Xeyirli dünyanın soraqçısı olmaq


İşıqlı Atalı

2-ci yazı

Ürəyinizdə Günəş olsun!

Tanrıçılıqda insan Tanrısı ilə bir ola bilir. Əslində Türk insanı Tanrısı ilə birlikdə, həm də Tanrı olaraq dünyanın yaradılışında iştirak edə bilir. Dində dünya Dünyadan qıraqdakı qüvvə tərəfindən yaradılır, Tanrıçılıqda isə dünyadakından yaradılır. Yüzillərdir ədəbiyyat bu mövzuya müraciət edir, bədii ədəbiyyat ölçüsündə çıxış yolu axtarılır.

F.Dostoyevskinin “Cinayət və cəza” romanının əsas surəti Raskolnikov Napoleon olmaq istəyir. Bu səbəbdən də varlı sələmçi qarını vicdan əzabı çəkmədən öldürür, ancaq müəyyən vaxt keçdikdən sonra cinayətini etiraf edir, obrazlı desək, Şeytan onu axıradək yenə bilmir. Əslində burada vicdan amilinin insanın içində ölçü olduğu görünür, bilinir.

Hötenin “Faust”unda Mefistofel Tanrı ilə bəhsə girir. Sual yaranır: Faustun qüdrətinin yaranması Mefistofelin köməyinəmi möhtac idi? Başqa cür mümkün deyildimi? Hötenin “Faust”unda yaşı artıq ötmüş olan Faust Mefistofelin – İblisin inadı qarşısında yenilir. Mefistofel ona gözəl günlər vəd edir. İnam Atanın (Asif Atanın) qənaətinə əsaslansaq, əgər Faust ruhunu İblisə verib cavanlığını alırsa, bu yaşam necə ideal, insanlığa uyğun ola bilər?

Göründüyü kimi, Qərb dünyası Höte kimi düşüncə yiyəsinin şəxsində çaşır, bəşəri də çaşdırır. Belə insanlığa ideal sayıla biləcək xoşbəxtlik olmur. Burada insanlığın məntiqi pozulur.

***

Faustun yanaşmasından fərqli olaraq H.Caviddə Xeyirin Xeyir, Şərin isə Şər sərhədi aydınca bilinir, insanlığından ayrılanların faciəsi təsvir olunur, şər daşıyıcısı ola bilməyənlərin məsumluğu insanlıq dərsi kimi təqdim edilir. Cavid şübhəsiz, Hötedən də bəhrələnib, ancaq onun əsəri mahiyyətcə İnsançı ideyasına görə Höteninkindən üstündür. H.Caviddə bunun özünəməxsus, həm də fəlsəfi həllini görürük. Cavid Hötedən fərqli olaraq bəşərin qurtuluş yolunu özünəməxsus göstərə bilir: İnsan içindəki şərdən qurtulanda dünya var olacaq. Dünyanın pis günə qalması şəraitlə, dindəki alın yazısı ilə bağlı və s. deyil, insanın özünün yaratdığı durumla bağlıdır. “İblis” əsərinin qeyri-adiliyi bir tərəfdən gerçəkliyin peşəkar şəkildə ifadə olunması, başqa tərəfdən, ona bənzərsiz romantik çalar verilməsindədir. Əslində bu mövzuda “İblis”i dünya klassikasının ən gözəl əsəri saymaq olar. Burada ilahi ünvana ünvanlanan haray əslində Vicdanın səsidir. Cavid gerçəkliyin acı, zəlil durumunu aydın təsvir edir, ancaq dəhşəti bu sayaq ifadə etmək insanlığa, insana ümidin əlamətidir:

Ya rəbb, bu cinayət, bu xəyanət, bu səfalət

Bulmazmı nəhayət?!

Yüz min deyil iblisə uyan, həp bəşəriyyət

Etmiş bu gün ev yıxmağa, qan içməyə adət!

Duyduqca, düşündükcə olur qəlbimə tarı,

Min şübhəli illət.

Min dürlü həqiqət mənə xəndan, həpsində də zülmət!

Cavid çağında ideal sayılan nə varsa, hamısında yalan görür. Fəhmi ona deyir ki, şərə qarışmış xeyir artıq xeyir deyil, şərdir. Şər dünyanın mayasında, mahiyyətində deyil, zahirən güclü olsa, sayılsa da, təməlsizdir. Bu gedişi yaradan insanlardır, onlar özləri də bunu sonlandıra bilərlər.

