlərdə Türklərdən başqa xalqlara görə yazdığı bölümlərdə çox da müsbət bir baxış olmadığını aydıncasına ayıdır. Örnək üçün, yuxarıdakı beytlərdə kürdlərə “qansoran”, “adi”, “Çörək üçün alçalan” kimi aşağılayıcı əlamətlər işlədir. Bu hesabla nizami heç vaxt o millətlərə mənsub edilə bilməz. Klasik dünya ədəbiyyatında olduğu kimi Nizami də yazdığını bütün dünya üçün yazdığına baxmayaraq, öz milli təəssübünü aydıncasına elan etməkdən vaz keçmir və öz milli kimliyinə olan təəssübünü öz təbii haqqı kimi istifadə edir.

Nizaminin vətənində gəldikdə o bir beytdə hansı şəhərdən olduğunu açıqcasına bildirir:

«نظامی که در شهر گنجه شد شهربند مباد از سلام تو نابهرهمند.»

“Nizami Gəncənin vətəndaşı oldu ki sənin salamından paysız olmasın.”

Əlyazma nüsxəsində olan eyni beyt 2017-də Daryuş nəşriyyatı, Məşhəd şəhərində çap olmuş iki cildlik kitabın ikinci cildində də var. Buna baxmayaraq bəziləri onu başqa şəhərlərdən olduğunu iddia edir. Elmi baxımdan əsassız olan bu iddiaya görə Xəmsənin mətnindəki semiotik işarələr ilə də Nizaminin Gəncə şəhərindən azərbaycanlı olduğuna sənədlər gətirməliyik.

Quruluşçuluq (Structuralism) ədəbi tənqid nəzəriyyəsi dilçi alim, Sosurun araşdırmalarıyla meydana çıxdı. Sonralar getdikcə Yeni Ələşdiri (New Criticism) nəzəriyyəsi ilə irəli getdi. Bu yanaşmada hər hansı bir mətni tənqid etmək üçün öncələr dilin mətnində olan əlamətləri diqqətə alıb analiz etməyi nəzərdə tuturdu. Amma yeni ələşdiridə əsərin arxasında olan yazarın niyyəti dilin özünün, biçiminin, eləcə də mətnin rəsmi özəlliklərindən çox az önəmli görünür. Vimsət ilə Birdzlinin yazdıqları açar məqalədə yazır: “Mətni anlamaq üçün yazarın özkeçmişi (biography) ya tarixi kimi artıq olan özəllikləri araya çəkməyə ehtiyac yoxdur. Bütün ehtiyacımız olan səfhənin üzərindəki sözcüklərdir; anlam isə mətndən alınır.”[78] Sosurun ikili qarşıtlar (binary oppositions) nəzəriyyəsini daha dəqiq araşdıran A. J. Qraymas qarşılıqlı işləyən semantik vahidləri önərdi. O bu vahidləri “semes” adlandırıb mübahisə etdi ki anlam bu ikili qarşıtların arasından yaranır. Bəzi qarşılıqlar örnək üçün bunlardır:

İşıq—qaranlıq

Yuxarı—aşağı

Erkək—dişi

Bu qarsıt ikili bütün anlam yaratmanın öncül quruluşudur.” Bu nəzəriyyəyə dayanaraq Nizaminin əsərlərindəki mətnin içindən qarşıt ikili olaraq (get—gəl) anlamlarını seçsək onun doğma vətənini öz yaradıcılığından aydıncasına isbat edə bilmiş olarıq.

Xosrov-Şirin əsərində, Bəhram şah Xosrov Pərvizdən qaçdığı bölümdə Nizami belə bir beyt yazıb:

«به صد نیرنگ و دستان راه و بیراه به آذربایگان آورد بنگاه»

“Yüz hilə, dastanla yoldan dolayıdan Azərbaygana gətirdi qərargahını”

Şərəfnamə əsərində İsgəndər Əcəm (ərəb olmayan yurdlar) yurdunda atəşgahları dağıtmaq üçün öncə İrandan başlayıb oradan Azərbaycana gəlir. Nizami bu tarixi gəlişi bir beytdə belə yazır:

«وزآنجا به تدبیر آزادگان درآمد سوی آذرآبادگان»

“Oradan azad insanlar tədbirində çıxıb gəldi Azərbaycana doğru”

Bəhram şah da Böyük İsgəndər də İrandan çıxıb Azərbaycana gəlir. Hər iki beytdə gəlmək hərəkəti Nizaminin gözündən gəlmək sayılır. Nizami doğma vətəni Azərbaycanda, Gəncə şəhərində olduğu üçün başqa coğrafiyadan çıxıb onun yaşadığı yurda doğru gəlirlər. Eyni halda hər iki beyt də o tarixdə Azərbaycan coğrafiyasının bütöv bir vahid olduğunu aydıncasına anlatmaqdadır.

İsgəndər Məkkə ziyarətindən döndükdə İraqda olarkən Azrbaycandan İsgəndərə doğru bir elçi gedir. Nizami bu gedişi belə yazır:

«بریدی درآمد چو آزادگان ز فرمانده آذرآبادگان

“Bir elçi azad insanlar kimi çıxıb gəldi Azərabadeqan Xanı tərəfindən”

Bu beytdə İsgəndər İraqdadır. Azərbaycandan çıxıb gələn elçi İsgəndərin olduğu məkana doğru çıxb gəlir. İsgəndərə gəliş, Nizamiyə gediş anlamındadır.

Azərbaycan torpaqlarına ilgili olan ikinci tarixi olay İsgəndərin Şirvandan keçib Dərbənd duvarına saldırmasıdır. Nizami İsgəndərin Şirvan torpaqlarından keçib getməsini belə yazır:

«به دهلیزه آن برگذرگاه سخت ز شروان چو شیران برون برد رخت»

“Yolverməz dəhlizdən o çətin yoldan Şirvandan şirlər kimi çəkilib getdi”

Bu beytdə isə Nizami Azərbaycanın Gəncə şəhərində yaşamaqdadır. Şirvan Azərbaycanın başqa bir şəhəridir. Azərbaycanın Şirvan şəhərindən çıxıb Dərbəndə doğru gedən isə İsgəndərdir. Aydınca göründüyü kimi qarşıt ikili (gəl—get) vahidi Nizaminin azərbaycanlı olduğunu isbat edə bilir.

Nizaminin dünya ədəbiyyatındakı yüksək yeri, eləcə də onun yaradıcılığı yüzlər ildir dünyaya gün kimi işıq saçmaqdadır. Bunca böyük bir milli-mənəvi dəyəri özününkü bilmək əlbəttə hamını tamahlandıra bilər. Ancaq Nizami yaradıcılığının dərin incəliklərində onun ana dilində yazmasını yasaq edən şahlara, xaqanlara qarşı ana dili və milli kimliyini qorumaq üçün dərin izlər miras qoyubdur. Demək olar heç bir şair, milli düşüncənin yüksəldiyi XIX-XX yüzilliklərdə milli düşüncənin, milli ruhun ustadı Xəlil Rza Ulutürk bellə, Nizamicə “Türk”, “Türki”, Türktaz” sözcüklərini öz yaradıcılığında işlətməyibdir. O öz yüksək ədəbiyyatının incəlikləri ilə öz milli kimliyini, ana dilini, ana yurdunun, habelə o vaxtdakı dünya tarixini, düşüncəsini, milli-mənəvi dəyərlərini aydıncasına çağdaş oxucuya çatdırmaqla onları qoruya bilibdir. O böyük Azərbaycan şairi, Türk oğlu Türkdür.


MANŞET XƏBƏRLƏRİ