Hər fəlsəfə, hər dinü təriqət, bütün adət

Rəqs etmədə həp olsa xəyal, olsa həqiqət.

Həp rəqs ediyor hüznü sürur, eşqü fəlakət,

Həp rəqs ediyor xeyirlə şər, elmü cəhalət

Rəqs etmədə hətta o görünməz ulu məbud,

Rəqs etmədə hətta o vücudi-ədamalud.

Caviddə problem geniş biçimdə qoyulur. Dünyanın gedişatındakı Şər Arifləri qatilə çevirir, İxtiyarları halından eləyir. Cavidin haqlı, idraklı kədərinin mayasında həm də böyük bir ümid yaşayır.

Cavid insanlığın ümidini insanın vicdanında arayır, inamında yanılmır. İblis obrazı mifoloji-dini şüurda və yazılı ədəbiyyatda bəşərin indiyə qədərki idraki ölçüsünün ifadəsi olaraq özünü göstərir. Mövzunun bundan sonra daha geniş, çoxçalarlı araşdırılması gərəkliyi yaranır.

Yazıda dünya ədəbiyyatı örnəklərindən bir neçəsi haqqında qısa danışmaqla H.Cavidin “İblis”i ilə paralellər apardıq. Gəlinən qənaət odur ki, H.Caviddə sözügedən mövzuya yanaşma bənzərsiz məntiqli, insanlığa, deməli, ədəbiyyatın da sabahkı özünütəsdiqinə uyğundur.

İNAM ATANIN (ASİF ATANIN) H.CAVİDİN YARADICILIĞI İLƏ BAĞLI YAZDIĞI “YERDƏKİLƏRİN GÖY HƏSRƏTİ” (1987) ƏSƏRİNDƏN BİR HİSSƏ

GÖYSÜZLÜK İBLİSLİYİ

Göysüzlər fəryadı

İblis hakim olub ürəklərə, idraklara, iradələrə; iblisləşib duyğular, fikirlər, niyyətlər. İblis sahib olub Göysüzlərə. Dəhşət qalxır Yerdən Göyə, dəhşətə tapınırlar Göysüzlər.

İblisə qalıb dünya, dördnala çapır atını, rəzalət yayır hər yana.

Ya rəbb, bu nə dəhşət, nə fəlakət,

Ya rəbb, bu nə vəhşət, nə zəlalət?!

Yox kimsədə insaf, mürüvvət!

(“İblis”dən)

Göysüzlük vəhşəti, həqarəti törəyib Yerdə – iblisanə!

İnsafsızlıq, mürüvvətsizlik törəyib Yerdə – iblisanə!

Həddi yox, sərhəddi yox vəhşətin, həqarətin, fitnənin, fəsadın, lənət doğulub Yerdə – möhtəşəm!

Ya rəbb, bu cinayət, bu xəyanət, bu səfalət

Bulmazmı nəhayət?!

Yüz min deyil iblisə uyan, həp bəşəriyyət

Etmiş bu gün ev yıxmağa, qan içməyə adət!

Həddi yox, sərhəddi yox Göysüzlüyün, iblisliyin, altuna, şəhvətə tapınanların, ev yıxıb qan tökənlərin, ülfətsizlərin, şəfqətsizlərin, rəhmətsizlərin.

Sizlərdəki ülfət, sonu vəhşət,

Sizlərdəki şəfqət, sonu nifrət,

Sizlərdəki rəhmət, sonu lənət!

Azğınlaşır, pozğunlaşır, hərisləşir, harınlaşır, naşılaşır, vəhşiləşir adamlar Göysüzlükdə.

Bilməm bu cinayət, bu xəyanət, bu fəlakət

Bitməzmi dahı, bu qədər səbrə nə hacət?!

Zülmət çökür Yerə iblisanə, ağıl yolunu azır, duyğular hərcayiləşir, iradələr sarsılır.

Duyduqca, düşündükcə olur qəlbimə tarı,

Min şübhəli illət.

Min dürlü həqiqət mənə xəndan, həpsində də zülmət!

Göysüzlük bəlasına düçar olub Yer və Yer əhli uzanır Göyə, xilas diləyir Göylü, Göy istəyi yaranır Yerdə – həsrətli, hərarətli, ülvi.

Ey varlığı yox, yoxluğu vardan daha dilbər,

Ruhum səni izlər.

Lütf et, gözəl çöhrəni bir an mənə göstər,

Könlüm səni izlər!

Yer tanrısına üz tutmur yerdəkilər, mövhumat, xurafat allahlarına üz tutmur yerdəkilər, Göy ülviyyətinə, ədalətinə, həqiqətinə üz tutur yerdəkilər, Göy həsrətinə üz tuturlar. “Yerdə süründüm, yetişər göylərə qaldır!” – deyə fəryad qoparırlar.

Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat,

Bir şöləyi-ürfan – deyə Göyə tapınırlar.

Göydən nicat umurlar, Göyə göz dikirlər yerdəkilər – Göysüzlük bəlasından qurtulmaq üçün.

YAĞILIQ İBLİSLİYİ

Yağılaşıb adamlar, yağılıqda, yırtıcılıqda, yıxmaqda, dağıtmaqda, parçalamaqda əzəmət, möhtəşəmlik, qüdrət arayırlar, qana küsənirlər, qanla qürrələnirlər.

İblisə uyub da əhli-aləm,

Həp Yer üzü qanlı, cümlə sərsəm.

Dava sərsəmliyində ləyaqət tapırlar, müdrikləşir gözlərində qatillik, zora sarılırlar, zora sarımaq istəyirlər dünyanı.

Yaşamaq istəmirsən, çarpış,

Hərbə qoş, həp vuruş, ya əz, ya əzil! – deyirlər.

Toplu-tüfəngli, naləli, ahlı, qorxulu, işkəncəli Yer halı yaranır, sərsəri dava həvəsi coşur ürəklərdə, parçalanmaq ehtirası yanır gözlərdə, nifrət alovu bürüyür çöhrələri, qətl hərarəti yandırır aləmi.

Ah, çılğın, bütün cahan çılğın.

Ölüb-öldürmə səyində vəhşilərlə yarışırlar adamlar, canavarlığı fəzilət sayırlar. İnsanlıq unudulur, mərhəmət unudulur, vicdan unudulur. Yağılaşır Yer Göylə.

NƏFS İBLİSLİYİ

Nəfsə uyur yerdəkilər, altuna, meyə əsir olurlar, əsarətdən məst olurlar.

“Qüvvətə, altuna tabe dünya” – səfalətinə baş əyirlər. Altundan qüdrət, meydən səadət, şəhvətdən nəşət diləyirlər.

Altun adlı, mey adlı, şəhvət adlı iblislərə alçalırlar.

Nəfs quyusuna düşürlər, başlarının üstündən Göy əksilir, iblisə səcdə qılırlar, onun ayağına yıxılırlar.

Nəfs burulğanına düşürlər – boğulurlar.

GÖYLÜNÜN YER AQİBƏTİ

Göylüdür Xavər Göysüzlər arasında, sevir Göysüzü, iblisləşəni, müqəddəs sayır məhəbbəti, fəda edir ömrünü məhəbbətə, fəlakəıt düşür bəxtinə, məhv olur, qəhr olur saf, məsum qadınlıq…

İblisləşənlərə gərək olmur onun etibarı, dönüklərə yad olur sədaqəti, sönüklərə düşmən olur qəlb atəşi, naləsi…

Oldum sənələrcə həp ənisim,

Bəsləndi səninlə fikrü hissim,

Kölgən kimi həp peşincə qoşdum,

Eşqinlə qanadlanıb da uçdum.

Lakin məni bir nigarə satdın,

Birdən-birə həp unutdun, atdın.

Sevgili saydığı Arifin əliylə boğulur Göy qızı Xavər Göysüzlər arasında. Sevdiyi üçün boğulur, namusu bəslədiyi üçün, Göyə bənzədiyi üçün, Yeri bəzədiyi üçün…

Günahsızlığı üçün günahkarların əlində həlak olur Xavər, mələkliyi üçün iblislərin əlində məhv olur.

İblisin sahib olduğu Yerdə mələyə yer olmur…

YER RƏQSİ – GÖY QÜSSƏSİ

Həp rəqs ediyor qanlı Günəş, qanlı üfüqlər,

Həp rəqs ediyor halə qəmər, pənbə şəfəqlər.

Yer günəşi rəqs edər iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy günəşi ağlar, sızlar Yerə baxdıqca Göydən!…

Yer qəməri, şəfəqləri rəqs edər iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy qəməri, şəfəqləri ağlar, sızlar Yerə baxdıqca Göydən…

Rəqs etmədə həp şerü dəha, hüsnü lətafət,

Rəqs etmədə yıldızlı fəza, ruhi-təbiət.

Yer “şerü dəhası”, “hüsni lətafəti” rəqs edər iblisləşən, meyləşən, sərxoşlaşan xəyalda, Göy “dəhası” , “lətafəti” ağlar, sızlar Yerə baxdıqca Göydən!

Yer göyü, təbiəti rəqs edər iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy ağlar, sızlar Yerə baxdıqca!

Hər fəlsəfə, hər dinü təriqət, bütün adət

Rəqs etmədə həp olsa xəyal, olsa həqiqət.

Yer fəlsəfəsi, dini, təriqəti, Yer adəti rəqs edir iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy fəlsəfəsi, idrakı, mənəviyyatı ağlar, sızlar Yerə baxdıqca Göydən!

Həp rəqs ediyor hüznü sürur, eşqü fəlakət,

Həp rəqs ediyor xeyirlə şər, elmü cəhalət.

Yer eşqi, Yer xeyiri, Yer şəri, Yer idrakı rəqs edər iblisləşən, meyləşən, sərxoşlaşan xəyalda, Göy eşqi, Göy xeyiri, Göy idrakı ağlar, sızlar Yerə baxdıqca Göydən…

Rəqs etmədə hətta o görünməz ulu məbud,

Rəqs etmədə hətta o vücudi-ədamalud.

Yer tanrısı rəqs edər iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy tanrısı ağlar, sızlar Yerə baxdıqca Göydən!…

Yeri oynadır iblis əlində, Göyün sinəsinə dağ çəkir.

İBLİS QÜDRƏTİ – ADAM QƏBAHƏTİ

“İblis”, o böyük ad nə qədər calibi-heyrət!” – heyrətlidir, heybətlidir iblis, çünki “kaşanələrə, viranələrə, qülbələrə” hökm edir, hər dildə səslənir şöhrəti, çoxsifətli, çoxqiyafəlidir; gah şahlar, xaqanlar əzəmətində görünür, gah krallar dəbdəbəsində, gah “tülkü siyasilər”, “xadimi-ədyanlar, altun və qadın düşkünü” əməlində bilinir, gah xəyanət, zülm sitəmində… dünyanı qərq edir səfalətə, cəhalətə, cinayətə!

Heyrətlidir, Heybətlidir, çünku həqarəti Yeri bürüyüb. İblisləşməyən məkan yoxdur. Qarış-qarış səpilib dünyaya iblis toxumu!

Röya kimi bir an olaraq zahirü qaib,

Mən Şərqdə abid oluram, Qərbdə rahib.

Bir qazi olub gah edərəm fitnələr icad,

Bir mürşid olub gah edərəm aləmi bərbad!

Heyrətlidir, Heybətlidir, çünki iblislik dünyaya sirayət eləyib, gözləri yumub, ağılları söndürüb, naqis ehtirasları coşdurub, inamları sarsıdıb, əməlləri soldurub, müqəddəsləri çirkaba qərq eləyib, müdrikləri alçaldıb, naşıları ucaldıb, saflığı məhv edib, həqarəti bəsləyib.

Bəzən oluram bir papa, cənnət satıram mən,

İsa dirilib gəlsə də, qorxar qəzəbimdən!

Heyrətlidir, Heybətlidir, çünki imkanlıdır, zəbt etdiyi, fəth etdiyi dünya böyükdür, əsir etdiyi ürəklər, beyinlər, iradələr sonsuzdur.

Bəzən oluram bir çoban, azadə bir insan,

Bəzən oluram zülmü fəsad aşiqi sultan!

Bir piri-zəbun olduğum əsnada bilərsən,

Təbdili-qiyafətdə həmən gənc oluram mən!

Cümlə fəlakətlərə bais olduğu dərəcədə heybətlidir, heyrətlidir iblis.

Heyrətlidir, heybətlidir, çünki adama qalib gələ bilir, adamı İnsanlıq Göyündən sala bilir, Göysüzlük qaranlığında saxlaya bilir, qəbahət zəncirinə sala bilir.

Adam naqisliyindən yaranır iblis heybəti.

İnsan kamilliyində yox olacaq iblislik.

Göy işığında sönəcək Yer qaranlığı!

(Son


MANŞET XƏBƏRLƏRİ